Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1882/2024 23.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 ilə 06 noyabr 1994-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və birgə nikahlarından 02 aprel 1997-ci il təvəllüdlü X3 adlı bir övladları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Evli olarkan o, Cavabdeh1 və oğulları ilə birgə həyat yoldaşının adına olan, ünvan 1 ünvanında uzun müddət birgə yaşamışlar. Boşandıqdan sonra cavabdehin qanunsuz hərəkətləri ucbatından o, əşyaları olan mənzildən kənar düşmüşdür. Onun əşyaları hal-hazırda ünvan 1 ünvanındadır və cavabdeh könüllü olaraq ona heç bir şərait yaratmır ki, o, mənzildən əşyalarını götürsün. Cavabdeh mənzilin giriş qapısının qıfılını dəyişdirmiş və dəyişdiyi qıfılın açarlarını ona verməmişdir. Cavabdehin bütün bu hərəkətləri ona qarşı işgəncə vermək məqsədi daşıyır. Məhkəməyə müraciət etməkdə əsas məqsədi ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən mənzildəki ona məxsus cehiz əşyalarının qaytarılması tələbinə dair qətnamə qəbul edilsin. Cavabdehlə rəsmi nikahda olduğu zaman, onun atası vəfat etmiş və bundan sonra ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 mülkiyyətinə keçmişdir. Həmin mənzildə 2007-ci ildən o, oğulları və o zaman hələ həyat yoldaşı olan Cavabdeh1la birgə yaşamışlar. Hətta mənzili təmir etdirmiş və buna dair mənzildə çalışan ustalara zəhmət haqqı ödəməsinə dair notariat qaydasında təsdiqlənən ərizələri vardır. Onun cehizləri – mebellər yataq otağı üçün 2 nəfərlik, geniş çarpayılı mebel komplekti; 2 ədəd 1 nəfərlik çarpayı; 4 ədəd paltar dolabı; 1 ədəd yazı masası; mətbəx mebeli; 2 komplekt masa və stullar qonaq otağı və mətbəx üçün; qabqacaq; məişət texnikaları - 2 ədəd televizor, 2 ədəd soyuducu, paltaryuyan maşın, 2 ədəd su isidici, qazsobası, tozsoran, 4 ədəd kondisioner və sair; pərdələr və sair. 03 noyabr 2014-cü il tarixdən 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 145, 109 ünvanındakı mənzildə qalmışdır. Boşanma ərəfəsində baş tutan əmlak bölgüsü zamanı keçmiş həyat yoldaşının ona pul borcu yaranmışdır və borcün gələcəkdə digər əmlaklara yönəldilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh1 adına olan ünvan 2 saylı mənzili bağışlama müqaviləsi ilə tez-tələsik xalası qızı Cavabdeh2 Nürəddin qızının adına keçirtmişdir. Bağışlamadan sonra xanım orada yaşamamışdır. Bu uydurma bir əqddir. Cavabdeh1 vəkili vasitəsi ilə əmlak bölgüsünə dair icra vərəqəsini icra edən Binəqədi rayon Probasiya şöbəsinin icra məmuruna vəd etmişdir ki, sözü gedən mənzili oğullarının adına pul borcu əvəzinə keçirəcəkdir. Lakin, sözünün üstündə durmamışdır. Bu insan illərdi oğlu ilə maraqlanmır, maddi və mənəvi dəstək olmur. Cavabdeh1 “yardım” edən qohumları isə onun oğluna nə qədər mənəvi və maddi ziyan vurduqlarını sanki dərk etmirlər. Övlad sahibi olan insanlar “bumeranq qanununu” unutmamalıdırlar! Cavabdehlərə qarşı artıq səbr nümayiş etdirməyin mənasız olduğunu görmüşdür və öz cehiz əşyalarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildə qalan onun cehizlərin: Mebellər: yataq otağı üçün 2 nəfərlik, geniş çarpayılı yataq mebeli komplekti, 2 ədəd 1 nəfərlik çarpayı, 2 divan və 2 kreslo, 4 ədəd böyük dolab (biri şkaf-kupedir, çox böyükdür, 1200 manata sifariş edilmişdir), 1 ədəd yazı masası və kreslosu, Ruminiya istehsalı mətbəx mebeli (mətbəxdə alt-üst divar boyu quraşdırılmışdır), 2 komplekt masa (qonaq otağı və mətbəx üçün), 6 ədəd stul (qonaq otağında) və 4 ədəd taburetka (mətbəxdə), məişət texnikaları: 2 ədəd televizor (biri böyük ekranlı, 1000 dollara alınıb, ikinci televizor orta ekranlıdır), 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın (mətbəxdə quraşdırılıb, 860 manata alınıb), 1 ədəd böyük həcmli elektrik su qızdırıcısı (mətbəxdə quraşdırılıb), 1 ədəd qaz ilə çalışan su qızdırıcısı (hamam otağında quraşdırılıb), 4 gözlü böyük qaz sobası (mətbəxdə), 1 ədəd mikrodalğalı soba (mətbəxdə), 1 ədəd tozsoran, 4 ədəd divara quraşdırılmış kondisioner, sair: 4 otağın hər birinin pəncərəsinə asılmış pərdələr; 12 ədəd xrustal bokal, 6 personluq farfor çay dəsti (qonaq otağında ), 4 ədəd xrustal vaza, 4 ədəd çılçıraq, 4 ədəd yorğan, 4 ədəd döşşək, 4 ədəd balınc və sair cehiz əşyalarının, əşyalar özləri mövcud olmadıqda və yaxud yararsız vəziyyətə salınmış olsalar onların dəyəri olaraq 22000 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2024-cü il tarixli məktubda deyilənlərin həqiqəti əks etdirmədiyini bildirmişdir. Nümayəndə eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh2 və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı X2 tərəfindən “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “bağışlama müqaviləsinin etibarsız hesab edilməsini” xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 29 iyul 2015-ci il tarixli, 2(001)-6976/2015 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin öz xalası qızı Cavabdeh2 bağışlanılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Cavabdehlər apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(103)- 1043/2016 saylı qətnaməsi ilə (hakim Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsində ona izah edilmişdir ki, əgər gələcəkdə Müşfiq İsrafilovdan 280.000 manatın ½ hissəsinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilərsə Cavabdeh1 qətnaməni könüllü icra etməzsə, tələbin yönəldilməsi üçün Cavabdeh1 digər əmlakı olmazsa, belə halda iddiaçı qətnamənin məcburi icrasının təmin edilməsi üçün bağışlama müqaviləsini mübahisələndirə bilər. Absurd bir qətnamədir. Pul borcunun tutularaq iddiaçıya verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qətnamə qəbul edilmiş və digər bəndlər öz təsdiqini tapmışdır, lakin bu günə kimi Cavabdeh1 ona olan borcu ödəməmişdir. Həmçinin, əmlak bölgüsünə dair icra vərəqəsini icra edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədov Cavabdeh1 vəkili ilə uzun müddət danışıqlar aparmış, pul borcunun ödənilməsinə dair 2021-2022-ci illər ərzində borclu Cavabdeh1 vəkili Altay Əfəndiyev icra məmuruna və ona zəng edərək qeyd etmişdir ki, Cavabdeh1 pul borcu əvəzinə ünvan 5 ünvanda yerləşən mənzili verməyə hazırdır. Həmçinin buna dair cavabdehin qardaşı tərəfindən yazılan məktub onlara göndərilmişdir. Lakin, sonradan cavabdeh sözünün üstündə durmamışdır. Binəqədi Rayon Məhkəməsində yuxarıda qeyd edilən cavabdehlər ilə onun arasında digər məhkəmə çəkişməsi də var idi. 2023-cü ildə Binəqədi Rayon Məhkəməsinə “mənzilə məcburi köçürülməyinə” dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin ərizədə də o, qeyd etmişdir ki, cehizləri sözü gedən mənzildə qalmışdır. İddiaçı olduğu iş üzrə məhkəmənin (iş № 2(001)-6090/2023, sədrlik edən hakim İlkin Əliyev) 19 yanvar 2024-cü il tarixində keçirilən son iclasda o, Cavabdeh2 ilk məhkəmədə söylədikləri ilə tanış olmuş (səhhəti ilə bağlı o gedə bilməmişdir). Cavabdeh2 hakimə söyləmişdir ki, bağışlama müqaviləsi ilə adına keçən ünvan 1 ünvanda yaşamamış, hal-hazırda mənzildəki əşyaları evdən boşaldır və mənzili satmağa hazırlaşır. O, cavabdehlərdən fərqli olaraq telefon nömrələrini gizlətmir, onlar asanlıq ilə onu tapa bilərdilər, hətta vəkilləri vasitəsi ilə ona xəbər göndərib mənzildəki cehizlərini çıxartmağa şərait yarada bilərdilər. 2(001)-6090/2023 saylı işi qaldıraraq protokol ilə tanış olsanız onun sözlərinin təsdiqini tapa bilərsiniz. Cavabdehlər neçə ildir Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədovla danışıqlar apararaq sözü gedən mənzili borc əvəzinə vəd etdikərindən, həmçinin mənzilə məcburi köçürülmə tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün, o, indiyə kimi cehiz əşyalarının qaytarılmasına dair iddia qaldırmamışdır. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil Qabiliyyət oğlu tərəfindən “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdehin nümayəndəsi cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməklə yanaşı, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının hər-hansı əşyası onlarda yoxdur. Həmin mənzil Cavabdeh2 mülkiyyətində olduğu dövrdə iddiaçıya məxsus hər-hansı əşya orada olmamışdır. İddia ərizəsində yazılanlar ağ yalandır. Sözügedən mənzil bir müddət öncə başqa şəxsə satılmış və hazırda cavabdehlərdən heç birinin mülkiyyətində deyildir. İş üzrə ümumi iddia müddəti də ötmüşdür. Həm də iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçının belə əşyalarının nə vaxtsa olub-olmaması da Cavabdeh2 məlum deyildir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin tamamilə əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 31/2024 saylı 20 yanvar 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr, Mir Cəlal küçəsində yerləşən 145 saylı evin 109 saylı mənzilində olan cehiz əşyalarının (iddia ərizəsində göstərilən) üzərinə həbs qoyularaq, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-31/2024 saylı 20 yanvar 2024-cü il tarixli icra sənədi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 145 saylı evin 109 saylı mənzilinin 26 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında hazırda vətəndaş X1 mülkiyyətində olması, həmin ünvanda hazırda heç bir əmlakın olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Cavabdeh2 ilə istifadəsində olan 050 363- 51-02 mobil nömrəsi ilə 30 yanvar 2024-cü il və 02 fevral 2024-cü il tarixlərində telefon əlaqəsi saxlanılmış və o, tələbkar İddiaçı məxsus cehiz əşyalarının onda olduğunu etiraf etmişdir. Bu barədə həmin tarixdə borcluya SMS bildirişlər göndərilmişdir. Həmçinin iş üzrə borclu Cavabdeh2 13 fevral 2024-cü il tarixdə Şöbəyə dəvət edilmiş və o, şöbədə olarkən ona rəsmi bildiriş verilmiş və o, icra sənədində qeyd edilən əmlakın, yəni cehiz əşyalarının onda olduğunu qeyd edərək, həmin əşyaları mənzil satıldığı üçün başqa ünvanda saxladığını bildirmiş, vəkili ilə bu məsələni müzakirə etdikdən sonra şöbəyə yaxınlaşacağını bildirsə də, şöbəyə gəlməmiş, edilən telefon zənglərinə cavab verməmişdir. Bununla bağlı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsindən ötrü borclu Cavabdeh2 barəsində məcburi icra tədbirləri görülməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin e-16(001)-31/2024 saylı, 30 yanvar 2024-cü il tarixli icra sənədinin icrası məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, ev 145, 109 saylı mənzildə olmuşdur. Qapını açan olmamış, Cavabdeh2 ilə əlaqə yaratmaq istəsələr də, bu mümkün olmamışdır. Bu barədə akt tərtib etmişdir. Sonradan Cavabdeh2 ilə telefon danışıqları aparmaq mümkün olmuş, daha sonra Cavabdeh2 icra şöbəsində gəlmişdir. Lakin sonuncu izahat verməkdən boyun qaçırmışdır. Danışıqlar zamanı Cavabdeh2 cehiz əmlaklarının olduğunu, lakin siyahıda göstərilən həcmdə olmadığını bildirmişdir. Sonradan mənzilə baxış keçirmişlər, məlum olmuşdur ki, artıq mənzil başqasının, yəni Vüqar Abbasovun mülkiyyətindədir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İlk növbədə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. Odur ki, iddiaya mahiyyəti üzrə baxılaraq, müvafiq qərar qəbul edilməlidir. Hazırki iddia tələbinin hüquqi əsasını faktiki vindikasiya iddiası, yəni iddiaçıya məxsus əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu, mənzili tərk edərkən həmin əşyaların orda qaldığını və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi ilə bağlı, yəni cehiz əşyalarının sözügedən mənzilə aparılması, ümumiyyətlə mövcudluğu barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı məhkəməyə ünvanlanmış ərizəsində göstərilən faktlar, yəni “iddiaçı olduğu iş üzrə məhkəmənin (iş № 2(001)-6090/2023, sədrlik edən hakim İlkin Əliyev) 19 yanvar 2024-cü il tarixində keçirilən son iclasda o, Cavabdeh2 ilk məhkəmədə söylədikləri ilə tanış olmuş, Cavabdeh2 hakimə söyləmişdir ki, bağışlama müqaviləsi ilə adına keçən ünvan 1 ünvanda yaşamamış, halhazırda mənzildəki əşyaları evdən boşaldır və mənzili satmağa hazırlaşır” məhkəmə tərəfindən yoxlanılmış, bu məqsədlə 2(001)-6090/2023 saylı mülki işin materialları tələb edilmiş, məhkəmə iclas protokolları məhkəmə tərəfindən tədqiq edilmiş və həmin faktlar öz əksini tapmamışdır. Bununla yanaşı, digər ziddiyyətli məqam, yəni Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisi tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2024-cü il tarixli məktubda qeyd edilənlər icra işinin materialları ilə müqayisəli şəkildə tədqiq edilmiş, bu məqsədlə icra məmuru məhkəmə iclasında şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 deyilənləri və icra şöbəsinin məktubunda olanları təkzib etmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi əmlakın (əşyaların) mövcudluğunu, əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu, cavabdehin mənzilinə köçərkən həmin əşyaları özü ilə gətirdiyini, mənzili tərk edərkən həmin əşyaların orda qaldığını və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu sübuta yetirmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov