Məhkəmə qərarları › İş №e-2(001)-1777/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1777/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1777/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, 05 oktyabr 1976-cı il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı – 05 oktyabr 1976-cı il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə onun üzərində Ərizəçiın qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi ailə üzvləri, o cümlədən bacısı X6 ilə birlikdə yaşayır. X6 ərizəçinin böyük bacısı olmaqla xx.xx.1976-cı ildə Xırdalan şəhərində doğulmuşdur. Validə artıq uzun müddətdir ki, psixi pozuntulardan əziyyət çəkir. Uşaq yaşlarından psixi pozuntuları aşkar edilmiş, lakin sonradan getdikcə bu pozuntular kəskinləşərək ağır formaya çevrilmişdir. Bakı şəhəri, Binəqədi rayonu 9 sayı şəhər poliklinikasından alınmış xx.xx.2020-ci il tarixli 384 saylı arayışda X3 poliklinikanın Psixiatriya kabinetində şizofreniya paranoid, dərin emosional iradə qüsuru xəstəliyi ilə qeydiyyatda olması qeyd edilmişdir. Validə İsayevanın mübtəla olduğu şizofreniya paranoid dianozu periodik olaraq müalicə alınması tələb olunan, lakin ömürlük qalan xəstəlikdir. O, tez-tez xəstəxanada stasionar qaydada qalaraq müalicə alır. Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışa əsasən bacısı xx.xx.1998-xx.xx.1998-ci il tarixlərində şizofreniya bənzər psixiatrik diaqnozla müalicə almışdır. Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışa əsasən bacısı Validə İsayeva xx.xx.2014-xx.xx.2014cü il tarixlərində şizofreniya paranoid, dərin emosional iradə qüsuru diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının 1867 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında arayışa görə X1 şəxsin qulluğuna ehtiyacı olmaqla müddətsiz olaraq 1-ci qrup əlil kimi qeyd edilmişdir. Buradan da göründüyü kimi bacısı X6 öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İş materiallarında olan 9 saylı polinklinika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 38 saylı arayışdan görünür ki, 1976-cı il təvəllüdlü X6 şizofreniya paranoid, dərin emosional iradə qüsuru xəstəliyi ilə polinklinikanın psixatriya kabinetində qeydiyyatdadır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X5 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 03 aprel 2024-cü il tarixli, 894 saylı rəyində qeyd olunmuşdur ki, X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. X4 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X3 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 05 oktyabr 1976-cı il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar