Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-181/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 790,91 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 30 manat və illik 5 % ilə hesablanmış 52,73 manat əldən çıxmış faydanın Cavabdeh tutulub, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq, istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 24.10-xx.xx.2021-ci il tarixləri aralığında digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə banka, 790,91 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, borclu tərəfindən bu günə kimi borc ödənilməmişdir. Proses iştirakçılarının izahatları:
3. İddiaçının nümayəndəsi 15 may 2024-cü il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
5. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, hesab və ödəniş kartına dair müqavilə əsasında bank tərəfindən müştəriyə bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş, bank xidmətlərinin haqqını Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
6. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, çıxarışın hazırlandığı 14 fevral 2023-cü il tarixə son qalıq 790,91 manatdır.
7. Kart sahibi Cavabdeh ünvanlanan 27 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ******************** saylı plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq, kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 790,91 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü müddətində karta mədaxil edilməsi xahiş edilir, əks təqdirdə qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. Həmin məktubun cavabdehə çatdırılması və ya cavabdehin digər formada məlumatlandırılması iş materialları ilə müəyyən edilmir.
8. Debet kartı istifadəsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/1618 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə borcu xx.xx.2021-ci il tarixində yaranmış və 790,91 manat təşkil edir.Ekspertiza tədqiqatının dəyəri isə 100 manatdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
14. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər;
17. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
18. 1092.10-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
19. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır, hansı ki, həmin müqaviləyə əsasən müştəri(cavabdeh) bank hesabı açılır və müştəri həmin bank kartından istifadə ilə bağlı bank əməliyyatları aparmalı idi. Lakin müştəri bank hesab kartından banka məxsus olan və məxaric etdiyi vəsait hesabına əsassız olaraq varlanmışdır. Tədqiq edilən sübutlarla, xüsusilə hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, cavabdehin 790,91 manat məbləğdə vəsaitə hüquqi əsası olmamış və bu səbəbdən də əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və iddia tələbini əsas borc məbləğinə münasibətdə əsaslı hesab edir. Yəni məhkəmə o qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, hesab və ödəniş kartına dair müqavilə üzrə debet kartdan istifadə nəticəsində yaranan 790,91 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
20. Məhkəmə borcun icrasının gecikdirilməsi ilə bağlı tələb edilən qanuni faiz məbləği ilə razılaşmayaraq, iddianı həmin hissədə əsaslı hesab etmir.
21. Belə ki, yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi əsassız varlanma öhdəliyin yaranması əsaslarından biridir və əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, əsassız varlanma üzrə öhdəliyin icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, borcluya öhdəliyin icrası ilə bağlı məktub ünvanlansa da, həmin məktubun borcluya çatdırılması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də, borclunun öhdəliyin yaranmasından məlumatlı olduğu və öhdəliyin icrasını gecikdirdiyi təsdiq olunmadığından iddia həmin hissədə əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
26. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, 790,91 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 790,91 (yeddi yüz doxsan manat, doxsan bir qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev