Məhkəmə qərarları › İş №e-2(001)-1764/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1764/2024

23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1764/2024 23.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mülkiyyətdən istifadəyə olan maneələrə son qoyulması” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı mənzildən istifadəyə bütün maneələrin, o cümlədən təmirinə hər hansı maneələrin yaradılması, mənzilin təmirində istifadə olunacaq malların mənzilə daşınmasının qarşısını almaq, ustaları mənzillərə buraxmamaq, liftdən istifadəni məhdudlaşdırmaq "xxxx" MMC-yə, onun işçilərinə və digər üçüncü şəxslərə qadağan edilməsi, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzildən istifadəyə bütün maneələrin, o cümlədən təmirinə hər hansı maneələrin yaradılması, mənzilin təmirində istifadə olunacaq malların mənzilə daşınmasının qarşısını almaq, ustaları mənzillərə buraxmamaq, liftdən istifadəni məhdudlaşdırmaq Cavabdeh MMC-yə, onun işçilərinə və digər üçüncü şəxslərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən binanın B blokunda 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı mənzil dəyəri 150900 manat tam ödənilməklə iddiaçı tərəfindən alınmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən binanın B blokunda 18-ci mərtəbəsində sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzil dəyəri 110800 manat tam ödənilməklə iddiaçı tərəfindən alınmışdır. Lakin hazırda Cavabdeh MMC İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunda 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı mənzildən və sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzildən istifadəyə maneələr yaradır, mənzillərin təmirinin imkan vermir, mənzillərin təmirində istifadə olunacaq malların mənzillərə daşınmasının qarşısını alır, ustaları mənzillərə buraxmır, bu məqsədlə liftdən də istifadəni məhdudlaşdırır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən iki mənzil iddiaçının mülkiyyətindədir. Mənzillərin dəyəri tam şəkildə ödənilib. Lakin hazırda həmin mənzildən istifadəyə maneələr vardır. Hazırda mənzillərdə təmir aparılmasına maneə yaradılır. Sözügedən maneələr tikinti avadanlıqlarının daşınması, liftlərdən istifadə və s. hallarla bağlıdır. Tərəflər arasında bağlanan alğı-satqı müqaviləsində liftdən istifadə ilə bağlı nüans nəzərdə tutulmayıb. Hazırda cavabdehin etirazı əsassızdır. Hər iki mənzildə təmirə başlanılmayıb. Sadəcə suvaq işinə başlanmağa, hazırlıq görülsə də, yarımçıq qalıb. Cavabdeh tərəf iddiaçının daşıma ilə bağlı xərclərə görə pul ödənilməsi ilə bağlı arayış təqdim etsə də, həmin arayışı qəbul etmir. Belə ki, ortada faktiki olaraq daşıma yoxdur. Təmsil etdiyi şəxsdən aldığı məlumatlara görə, tərəf həmin ünvanda yaşamadığından, təmirin aparılmasına imkan yaradılmadığından kommunal xidmətlərə görə tələb edilən xərci ödəmək istəmir. Nəzərə alınmalıdır ki, ev hazırda boşdur. Bu səbəbdən kommunal xidmətlərə görə haqq tələb etmək əsassızdır. Bundan başqa həmin xidmətlərdən istifadəyə görə aralarıında hər hansı razılıq əldə edilməmişdir. Əgər kommunallara görə ödənişlər edilibsə, bu da artıq könüllü olub.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, sayğaclar üzrə hər mənzilə görə 1400 manat olmaqla 2800 manat məbləğində vəsaitin və eyni zamanda təmir aparılması üçün qaldırılması üçün qurğuya ödənilən hər mənzilə görə 2000 manat olmaqla 4000 manat borcun kimin tərəfindən müəyyən edilməsi məlum deyil və cavabdehin nümayəndəsi, vəkil bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı kommunal ödənişlərlə bağlı isə borcu ödəməkdən imtina etmir. İddiaçı mənzilini təmir etmək üçün usataları dəvət etmiş, lakin "xxxx" MMC-nin işçiləri ustaları mənzilə buraxmamışlar. Bundan başqa "xxxx" MMC tərəfindən mənzilin təmiri üçün alınmış materialların daşınmasına imkan verilmir. Əlavə olaraq bildirir ki, iddiaçı ödənişlərlə bağlı "xxxx" MMC-nin rəhbərliyi ilə məsələnin məhkəmədən kənar həllinə razıdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, müqavilədə qiymət göstərilməsə də, sayğacların, kommunalların ödənilməsi qeyd edilib. Bundan əlavə materialların liftlə daşınması digər sakinlərin narazılığına səbəb olub. Belə ki, bu kimi daşınmalar lifti yararsız hala salıb. Onunda dəyəri sakinlər tərəfindən qarşılanır. Materialların daşınması ilə bağlı aralarında problem yoxdur. Məsələ liftdən istifadədən qaynaqlanır. Hesab edir ki, bu tələb əsassızdır. Çünki liftdən istifadə sakinlərin mənafeyinə toxunur.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “Mənzil Tikintisi və Satışına” dair müqavilənin 4.2-ci bəndinə əsasən Paylayıcı şəbəkələr tərəfindən mənzillərə qoyulacaq müvafiq sayğacların qiymətini sifarişçi öz vəsaiti hesabına ödəməlidir. İddiaçı ilə bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilələr üzrə B bloku 18-ci mərtəbədə 117 saylı mənzil və eyni mərtəbədə 119 saylı mənzillə bağlı İddiaçı sayğaclar üzrə hər mənzilə görə 1400 manat olmaqla 2800 manat borcu, kommunal ödənişlərlə bağlı isə 117 saylı mənzilə görə 5 il üçün 5052 manat, 118 saylı mənzilə görə isə 5 il üçün 6881,04 manat borcu vardır. Eyni zamanda təmir aparılması üçün qaldırılması üçün qurğuya ödənilən hər mənzilə görə 2000 manat olmaqla 4000 manat borcu vardır. Mən bununla bağlı rəsmi qaydada elektron kabinetim vasitəsilə elektron qaydada məhkəmə arayış təqdim etmişdir. Borc barədə iddiaçıya rəsmi qaydada bildiriş göndərilməsə də, MMC tərəfindən iddiaçıya şifahi xəbərdarlıq olunub. Tərəflər arasında kommunal ödənişlərlə bağlı ayrıca müqavilə bağlanmayıb. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2766/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı 119 saylı mənzil və B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzil İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMCyə həvalə edilmişdir. Həmin qətnamə icra edilərək mənzillərin açarı iddiaçıya təqdim edilmişdir. Lakin bir müddət sonra iddiaçı mənzillərin təmir edilməsinə cavabdeh tərəfindəən yaradılan maneədən narazı olmuş və qətnaməyə həmin məsələ ilə bağlı izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2766/2020 saylı qərardadı ilə qətnaməyə izah verilməsindən imtina edilmiş və iddiaçıya tərəflər arasında sonradan yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Keçən müddət ərzində tərəflər arasında olan mübahisə həll edilməmiş və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı ona təhvil verilmiş mənzillərdə təmir-tikinti işlərinin aparılması ilə bağlı materialların daşınması üçün liftdən istifadəyə, ustaların giriş-çıxışına, cavabdeh tərəfindən yaradılan maneədən narazıdır. Cavabdeh tərəf isə maneə törətdiyini qəbul etsə də, bunu iddiaçının kommunal və digər xidməti ödənişləri etməməsi ilə əsaslandırır. Tətbiq edilən maddi hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

13. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

15. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

17. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

18. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

19. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

20. 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

21. 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

22. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

23. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmənin mövqeyi:

24. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuş və podratçı sifarişi yerinə yetirərək müqavilədə nəzərdə tutulan mənzilləri sifarişçiyə təhvil vermişdir. Sifarişçinin isə həmin vaxtdan mənzillər üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Lakin işin halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdeh iddiaçının mənzildən istifadəsinə maneələr törədir.

25. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasıdır. Belə ki, cavabdehin iddiaçının öz əşyasından istifadə etməsinə törətdiyi maneənin heç bir qanuni və müqavilə əsası yoxdur. Hansı ki, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Eyni zamanda mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın.

26. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı və ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzillərin təmiri ilə bağlı yaradılan maneələr (tikinti materiallarının daşınması, liftdən istifadə edilməsi, ustaların binaya buraxılmaması) Cavabdeh MMC-yə qadağan edilməlidir.

27. Məhkəmə mənzildən istifadəyə bütün maneələrin qadağan edilməsi barədə tələbi qeyri-müəyyən olduğuna görə əsassız hesab edir. Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı və ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzillərin təmiri ilə bağlı yaradılan maneələr (tikinti materiallarının daşınması, liftdən istifadə edilməsi, ustaların binaya buraxılmaması) Cavabdeh MMC-yə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150.9 kv.m. olan 3 otaqlı 119 saylı və ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110.8 kv.m. olan 2 otaqlı 117 saylı mənzillərin təmiri ilə bağlı yaradılan maneələr (tikinti materiallarının daşınması, liftdən istifadə edilməsi, ustaların binaya buraxılmaması) Cavabdehnə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar