Məhkəmə qərarları › İş №e-2(001)-1686/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1686/2022

01.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1686/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16 ilə birgə nikah dövründə aldıqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 116,4 kv.m. olan 5 saylı fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə pay hüququnun ayrılması və ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatəti əsasında X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onunla X16 arasında 2001-ci ildə nikah bağlanmış və həmin vaxt onların evləri olmamışdır. Bu səbəbdən onlar onun atasının evində, hərdən isə X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-də qalmışdılar. Bundan sonra 2004cü ildə onlar Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini almışdılar. Həmin evin alınması üçün X12 onun qardaşı X15 tərəfindən hər hansı məbləğdə pul verilməmiş, ev onların vəsaiti hesabına alınmışdır. Belə ki, onlar hər ikisi əmək fəaliyyəti ilə məşğul olmuşlar və hər ikisinin müntəzəm aylıq gəlirləri olmuşdur. Həmçinin, ona məxsus olan 0,03 ha torpaq sahəsi və 2 otaqlı ev satılmışdır. Bununla belə, onlar əmək haqqını, habelə ona məxsus olan evin və torpaq sahəsinin satışından əldə edilmiş vəsaitləri toplayaraq 2004-cü ildə mübahisəli fərdi yaşayış evini almışlar. Evin alınmasında onlara maddi baxımdan həmçinin, atası köməklik etmişdir. O, hazırda da uşaqları ilə birlikdə bu evdə yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı və İddiaçı mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evin dəyəri azərbaycan pulu ilə deyil, ABŞ dolları ilə bilavasitə X16 tərəfindən onun mülkiyyətçisi olmuş Babayev soyadlı şəxsə ödənilmişdir. Evin alqı-satqı qiyməti 44.500 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğ iddiaçı ilə X7, habelə iddiaçının atasının verdiyi vəsait hesabına formalaşdırılmış, bu evin alınması üçün X7 ailəsi tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, bildirmişdir ki, X11 iddiaçının keçmiş qaynanasıdır. Mübahisəli evin alınması üçün sərf edilmiş vəsait barədə iddiaçı tərəfindən verilmiş məlumat həqiqəti əks etdirmir. İddiaçı və onun xx.xx.2021-ci il tarixdə vəfat etmiş keçmiş həyat yoldaşı X7 belə bir ev almaq üçün maddi imkanı olmamış və həmin ev onların birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına alınmamışdır. Belə ki, iddiaçı və onun həyat yoldaşı olmuş X16 nikaha daxil olduqdan sonra onlar X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək bu evdə yaşamışdılar. X7 qardaşı X15 da öz ailəsi ilə birlikdə həmin evdə yaşamışdır və onların hər biri həmin evdə pasport qeydiyyatında olmuşdular. Bundan sonra onların, habelə X5 arvadı X6 razılığı ilə həmin ev X15 tərəfindən özəlləşdirilmiş və xx.xx.2004-cü il tarixdə onun həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, xx.xx.2004-cü il tarixdə isə həmin şəxslərin razılığı ilə 714.850.000 manat pula digər bir şəxsə satılmışdır. Bu proseslər onların arasında əldə edilmiş razılığa əsasən həyata keçirilmiş və nəticədə həmin vəsaitin 250.000.000 manat hissəsi X15 tərəfindən X12 verilmiş və məhz bu vəsait hesabına qısa bir müddətdən sonra, yəni xx.xx.2004-cü il tarixdə mübahisəli fərdi yaşayış evi alınmışdır. Bununla belə, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da, onların birgə gəlirləri hesabına deyil, X7 babasından miras qalmış evin satışından əldə edilmiş vəsait hesabına alınmış və bu səbəbdən onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı atasıdır. Qızı 2001-ci ildə X16 ilə ailə qurmuş və onlar evləri olmadığından onun evində yaşamışdılar. 2004-cü ildə onlar ev almaq istədiklərini ona bildirmişlər. Mübahisəli evi də o axtarıb tapmış və xatırladığına görə ev 40.000 - 42.000 ABŞ dolları məbləğində pula Babayev soyadlı şəxsdən alınmışdır. Həmin ev X7 və onun qızının əmək haqqı, onların nikaha daxil olması ilə bağlı təşkil edilmiş məclislərdə (oğlan və qız toyu) onlara hədiyyə olaraq verilmiş pul vəsaiti, qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait, habelə 1999-cu ildə qızının mülkiyyətində olmuş torpaq sahəsinin və evin satışından əldə edilmiş 10.000 ABŞ dolları məbləğində pulun təxminən 8.000 ABŞ dolları hissəsi hesabına alınmışdır. Bu evin alınmasına maddi baxımdan o da köməklik etmiş və onlara 4.000 ABŞ dolları məbləğində pul vermişdir. Qeyd etdiyi 10.000 manat məbləğində pulun təxminən 2.000 ABŞ dolları hissəsi hesabına qızına cehiz almışdır. Ümumiyyətlə o, onlara maddi baxımdan çox köməklik etmiş, onlarda öz gəlirlərini toplamışdılar. X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-də isə onun qardaşı X15 yaşamışdır. X2 həmin evi satmış və əldə etdiyi vəsait hesabına özünə 4 ədəd mənzil, habelə bağ evi almış, lakin həmin vəsaitin hər hansı hissəsini X12 verməmişdir. Məhkəmə iclasında iştirakı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən təmin edilmiş şahid X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı keçmiş həyat yoldaşı X7 qardaşıdır. Qardaşı İddiaçı ilə nikaha daxil olduqdan sonra onun babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək həmin evdə yaşamışdılar. Belə ki, X7 ev almağa imkanı olmamışdır. O, da öz ailəsi ilə birlikdə həmin evdə yaşamış və bu səbəbdən evi iki yerə bölmüşdülər. 2004-cü ildə onlar həmin evi satmaq qərarına gəldiklərindən arvadının, qardaşı X7 və onun arvadı İddiaçı razılığı ilə ilk olaraq evi özəlləşdirərək, öz mülkiyyətinə keçirmiş, sonra isə qeyd edilən şəxslərin razılığı ilə 70 ədəd bağlama (hər birində 100 ədəd 10.000 manat (şirvan) olmaqla) pula satmış, həmin vəsaitin 250.000.000 manat hissəsini təşkil edən 25 ədəd bağlamanı da öz evində qardaşı X12 vermişdir. Qardaşı da qeyd edilən pul hesabına mübahisələndirilən evi, habelə özünə “VAZ 2107” markalı nəqliyyat vasitəsi almış, həmçinin uşaq oyuncaqları mağazası açmışdır. Lakin qardaşının fərdi sahibkarlıq fəaliyyəti özünü doğrultmadığından, mağaza sonradan öz fəaliyyətini dayandırmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X16 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2002-ci il tarixdə X17, xx.xx.2008-ci il tarixdə X18 və X19 doğulmuşdur. X16 xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini alqı-satqı yolu ilə əldə etmiş və həmin evə dair onun mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olmuş uşaqlar iddiaçının yanında qalmışdır. X16 xx.xx.2021-ci il tarixdə ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi səbəbindən ölmüşdür. Bundan sonra ondan miras qalmış əmlaka, yəni qeyd edilən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin alınması üçün onun vərəsələri – anası (üçüncü şəxs) X4, uşaqları X8, X9 və X10 ərizələri əsasında cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı da mülkiyyət hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin “Mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya ½ mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı da hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin evin birgə nikah dövründə və birgə gəlirlər (hər ikisinin əmək haqqı, ona məxsus olan əmlakın 1999cu ildə satışından əldə edilmiş vəsait), habelə atasının verdiyi vəsait hesabına alındığını iddia edərək, həmin fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə pay hüququnun ayrılması və ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Onun tərəfindən iştirakı təmin edilmiş şahid X13 mübahisəli evin iddiaçının və onun keçmiş həyat yoldaşı X7 əmək haqqı, onların nikaha daxil olması ilə bağlı təşkil edilmiş məclislərdə (oğlan və qız toyu) onlara hədiyyə olaraq verilmiş pul vəsaiti, qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait, habelə 1999-cu ildə qızının mülkiyyətində olmuş torpaq sahəsinin və evin satışından əldə edilmiş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin təxminən 8.000 ABŞ dolları hissəsi və onun tərəfindən verilmiş 4.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alındığını, X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-də X7 qardaşı X5 yaşadığını, həmin evin sonradan onun tərəfindən satıldığını, lakin həmin vəsaitin hər hansı hissəsinin X12 verilmədiyini bildirir. Üçüncü şəxs iddiaçı və onun xx.xx.2021-ci il tarixdə vəfat etmiş keçmiş həyat yoldaşı X7 belə bir ev almaq üçün maddi imkanının olmadığını, onların nikaha daxil olduqdan sonra X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək orada yaşadıqlarını, X7 qardaşı X5 da öz ailəsi ilə birlikdə həmin evdə yaşadığını, onların hər birinin həmin evdə pasport qeydiyyatında olduqlarını, onların, habelə X5 arvadı X6 razılığı ilə həmin evin X15 tərəfindən özəlləşdirildiyini və xx.xx.2004cü il tarixdə onun həmin evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını, xx.xx.2004-cü il tarixdə isə həmin şəxslərin razılığı ilə 714.850.000 manat pula digər bir şəxsə satıldığını, bu proseslərin onların arasında əldə edilmiş razılığa əsasən həyata keçirildiyini və nəticədə həmin vəsaitin 250.000.000 manat hissəsinin X15 tərəfindən X12 verildiyini və məhz bu vəsait hesabına qısa bir müddətdən sonra, yəni xx.xx.2004-cü il tarixdə mübahisəli fərdi yaşayış evinin alındığını, bununla belə, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da, onların birgə gəlirləri hesabına deyil, X7 babasından miras qalmış evin satışından əldə edilmiş vəsait hesabına alındığını bildirir və bu səbəbdən onların ümumi birgə mülkiyyəti olmadığını qeyd edərək, iddianın rədd edilməsini xahiş edir. İştirakı üçüncü şəxs tərəfindən təmin edilmiş şahid X15 məhkəməyə verdiyi ifadəsində iddiaçının keçmiş həyat yoldaşı X7 qardaşı olduğunu, qardaşının imkanı olmadığından nikaha daxil olduqdan sonra onların onun babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, ev 4, mənzil 6/5-ə köçərək həmin evdə yaşadıqlarını, onunda öz ailəsi ilə birlikdə həmin evdə yaşadığından evi iki yerə böldüyünü, 2004-cü ildə arvadının, qardaşı X7 və onun arvadı İddiaçı razılığı ilə ilk olaraq evi özəlləşdirərək, öz mülkiyyətinə keçirdiyini, sonra isə qeyd edilən şəxslərin razılığı ilə 70 ədəd bağlama (hər birində 100 ədəd 10.000 manat (şirvan) olmaqla) pula satdığını, həmin vəsaitin 250.000.000 manat hissəsini təşkil edən 25 ədəd bağlamanı da öz evində qardaşı X12 verdiyini, qardaşının da qeyd edilən pul hesabına mübahisələndirilən evi, habelə “VAZ 2107” markalı nəqliyyat vasitəsi aldığını, həmçinin uşaq oyuncaqları mağazası açdığını, lakin mağazanın sonradan fəaliyyət göstərmədiyini bildirir. X15 ilə X22 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2004-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X15 mülkiyyətində olan Bakı şəhəri, A.İldırım küçəsi, 4 saylı evin, 6/5 nömrəli mənzilini 714.850.000 manata X1. Həmin vaxt iddiaçı və X16 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, evin satılmasına etiraz etmədiklərini bildirmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə, ilk olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarına istinadən qeyd edir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Bu səbəbdən qərara alınmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Bununla belə, Ailə Məcəlləsinin və Mülki Məcəllənin bu məsələni tənzimləyən müddəalarının mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Mübahisəli evin iddiaçı ilə X7 birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2004-cü il tarixdə və 44.500 ABŞ dollarına alınması işin mübahisəsiz halıdır. Lakin həmin pulun mənbəyi barədə tərəflər biri-birinə zidd olan müxtəlif mövqelərdən çıxış edirlər. Belə ki, iddiaçı və onun şahid qismində ifadəsi alınmış atası mübahisəli evin iddiaçının və onun keçmiş həyat yoldaşı X7 əmək haqqı, onların nikaha daxil olması ilə bağlı təşkil edilmiş məclislərdə (oğlan və qız toyu) onlara hədiyyə olaraq verilmiş pul vəsaiti, qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait, 1999-cu ildə iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin və evin satışından əldə edilmiş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin təxminən 8.000 ABŞ dolları hissəsi və iddiaçının atası tərəfindən verilmiş 4.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alındığını iddia edir. Bu zaman iddiaçı əmək haqqı və ona məxsus olan evin və torpaq sahəsinin satışından əldə edilmiş vəsaiti, habelə ümumilikdə atasının da bu məsələdə onlara maddi köməklik etdiyini qeyd edir. Digər mənbələr barədə onun atası məlumat verir. Buna baxmayaraq, nə əmək haqqı, nə toy məclisində toplanmış, nədə ki, qızıl-zinət əşyalarının (ümumiyyətlə nədən ibarət olduğunu və nə vaxt satıldığını) satışından əldə edilmiş vəsaitin məbləğinə hər hansı aydınlıq gətirilmir. Ümumiyyətlə, evin nəinki bu vəsaitlər hesabına alınmasını, həmçinin, əmək haqqının və toy məclisindən hər hansı vəsaitin yığılmasını, reallıqda qızıl-zinət əşyalarının satılmasını, iddiaçının mülkiyyətində olan əmlakın məhz 10.000 ABŞ dolları məbləğində vəsaitə satılmasını və həmin pulun hər hansı hissəsinin evin alınmasına xərcləndiyini, iddiaçının atası tərəfindən 4.000 ABŞ dolları məbləğində pulun verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Hər bir halda, iddiaçı 1999-cu ildə öz mülkiyyətində olan əmlakı satan zaman 2001-ci ildə nikaha daxil olacağını və 2004-cü ildə ev alacağını bilə bilməzdi. Bu baxımdan iddiaçı tərəfin mövqeyi yalnız məlumata əsaslanır ki, bu məlumat da mötəbər sübut kimi qəbul edilə bilməz. Üçüncü şəxs və onun şahid qismində ifadəsi alınmış oğlu X15 mübahisəli evin X5 və onun qardaşı X7 (iddiaçının keçmiş həyat yoldaşı) babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, 4 saylı evin, 6/5 nömrəli mənzilini xx.xx.2004-cü il tarixdə 714.850.000 manat pula satıldığını, həmin pulun 250.000.000 manat hissəsinin (şahid evə görə 70 bağlama pul aldığını və onun 25 bağlamasını qardaşına verdiyini bildirir. Halbuki, evin satışından əldə edilmiş vəsait (714.850.000) 700 bağlama edir. Bu səbəbdən məhkəmə şahidin evin satış məbləği barədə dəqiq məlumat verməsini nəzərə alıb, onun bağlamaların sayı ilə bağlı ifadəsini riyazi hesablamada yol verilmiş texniki səhv kimi qəbul edir.) X12 verildiyini və mübahisəli mənzilin də bundan qısa müddət sonra, yəni xx.xx.2004-cü il tarixdə alındığını bildirir və bununla bağlı xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsini təqdim edir. Bununla belə, üçüncü şəxs öz mövqeyinə uyğun olaraq konkret və mötəbər sübut təqdim edir və həm müddət (24 gün sonra), həm də məbləğ (44.500 ABŞ dolları) baxımından mübahisəli evin məhz qeyd edilən evin satışından əldə edilmiş vəsait hesabına alınması (təkcə 250.000.000 manat ABŞ dollarına münasibətdə təxminən 50.000 ABŞ dolları təşkil edir) qənaətinə gəlmək üçün əsas yaranır. Hər bir halda, mübahisəli evin Bakı şəhəri, A.İldırım küçəsi, 4 saylı evin, 6/5 nömrəli mənzilin satışından əldə edilmiş vəsait hesabına 1 aydan az müddət sonra alınmasını təsdiq edən sübutların mötəbərliyi qarşısında, bu evin 1999-cu və 2001-ci ildən saxlanılmış vəsait hesabına alınması barədə məlumat iddianın əsaslığına təsiri baxımından əhəmiyyətsiz olur. Məhkəmə o halı da nəzərə alır ki, həm iddiaçı, həm də onun keçmiş əri X16 məhz Bakı şəhəri, A.İldırım küçəsi, 4 saylı evin, 6/5 nömrəli mənzilində pasport qeydiyyatında olmuşdular və bu ev onların razılığı ilə xx.xx.2004-cü il tarixdə X5 mülkiyyətinə keçmiş və bu hadisədən 5 gün sonra yenə də onların razılığı ilə satılmışdır. Hər bir halda, həmin vaxt evi olmayan, bu evdə yaşamaqla (qaynatasının evində yaşaması da öz təsdiqini tapmır) qeydiyyatda olan və evə münasibətdə X15 ilə eyni hüquqlara malik olan X16 da bu evdən pay tələb etmək hüququna malik idi. Belə olan halda və özünün evinin olmadığı bir vəziyyətdə bu evin onunla qardaşının paylı mülkiyyətinə deyil, qardaşının mülkiyyətinə keçməsi, qısa müddətdən sonra da onun razılığı əsasında evin satılması belə qənaətə gəlməyə imkan verir ki, onların arasında həmin evin satışından əldə edilmiş pulun bölünməsi ilə bağlı razılıq olmuşdur. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 116,4 kv.m. olan 5 saylı fərdi yaşayış evi iddiaçı ilə X7 birgə nikahda olduğu dövrdə alınsa da, onların birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri gəlirlər, habelə iddiaçının və onun ailəsinin gəlirləri hesabına əldə edilməmiş, məhz X7 babasından miras qalmış Bakı şəhəri, A.İldırım küçəsi, 4 saylı evin, 6/5 nömrəli mənzilin satışından əldə edilmiş vəsait hesabına əldə edilmişdir. Bu səbəbdən mübahisəli ev onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz, iddiaçı həmin əmlakdan pay tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar