Məhkəmə qərarları › İş №e-2(001)-199/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-199/2024

28.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-199/2024 28.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin təmir-bərpa işlərinə çəkilmiş 35.000 manat pul vəsaitinin tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 199/2024 saylı qərardadı ilə İddiaçı2 iddiadan imtinasının qəbul edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədov X6 rayonu, 6cı mkr, İ.Həşimov küçəsi, ev 6A ünvanında yerləşən 72 saylı mənzildən biz iddiaçların çıxarılması tələbinə dair Binəqədi Rayon Məhkəməsinə iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, onlar və ailə üzvləri 1992-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar olaraq doğma yurdlarından məcburi köçkün düşmüşlər. Müvəqqəti məskunlaşmaq üçün Bakı şəhərinə gəlmişlər. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildə müvəqqəti məskunlaşmışlar. Məhkəmənin nəzərinə onu da çatdırmağı vacib hesab edirlər ki, 1991-ci ilin aprel ayında qeyd edilən binada qaz partlayışı baş vermiş və binanın həmin bloku yaşayış üçün yararsız vəziyyətə düşmüş, iki nəfər bina sakini isə partlayış nəticəsində ölmüşdür. Bu partlayışdan sonra orada yaşayan sakinlər köçürülərək dövlət tərəfindən başqa evlə təmin edilmişlər. Onlar həmin mənzilə yerləşən zaman mənzil tamamilə yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Bundan sonra öz vəsaitləri hesabına bu günədək təxminən 35.000 (otuz beş min) manat vəsait xərcləyərək həmin mənzili təmir edərək, yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Onu da qeyd edirlər ki, Binəqədi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 85 №li arayışdan da göründüyü kimi 1992-ci ilin dekabrından hal-hazıradək qeyd olunan mənzildə müvəqqəti qeydiyyatda olaraq fasiləsiz yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2068/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iş hazırki üzrə cavabdehin onlara qarşı olan iddiası təmi edilmişdir. Hesab edirlər ki, Cavabdeh onların mənzildən çıxarılmalarını tələb etdiyi üçün, mənzilin təmir-bərpa işlərinə tərəflərindən çəkilmiş vəsaiti tam olaraq onlara ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert təmir xərcini hesablayan zaman qiymətləri 1992-ci il üçün ortalama hesbalayıb. Halbuki cavabdeh tərəf mənzildən çıxarılma ilə bağlı qətnamədən sonra artıq mənzil hesabına hazırki vaxtda əsassız olaraq varlanacaqdır. Odur ki, qiymətlər faktiki dövrün qiymətləri əsasında müəyyən edilməli idi. Digər tərəfdən iddiaçı mənzili zəbt etməmişdir. Həmin dövrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən binaların boş mənzillərində yerləşdirilmişlər. Odur ki, iddiaçının Laçın rayonundan qaçqın düşdükdən sonra hansısa binada boş mənzildən məlumatlı olması və oranı zəbt etmiş olması fikri düzgün deyil. Ümumiyyətlə iddiaçıların həmin binaya gələnə kimi oradan nə qohum, nə də ki tanışları olmuşdur. Hazırda mənzildə iddiaçı anası ilə birlikdə qalır. İddiaçı artıq 30 ildir ki, əmlaka sahiblik edir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçılar 1992-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar doğma yurdlarından məcburi köçkün düşüblər və müvəqqəti məskunlaşmaq üçün Bakı şəhərinə gəliblər. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ünvan 2 ünvanında yerləşən 72 saylı mənzildə müvəqqəti məskunlaşmışlar. Onu da qeyd etmək istəyir ki, 1991-ci ildə qeyd edilən binada qaz partlayışı baş vermiş və binanın həmin bloku yaşayış üçün yararsız vəziyyətə düşmüşdür. Hətta partlayış nəticəsində binanın iki sakini də vəfat etmişdir. Bu partlayışdan sonra orada yaşayan sakinlər köçürülərək dövlət tərəfindən başqa evlə təmin olunmuşlar, məlum səbəblərlə əlaqədar həmin bina dövlət tərəfindən məcburi köçkünlərə verilmişdir. İddiaçılar həmin mənzilə yerləşən zaman mənzil tamamilə yarasız vəziyyətdə olmuşdur. İddiaçılar öz vəsaitləri hesabına bugünədək təxminən 35000 manat məbləğində xərc çəkərək həmin mənzili təmir etmişlər. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, cavabdeh 30 il müddətində bir dəfə də olsun iddiaçıların mənzildən çıxarılmasını tələb etməyib, mənzilə belə gəlməmişdir. Mənzili sonuncu dəfə 2017-2018-ci illərdə təmir ediblər. Bina dövlətin balansındadır. İddiaçılar bir müddət mənzildə qəzalı vəziyyətdə yaşayıblar. 1995-ci ildə isə mənzili qismən təmir ediblər. İddiaçılar mənzilin sahibinin olmamasını düşünərək mənzili tam olaraq təmir etmişlər. Çünki 2022-ci ilədək mənzilə qarşı heç kim tərəfindən tələb olmamışdır. Hazırda mənzil son dövrün tələbatlarına cavab verən səviyyədə təmir olunub. Əlavə olaraq bildirmək istəyir ki, video görüntüdə binanın bayırdan görüntüsü də var. Bu da mənzilin sözügedən mənzil olmasını bir daha təsdiq edir. İddiaçılar 1992-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yerləşdiriliblər. Mənzildən çıxarılmaları barədə qətnamə çıxandan sonra iddiaçılar mənzili təmir etməyiblər. Məhkəməyə təqdim olunmuş videogörüntüdə binanın İ və İİ mərtəbəsində olan mənzillərdir. Həmin vaxt iddiaçıların video çəkiliş aparılması üçün imkanları olmamışdır. Belə ki, həmin görüntülər binanın yararsız vəziyyətdə olmasının aidiyyəti qurumlara sübut kimi təqdim olunması üçün çəkilmişdir. Görüntülərdə olan şəxslər iddiaçılar və iddiaçıların qohum, əqrabalarıdır. Məcburi köçkün kimi hamısı bir binaya köçürülmüşlər. Çoxmənzilli yaşayış binasının bir blokunda partlayış olduğundan həmin blokda yaşayış olmayıb, digər bloklarda isə yaşayış olub. Həmin mənzillərin orderli sahibləri blokda yaşamayıblar. Mənzillərdə məcburi köçkünlər məskunlaşıb. Bundan başqa iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Çünki mənzilə çəkilən xərcin müəyyən edilməsi zərurəti vardır. İddiaçılar cavabdeh tərəfindən onlara qarşı iddia qaldırılana qədər mənzilin mülkiyyətçisinin olmasından məlumatsız olmuşlar. Qaldıqları müddət ərzində evin mülkiyyətçinin olması barədə onlara xəbərdarlıq edilməyib, cavabdeh tərəfindən ümumiyyətlə mənzil axtarılmamış, maraqlanılmamışdır. Odur ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Çünki iddiaçılara qarşı məhkəmə qətnaməsi 2022-ci ilin iyul ayına aiddir. xx.xx.2024-cü il tarixli ekspert rəyində hazırda mübahisələndirilən, ümumi sahəsi 57.8 kv.m olan mənzilin təmir bərpa olunması üçün çəkilmiş xərc 4309.0 manat göstərilmişdir. Hesab edirik ki, qeyd edilən ekspert rəyi həqiqəti əks etdirmir, həmçinin ekspet rəyində hesablaşmalar düzgün aparılmamışdır. İlk növbədə qeyd edir ki, ekspert mənzilin təmiri zamanı istifadə olunmuş divar kağızının bir rulonunun qiymətini 20 manat kimi göstərərək 27 rulon divar kağızının istifadə olunduğunu qeyd edir və qiymətini 54.0 manat kimi göstərir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki,sözügedən mənzil ümumiyyətlə boş mənzil olmamışdır. Həmin mənzildə yaşayış olmuş və partlayışdan sonra bəzi mənzillərin sakinləri binadan təxliyə edilmişlər. Həmin ərəfədə də, bu məskunlaşma baş vermişdir. Hansısa qurum tərəfindən bu yerləşdirilmə işləri həmin dövrdə aparılmırdı. Digər tərəfdən ekspertə verdiyi suallarla dəqiqləşdirmişdir ki, ekspertin müəyyən etdiyi qiymət təmirin sıfırdan aparılması üçün çəkilmiş xərcin təqribi dəyəridir. Halbuki, mənzil sıfırdan təmir edilməmişdir. Sadəcə cuzi bərpa işləri aparılmışdır. Həmçinin mənzlin ümumi sahəsi 57 kv.m olsa da, təmir edilmiş hissə 44 kv.m kimi göstərilib. Nəzərə alınmalıdır ki, evin tam həcminə münasibətdə təmir edilən ərazi çox qeyd olunub. Məhkəmə iclasında tədqiq olunan videogörüntüdən görünür ki, yanan evlə iddiaçıların məskunlaşdığı ev tamam ayrıdır. X10 iddiadan imtina etsə də, mənzildən çıxarılma barədə məhkəmə mübahisəsi zamanı həmin mənzili özünün təmir etdiyini bildirir, lakin hazırda pulu tələb edən onun bacısıdır.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh 2022-ci ildə iddiaçıların və onların ailə üzvlərinin həmin mənzildən çıxarılmaları ilə bağlı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehin iddiası təmin edilmişdir. Hazırki iş üzrə iddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin mənzilin orderi mübahisələndirildiyindən Bakı Apellyasiya Məhkəməsindəki iş dayandırılıb. Bundan başqa ünvan 2 ünvanında yerləşən 72 saylı mənzildə partlayış olmayıb, partlayış aşağı mərtəbədə yerləşən mənzildə baş vermişdir və partlayış nəticəsində cavabdehə məxsus mənzilə heç bir zərər dəyməmişdir. İddiaçılar cavabdehə məxsus evdə məskunlaşdıqdan sonra cavabdeh ailə üzvləri ilə birlikdə hətta çadırda belə yaşayıblar. Cavabdeh iddiaçılar tərəfindən mənzili zəbt olunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə şikayət edib. Bundan başqa iddiaçılar mənzildə uzun müddətdir ki, yaşayırlar və yaşadıqları müddətdə mənzili cavabdehin xəbəri olmadan təmir ediblər. Binada baş vermiş partlayışdan sonra cavabdehə başqa yerdə mənzil verilməyib. Məhkəməyə təqdim edilən görüntünün 0,18; 01,01; 02,10 saniyələrində görünür ki, mənzil İİ mərtəbədə yerləşir. Lakin hazırki mübahisə predmetini təşkil edən mənzil İV mərtəbədə yerləşir. Yəni məhkəməyə mübahisə ilə əlaqəsi olmayan mənzilə dair görüntü təqdim edilmişdir. İddiaçılar bildirir ki, onlara qarşı iddia qaldırılana qədər mənzilin mülkiyyətçisinin olub-olmamasından məlumatsız olmuşlar. Halbuki, Konstitusiyada belə qeyd olunub ki, mülkiyyət ya dövlətin, ya bələdiyyənin, ya da özəl olur. Bu üç haldan hər hansı birinə münasibətdə belə, iddiaçılar bilməliydilər ki, mənzil onların deyil. Həmin mənzilə köçürüldüklərində belə, bundan məlumatlı olmuşlar. Onların həmin binaya köçürülmələrinə dair sənəd, arayış, sosial kirayə müqaviləsi, icarə müqaviləsi, order mövcud deyil. Ümumiyyətlə mənzilə qeydiyyata düşmək üçün belə cəhd edilməmişdir. Çünki onların faktiki olaraq həmin evə qeydiyyatları belə yoxdur. Təmirlə bağlı hissədə ümumiyyətlə iddianı qəbul etmirlər. Təmir hissəsində mövqeləri iddiaçıların ehtimal etdikləri və qaldırdıqları iddia ilə bağlı formalaşır. İddiaçı keçən məhkəmə proseslərində öz iddiasının hüquqi əsasının əsassız varlanmadan irəli gəldiyini dəfələrlə vurğulamışdır. Hətta iddiaçı bunu ayrıca vurğulamasa da, onun iddiasının mahiyyətindən bu aydın olur. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qanunvericiliyə əsasən iddiaçının belə bir iddia qaldırması üçün 2 illik kəsici müddət müəyyən edilmişdir və iddiaçı həmin müddəti çoxdan ötürmüşdür.İddiaçı əsassız varlanma halını o halda iddia edə bilər ki, mənzil özününki olardı. Cavabdeh faktiki olaraq mülkiyyətindən məhrum olub. Hazırda onun iddiaçıları mənzildən qəti olaraq çıxarmaq niyyəti olmamışdır. Lakin bu barədə gələcəkdə köçürülmə zamanı yarana biləcək problemlərin həlli üçün qətnamənin çıxarılmasında maraqlı olmuşdur. Hazırda isə iddiaçılar belə bir iddia qaldırmaları insaflı hərəkət deyil. İddiaçı tərəfin vəsatətinə münasibətdə isə qeyd edir ki, ekspertizanın keçirilməsinə heç bir əsas yoxdur. Ümumiyyətlə mənzilin əvvəlki vəziyəti barədə sübut yoxdur. Belə olan halda təmir xərcinin müəyyən edilməsi, mənzillərin müqayisəsi mümkün deyil.

8. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı iddiaya münasibətində göstərir: iş üzrə iddiaçı keçən məhkəmə proseslərində öz iddiasının hüquqi əsasının əsassız varlanmadan irəli gəldiyini dəfələrlə vurğulamışdır. Hətta iddiaçı bunu ayrıca vurğulamasa da belə onun iddiasının mahiyyətindən bu aydın olur. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qanunvericiliyə əsasən iddiaçının belə bir iddia qaldırması üçün 2 illik kəsici müddət müəyyən edilmişdir və iddiaçı həmin müddəti çoxdan ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Həmin maddədən də göründüyü kimi, iddiaçı belə bir iddianı hüququnun ona məlum olduğu vaxtdan ən geci 2 il ərzində ərzində qaldıra bilərdi, bu müddətin keçməsi onun həmin hüququnu itirməsinə səbəb olur. İddiaçı isə özünün də bildirdiyi kimi, məcburi köçkünlükdən sonra cavabdehə aid olan mənzilə heç bir hüquqi əsas olmadan köçmüşdür. Belə ki, iddiaçını sözügedən mənzildə heç bir hüquqi qeydə alınmamış, onun (həmçinin ailə üzvlərinin) bu mənzilə dair çıxarışları, orderləri və ya müvəqqəti yaşamaları, yaxud istifadələrində, icasrələrində olmaları ilə bağlı heç bir sənən olmamış, hətta iddiaçı və ailə üzvləri həmin mənzildə heç pasport qeydiyyatında da olmamışlar. Belə olan halda iddiaçı sözsüz ki, sözügedən mənzilin onlara aid olmadığını bilirdi və bilməli idi. Hər bir halda iddiaçı həmin mənzilin başqasının mülkiyyətində olduğunu bilirdi (və ya bilməli idi). Çünki AR Konstitusiyasında da müəyyən edildiyi kimi, əmlak, indiki halda sözügedən mənzil ya dövlətin, ya bələdiyyənin, ya da hansısa şəxsin mülkiyyətində olmalıdır. Odur ki, yuxarıda qeyd etdiklərini diqqətə çatdıraraq bildirir ki, cavabdehə qarşı olan iddia tələbi tamamilə əsassızdır, hətta iddiaçı tərəf öz mülahizəsinə görə iddianın hansısa hallara görə əsaslı olması ehtimalını ağlından keçirdirsə də belə, MM-in yuxarıda qeyd etdiyim 1095-ci maddəsi ilə o bu hüququnu itirmiş sayılmalıdır. Bu səbəbdən də məhkəmədən xahişimiz iddianın rədd edilməsidir.

9. Məhkəmə iclasında iştirak edən ekspert X8 verilən suallara cavab olaraq bildirmişdir ki, rəy verilməsi üçün sözügdən mənzildə olmuşdur. Mənzil 3 otaqdan ibarətdir. Vizual olaraq görünmüşdür ki, mənzilin bir otağı və başqa bir hissəsi təmir edilmiş, qalan hissə təmirsizdir. Məsələn bir otağın döşəməsi dəyişdirilmiş və taxta vurulmuş, digəri linonium olaraq qalmış, hansı ki alt hissəsi betondur. Təqdim edən qiymət 1992-1993, 1995-1998-ci illlər üçün ekspertiza idarəsinin özünün ümumi baza məlumatlarına istinad edilməklə çıxarılan təqribi qiymətdir. Həmin qiymət isə təmir materiallarının qiymətinin ortalama dəyəri nəzərə alınmaqla, hesablanıb. Çıxardığı qiymət mənzilin sıfırdan təmiri üçün tələb edilən məbləğdir. Misal evin qapıları taxtadandır və əl işidir. Sırf əl işi olduğundan dəyəri yüksəkdir. Bu həm əvvəldə həm də ki, indiki dövrdə əl işinin mdfdən fərqli olmasından qaynaqlanır. Çünki əl işi öz dəyərini illər keçsə də, saxlayır. Bundan başqa ekspert rəyində divar kağızının dəyəri texniki yanlışlıqla, 540 manat əvəzinə 54 manat göstərilmişdir. Odur ki, bu səhvin yekun məbləğə də təsir edəcəyindən, hesablama zamanı nəzərə alınmasını xahiş edir.

10. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. “Azemis” Elektron Məhkəmə Sistemindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2068/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı2, X2, X3, İddiaçı1, X7 və X5 iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6 A saylı evin 72 saylı mənzilindən çıxarılmaları və mənzilin Cavabdeh istifadə və sahibliyə qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2702/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Hazırda isə İddiaçı1 sözü gedən mənzili zəbt etmədiyini, icra hakimiyyətinin göstərişi ilə yerləşdirildiyini, yerləşdirildiyi mənzilin qəzalı olması ucbatından orda müəyyən aralıqlarla 35000 manat dəyərində təmir işlərinin aparıldığını iddia edir. Keçirilmiş ekspertiza tədqiqatının nəticə ilə razılaşmayaraq, hesab edir ki, təmirə çəkilən xərclər 1992-ci ildən bu yana köhnəlmə dərəcəsi nəzərə alınmadan, hazırki dövr qiymətlərinə uyğun hesablanmalı idi.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2437 №-li rəyi ilə mənzildə həqiqətən təmir tikinti işlərinin aparıldığı müəyyən edilsə də, rəyin nəticə hissəsində göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı evin 98 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq, 4795 manat məbləğində olduğu müəyyən edilmişdir. Hansı ki, hesablamada mexaniki olaraq 486 manat fərqlə səhv göstərilərək 4309 manat müəyyən edilmişdir.

14. Cavabdeh tərəf isə ümumiyyətlə iddia müddətinin ötürüldüyünü, mənzilin əslində iddiaçı tərəfindən təmir edilmədiyini və buna görə həmçinin subyektiv hüququnun da olmadığın bildirməklə, iddia tələbini əsassız hesab edərək, qəbul etmir.

15. İşin mübahisələndirilməyən halı mənzilin cavabdehə məxsus olması, partlayış nəticəsində yararsız hala düşməsi, faktiki olaraq evdə iddiaçının və onun anasının yaşamaları və evdə təmir-tikinti işlərinin aparılmış olmasıdır. Evdə təmirin aparılmış olmasını məhkəmə iclasında iştirak edən ekspert həm öz rəyi ilə, həm də öz izahatı və göstərdiyi şəkillər ilə təsdiq etmişdir.

16. İşin mübahisələndirilən halı çəkilən xərcin dəyəri, iddia müddətinin ötürülübötürülməməsi və iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

18. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə istinad etməklə, vicdanlı sahib kimi, əmlaka sahiblik etdiyi dövrdə mənzildən ayrıla bilməyən yaxşılaşdırma üçün cəkdiyi xərcin əvəzinin ödənilməsini tələb edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

25. Müəyyən edildi ki, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6 A saylı evin 72 saylı mənzildə 1992-ci ildən məskunlaşmaqla, əmlaka faktiki olaraq sahiblik etmişdir. Mənzilin 1991-ci ildə baş vermiş partlayış nəticəsində yararsız hala düşmüş olmasını tərəflər mübahisələndirmir. Daha sonra iddiaçı tərəfindən mənzilin müəyyən bir hissəsi yaşayış üçün təmir edilmişdir. Hazırda İddiaçı1 mənzilin cavabdehə təhvil veriləcəyi üçün əslində sonuncunun əsassız olaraq varlanacağını bildirir və mənzili yaxşılaşdırmaq üçün çəkdiyi xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş edir.

26. Lakin iddiaçı təmirə sərf edilən vəsait məbləği ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Mübahisənin obyektiv həlli üçün məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyinə mötəbər sübut kimi yanaşır. Tədqiq olunan ekspert rəyində tikinti-təmir və quraşdırma işlərinin dəyərini üçün tərtib edilmiş smeta cədvəlində görülmüş işlərin təqribi dəyəri 4309 manat kimi hesablanmışdır. Lakin sözügedən smeta cədvəlində divar kağının rulonunun qiymətinin səhv hesablandığı və əslində (27 ədəd x 20 manat) 540 manat əvəzinə 54 manat göstərildiyi aşkar edilmişdir. Odur ki, hesablama zamanı yol verilmiş texniki yanlışlıq aradan qaldırılmalqa, təmirə sərf edilən vəsait məbləği 4795 manat hesablanmalıdır.

27. Cavabdeh tərəfin etirazına münasibətdə məhkəmənin mövqeyi:

28. Cavabdehin nümayəndəsi təmirin sırf iddiaçı tərəfindən aparılmadığını iddia edirsə, bu hissədə sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşdüyündən, bununla bağlı məhkəməyə sübut təqdim etməli idi. Lakin həmin etiraza münasibətdə mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.

29. Digər tərəfdən iddia müddətinin ötürülmüş hesab edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin nəzərə alınmalıdır ki, iddaçı öz hüququnun ona məlum olduğu, yəni mənzildən çıxarılma ilə bağlı qətnamənin qəbul edildiyi vaxtdan iddia müddətini ötürməmişdir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

34. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4795 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, dövlət rüsumunun əvəzi qismində 67,95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir.

38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 4795(dörd min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi dövlət rüsumunun əvəzi qismində 67,95 (altmış yeddi manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar