Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2056/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 13.02.2019-cu il tarixdə Birkart miles ödəniş kartına dair müqavilə bağlanmışdır. Eyni zamanda cavabdeh 05.05.2021-ci il tarixdə bankın filialına yaxınlaşaraq 20000 ABŞ dolları məbləğində vəsaiti hesabına mədaxil etmək istədiyini bildirmişdir. Cavabdehin adına bankda cari hesab olmadığından bankın əməkdaşı tərəfindən qeyd olunan vəsait səhvliklə cavabdehin miles kartına bağlı olan və bonus-millərin köçürülməsi üçün açılmış hesaba mədaxil olunmuşdur. Bu zaman sistem xətası olaraq daxil olmuş vəsait yanlışlıqla iki dəfə konvertasiya olunaraq (20000 USD* 1.7* 1.7=57800 AZN) hesaba mədaxil olunmuş və daha sonra həmin vəsait millərə çevrilmişdir (57800 AZN*65=3.757.000 mil). Sonradan cavabdeh bonus-miles hesabında millərin mövcud olmalı olandan çox olduğunu görmüş, bu səbəbdən bankın 196 məlumat mərkəzinə zəng edərək ona hesablanmış millərin məbləğini dəqiqləşdirmişdir. Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əsasən millərin hesablanması qaydasından və kart hesabı ilə istifadə etdiyi vəsaitlərin məbləğindən məlumatlı olmuşdur. Yəni cavabdehə məlum idi ki, mil hesabındakı millərin sayı onun kartdan istifadə etdiyi məbləğə mütənasib deyil. Cavabdeh bunu bildiyi halda (uyğunsuzluğun olduğunu bildiyi üçün zəng edərək dəqiqləşmə edir, telefon danışıqlarındakı reaksiyasından görünür ki, həmin vəsaitin ona məxsus olmadığını dərk edir) qeyd olunan millərin bir hissəsini, yəni 4789,06 ABŞ dolları (8141,4 manat) dəyərində mili istifadə edərək aviabilet almış, daha sonra bank tərəfindən ona millərin səhvliklə hesablandığı bildirildiyi halda istifadə etdiyi vəsaiti qaytarmaqdan imtina etmişdir. Bununla yanaşı cavabdeh mədaxil etdiyi 20000 ABŞ dolları məbləğində pulu ona geri qaytarılması üçün banka müraciət etmişdir. Cavabdehin mil hesabına hesablanmış millər bank tərəfindən yenidən pul məbləğinə çevrilərək onun hesabına bərpa edilmişdir. Cavabdehin şəxsi vəsaitindən istifadə zamanı bank tərəfindən bonus kimi ödənilməli olan məbləğin bir hissəsi bank tərəfindən akseptsiz silinmişdir. Lakin qalan 4352,94 ABŞ dolları istifadə olunmuş məbləği cavabdeh banka qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddiaya etirazını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ... İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən də göründüyü kimi Cavabdeh tərəfindən banka hər hansı zərər vurulmamışdır. İddiaçı ASC-nin iddia ərizəsində qeyd etdiyi “zərər” əslində, onun işçisi tərəfindən vurulmuşdur. Belə ki, İddiaçının işçiləri tərəfindən əmək funksiyasının düzgün yerinə yetirilməməsi nəticəsində hal-hazırda İddiaçı ASC ona cavabdeh tərəfindən zərərin vurulmasını iddia etməkdədir. Halbuki, Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində də qeyd edildiyi kimi, cavabdeh dəfələrlə iddiaçının işçilərindən onun mobil tətbiqində qeyd edilən “mil balansı”nın yoxlanılaraq məlumat verilməsini xahiş etsə də, ona balansında hər hansı yanlışlığın olmaması bildirilmiş və sözügedən balansdan rahatlıqla istifadə edə bilməsi vurğulanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh balansını dəqiqləşdirmək üçün dəfələrlə banka zəng etsə də, bir dəfə də olsun balansında mövcud olan millərin yaranma əsaslarına dair hər hansı sual verməmiş, telefon zənglərinə cavab verən bankın əməkdaşlarının isə müştərinin balansının məbləğindən şübhələnmək və öz təşəbbüsü ilə hər hansı daxili araşdırma aparmaq kimi səlahiyyətləri yoxdur. Cavabdeh balansın cari vəziyyətini sorğulamış və verdiyi şifahi sorğuya əsasən müvafiq cavabını almışdır. Bank ilkin olaraq pulun əməkdaşının səhvi nəticəsində cavabdehin bonus-millərin köçürülməsi üçün açılmış hesabına yüklənilməsini qəbul edir, lakin cavabdehin də bilə-bilə etdiyi əməliyyatlara uyğun olmayan mil balansından əsassız olaraq yararlanması aşkardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, onun İddiaçı ASC-də Birkart mil kartı var. Eyni zamanda onun başqa bankda – Premium Bankda da mil kartı var və o, əsasən millərin toplanması üçün həmin kartdan istifadə edir. Həmin kartda kifayət qədər millərinin yığılması olub. İddiaçı ASC-dən olan mil kartından isə əvvəl aktiv olaraq istifadə etməyib. Bir müddət əvvəl o, İddiaçı ASC-yə yaxınlaşaraq hesabına 20.000 ABŞ dollarının mədaxil edilməsi barədə istəyini bildirmiş, pulu bankın əmədaşına təqdim etmiş və həmin pulun onun cari hesabına mədaxil edilməsinə dair ona müvafiq qəbz verilmişdir. Halbuki, İddiaçı ASC iddia ərizəsində həmin vaxt onun bankda cari hesabının olmamasını bildirir. Göründüyü kimi, o, bank tərəfindən aldadılmışdır. 20.000 ABŞ dollarını hesaba mədaxil edilməsi üçün banka müraciət edəndə onun hesabında artıq 30.000 pulu mövcud idi. 20000 ABŞ dollarını banka təhvil verəndən sonra mobil tətbiqdə pulun hesaba mədaxil edilib-edilməməsini yoxlamamış, ümumiyyətlə tətbiqdə yalnız mil bölməsinə baxmışdır. Mil bölməsində 3.757.000 mil görəndən sonra, balansını dəqiqləşdirmək üçün banka zəng vurmuşdur. Bankın əməkdaşları ilə bir neçə dəfə danışmış və hər dəfə onlar tərəfindən mil balansında 3 milyondan artıq milin olması təsdiqlənmiş və ona mil balansı hesabına aviabilet ala biləcəyi bildirilmişdir. Dəfələrlə dəqiqləşdirəndən sonra o, mil balansı hesabına bilet almış, indi isə bank həmin pulu ondan geri tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, bank cavabdehin hərəkətləri nəticəsində zərər çəkməyib. Belə ki, cavabdeh həmin millərin onun balansına əsassız olaraq yüklənməsi üçün hər hansı qərəzli hərəkət etməyib. Banka müraciət edərək hesabına pulun qoyulmasını istəyib, bank isə ondan pulu alaraq, 20000 ABŞ dollarının cavabdehin cari hesabına köçürülməsinə dair ona mədaxil qəbzi verib. Hal-hazırda iddiaçının nümayəndəsi cavabdehin bankda cari hesabının deyil, yalnız mil/bonus hesabının olmasını bildirsə də, bu Mərkəzi Bankın müəyyən etdiyi qaydalara ziddir və mümkün deyil. Belə ki, bank hesablarının növləri və s. məsələlər Mərkəzi Bank tərəfindən Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları ilə konkret olaraq müəyyənləşdirilmişdir. Bankın ümumiyyətlə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil və ən əsas məsələ də ondan ibarətdir ki, iddia ərizəsi təmin ediləcəyi halda, hər şey bankın əməkdaşının səhvindən başlasa da, yeganə zərərçəkən cavabdeh olacaq. Belə ki, o, adi vəziyyətdə ya ümumiyyətlə həmin qiymətə bilet almayacaqdı, ya da ki, bilet alarkən kifayət qədər milləri olan Premium Bankın mil kartından istifadə edəcəkdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, 13.02.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında Birkart miles ödəniş kartına dair müqavilə bağlanmış, 05.05.2021-ci il tarixdə isə Cavabdeh hesabına qoyulması üçün banka təqdim etdiyi 20.000 ABŞ dolları səhv olaraq həmin kartın bağlı olduğu bank hesabına mədaxil edilmiş və mədaxil edilmiş məbləğ iki dəfə konvertasiya olunmaqla, yekun məbləğ mil ekvivalentində (3.757.000 mil) balansda öz əksini tapmışdır. Cavabdeh qeyd olunan millərdən 17.08.2021-ci il tarixdən istifadə etməyə başlamış və nəticədə tərəfindən 4789,06 ABŞ dolları məbləğində vəsait istifadə edilmişdir. Qeyd olunan mil balansının 436,12 ABŞ dolları hissəsi cavabdehin şəxsi vəsaitdən istifadə etməsi nəticəsində əldə olunmuş millər üzrə hesablanmış, 4352,94 ABŞ dolları məbləğində hissəsi isə cavabdehin hesabına yanlışlıqla mədaxil edilmiş vəsait üzrə hesablanmışdır. Sonradan cavabdehin müraciətinə əsasən onun mədaxil etdiyi 20.000 ABŞ dolları bərpa edilərək onun hesabına köçürülmüş, lakin istifadə edilmiş və nəticədə bankın vəsaiti hesabına bərpa edilmiş 4352,94 ABŞ dolları cavabdeh tərəfindən banka qaytarılmamışdır. İş materiallarında olan audio yazılardan müəyyən edilir ki, Cavabdeh balansında 3.757.000 mil gördükdən sonra dəfələrlə İddiaçı ASC-yə zəng etmiş, bankın bir neçə fərqli əməkdaşı ilə danışmış, danışdıqda yığılmış millərin miqdarının onu təəcübləndiriyini və reallıqda millərin 3.757.000 deyil, üç min civarında ola biləcəyini səsləndirmişdir. Danışdığı bank əməkdaşlarından o hər dəfə balansı səsləndirməyi xahiş etmiş, onlar sistemdə görünən rəqəmləri cavabdehə səsləndirmiş və cavabdeh bununla kifayətlənərək, bir neçə bankın mil kartlarının istifadəçisi olaraq millərin toplanma qaydasından məlumatlı olmasına və həmin kartla (qeyd olunan millərin yaranmasına əsas ola biləcək) 3 milyon manatlıq əməliyyatların icra edilməməsini bilməsinə baxmayaraq, səhvən balansına yüklənmiş millər hesabına 4789,06 ABŞ dolları məbləğində aviabilet almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmadan yaranan öhdəliklər mühafizə xarakterli öhdəliklər sırasına aiddir. Belə ki, onların vəzifəsi maddi nemətlər bölgüsünün pozulmuş həlqəsini bərpa etməkdən ibarətdir. Mülki Məcəllənin 1091-ci maddəsi ilə öhdəliyin kvalifikasiya edilməsi üçün əldə edənin davranışının (qanuni və ya qeyri-qanuni) və öhdəliyin yaranmasına səbəb olan hüquqi faktların təbiəti deyil, əmlakın əldə edilməsi və ya saxlanması üçün qanunla müəyyən edilmiş əsasların olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Hazırkı işin materiallarından İddiaçı ASC-nin Cavabdeh qarşısında hər hansı icra edilməmiş və Cavabdeh hesabına 57800 manat ekvivalentində millərin (3.757.000) yüklənməsinə əsas ola biləcək öhdəliyin mövcud olması təsdiq olunmur. Eyni zamanda Cavabdeh qeyd olunan millər hesabına nəticə etibarilə aviabilet aldıqda öz vəsaitindən 4352,94 ABŞ dolları qənaət etməsi işin mübahisələndirilməyən hallarındandır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 4352,94 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə mübahisəli hüquq münasibətinin yaranmasının faktiki səbəblərini və bankın əməkdaşları tərəfindən yol verilmiş səhv(lər)i nəzərə alaraq, iddia ərizəsini “ ... bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin” tələbi hissəsində əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4352,94 (dörd min üç yüz əlli iki dollar doxsan dörd sent) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərəzəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2056/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2056/2022
05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver