Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2150/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 897 manat və 150 000 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 150897 manat, həmçinin ödənilmiş 441 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 897 manat və 150 000 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 150897 manat, həmçinin ödənilmiş 441 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının anası X12 xx.xx.2023-cü il tarixində həkim səhvi nəticəsində dünyasını dəyişmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində həkim Cavabdeh2 rəhbərliyi ilə Cavabdeh1da Bariatrik əməliyyata alınmışdır. 3 gün sonra isə evə buraxılmışdır. Aparılan əməliyyatdan sonra (mədə kiçiltmə əməliyyatı) anasının vəziyyəti günü-gündən pisləşməyə başladı. Bir həftədən sonra yenidən yenidən Cavabdeh1a qəbul edilərək 4 gün müddətində orada saxlanıldı. Xəstənin vəziyyətinin pisləşmə səbəbi kimi mədədə sızma olduğu və bunun nəticəsidə xəstənin hərarətinin qalxdığı bildirilmişdir. Bunu isə təkrar KT edildikdən sonra bilmişdilər. Həkim mədəyə stent qoyulduğunu və bundan sonra xəstənin vəziyyətinin düzələcəyini bildirmişdir. Lakin evə buraxıldıqdan bir həftə ərzində iddiaçının anasının vəziyyəti heç də düzəlmədi, günügündən pisləşməyə doğru gedirdi. Bu müddət ərzində anası qan qusmağa başlamışdır. Təkrarən xəstəxanaya qayıdaraq 4-5 gün xəstəxanada saxlanıldı və daha sonra yenidən evə buraxıldı. xx.xx.2023-cü ildə anasının vəziyyəti ağırlaşdığı üçün tərəflərindən artıq Cavabdeh1a yox Yeni Klinikaya aparılmışdır. Bu zaman artıq xəstənin iki böyrəyində çatışmamazlıq və sepsis vəziyyətinə düşmüşdü. Yeni Klinikaya yerləşdirildikdən sonra anası 43 gün reanimasiyada qaldı. Ümumilikdə isə 3 ay müddətində iddiaçının anası Yeni Klinikada həkim nəzarəti altında sağaldılmağa çalışıldı. Lakin Cavabdeh1da həkim Cavabdeh2 etdiyi əməliyyat zamanı anasının orqanizminə virus salınmış həmçinin mədədən sızıntı olsada bunu həkim bilməmiş, bildikdən sonra stent qoysada sızıntını və onun yaratdığı nəticələri aradan qaldırmadan xəstəni evə buraxmış və ağır antibiotik müalicələrinə məruz qoymuşdur. xx.xx.2023-cü il tarixində xəstənin mədəsindəki Stentin çıxarılmalı olduğu bunu isə stenti qoyan həkimin etməli olduğu bildirildi. Bundan sonra həkm Cavabdeh2 zəng vuraraq stenti çıxarmasını tələb etdilər. Rəfiyev bunu üçün “Diaqnoz” tibb mərkəzində çalışan Rəfael həkimin yanına getməklərini məsləhət gördülər. Çünki stenti də onun qoyduğunu və onun da çıxaracağını bildirdi. Burada stent çıxarılaraq xəstə evə göndərildi. xx.xx.2023-cü il tarixində gecə saatlarında xəstənin vəziyyəti təkrarən ağırlaşdığı üçün yenidən Yeni Klinikaya aparılmışdır. Burada təcili yardımdan saxlanılan xəstə Klinikaya qəbul edilməmiş və xx.xx.2023-cü il tarixində ilkin əməliyyat aparan həkimə müraciət edilməsi tövsiyyə edilmişdir. Təbii ki, həkim Cavabdeh2 zənglərə cavab verməmiş, xəstəsinə qarşı olduqca laqeyd olmuş və etdiyi səhvin nəticələrinin aradan qaldırılması üçün heç bir iş görməmişdir. xx.xx.2023-cü il tarixində xəstə Respublika xəstəxanasına aparılmış və orada dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli həkim Kəmalə Hüseynovanın verdiyi arayışa əsasən anasının ürək-damar çatışmamazlığı, Peritonitdən ölməsi göstərilmişdir. X23 xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, anasında qarındaxili abses (iltihab nəticəsində məhdud boşluqda irin toplanması) səbəbi ilə sepsis (bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir) septik şok, (Sepsis, həmçinin septik şok olaraq bilinir. Bədənin infeksiyaya reaksiyası orqanlara zərər verdikdə baş verir. Xüsusilə erkən diaqnoz qoyulub müalicə edilmədikdə şoka, orqan çatışmamazlığına və ölümə səbəb olur) Poliorqan çatışmamazlığı diaqnozu ilə müalicə aparıldığı göstərilmişdir. Həmçinin əməliyyat zamanı orqanizmə Klebsiella pneumonia bakteriyası salındığı bildirilmişdir. Qarın daxilində yaranan sebsisin səbəbi Klebsiella pneumonia olmuşdur. Göstərilənlərdən başqa həmçinin bildirir ki, anası C viruslu hepatit. Qaraciyər sirrozu xəstəsi olmuşdur. Uzun müddət qeydiyyatda olmaqla müalicələr almışdır. Belə ki, bu tip xəstəliyi olan şəxslərin Bariatrik əməliyyata alınması tibbi göstərişlərə görə mümkün deyildir. Lakin həkim Cavabdeh2 anasının xəstə olmasını bildiyi halda əməliyyatı aparmış və anası arxeyin etmişdir ki, artıq sən heç bir dərman içməsin. Lakin son nəticədə həkim səhlənkarlığı nəticəsində anası dünyasını dəyişmişdir. Bütün bu proseslər zamanı anasının səhətinin düzəlməsi üçün istənilən qədər vəsait xərcləyirdilər. Lakin bu xərclərin qəbzləri tərəflərindən əldə edilməmişdir. Bir neçə qəbzlər olsada ümumilikdə xərcləri 20 000 manatdan çox çıxmışdır. Lakin hazırda əllərində cəmi 897 manatın təsdiqini göstərən sənədlər mövcutdur. Müvafiq olaraq MEDERA, REFERANS Laboratoriyası, Yeni Klinikaya sorğular göndərərək müvafiq sənədlərin verilməsini tələb etmişlər. Lakin hazırkı günə kimi hər hansı bir cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində deyilir: “Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”. İddiaçının anası X12 C viruslu hepatit. Qaraciyər sirrozu xəstəsi olmuş ona ağır cərrahi əməliyyat keçirmək olmazdı lakin MEDERA HOSPİTALİ və həkim Cavabdeh2 anasını inandıraraq onu əməliyyat etmiş və əməliyyatı da tibbi göstərişlərin şərtlərinə uyğun keçirmədikləri üçün anası dünyasını dəyişmişdir. Əməliyyatdan sonra təxminən 4 aya yaxın bir müddətdə anası çox əzablar və əziyyətlər çəkdi, onun əlavə müayinə və müalicələrinə məbləğini bilmədikləri həddə xərclər çəkmişlər. Lakin anasının sağlamlığını qaytara bilmədilər. Bu proseslər zamanı nə MEDERA HOSPİTALİ-nın rəhbərliyi nə də həkim bir dəfədə olsun anası ilə maraqlanmadılar, əlavə köməkliklər etmədilər. X15 həkimlə apardığı Whatsapp yazışmalarında da həkimin nə qədər laqeyd olması işini düzgün aparmaması görsənir. Anasının Sağlamlıq hüququnu pozan Cavabdeh1 və həkim Cavabdeh2 qanunsuz əməlləri nəticəsində sağlamlığa vurulan zərərin aradan qaldırılması üçün əlavə xərclər çəkməli olmuşdur. Həkim məsuliyyətsizliyi nəticəsində anasının fiziki sağlamlığı pozulmuş və nəticədə o ölmüşdür. Anası da qeyd etdiyi kimi qaraciyər xəstəsi idi. xx.xx.2022-ci il tarixli X26 tərəfindən təqdim edilən sənəddəndə görünür ki, anasında şiddətli fibroz olması müəyyən edilmiş və bu sənəd MEDERA HOSPİTALA təqdim edilərək xəstə olması bildirilmişdir. Buna baxmayaraq həkim Cavabdeh2 iddiaçının anasını arxeyin edərək onu əməliyyat etməyə razı salaraq onun sağlamlığına zərər vuraraq ölümünə səbəb olmuşdur. Məhkəmədə iddiaçı və nümayəndəsi X5 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda onlarda əməliyyat edən həkim Cavabdeh2 mərhumun qızı ilə 08 iyul tarixindən 27 noyabr tarixinə qədər xəstənin əməliyyatdan öncə və sonrakı edə biləcəyi hərəkətlər və qəbul edəcəyi qidalar barədə, eyni zamanda xəstənin səhhəti ilə bağlı olan məlumatlara dair yazışmalar mövcuddur. İlkin analizlər götürülüb və həkim özüdə iyul ayının 10-da axşamdan səhərki əməliyyata hazırlanması ilə bağlı tapşırıqlarını verir. Əmliyyat olunandan son günə qədər xəstənin səhhəti ilə maraqlanır. Xəstə əvvəl gündən həkimin taspşırdığı heç bir şeyə əməl etməmişdir. Əvvəl gündən həkim xəstəyə az miqdarda qida qəbul etməsini tapşırmışdır. Ümumən mədə əməliyyatı keçirən hər bir şəxs əməliyyatın səhəri günü az miqdarda maye qəbul etməlidirlər. Xəstənin gec sağalmasının səbəbi kimi, ilkin olaraq onun şəkər xəstəsi olmasıdır. İkinci növbədə xəstənin düzgün qidalanmamasıdır. Xəstə ümumiyyətlə həkimin verdiyi məsləhətin heç birinə əməl etməmişdir. Bundan əlavə xəstənin mədəsində baş verən qanaxmaya səbəb mədə toxuması çox qalın olduğu üçün tikiş steplerini saxlamır. Bu səbəbdən həmin nahiyədə qaçaq yaranmışdır. Həmin vaxt yəni 08 avqust tarixində həkim tərəfindən lazımi tədbirlər görülmüş və həmin qaçaq yeri bağlanaraq mədə stend yerləşdirilmişdir. Həkim eyni zamanda bildirmişdir ki, qanaxması olan xəstə tez-tez ayaqyoluna getmə halı baş verməlidir. Lakin həkim xəstənin qızından anasının axırıncı dəfə nə vaxt ayaqyoluna getməsini soruşduqda qızı cavabında dünən getdiyini bildirmişdir. Həkim həmin vaxt izah edir ki, xəstədə mədə qanaxması deyildir. Bu səbəbdən həkim Fərid xəstəni digər bir həkimə göstərilməsini məsləhət bilmişdir. Lakin iddiaçı maddi durumlarının yaxşı olmadığını demişdir. Həmin vaxt həkim Cavabdeh2 öz şəxsi vəsaiti hesabına xəstəni yeni klinikaya yerləşdirmiş və orada müayinə və müalicə olunmasını üçün lazımi pul vəsaitini ödəmişdir. Hazırda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə müstəqil ekspert kimi dəvət olunmuş X24 bildirdi ki, mədəkiçiltmə əməliyyatı əslində mütləq göstərişlə aparılan əməliyyat deyil. Artıq 20 ildir ki, bu əməliyyat dünya səhiyyəsində başlanılıb. Mədəni kiçiltmə əməliyyatı mədənin boru şəkilli rezeksiyasıdır. Yəni mədə boru şəklində kəsilib götürülür. Burda xəstə iki nəticə əldə edir. Birincisi mədənin həcmi kiçilir. İkincisi aclıq hiss etmir və çox qida yeyə bilmir. Əməliyyat çox sadə bir əməliyyatdır. Texniki formada icra olunur. Mədə boru şəklində kəsilib saxlanılır və xüsusi steplerlərin köməyi ilə tikilir. Xəstənin şəkər xəstəsi olması onun əməliyyatdan sağ çıxmamasına dəlaləet etmir. Əksinə bu əməliyyatı ən çox şəkər xəstəsi olanlar etdirir. Bu əməliyyatın ən təhlükəli forması əməliyyatdan sonra qaçaq yaranmasıdır. Qaçaq tikiş xəttinin bir yan tərəfində olur. Bu əsasən qida borusunun mədəyə keçən hissəsində baş verir. Bu xroniki proses yaradır. Bu zaman ilkin növbədə ötürücüyə stend yerləşdirilir. Bu tibb aləmində effektini çoxda yaxşı göstərməsədə həkim ilkin tədbir olaraq bunu etməlidir. Hazırda ölkədə onun tanıdığı 6 altı bu formalı xəstələr var. Hazıki dönəmdə xəstədə əməliyyatdan sonra qaçaq yarandıqda stend qoymaq ilkin görüləcək tədbirlərdəndir. Qaçaq iki növdə olur. Birinci mexaniki qaçaq, hansıki bu həkimin səhvi nəticəsində yaranır və özünü əməliyyatdan 1-2 gün sonra dərhal göstərir. İkincisi bioloji qaçaq hansıki özünü əməliyyatdan 5-7 gün sonra göstərir. X13 əməliyyatdan sonra səhətində yaranmış problemin səbəbi kimi bioloji qaçağın yaranmasını əsas gətirmək olar ki, belə olan haldada xəstənin ölümünə səbəb kimi həkimi günahlandırmaq olmaz. Məhkəmədə müstəqil ekspert kimi dəvət olunmuş X21 bildirdi ki, o, o ekspert olaraq tibbi sənədlərlə işləyirlər. Onlar əməliyyatda iştirak etmirlər. Onlar işi yalnız xəstənin xəstəlik tarixçəsini araşdırmaqdır. O, mərhum Nəzakət Mizafarovanın xəstəlik tarixçəsinə baxaraq müəyyən etmişlər ki, əməliyyatdan sonra ilkin olaraq heç bir qaçaq halı müəyyən edilməmişdir. Əməliyyatdan bir həftə sonra əməliyyat nahiyəsində aralaşma baş vermişdir. Həmin qaçaq nahiyə həkim tərəfindən müəyyən edilərək xəstənin mədəsində yaranmış qaçaq hissəsinə stend yerləşdirmiş və müəyyən müddət həkim nəzarətində qaldıqdan sonra evə buraxılmışdır. Daha sonra xəstə ilə bağlı onlarda heç bir məlumat mövcud olmamışdır. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və müstəqil ekspertlər X24 və X18 dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X17 Stansiyası Sahə həkimi üçün xəbərdarlıq vərəqələrindən görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə X11 adına çağırış daxil olmuş, briqada ünvana getmiş ilkin tədbirlər görülmüş və xəstəyə müalicə həkiminə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin tabeliyində “Yeni Klinika” publik hüquqi şəxsin Çinarə Müzəffərovaya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X2 Reanimasiya şöbəsində qarındaxili abses səbəbi ilə sepsis, septik şok, poliorqan çatışmamazlığı diaqnozu ilə müalicə almaqdadır. X3 ümumi vəziyyəti kritik olaraq dəyərləndirilir və ona geniş spektrumlu antikbiotikerapiya antikoalquant, infuziyon-transfuziyon və digər müalicələr olunmaqdadır. X1 intensiv terapiya tədbirlərinin aparılması mütləqdir. İş materiallarında olan “Medical Center” X25 xx.xx.2022-ci il tarixli Qaraciyər Shear- Vave Elastoqrafiyasından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Nəzakət Mizafarovada nəticə olaraq “Sonoelastoqrafiya metodu ilə qaraciyər toxumasının yekun elastikliyi təyin olundu. Bu göstərici Metavir üsulu ilə fibrozun F3 mərhələsinə uyğundur. İş materiallarında olan ünvan 1 ünvanladığı cavabdan görünür ki, X12 onun nəzarətində 5.10.11 tarixindən müalicədə olmuşdur. Daxil olarkən “C” viruslu hepatiti. Qaraciyər sirrozu” diaqnozu qoyulmuşdur. Müalicəyə baxmayaraq hepatitin residivi olmuş və bununla bağlı xəstə Almaniyada yeni dərmanlarla virus əleyhinə müalicə almış və viruslu hepatitdən sağalmışdır. (təxminən 2014-2015 illərdə). 2014-cü ildən xəstə ona müraciət etməmişdir. Son olaraq 2021-ci ilin 13.07 tarixində müraciət edib və simptomatik müalicə təyin olunub. Son üç il xəstə ona müraciət etmədiyinə görə onun ümumi vəziyyətini və qaraciyər durumunu dəyərləndirməyə çətinlik çəkir və əməliyyata göstərişini qiymətləndirə bilmir. İş materiallarında olan AZ-İİ № 394814 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə mədə xorası, Xroniki və ya dəqiqləşdirilməmiş deşilmə ilə səbəbindən ölmüşdür. İş materiallarında olan Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xəstə X12 xx.xx.2023cü il tarixdə ölmüşdür. Diaqnoz: Orqan çatışmamazlığı, ölümün səbəbi: Ürək-damar çatışmamazlığı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X8.QBD” əməliyyatından görünür ki, xəstə X6 intubasion narkoz altında göbəküstü nahiyyədən 10 mm ölçülü köndələn kəsik aparıldı. Veriş iynəsi qarına salınaraq pnevmoperitoneum yaradıldı. 10 mm troakar salındı və laparoskop 30 dərəcə qarına yeridildi. Əlavə olaraq qarın boşluğuna 5 əd. Troakar (2 əd. 5 mm, 3 əd. 10 mm) salındı. Qaraciyər retraktop ilə qaldırıldı. Mədənin böyük əyriliyi Liqasure Atlas ilə skeletopiya edilərək (sol diafraqmadan ayaqcığa qədər) mobilizə olundu. Mədəyə French bouge 36 salınaraq pilorik hissəyə qədər yeridildi. Mədə pilorik sfinkterdən 1 sm buraxmaq şərti ilə kardial sfinkterə qədər buj üzərində echalon 60 mm steplerlə tikilərək kəsildi. Mədənin kəsik xətti arasıkəliməz PDS 2.0 sapı ilə kardial sfinkterdən pilorik hissəyə qədər tikildi. Mədəyə buj vasitəsilə hava vuruldu “Şına effekti” yoxlanıldı. Mədə tamdır. Perforativ dəlik aşkar olunmur. Mədənin kəsilən hissəsi (böyük əyrilik) xaric edildi. Qarın boşluğu yuyuldu, quruduldu, drena edildi. Yaralar tikildi, asseptik sarğılar qoyuldu. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli “Qastroskopiya”dan görünür ki, Nəzakət Müzəffərovada qida borusu sərbəstdir, selikli qişası elastikdir. Kardia ön kəsici dişlərdən 42 sm məsafədə yerləşir, açıqdır. Mədə mənfəzində orta həcmdə selik var. Selikli qişası ilan qabığına bənzəyir. İnversion baxış zamanı diafraqmal dəlik endoskopu sıxır. Fundusunun selikli qişası normaldır. Antrum sərbəstdir. Selikli qişası hipermik olub, eroziyalar var. Piloris dairəvidir, açıqdır. 12b.b. soğanağı və enən hissəsi sərbəstdir, selikli qişası ödemlidir. ENDO DİAQ: Eroziv qastropatiya. Kardia çatışmazlığı. İş materiallarında olan Diaqnostika nəticə hesabatından görünür ki, Nəzakət Müzəffərova rentgenoloji müayinə olunmuş-ağciyərlərdə patoloji dəyişikliklər qeyd olnmur. Mediastinum mərkəzdədir, genişlənməyib. Diafraqma-normadadır. Sinuslar-sərbəstdir. Ürək forması və ölçüləri norma daxilindədir. Aorta-patologiyasızdır. Nəticə: Döş qəfəsi üzvlərinin normal təsviri. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışın epikrizindən görünür ki, xəstə X7 cərrahi əməliyyatdan sonrakı dövr: xəstənin ümumi vəziyyəti orta ağır, aktivdir. Huşu aydındır. Visual baxışda dəri və görünən selikli qişalar bir qədər solğundur. Dili quru, bozumtul ərplidir. Ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Qarnı yumşaqdır. Auskultasiyada peristaltika adidir. Fizioloji aktlar normaadadır. Yara təmizdir. Ağırlaşmalar yoxdur. İş materiallarında olan Medera MMC-nin tabeliyində olan Medera hospitalı ilə xəstə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tibbi xidmət müqaviləsinin 1-ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə əsasən hospital əvvəlcədən razılaşdırılmış tibbi xidməti həyata keçirməyi, xəstə və xəstə yaxını isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “əlavə 1” də təqdim olunan “qiymət cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını göstərilən tibbi xidmətin qarşılığında “əlavə 1” də təqdim olunan “qiymət cəvəli”ndə müəyyənləşdirilən xidmət haqqını xidmətin nəticəsindən asılı olmayaraq, tibbi xidmətin göstərilməsindən əvvəl ödəyir. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını qoyulmuş diaqnoza uyğun olaraq müalicənin gedişi zamanı meydana çıxması halında zəruri olan digər tibbi xidmətlərin, o cümlədən tibbi xidmətin göstərilməsi zamanı yaranmış fəsadlarla bağlı əlavə olaraq stasionarda qalması və əlavə zəruri cərrahi əməliyyat ilə göstəriləcək tibbi xidmətlərin haqqını da əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X11 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən olunur ki, o, həkimi və müalicə aldığı xəstəxananı könüllü olaraq özü seçmiş, əməliyyat zamanı və əməliyyat sonrası yarana biləcək fəsadlar barəsində həkim tərəfindən tam məlumatlandırılmış, xəstəxanada müalicə alacağı dövrdə xəstənin və ya onun qohumlarının xəstəxanaya ödədiyi məbləğ müalicənin və əməliyyatın nəticəsindən asılı olmayaraq ona və yaxud qohumlarına qaytarılmayacaqdır. Xəstə və xəstənin adından hər hansı digər 3-cü şəxslər həkimə, onun köməkçisinə və Medera Hospital MMC-yə qarşı heç bir maddi-mənəvi tələb irəli sürməyəcəklər. İş materiallarında olan MedEra Hospital” MMC-nin xx.xx.2023-cü il tarixli epikrizin surətindən görünür ki, xəstə Nəzakət Müzəffərova hospitala Morbid obezite 4-cü dərəcə diaqnozu ilə daxil oldu. Yanaşı xəstəliklərdən yüksək təzyiq, şəkərli diabet 2-ci tip. Qaraciyərin hepatosteatozu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixində mədənin boruvari rezeksiyası əməliyyatı icra edildi. Xəstə kafi vəziyyətdə evə yazıldı. xx.xx.2023-cü il tarixində yüksək hərarət, ürək bulanma, halsızlıq şikayəti ilə daxil oldu. Aparılan intrumental müayinələr nəticəsində xəstəyə “Mədə ətrafı nahiyyədə abses” diaqnozu qoyuldu. Xəstəyə perkutan drenaj qoyuldu. Mədənin içinə Full Covered (tam örtüklü stend) yerləşdirildi. Xəstə orta ağır vəziyyətdə evə yazıldı. xx.xx.2023-cü il tarixində xəstə klinikaya təkrar “Mədə qanaxması” ilə daxil oldu. Daxil olarkən hemoqlabin 80 q..l səviyyəsində idi. Aparılan Qastroskopik müayinədə qanayan bölgə aşkar edildi. (Qida borusunun aşağı 1/3) qanaxma dayandırıldı. Xəstəyə kompleks hemostatik terapiya aparıldı. Xəstə hemodinamik tam stabil və son hemoqramda 110 q.1 hemoqlabinlə ayın xx.xx.2023-cü il tarixində tam stabil kafi vəziyyətdə evə buraxıldı. Xəstə daim nəzarətdə olub. İş materiallarında olan xx.xx.2023-ü il tarixli iltizamlardan görünür ki, X12 “Yeni Klinika” publik hüquqi şəxsin reanimasiya şöbəsində müalicə olunan xx.xx.2023-cü il tarixdən müəssisə tərəfindən ona edilən tibbi müdaxiləyə yəni dəqiqləşdirilməmiş sepsis aparılmasına könüllü razılıq verir. Sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və səhhəti ilə bağlı ehtimal olunan bütün risklər barəsində müəssisənin işçisi tərəfindən ətraflı formada məlumatlandırıldı. Buna görə də, gələcəkdə səhhəti ilə əlaqədar olaraq hər hansı meydana çıxacaq neqativ hallar üçün özü məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X19” PHŞ-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1. X12 xx.xx.2023cü il tarixdə Cavabdeh1a müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza və kliniki protokolun tələbinə uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “X8. QBD” cərrahiyyə əməliyyatının aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə qərara alınmış əməliyyat icra edilmişdir. Əməliyyatın gedişində anatomik qaydalara uyğun mədə xaric edilmiş və toxumalar bərpa olunaraq kontrol yoxlanılmışdır. Hər hansı bir ağırlaşma (qaçaq, sızma və s.) qeyd edilməmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə ambulator nəzarət altında evə yazılmışdır. 2.6. X12 xx.xx.2023- cü il tarixdə yenidən Cavabdeh1a daxil olmuşdur. Müayinə zamanı xəstəyə “Mədə ətrafı nahiyədə abses” diaqnozu təyin edilmiş və “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstə orta ağır vəziyyətdə evə yazılsa da, xx.xx.2023-cü il tarixdə təkrar olaraq klinikaya müraciət etmiş və “Mədə qanaxması” diaqnozu ilə hemostatik müalicələr aparılmışdır. xx.xx.2023-cü il tarixdə xəstə stabil vəziyyətdə evə yazılmışdır. Daha sonra X12 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya müraciət etmiş, ona “Kəskin peritonit” diaqnozu təyin edilmiş və təcili “Absesin drenləşdirilməsi. Yeyunostomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı məlum olmuşdur ki, təxmini ölçüsü 2 sm olan stepler xəttinin açıqlığı qeyd edilmişdir. Qidalandırıcı yeyunostoma qoyulmuş və əməliyyatdan sonra adekvat müalicələr təyinat üzrə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Beləliklə, X7 üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh1da aparılmış “X8. QBD” cərrahiyyə əməliyyatından sonra stepler yetməməzliyi (açılması) meydana çıxmışdır. Bu ağırlaşma ilə əlaqədar müvafiq tibbi yardımlar (təkrar, operativ müdaxilələr və konservativ müalicələr) göstərilmişdir. “X8” cərrahiyyə əməliyyatları zamanı stepler yetməməzliyi baş verə bilər, bu hal steplerin toxumaların birləşmə nöqtəsində yaranır və qan təchizatın pozulması ilə əlaqədardır. Tədricən həmin nahiyədə nekroz baş verməsi sonda steplerin aralanmasına səbəb olur. Patoloji vəziyyətin gedişi orqanizmin müqavimət funksiyalarından asılı olur. Tibbi protokola əsasən, yaranmış ağırlaşma ilə əlaqədar tibbi müdaxilələr aparılmış, lakin septiki vəziyyətin qarşısının alınması mümkün olmamışdır. Bunun da icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki icrası ilə səbəbli əlaqəsi olmamışdır. 3. X12 xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olmuş (səh. 119), anamnestik məlumatlar toplanılmış və obyektiv müayinələr aparılmışdır. Xəstəyə “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş epikrizə əsasən, yəni xx.xx.2023-cü il tarixdə xəstənin üzərində “Mədənin boruvari rezeksiyası” və qanayan bölgə (qida borusunun aşağı 1/3-də) ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mədənin içinə “Full Coverad (tam örtüklü stent)” əməliyyatlarının aparıldığı qeyd edilmişdir. Tərtib edilmiş stasionar xəstənin tibbi kartası ilə epikriz arasında bəzi texniki xarakterli uyğunsuzluqlar vardır (əməliyyat protokollarında). 4. X12 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya müraciət etmiş və ona “Kəskin peritonit” diaqnozu təyin edilmişdir. “Kəskin peritonit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında müəyyən edilmişdir. 5. X10 xx.xx.2023-cü il tarixdə təyin edilmiş “Mədə ətrafı nahiyəsində abses” diaqnozu qeyd edilmişdir. “Kəskin peritonit” isə qarın qıcıqlanma simptomlarının müsbət olması ilə əlaqədar təyin edilmişdir.
7. “Barriatrik əməliyyat”lar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri dünya tibb ədəbiyyat mənbələrinə istinadən 1-3% (bunlardan; tromboemboliya, mədə stepler xəttinin qanaması, mədə stenozu, stepler xəttinin açılması və s.) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X19” PHŞ-nin 08.8.2024-cü il tarixli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X7 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına Əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X10 Cavabdeh1da “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmiş və xx.xx.2023-cü il tarixdə ona “X8. QBD” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə ambulator nəzarət altında evə yazılmışdır. Daha sonra Nəzakət Mizafarova xx.xx.2023-cü il tarixdə Cavabdeh1a yenidən müraciət etmiş və ona “Mədə ətrafı nahiyədə abses” diaqnozu ilə əlaqədar “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilmişdir. “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilməsi “X8. QBD” cərrahiyyə əməliyyatlarında nəzərədə tutulmayıb. Bu yalnız əməliyyatın ağırlaşması baş verdikdə icra olunur. X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh1da, daha sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Yeni Klinika”da stasionar qaydada müayinə və müalicələrdə olmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”da ambulator qaydada müayinədə olmuşdur. Qeyd edilən tarixlərdə X7 üzərində aparılmış “X8. QBD” cərrahiyyə əməliyyatından stepler yetməməzliyi (açılması) qeyd edilmişdir. Bu ağırlaşma ilə əlaqədar təkrar operativ müdaxilələr və konservativ müalicələr aparılmışdır. “X8” cərrahiyyə əməliyyatları zamanı stepler yetməməzliyi baş verə bilər, bu hal steplerin toxumaların birləşmə nöqtəsində yaranır və qan təchizatın pozulması tədricən həmin nahiyədə nekrozun və sonda steplerin aralanmasına səbəb olur. Həmçinin qeyd etmək lazımdır ki, patoloji vəziyyətin gedişi orqanizmin müqavimət funksiyalarından da asılı olur. “Barriatrik əməliyyat”lar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri dünya tibb ədəbiyyat mənbələrinə istinadən 1-3% (bunlardan; tromboemboliya, mədə stepler xəttinin qanaması, stepler xəttinin açılması, mədə stenozu və s.) təşkil edir. Tibbi protokola əsasən, yaranmış ağırlaşma ilə əlaqədar tibbi müdaxilələr düzgün olaraq yerinə yetirilmişdir. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X7 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri olmuşdur. Qeyd olunan ağırlaşma vaxtında müəyyən edilmiş və qarşısının alınması üçün müvafiq tibbi tədbirlər göstərilmişdir. X12 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya “Kəskin peritonit” diaqnozu ilə daxil olmuş və ona təcili “Absesin drenləşdirilməsi. Yeyunostomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı məlum olmuşdur ki, təxmini ölçüsü 2 sm olan stepler xəttinin açıqlığı vardır. “Kəskin peritonit” diaqnozu əməliyyatın və ya daxili orqanların xəstəliklərinin ağırlaşması ilə müşayiət olunur. Bu patoloji vəziyyətin vaxtında aradan qaldırılmaması poliorqan çatmamazhğmın inkişafına və ölümə səbəb olur. X7 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarının 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı, Cavabdeh1 və onun həkimi, anasına həkim səhlənkarlığı nəticəsində anasının ölməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19”nin xx.xx.2024-cü il tarixli, 781/KEŞ nömrəli rəyi ilə və eyni zamanda iş üzrə müstəqil ekspert kimi dəvət olunmuş ekspertlərin izahatında öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının anasının ölümünə səbəb kimi mədədə əməliyyatdan sonra yaranmış tibbi izahla qeyd olunan qaçaqdır. Qaçaq iki növdə olur: Birinci mexaniki qaçaq, hansıki bu həkimin səhvi nəticəsində yaranır və özünü əməliyyatdan 1-2 gün sonra dərhal göstərir. İkincisi bioloji qaçaq hansıki özünü əməliyyatdan 5-7 gün sonra göstərir. (İstinad edilən ədəbiyyatlar: X30 Gastrectomy, Aclimical Guide to Evaluation, Treatment and Techniques müəlliflər: Michel Gagner, X28 və s.; X9 müəlliflər: Salman Al-Sabah, X31 və s. və Prevention and Management of Complications in Bariatric Surgery müəlliflər: Tomasz G. Rogula və s.). X13 əməliyyatdan 7 gün sonra səhətində yaranmış problemin səbəbi kimi bioloji qaçağın yaranmasını əsas gətirmək olar ki, belə olan haldada xəstənin ölümünə səbəb kimi həkimi günahlandırmaq olmaz. Həmçinin iddiaçının vəkili və nümayəndəsi həkimin xəstədə qaraciyər sirrozu diaqnonun olduğunu bilərək əməliyyat etdiyini bildirsə də, iş materiallarında olan ünvan 1 ünvanladığı cavabdan görünür ki, X12 onun nəzarətində 05.10.11 tarixindən müalicədə olmuşdur. Daxil olarkən “C” viruslu hepatiti. Qaraciyər sirrozu” diaqnozu qoyulmuşdur. Müalicəyə baxmayaraq hepatitin residivi olmuş və bununla bağlı xəstə Almaniyada yeni dərmanlarla virus əleyhinə müalicə almış və viruslu hepatitdən sağalmışdır. (təxminən 2014-2015 illərdə). 2014-cü ildən xəstə ona müraciət etməmişdir. Son olaraq xx.xx.2021-ci il tarixində müraciət edib və simptomatik müalicə təyin olunmuşdur. Son üç il xəstə ona müraciət etmədiyinə görə onun ümumi vəziyyətini və qaraciyər durumunu dəyərləndirməyə çətinlik çəkir və əməliyyata göstərişini qiymətləndirə bilməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi və mənəvi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan «mənəvi zərərin əvəzi kimi 150.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 441 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı.