Məhkəmə qərarları › İş №e-2(001)-1775/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1775/2022

22.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1775/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 15000 manat kompensasiya verilməklə azyaşlı X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmalarına, mənzildən çıxarılma ilə 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15000 manat kompensasiya verilməklə azyaşlı X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmalarına, mənzildən çıxarılma ilə 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli 2 otaqlı 2 saylı mənzil xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və uzun müddətdir ki, həmin mənzil iddiaçıların istifadələrində və sərəncamlarındadır. Cavabdehlər bir ailə üzvü olmaqla iddiaçıların mənzilində qeydiyyatadırlar. Cavabdehlərin təqsiri üzündən iddiaçılar mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirlər. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdurlar. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Cavabdehlərdən Cavabdeh1 həmin ünvanda özünə məxsus evi vardır. İş üzrə keçirilən qiymətləndirmə ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli 2 otaqlı 2 saylı mənzilin qiymətinin 120 000 manat, orta aylıq kirayə qiymətinin 300-350 manat olması müəyyən edilmişdir. İddiaçıların təqdim etdikləri 15000 manata cavabdehlər 3 ildən çox kirayədə yaşaya bilərlər. Ona görə də, 15000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onun azyaşlı oğlu X1 iddiaçıların mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmasına, 15000 manat kompensasiyanın ödənilməsi ilə cavabdehlərin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar Bakı şəhəri ünvan 2ni mərhum analarından vərəsəlik yolu ilə qəbul edərək mülkiyyət hüquqlarını rəsmiləşdirmişlər. Mübahisəli mənzildə iddiaçılar bir gün belə yaşamamış və həmin evdə onlara aid heç bir əşya mövcud deyildir. Cavabdehlərdən Cavabdeh3 xx.xx.1958-ci il tarixdən, Cavabdeh2 xx.xx.1978-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1986ci il tarixdən həmin mənzildə rəsmi qeydiyyatda olmaqla hal-hazıradək yaşayırlar. Cavabdehlərin bu mənzildən başqa yaşayacaq yerləri yoxdur. Cavabdehlər uzun müddət yaşadıqları mənzilin illərdir ki, əsaslı təmiri üçün bütün qazanclarını xərcləmiş və mənzili bugünkü abad vəziyyətə gətirmişlər. Sonuncu dəfə təmirə Cavabdeh2 tərəfindən 35000 manat vəsait sərf olunmuşdur. Bunun qarşılığında isə mənzili miras alan iddiaçılar cavabdehlərə cəmi 15000 manat kompensasiya məbləği təklif edirlər. Halbuki cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 ər-arvad olmaqla birgə təsərrüfatı idarə etdikləri halda, onların oğlu Cavabdeh1 da ailədir və azyaşlı övladı olmaqla ayrıca təsərrüfatdadır. Bundan başqa həmin ərazidə eyni şəraitli mənzillərin aylıq kirayə haqqı da çox yüksəkdir. Mənzillə bağlı bütün kommunal xərclər və vergilər Cavabdeh2 tərəfindən ödənilmişdir. İş üzrə keçirilən qiymətləndirmə ilə müəyyən olunan qiymət və kirayə haqqı real bazar qiymətlərinə uyğun deyildir. Hesab edir ki, iddiaçılar cavabdehlərə ən azı 35000 manak kompensasiya təklif etməlidirlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2nə dair İddiaçı2 ½ hissədə, İddiaçı1 ½ hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1212 saylı reyestr kitabının 110285 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri MKTD 3 saylı XTMKTB-nin 145 saylı MKTS-nin xx.xx.2022-ci il tarixli 38 saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri ünvan 2ndə Cavabdeh3 xx.xx.1958-ci ildən, Cavabdeh2 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1986-cı ildən, X2 xx.xx.2021-ci ildən daimi qeydiyyatda olmaqla yaşayırlar. TV-100xx-xx-5236 saylı tədiyyə bildirişindən müəyyən olunur ki, Cavabdeh2 Binəqədi M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Bakı şəhəri ünvan 2 ünvanı üzrə 2010-cu il üçün 65,52 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. 2009-cu il üçün yerli vergilər üzrə Cavabdeh2 05236 saylı şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri ünvan 2nə dair 2009-cu il üçün ilin əvvəlinə 13,86 manat qalıq borcu hesablanmaqla 79,38 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi ödənilmişdir. Mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2nə dair kommunal xərclər Cavabdeh2 tərəfindən ödənilmişdir. Legal Prime MMC-nin xx.xx.2022-ci il tarixli LP-086/2022 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 2nin bazar qiyməti 120000 manat, orta aylıq kirayə qiyməti 300-350 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıların miras olaraq qəbul etdikləri Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilində cavabdehlərdən Cavabdeh3 xx.xx.1958-ci ildən, Cavabdeh2 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1986-cı ildən yaşamaqla istifadə hüququ əldə etmişlər. Həmin mənzildə Cavabdeh1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçılar paylı mülkiyyətlərində olan bazar qiyməti 120000 manat olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi əvəzində cavabdehlərə cəmi 15000 manat (hər birinə 5000 manat) kompensasiya təklif edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İstinad olunan normadan müəyyən olunur ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, uzun müddət Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilində yaşayan, həmin mənzilin saxlanmasında, kommunal xidmətlərin, vergilərin ödənilməsində iştirak edən cavabdehlərə istifadə hüquqlarının əvəzləşdirilməsi üçün mülkiyyəçilərin təklif etdikləri kompensasiya (hər birinə 5000 manat olmaqla cəmi 15000 manat) bu hüququn əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələbləri təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (MM-nin 158.4-cü mad.) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyəri iddiaçılara aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı2 və İddiaçı1 Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı 15000 manat kompensasiya verilməklə azyaşlı X2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmalarına, mənzildən çıxarılma ilə 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı2 və İddiaçı1 iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyərinə görə 300 manat Legal Prime MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar