Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-202/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi, cavabdeh tərəfin xx.xx.2022-ci il tarixdən iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməsi nəticəsində əsassız varlanmaya görə həmin tarixdən qətnamə icra olunan tarixinədək hesablanmaqla cavabdehlərdən müştərək qaydada hər ay üçün 400 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, ev 2 mənzil 45 İddiaçı mülkiyyətindədir və sözügedən əmlaka dair mülkiyyət hüquqları xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bununla bağlı Çıxarış verilmişdir. Cavabdehlər Şuşa şəhərindən məcburi köçkün olaraq iddiaçıya məxsus mənzildə yaşayırlar və dəfələrlə şifahi xəbərdarlıq edilmələrinə baxmayaraq mənzili könüllü şəkildə boşaltmaqdan və təhvil verməkdən imtina edirlər. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan mənzilin məcburi şəkildə boşaldılması zərurəti yaranmışdır. Şuşa rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehlər ünvan 1 ünvanda daimi qeydiyyatdadırlar, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq bütün Şuşa şəhər qeydiyyatında olan vətəndaşlar, həmçinin hazırki iş üzrə cavabdehlər mərhələli şəkildə öz evlərinə qayıdacaqlar. Azərbaycan RespublikasıQaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şuşa şəhərindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh2 Sadıq qızı, X3 və Cavabdeh3 məcburi kömkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar. Cavabdeh2 Sadıq qızının mülkiyyətində mənzil olduğu aşkarlanmışdır. Bütün məcburi köçkünlər, o cümlədən Cavabdeh4 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək işğaldan azad olunmuş doğma yurduna köçürüləcəklər. Böyük Qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin köçürülməsi cari il üçün nəzərdə tutulmuşdur. 107 saylı Mənzil Kommunal İstimar Sahəsinin xx.xx.2023-cü il tarixli 14 saylı arayışından görünür ki, sözügedən mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunub və yaşayırlar, mənzil İddiaçı mülkiyyətindədir. Bundan başqa, hesab edirik ki, mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hazırki tarixədək olan dövr üzrə hüquqi əsas olmadan, qanunsuz iddiaçının mənzilində məskunlaşdıqlarına görə cavabdehlərdən iddiaçının xeyrinə pul tutulmalıdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli QCM/011/23 saylı məktubundan görünür ki, mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzillərin hazırki tarixə orta aylıq kirayə dəyəri 350- 400 manat təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, mənzil iddiaçının əmisinin olmuş və əvvəlki mülkiyyətçi qardaşının vəfatından sonra mənzili qardaşı oğluna bağışlamışdır. Cavabdeh2 adına qeydiyyata alınmış əmlak vardır və onun həmin əmlakın formal olaraq mülkiyyətində olduğu barədə dəlilləri inandırıcı deyildir. Cavabdehlərə şifahi qaydada evdən çıxarılmaları bildirilsə də, bununla bağlı hər hansı sübutları yoxdur, lakin cavabdehlərin ən azından məhkəmədə məlumatları olmuşdur. Yəni iddia tələbində çıxarış alınması tarixindən qeyd etsə də, faktiki olaraq məhkəmədən sonra məlumatları olmuşdur. Cavabdeh5 münasibətdə isə hesab edir ki, 2022-ci aprelində MKİS sahəsindən verilən məlumata əsasən o da məcburi köçkün kimi məskunlaşmışdır, onun daimi olaraq başqa yerə qeydiyyata alınmış olması iddanın ona münasibətdə təmin edilmədiyi halda hüquqdan sui-istifadəyə şərait yaradacaqdır.
4. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında bildirmişdir ki, 1992-ci ildən həmin mənzildə məskunlaşaraq ailə üzvləri ilə birlikdə yaşayırlar. Onlara da məlumdur ki, mənzilin mülkiyyətçisi başqa şəxsdir. Həmin şəxs iddiaçının əmisi Çingizin olmuşdur. Onun bizə qarşı iddiası 2013-cü ildə olmuş və təmin edilmişdir. Lakin icra mərhələsində Çingizlə Şuşa şəhərinə köçürüləcək günə qədər orada yaşamaları barədə razılıq əldə edilmişdir. Fəridin mənzilin mülkiyyətçisi olduğunu bilməmişlər və bu barədə onlara əvvəldən məlumat verilməmişdir. Həmin mənzildə o, əri Cavabdeh4, oğlu, Cavabdeh3 və gəlini Cavabdeh1 yaşayır. Qızı Əhmədova ailə həyatı qurub və öz ailəsi ilə birlikdə Bakı şəhəri, Məhəmmədi kəndində yaşayır. Onun adına olan ev formal olaraq qeydiyyata alınmışdır, evin həqiqi sahibi başqa şəxsdir. Növbəti məhkəmə iclasında adına olan evlə bağlı bildirdi ki, həmin ev 27 kv.m-dir, həmin mənzildə qızı yaşayır. Bundan əlavə bildirdi ki, əvvəla mənzilin kirayə haqqı heç 150 manat təşkil edə bilməz. Belə ki, 9 mərtəbəli binanın lifti işləmir. Ümumiyyətlə iddiaçıya hər hansı məbləğ ödəmək fikri yoxdur və nə vaxt Şuşa şəhərində onları evlə təmin edəcəklər, həmin vaxt da evdən çıxacaqlar. Eyni zamanda o pensiyaçı olmaqla xərçəng xəstəliyindən əziyyət çəkir.
5. Lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasənda müəyyən edilən işin faktiki halları:
6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 107 saylı MKİS-nin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 45 ünvanında 1992-ci il tarixdən Şuşa şəhərindən məcburi köçkün ailəsi tərəfindən zəbt olunub və hazırda mənzildə Cavabdeh4, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh1, X2 yaşayır.
7. Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının 30 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh4, Əhmədzadə Ziba, Cavabdeh3 ünvan 3 ünvanında, Lelya Asif qızı isə ünvan 4mi olaraq qeydiyyatdadırlar. Eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq bütün Şuşa şəhər qeydiyyatında olan vətəndaşlar mərhələli şəkildə öz evlərinə qayıdacaxlar, ancaq qeyd edilən şəxslərin hansı zaman aralığında qayıdacaqları barədə rəsmi məlumat yoxdur.
8. Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Şuşa rayonundan məcbur köçkünlər Asif, Ziba, Leyla, Elvin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Cavabdeh2 Sadıq qızının mülkiyyətində mənzil olduğu aşkar edilmişdir. Ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən Şuşa rayonundan məcburi köçkün Cavabdeh4 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək işğaldan azad olmuş öz doğma yurduna köçürüləcəkdir. Halhazırda bununla bağlı işlər aparılmaqdadır və Böyük qayıdışla bağlı Şuşa şəhərindən olan məcburi köçkün ailələrinin köçürülməsi isə cari il üçün nəzərdə tutulmuşdur.
9. 30.06.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X4 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 49.64 kv/m olan 2 otaqlı mənzili qardaşı oğlu İddiaçı bağışlamışdır.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
11. Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə ünvanında yerləşən 2 otaqlı mənzillərin hazırki tarixə orta aylıq kirayə dəyəri 350-400 manat təşkil edir.
12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən və ümumi sahəsi 52.95 kv.m olan 2 saylı evin 45 saylı mənzilin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə kirayə haqqı 350 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6818 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən və ümumi sahəsi 52.95 kv.m olan 2 saylı evin 45 saylı mənzilin icarə haqqının orta bazar qiyməti 250 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır.
14. Elektron informasiya sistemindən sorğulanmış məlumatlardan görünür ki, Cavabdeh2 müıliyyətində Abşeron rayonu, Masazır kəndində 0.03 ha torpaq sahəsi və ünvan 7 ünvanda 2 otaqlı mənzil vardır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.
19. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
26. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi əsaslandırması:
27. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Belə ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 hal-hazırda iddiaçıya məxsus mənzildə yaşayır, faktiki olaraq sahiblik edirlər. Digər Cavabdeh5 əvvəllər məcburi köçkün olaraq sözügedən mənzildə ailə üzvləri ilə birlikdə yaşasa da, hal-hazırda daimi olaraq başqa ünvanda qeydiyyatda olmaqla yaşayır. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, baxmayaraq ki, cavabdeh bunu formal qeydiyyat kimi əsaslandırır, lakin cavabdehlərdən Cavabdeh2 mülkiyyətində torpaq sahəsi və mənzil vardır.
28. Məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə cavabdehlərin sahibliyi qanunsuzdur və onlar mənzildən çıxarılmaqla iddiaçı həmin mənzilə köçürülməlidir.
29. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
31. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında da mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir.
33. İşin müəyyən edilmiş hallarını sadalanan normaların və mövqelərin tətbiqi baxımından qiymətləndirdikdə məhkəmə o qənaətə gəlir ki, mənzildə yaşayan cavabdehlərin sahibliyi qanunsuzdur və mülkiyyət hüququnun müdafiəsi baxımından iddiaçının tələbi həmin hissədə əsaslıdır.
34. Məhkəmə iddia tələbinin digər hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehlərdən xx.xx.2022-ci il tarixdən qətnamə icra olunan tarixədək zərər tələb etsə də, cavabdehlər iddiaçıya münasibətdə onların sahibliyinin qanunsuz olduğunu məhkəmə icraatı zamanı bilmişlər. Bu faktı iddiaçının nümayəndəsi də məhkəmə iclasında təsdiq edərək, cavabdehlərin yeni mülkiyyətçi barədə məhkəmə icraatı zamanı məlumat əldə etdiklərini qəbul etmişdir. Eyni zamanda iddiaçı tərəf həmin məsələ ilə bağlı əks arqument gətirməyərək hər hansı sübut təqdim etməmişdir. Hansı ki, əvvəlki mülkiyyətçi ilə cavabdehlər arasında buna qədər razılıq olmuş və bu səbəbdən də onların sahibliyi qanunsuz hesab edilə bilməzdi. Cavabdehlərə isə məhkəmə iclası barədə bildiriş xx.xx.2023-cü ildə rəsmi qaydada təqdim edilmişdir.(bax iş materialları 33 vərəq). Odur ki, mənzildə yaşayan cavabdehlər həmin vaxtdan əmlaka sahibliyin qanunsuz olduğunu bilmişlər. Məhz bu səbəbdən də məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən mənzildən çıxanadək, yəni qətnamə mənzildən çıxma hissəsində icra edilənədək iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidirlər. Zərər dedikdə isə hüququ pozulmuş şəxsin əmlakından məhrum olması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir kimi qiymətləndirilməlidir.
35. Zərərin əvəzi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarında mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi barədə 2 mütəxəssis rəyi və 1 ekspert rəyi vardır. Məhkəmə ekspert rəyini müstəqil qiymətləndiricilərin hesabatından daha mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, vurulmuş zərərin həcmi hər ay üçün 250 manat məbləğində müəyyən edilməlidir. Nəticə:
36. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı həmin mənzilə köçürülməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 xx.xx.2023-cü ildən qətnamənin mənzildən çıxarılması hissəsi icra olunduğu tarixədək hər ay 250 manat məbləğində vəsait müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə xərclərini həll edərək hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərcinin əvəzi qismində isə 60 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035-ci məhəllədə yerləşən 2 saylı evin 45 saylı mənzilindən çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin, İddiaçı həmin mənzilə köçürülsün. xx.xx.2023-cü ildən qətnamənin mənzildən çıxarılma hissəsi icra olunduğu tarixədək hər ay 250(iki yüz əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100(yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinin əvəzi qismində isə 60(altmış) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev