Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1859/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Socar İddiaçı Cavabdeh qarşı(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi cəlb edilməklə) “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı SOCAR İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən istismarında olan Şirvan-Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı kmdə, kəmərdən 10 metr aralı məsafədə, 39T 0402033, ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsinə dair verilmiş RX seriyaslı ******* saylı çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T 0402033, ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsi RX seriyaslı ******* saylı çıxarışa əsasən cavabdehin xüsusi mülkiyyətindədir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin əldə edilməsi üçün sorğu ilə müvafiq orqana müraciət etsək də, bugünə kimi sorğuya cavab ala bilməmişik. Magistral neft kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi həm cavabdehin özü, həmdəətrafdakılar üçün yüksək təhlükəmənbəyidir. Buna görə də, iddiaçı həmin tikilinin sökülməsi üçün müvafiq iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, işə baxılan zaman cavabdeh həmin qeyri-yaşayış sahəsinin mülkyyətində olması barədə çıxarış təqdim etmişdir. Məhkəmə həmin çıxarışın qüvvədə olduğu müddətdə qeyriyaşayış sahəsinin sökülməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin nəzərə alınmalıdır ki,X1 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərazilərinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə razılaşmaisə mövcud deyil. Başqa sözlə, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna görə də iddiaçının hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququ vardır. Cavabdehin həmin mühafizə zolağında inşa etdiyi tikili həmözü, həmdəətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Neft Kəmərlərinin mühafizə zolağında yerləşən tikilinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmasından narazıdır. Belə ki, o, hesab edir ki, boru(neft) kəmərlərinin mühafizə zonasında onlardan icazə alınmadan inşa edilmiş tikili qanuni sayılmır və bu səbəbdən reyestrdə qeydə alına bilməz. Üstəlik iddiaçının qanunsuz hesab etdiyi tikilinin sökülməsi barədə iddiası da təmin edilməmişdir. Göründüyü kimi iddiaçı inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirdiyi faktiki xarakterli fəaliyyətindən narazıdır. Bu səbəbdən də iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə hesab edirəm ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmalı, iddiaçıya inzibati orqanın hərəkətlərindən inzibati məhkəmə icraatı qaydasında şikayət vermək hüququnun olması izah edilməlidir. Eyni zamanda ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İM: İddiaçı Socar İddiaçı Cavabdeh qarşı(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi cəlb edilməklə) “çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1859/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1859/2023
10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver