Məhkəmə qərarları › İş №e-2(001)-215/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-215/2023

07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-215/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı payın naturada ayrılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı payın naturada ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********93- 10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2009 olan çıxarışa əsasən Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun B tikilisi 5 otaq, Cavabdeh4 A tikilisi 1 otaq, Cavabdeh1 A tikilisi 1 otaq, Cavabdeh3 A tikilisi 1 otaq, Cavabdeh2 V tikilisi adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 701 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında B tikilisi (5 otaq) ona məxsusdur. O, həmin ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Dəfələrlə torpaq sahəsinin və evin ona düşən pay hissəsinin ayrılması ilə bağlı cavabdehlərə müraciət etsə də əmlakın paylara uyğun naturada bölgüsü mümkün olmamışdır. Halbuki, ona məxsus fərdi yaşayış evi və torpaq sahəsinin ayrılmış və hasarın daxildə olmaqla heç kimə maneəçiliyi yoxdur. Cavabdehlərin bu hərəkəti onun mülkiyyətçi kimi hüquqlarını pozur və onları həyata keçirməkdə məhdudiyyətlər yaradır. Odur ki, hazırda həmin payların naturada ayılaraq bölünməsi zərurəti yaranmışdır. Evin naturada bölünməsi texniki cəhətdən mümkündür və cavabdehlərində mənafeyinə uyğundur. Daşınmaz əmlakın texniki pasportundan aydın görünür ki, ona məxsus fərdi yaşayış evi B tikilisi digər A və V tikililəri hər torpaq sahəsinin yola çıxışı olmaqla cavabdehlərə məxsus fərdi yaşayış evlərindən ayrılmış və hasara alınmışdır. Bu günədək bununla bağlı cavabdehlərlə aralarında heç bir etiraz olmamışdır. İş üzrə keçirilən ekspertiza ilə də evin naturada bölgüsünün mümkün olması təsdiq olunmuşdur. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********93-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2009 olan çıxarışa əsasən Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 5 otaqlı B tikilisindən ibarət fərdi yaşayış evinin payına uyğun formada naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı xx.xx.2009-cu il tarixli qediyyat nömrəsi ********** olan çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı B tikilisi 5 otaq, Cavabdeh4 A tikilisi 1 otaq, Cavabdeh1 A tikilisi 1 otaq, Cavabdeh2 V tikilisi, Cavabdeh3 A tikilisi 1 otaq olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 701 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında istifadədə olan 0,12360 ha torpaq sahəsində yerləşən 8 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və İddiaçı adına qeydiyyatdan keçmiş, hazırda mülkiyyətlərindədir, 0,03219 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintialtı sahəsidir və həmin torpaq sahəsinin sorğuda göstərilən şəxslərin mülkiyyətində olması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5458 saylı rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan iki mərtəbəli B fərdi yaşayış evinin yerləşmə vəziyyətinə uyğun olaraq digər evlərdən təcrid şəkildə yerləşdiyi, dəhliz, mətbəx, hamam-ayaqyolu, yaşayış otaqları evin daxilində digər payçılardan təcrid şəkildə olmaqla ayrıca küçəyə tərəf giriş-çıxış qapısının olduğu nəzərə alınaraq, paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus iki mərtəbəli B fərdi yaşayış evinin inşaat norma və qaydalarının 02.08.01.89-nun bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının həlli Metodlarının tələblərinə uyğun qaydada naturada ayrılması texniki cəhətdən mümkündür. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cavabdeh4 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus B tikilisi 5 otaqlı fərdi yaşayış evinin payına uyğun formada naturada ayrılmasına etiraz etmir. Cavabdeh3 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus B tikilisi 5 otaqlı fərdi yaşayış evinin payına uyğun formada naturada ayrılmasına etiraz etmir. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 1 ədəd 1, və 2 ədəd 2 mərtəbəli, 13 otaqlı, 222,08 kv.m yaşayış, 197,25 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus B tikilisi 5 otaqlı fərdi yaşayış evinin payına uyğun formada naturada ayrılmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evində İddiaçı 5 otaqlı B tikilisindən ibarət payının digər mülkiyyətçilərin paylarına zərər vurmadan naturada ayrılması mümkündür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə isə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ olduğundan, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evində iddiaçının payının digər mülkiyyətçilərin paylarına zərər vurmadan naturada ayrılması mümkün olduğundan iddiaçının iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 4-də istifadədə olan 0,03219 ha torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan 8 nömrəli fərdi yaşayış evində İddiaçı 5 otaqdan ibarət B tikilisindən ibarət payı naturada ayrılsın. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar