Məhkəmə qərarları › İş №e-2(001)-1915/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1915/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1915/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 77.460 manat məbləğində pulun alnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 143/12 saylı müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa olunan yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən 152,43 kv.m. ölçüdə 3 otaqlı B02 saylı mənzili inşa edib iddiaçıya təhvil verilməsi, iddiaçı isə həmin mənzilin dəyərini təşkil edən 152,40 manat məbləğində pulun cavabdehə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə bağlanan günü iddiaçı qeyd edilən mənzilin tam dəyərini cavabdehə ödəmiş, cavabdeh isə iddiaçıya borcun tam ödənilməsini və hər hansı məbləğdə borcun olmamasını təsdiq edən 116 saylı, xx.xx.2019-cu il tarixli maliyyə arayışı vermişdir. Lakin sonradan cavabdeh həmin mənzili digər şəxsə təhvil vermiş və hər hansı başqa mənzilin olmadığını bəhanə edərək, ona mənzil verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı mənzilin təhvil verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış və onun iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1689/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və mənzilin ona təhvil verilməsi cavabdehə əvalə edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehin kassasiya şikayətinə əsasən mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olan zaman cavabdeh ünvan 1 ünvanında inşa edilmiş yaşayış evinin A blokunun 9-cu mərtəbəsində yerləşən və ümumi dəyəri 74.970 manat olan 74,97 kv.m. ölçüdə 2 otaqlı A9-4 saylı mənzili təhvil verməyi iddiaçıya təklif etmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. Nəticədə onların arasında barışıq sazişi bağlanmış və həmin saziş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Bundan sonra iddiaçı bu mənzili cavabdehdən təhvil almışdır. Lakin hazırda cavabdeh 3 otaqlı mənzil üçün iddiaçı tərəfindən ödənilən 152.430 manat məbləğində pulun 77.460 manat hissəsini, yəni ona təhvil verilməli olan mənzillə təhvil verilmiş mənzilin dəyəri arasında olan pul fərqini ödəməkdən imtina edir. Halbuki, barışıq sazişində bu fərqin ödənilməyəcəyi barədə hər hansı şərt qeyd edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya qarşı təqdim edilmiş yazılı etirazı müdafiə edərək, bildirmişdir ki, İddiaçı istinad etdiyi 10 yanvar 2019-cu il tarixli, B-143/12 nömrəli müqavilə əsasında CavabdehMTK-ya pul ödəməmişdir. Müqavilə sadəcə tərəflərin iradə ifadəsini göstərir, pulun ödənilməsi isə müvafiq sənədlərlə təsdiq edilməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qərarına əsasən ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq edilmişdir. Həmin qərarın 1 nömrəli əlavəsinə əsasən kassa mədaxil orderi ciddi hesabat blankıdır. MTK-dan mənzil satışı ilə əlaqədar pulun ödənilməsini təsdiq edən əsas sənəd ciddi hesabat blankı olan kassa mədaxil qəbzidir. Kassa mədaxil qəbzi olmadan maliyyə arayışı verilə bilməz, verilsə də heç bir hüquqi əsası yoxdur. İddiaçı isə Cavabdeh MTK-ya heç bir pul ödəmədiyi üçün ona ödəniş qəbzi verilməmişdir. Bundan əlavə iddiaçının hazırda pulunu tələb etdiyi mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında artıq məhkəmə mübahisəsi olmuşdur. Lakin nəticədə tərəflər arasında barışıq sazişi bağlanmış və həmin saziş Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiq edilərək, mənzilin əvəzinə iddiaçıya başqa bir mənzil təhvil verilmişdir. Buna baxmayaraq, iddiaçı hazırda cavabdehdən pul da tələb edir. Göstərilənləri nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 10 yanvar 2019-cu il tarixdə bağlanmış B-143/12 saylı müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa edilən yaşayış binasının B blokunun, 12-ci mərtəbəsində ümumi sahəsi 152,43 kv.m olan 3 otaqlı B02 saylı mənzili inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzilin dəyərini təşkil edən 152.430 manat pulu cavabdehə ödəməyi barədə üzərinə öhdəlik götürmşdür. Cavabdeh tərəfindən verilmiş 116 saylı, 10 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı qeyd edilən mənzilin dəyərini tam ödəmiş, onun həmin müqavilə üzrə borcu yoxdur. Lakin bundan sonra həmin mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1689/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, qeyd edilən mənzil ona təhvil verilmiş, cavabdehin 10 yanvar 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehin kassasiya şikayətinə əsasən iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olan zaman tərəflər razılığa gələrək, barışıq sazişi bağlanmışlar və həmin saziş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sazişdə mübahisəli mənzilin əvəzinə cavabdeh tərəfindən iddiaçıya ünvan 1 ünvanında inşa edilmiş yaşayış evinin A blokunun 9-cu mərtəbəsində yerləşən və ümumi dəyəri 74.97 kv.m. olan 2 otaqdan ibarət A9-4 saylı mənzili təhvil verildiyi, cavabdehin iddiaçıya qarşı qaldırdığı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasından və kassasiya şikayətindən imtina etdiyi və işə xitam verilməsini xahiş etdiyi, iddiaçının qeyd edilən A9- 4 saylı mənzili cavabdehdən qəbul etdiyi, iddiaçının cavabdehə qarşı olan “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasından imtina etdiyi və işə xitam verilməsini xahiş etdiyi göstərilmişdir. Bundan sonra sazişə uyğun olaraq tərəflər arasında bağlanmış 16 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya qeyd edilən 2 otaqlı A9-4 saylı mənzil təhvil verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, aralarında bağlanmış barışıq sazişinə əsasən ona ümumi dəyəri 74.970 manat olan mənzilin təhvil verildiyini, 10 yanvar 2019-cu il tarixli müqavilə üzrə isə tərəfindən 152.430 manat məbləğində pulun ödənildiyini, barışıq sazişində bu fərqin ödənilməməsi barədə hər hansı şərtin qeyd edilmədiyini bildirir və bu məbləğlərin fərqini təşkil edən 77.460 manat məbləğində pulu tələb edir. Cavabdeh iddianı əsassız hesab edir və mübahisənin artıq barışıq sazişi ilə həll edildiyini, həmin sazişin məhkəmə tərəfindən təsdiq edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim işi üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, hazırda iddiaçı 10 yanvar 2019-cu il tarixli müqavilənin predmeti olan mənzilə görə ödədiyi pulun bir hissəsini cavabdehdən tələb edir. Halbuki, bu mənzilin təhvil verilməsini məhkəmə qaydasında mübahisələndirmiş və mübahisəyə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılan zaman həmin mənzilin əvəzinə başqa bir mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehlə razılığa gələrək, “mənzilin təhvil verilməsinə” dair iddiasından imtina etmişdir. Nəticədə onların arasında bağlanmış barışıq sazişi qeyd edilən məhkəmənin 2(002)-4638/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Bununla belə, iddiaçı sazişdə göstərilən mənzili qəbul etməklə və 10 yanvar 2019-cu il tarixli müqavilənin predmeti olan mənzilin ona təhvil verilməsi barədə iddiasından imtina etməklə hüquqi nəticə etibarı ilə həmin mənzilə görə ödədiyi pulun qaytarılması tələbindən də imtina etmişdir. Sazişdə cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər məbləğinin və ya pul fərqinin ödənilməsi barədə qeyd-şərt təsbit edilməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin artıq qanuni qüvvəsini almış qərardadı mövcuddur. Bu da öz növbəsində onun hazırki iddiası üzrə mülki işin icraatına xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar