Məhkəmə qərarları › İş №e-2(001)-1856/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1856/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1856/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2250 (iki min yüz əlli) manat əsas borc və illik 5 faiz olaraq 212,50 manat, 2000 manat maddi ziyan 600 (altı yüz ) manat mənəvi ziyan və ödəniliş olan 71,32 manat dövlət rüsumu olaraq ümumilikdə 5, 062 (beş min altmış iki ) manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə illərdir ki, dostluq etmişlər. Cavabdeh həmin müddət ərzində özünü tam adekvat apararaq daha da yaxın olmuşlar. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, cavabdeh ona bildirdi ki, ona 4250 manat pul vəsaiti ver əlində bir işi var onu həll etdikdən sonra həmin pul vəsaitini qayatracağını bildirdi. Bundan sonra cavabdeh ona zəng edərək 4250 (dörd min iki yüz əlli) manat təcili pul tapmasını borc kimi ona verilməsini qeyd etmişdir. Bundan sonra o, həmin pul vəsaitini xx.xx.2924-cü il tarixdə Cavabdeh Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 102 A, qəbz nömrəsi 11543 nömrəli 24 saat marketdə 4,250 (dörd min iki yüz əlli) manat pul vəsaiti cavabdehin kartına vurulmuşdur. Dahada sonra ona catdı qardaş deyərək cox sagolunu bildirmişdir. Xeyli müddət keçdikdən sonra cavabdehdən həmin pul vəsaitini istəsə də, cavabdeh hər gün eyni bahanələrlə “gözdə yiğacam narahat olma pulun məndədi, qayataracam” deyərək bir neçə gün eyni vədlər verərək onu aldatmışdır. Bundan sonra cavabdehə qeyd etmişdr ki, şikayət edəcək, sözlərlə hazırda da watsap yazışmalar və səs yazılarda qeyd edildiyi kimi şikayət edəcəyini bildirdikdə, cavabdeh dərhal onu yığaraq bildirdi ki, pulu qaytaracaq. Cavabdeh 4250 manatdan (dörd min iki yüz əlli ) manatdan 2000 (iki min) manat pul vəsaitini ona məxsus sonu 5478 nömrəli kapital Bank kart hesabına qaytarmışdır. Bundan sonra cavabdehə zəng edərək qalan 2.250 (iki min iki yüz əlli ) manat pul vəsaitini nə üçün qaytarmamasını bildirdikdə cavabdeh həmin pulu başqa şəxsə verdiyini bildirmişdir. Bundan sonra o, cavabdehə bildirmişdir ki, o, həmin şəxsi tanımır, görməmiş həmin şəxs barəsində də, eşitmək istəmir, ona yalan danışmasın, heç olmasa aldığı pulun geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh mesajlarını oxumuş, cavab verməmiş və onu bloka atmışdır. Bundan sonra məcbur olaraq məhkəməyə müraciət etmişdir. Onu da qeyd edir ki, cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ona 2,250 (iki min iki yüz əlli) manat əsas borc 4250 (dört min iki yüz əlli) manatın illik 5 faiz olaraq 212, 50 (iki min yüz on iki manat əlli qəpik) manat, 2000 (iki min) manat maddi ziyan 600 (altı yüz) manat mənəvi ziyan həmçinin dövlət rüsumu olaraq 71.32 (yetmiş bir on iki ) manat ümumilikdə 5.062.5 manat alınaraq ona verilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlə uzun müddətdir dostluq edir. Cavabdehin işini həll edə biləcək tanışı olduğu uçun, o, öz yaxın adamından həmin işi həll etmək üçün ondan 5000 manat məbləğində pul verildi, o, da həmin pulun 4250 manatını göndərmişdir Cavabdeh məxsus bank kartına. Cavabdeh tərəfindən ona, həmin puldan 2000 manat qaytarılıb, 2250 manat pul qalmışdır. Hazırda cavabdeh həmin məbləği qaytarmaqdan imtina edir. O, pulu cavabdehə vermiş və ondan da tələb edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı əlillik məsələsi ilə bağlı vətəndaşdan 5000 manat məbləğində pul almış, həmin şəxsi o, tanımır, iddiaçının yaxınıdır. Onun İntiqam adlı tanışı (X3 işləmiş) ona köməklik edə biləcəyini söz vermişdir. Ona görə də iddiaçı tərəfindən ona məxsus bank kartına 4250 manat pul vəsaiti göndərilmişdir. O, qeyd edilən məbləğin 2000 manatını iddiaçıya qaytarmış, 2250 manatı isə vermişdir həmin İntiqam adlı şəxsə. Onun bu işə heç bir aidiyyəti yoxdur. Yəni, onun hazırki məsələdə təqsiri ondan ibarətdir ki, iddiaçı tərəfindən ödənilmiş pul məhz ona məxsus bank kartına ödənilmişdir. Həmin məbləğdən ona 1 manat da olsa pul çatmamışdır. O, həmçinin qeyd etmişdir ki, iddia tələbində tələb edilən pul, onda deyil, onun İntiqam adlı tanışındadır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Mülki iş materiallarında olan: MPAY QSC-yə məxsus terminal nömrəsi 6481, qəbzin nömrəsi 11543 olan qəbzdən görünür ki, həmin terminal vasitəsi ilə F*****F*****M***** oğlu, 416973******5509 nömrəli karta xx.xx.2024-cü il tarixdə 4250 manat məbləğində pul vəsaiti ödənilmişdir. E-manata məxsus **********7 nömrəli qəbzdən görünür ki, ****5478 nömrəli karta xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh İddiaçı işini həll etmək üçün 4250 manat borca pul almış, həmin borcundan 2000 manat məbləğini qaytarmış, qalan 2250 manat məbləğini isə qaytarmamışdır. Məhkəmə iddia tələbinin Cavabdeh 2250 (iki min yüz əlli) manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan işlərini həll etmək məqsədi ilə 4250 manat pul istəmiş, həmçinin bildirmişdir ki, işini həll etdikdən sonra həmin pul vəsaitini qaytaracaqdır. İddiaçı isə dost olduqları üçün cavabdehlə məxsus olan (F*****F*****M***** oğlu) 416973******5509 nömrəli karta xx.xx.2024-cü il tarixdə 4250 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xeyli müddət keçəndən sonra Cavabdeh həmin pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Lakin, bir müddət sonra cavabdeh İddiaçı məxsus ****5478 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul ödəmiş, qalan 2250 manat məbləğində olan borcunu isə ödəməmişdir. Göründüyü kimi iş materiallarında olan sübutlarla, eləcə də məhkəmə iclasında iştirak edən Cavabdeh izahatı ilə tam olaraq müəyyən edilmişdir ki, Cavabdeh məxsus bank kartına İddiaçı 4250 manat məbləğində pul yüklənilmiş, cavabdeh həmin məbləğdən 2000 manatını qaytarmış, 2250 manat isə ödənilməmiş qalmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi 2250 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilmədiyini sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 2250 manat məbləğində əsas borc üzrə pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əsas borca görə illik 5 faiz olaraq hesablanmış 212,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış hüquq münasibəti nəticəsində Cavabdeh İddiaçı borclu olduğu 2250 manat vəsaitdən artım, bəhər və sair maddi xeyrin götürməsi iş materialları ilə müəyyən edilməmiş, bununla bağlı İddiaçı tərəfindən də məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca görə illik 5 faiz olaraq hesablanmış 212,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin 2000 manat məbləğində maddi ziyanın cavabdehdən tutulması ilə bağlı hissədə qeyd edir ki, iddiaçı 2000 manat maddi ziyana düşməsini qeyd etsə də, qeyd edilən ziyanın hansı səbəbdən baş verməsini iddia tələbində əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının həmin tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, maddi ziyanla bağlı 2000 manat məbləğində ziyanı sübut etmə vəzifəsini iddiaçı daşıyır. Xüsusi ilə qeyd edilməlidir ki, mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanla 2000 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin 600 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 71,32 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 71,32 manat məbləğində pulun 42,50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 42,50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar