Məhkəmə qərarları › İş №e-2(001)-1892/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1892/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1892/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil X8” Publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 92000 manat pulun və ödənilmiş 366 manat dövlət rüsumunun cavabdeh Azərbaycan Avtomobil X8ndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m hissəsi Zığ dairəsi – Heydər Əliyev adına X9 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ilin yay aylarında "xxxx" ASC tərəfindən sökülmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-1498/2014 saylı qərarına əsasən isə sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar mülkiyyətçi İddiaçı 1.226,253,6 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmin qərardan icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə kompensasiya məbləği mülkiyyətçiyə ödənilmişdir. Əmlak kompleksinə görə kompensasiya məbləği 15 il gecikdirilməklə mülkiyyətçiyə ödənilmişdir. Mülkiyyətçinin bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi əmlak kompleksi 2008-ci ilin yay aylarında sökülmüş, müvafiq kompensasiya isə iddiaçıya 2023-cü ilin noyabr ayının 22-də ödənilmişdir. Ona görə hesab edir ki, kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 92000 manat pul Azərbaycan Avtomobil Yolları X3 Yaşar Cəmil oğlunun xeyrinə tutulmalıdır. Sözügedən məbləğin ödənilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş, lakin iddiaçının tələbi təmin edilməmiş və ümumiyyətlə həmin məktub cavablandırlmamışdır. Ona görə də İddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 920.000 (doqquz yüz iyirmi min) manat pulun və ödənilmiş 1210 (min iki yüz iyirmi) manat dövlət rüsumunun cavabdeh Azərbaycan Avtomobil X8ndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X8 tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 920.000 manat pulun və 1.210 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin və üzərindəki obyektlərin tikintisinə sərf edilən vəsaitin pul şəklində əvəzi kimi 1.500.000 manat məbləğində kompensasiyanın və cavabdehlərin illər ərzində hərəkətsizliyi nəticəsində dəymiş 1.000.000 manat maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin dəyişdirilməsini “qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar iddiaçıya dəymiş 1.500.000 manat real zərərin və 1.000.000 manat əldən çıxmış faydanın ödənilməsi, yol çəkilməsi ilə əlaqədar iddiaçıdan alınan (əvvəllər istifadəsində olmuş) 5 ha torpaq sahəsindən 3 ha - nın onun istifadəsinə qaytarılması” kimi qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 saylı, 24 sentyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar iddiaçıya dəymiş 1.500.000 manat real zərərin və 1.000.000 manat əldən çıxmış faydanın ödənilməsi, faktiki olaraq iddiaçının istifadəsində olan 3 ha torpaq sahəsindən onun istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m sahəsi olan əmlak kompleksinin 1.422.1 kv.m hissəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi ona dövlət büdcəsindən 1.226.253.6 manat məbləğində kompensasiyanın ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Tərəfimizdən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 1498/2014 saylı, 24 sentyabr 2014-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 2-1(103)-372/15 saylı, 16 aprel 2015-ci il tarixli qərarı ilə cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı rayon İcra Hakimiyyəti, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 saylı, 24 sentyabr 2014-cü il tarixli qərarının qismən- iddia tələbinin Suraxanı rayon İcra Hakimiyyətinə qarşı təmin edilməsi və dəymiş ziyanın əvəzi kimi iddiaçıya kompensasiyanın dövlət büdcəsindən ödənilməsi hissələrində ləğv edilməsi, qərarın iddiaçıya pul vəsaitinin ödənilməsi hissəsində dəyişdirilərək cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 226 253,6 (bir milyon iki yüz iyirmi altı min iki yüz əlli üç manat, altmış qəpik) manat tutularaq İddiaçı ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 2-1(103)-372/15 saylı, 16 aprel 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının qeyd etdiyi kimi qərar qanuni qüvvəsini almış, icraya yönəlmiş və 22 noyabr 2023-cü il tarixində həmin məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik pinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe insan hüquqları üzrə Avropa məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Ruminyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı 920.000 (doqquz yüz iyirmi min) manat pulun və 1.210 (min iki yüz on) manat dövlət rüsumunun tutulması barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, etirazın mahiyyətinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından görünür ki, iddia tələbi qismən təmin edilərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1600 kv.m sahəsi olan əmlak kompleksinin 1422,1 kv.m hissəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi iddiaçıya dövlət büdcəsi hesabına 1226253,6 manat məbləğində kompensasiyanın ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-372/15 saylı qərarından görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 saylı, xx.xx.2014cü il tarixli qərarının qismən, iddia tələbinin Suraxanı rayonu İH-nə qarşı təmin edilməsi hissəsində ləğv edilib, iddia tələbinin Suraxanı rayon İH-nə qarşı təmin edilməməsi və qərarın iddiaçıya pul vəsaitinin ödənilməsi hissəsində dəyişdirilərək cavabdeh AR Nəqliyyat Nazirliyinin "xxxx" ASC-dən 1226253,6 manat tutulub iddiaçıya verilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-908/15 saylı qərarından görünür ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilən kassasiya şikayətlərinin təmin edilməməsi, qərarın iddia tələbinin Suraxanı rayon İcra Hakimiyyətinə qarşı təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə mümkün sayılmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2015-ci l tarixli, 2-1(103)-372/15 saylı qərarının qalan hissələrdə dəyişdirlmədən qüvvədə saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, BD39 nömrəli ödəniş tapşırığından görünür ki, 1.230.545, 49 manat (bir milyon iki yüz otuz min beş yüz qırx beş manat qırx doqquz qəpik) pul xx.xx.2023-cü il tarixdə İddiaçı ödənilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil X6 müraciət edərək 1.226.253,6 manat kompensasiya məbləğinin 2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməyərək saxlanılmasına görə illik 5 faiz hesablanmaqla 920.000 manat pulun İddiaçı ödənilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X5 iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qərarın icrası məqsədi ilə Agentlik tərəfindən öhdəliklər tam icra olunmuş və kompensasiya məbləği sizə ödənilmişdir. Qəbzlərdən görünür ki, iddiaçı X7 iddia ərizəsinin məhkəməyə verilməsi üçün 366 manat və 844 manat olmaqla ümumilikdə 1210 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi 2008ci ildə dövlət ehtiyacları məqsədi ilə sökülmüş, tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri nəticəsində "xxxx" ASC-dən 1.230.545, 49 manat (bir milyon iki yüz otuz min beş yüz qırx beş manat qırx doqquz qəpik) pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə aktı xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilmiş və sözügedən kompensasiya məbləği xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil X8 tərəfindən iddiaçıya ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 826 nömrəli 9 mart 2016-cı il tarixli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılması qərara alınmışdır. “Azərbaycan Avtomobil X5 yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1638 nömrəli 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil X8” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Hazırda iddiaçı ona məxsus əmlak kompleksinin dəyəri olan 1.230.545,49 manat kompensasiya məbləğinin ödənilməsinin gecikdirilmiş müddət (15 il) üçün illik 5 faiz zərərin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normalardan göründüyü kimi öhdəlik, o cümlədən pul öhdəliyi zərər vurulması əsası ilə də yarana bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacı üçün söküldüyünə görə cavabdehin həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdeh həmin öhdəliyi gecikdirərək icra etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz məbləğində pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin əmlak kompleksinin dəyərini ödəmək vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. İşdən görünür ki, iddiaçıya məxsus əmlak kompleksinin dövlət ehtiyacları üçün 2008ci ildə sökülsə də, həmin əmlak kompleksinin dəyəri məhkəmə qərarı əsasında müəyyən edilmiş və qərar xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdən də göründüyü kimi, iddiaçıya 1.226.253,6 manat pulun ödənilməsinin əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-908/15 saylı qərarı təşkil edir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, öhdəliyin icrasının gecikdirilməsinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2015-ci il tarixdən götürülməlidir. İddiaçı öz tələbində gecikdirilən müddət üçün 920.000 manat pul tələb etmişdir. Gecikdirilmə müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 8 il 4 ay (100 ay) olmasını nəzərə alaraq riyazi üsulla (1.226.253,6 x 5% /12 x 100 = 510.939) hesabalandıqda 5 faizlə tutulmalı məbləğ 510.939 manat təşkil edir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli və 510.939 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə cavabdehin məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda, 8 il 4 ay müddətində həmin qərarın icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu, iddiaçıya qanunda nəzərdə tutulan gecikdirilmiş müddət üçün illik beş faiz zərər məbləği ödənilməklə kompenasiya edilə bilər. Məhkəmə xatırladır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Bundan əlavə, işdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 1210 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi dövlət rüsumu ilə bağlı hissədə qismən təmin edilməli, təmin edilmiş tələbə mütənasib olan 672 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, 510.939 ( beş yüz on min doqquz yüz otuz doqquz) manat pul və 672 (altı yüz yetmiş iki) manat dövlət rüsumunun cavabdeh Azərbaycan Avtomobil X8ndən İddiaçı xeyrinə tutulmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 510.939 ( beş yüz on min doqquz yüz otuz doqquz) manat pul və 672 (altı yüz yetmiş iki) manat dövlət rüsumu cavabdeh Azərbaycan Avtomobil X8 publik hüquqi şəxsindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar