Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2040/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayədəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin də üçüncü şəxs qismində cəlb olunduğu “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi ona, yəni İddiaçı məxsusdur. Lakin, Cavabdeh tərəfindən həmin yaşayış sahəsinin yerləşdiyi yaşayış binası əsassız və qanunsuz olaraq sökülmüşdür. Mülkiyyətçi kimi o, qeyd olunan yaşayış binasının sökülməsi və onun yerində tikinti işlərinin aparılması üçün əsas olmuş bütün sənədlərin ona təqdim edilməsi, habelə mülkiyyətçiyə vurulmuş zərərin əvəzi kimi qeyd olunan ünvanda, ona eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsinin verilməsinə dair ərizə ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərizəyə heç bir cavab verilməmişdir. O, hesab edir ki, onun mülkiyyət hüquqları Cavabdeh tərəfindən pozulmuş və cavabdeh tərəfindən sökülmüş yaşayış sahəsinin əvəzinə ona ünvan 1 ünvanda eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsi verilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, yəni İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh tərəfindən sökülmüş, iddiaçıya məxsus yaşayış sahəsinin yerləşdiyi ünvanda onun eyni ölçülərdə və eyni şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayədəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, MMC tərəfindən hər hansı qanunsuz söküntü işlərinin aparılmadığını əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Hakimiyyəti tərəfindən verilmiş 109 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.32 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilməsi barədə sərəncam verilmişdir. Həmin sərəncamla sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-cı maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş idarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin, Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. İş materiallarında olan ünvan 3 ünvanında 5 mərtəbəli yataqxana binasının texniki vəziyyəti haqqında 17 avqust 2018-ci il tarixli aktdan görünür ki, yataqxana binasına vizual baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 1967-cı ildə inşa edilmiş 5 mərtəbəli, texniki zirzəmili yataqxana binasının planda ölçüləri 60x12.4 m inşa olunmuşdur. Zirzəmi hündürlüyü 2.2 m, mərtəbə hündürlükləri 3.0 m-dir. Binada məcburi köçkünlər məskunlaşmışdır. Yataqxana binasının bünövrəsi yığma beton bloklardan, divarları mişarlanmış əhəng daşlarından, örtükləri boşluqlu yığma dəmir-beton tavanlardan inşa olunmuşdur. Dam örtüyü “yastı” olmaqla bitum və riberoidlə izolyasiya olunmuşdur. Baxış zamanı binanın divarlarında suvaq qopmaları və mişarlanmış əhəng daşlarının aşınması müşahidə olunur. Binanın daxilində divarların birləşmə yerlərində, qapı və pəncərə boşluqları üzərində çatlar mövcuddur. Boşluqlu yığma dəmir-beton örtük tavanlarının tikişlərində çatlar müşahidə olunur. Daxili divarlarda suvaq çatları və qopmaları mövcuddur. Sanitar qovşaqların və mətbəxin divarlarında nəmlənmə və kafelin qopub tökülməsi müşahidə olunur. Taxta döşəmələr bəzi yerlərdə çürüyərək yararsız hala düşmüşdür. Taxta qapı və pəncərələrin əksəriyyəti yararsız haldadır. Binada kommunikasiya xətləri yararsız vəziyyətdədir. Yataqxana binasında sanitar qovşaq, yuyunma otağı və mətbəx olan hissələrdə boşluqlu yığma dəmir beton örtük tavanlarında betonun mühafizə qatı çirkab suların təsirindən aşınmaya məruz qalmış, nəticədə işçi armaturlar korroziyaya uğramışdır. Yığma dəmir beton örtük tavanları hər an dağıla bilər. Yataqxana binasının texniki vəziyyəti qəzalıdır və aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir. 1. Binanın istismarı dayandırılmalı, sakinlər köçürülməli; 2. Kommunikasiya xətləri kəsilməli (elektrik, su, qaz və s); 3.Binanın ətrafı çəpərlənməli; 4. Binaya giriş-çıxış məhdudlaşdırılmalıdır.; Binadakı fəsadların təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X5, X2 və X6 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı inzibati mübahisəyə dair iş üzrə iddia qismən təmin edilmiş, iddiaçılar X7, X4 və X8 ünvan 5 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-943/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X9 Cavabdehnə (MMC) qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2361/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 5-10/2-1204/2025 saylı 27 may 2025-ci il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, sökülmüş ünvan 7 ünvanındakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırması nəticəsində qəzalı elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin rəhbəri Vüsal Quliyevə ünvanlanmış 02/09-11-32/670 saylı 02 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 9 ünvandakı 3 saylı yataqxanada “42 saylı Tİ”-də işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə 1993-1994-cü illər ərzində yaşamaları üçün Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam əsasında orderlər verilmişdir. ünvan 9 ünvandakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci il tarixdə Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatmasını və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində Cavabdeh MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Buna baxmayaraq, S.Bəhlulzadə küçəsi, 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailədən bir qismi onlara kompensasiya ödənilməsi barədə iddia tələbi ilə Məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112}-5850/2022 saylı xx.xx.2022-ci il tarixil Qərarına əsasən iddia qaldırmış şəxslərin orderlərində qeyd olunan ölçülərə əsasən hər bir kvadrat metrə 460.0 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən ünvan 9 ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş ailəyə "Ümid-VQM” MMC tərəfindən kompensasiya verilməsi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4134/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 Cavabdeh MMC-yə qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-943/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X10 və qeyrilərinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (Cavabdeh MTK 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla) “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar X10 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" VQM MMC) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçılar X12 və qeyrilərinə 23000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı 19 noyabr 2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X5 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" VQM MMC) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçılar X7 və qeyrilərinə ünvan 10 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlərAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İV hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mülki iş üzrə iddiaçı onun istifadəsində olan mənzilin cavabdehin törətdiyi mülki-hüquq pozuntusu (delikt) nəticəsində sökülməsi nəticəsində ona maddi zərər vurduğunu iddia edir və cavabdeh tərəfindən ona yeni yaşayış sahəsi verilməklə, dəymiş zərərin kompensasiya olunmasını tələb edir. Qeyd olunan tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir (§ 24-25). Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: əmlaka zərərin vurulması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İddiaçı yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, ünvan 9 ünvandakı 3 saylı yataqxana binası xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci il tarixdə Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. Yataqxananın istismar müddətinin başa çatması və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirməsi nəzərə alınaraq, mövcud tikilinin yerində Cavabdeh MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması mülki iş materialları ilə müəyyən edilməmişdir. Bununla yanaşı iş materiallarında olan qüvvədə olan qətnamələrlə təsdiq edilir ki, analoji mübahisələrə inzibati məhkəmə tərəfindən baxılaraq, ünvan 10 ünvanında yerləşən yataqxana binasındakı mənzilə görə hər kv.m 460 manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, eyni zamanda mübahisəli yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehin təqsirli hərəkətləri nəticəsində sökülməsi müəyyən edilmədiyindən, yəni iddiaçının subyektiv hüququn cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə bu qənaətə gələrkən, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2361/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında olan mövqeyinə əsaslanmışdır. Həmin qərarda kollegiya öz mövqeyini əsaslandıraraq mübahisəli yaşayış sahəsinin yerləşdiyi yataqxana binasının cavabdehin təqsirli hərəkətləri nəticəsində sökülməsinin müəyyən edilməməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin də üçüncü şəxs qismində cəlb olunduğu “yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2040/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2040/2025
25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver