Məhkəmə qərarları › İş №e-2(001)-220/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-220/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-220/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 fevral 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31323 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vasitəsilə “KC Dekor” şirkəti tərəfindən "xxxx"a gətirilən və quraşdırılarn bir sıra mebelin dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh öz izahatlarında etiraf etmişdir ki, həmin mebellərin nöqsanlı və keydiyyətsiz olduğu üçün dəyişdirilməsi və digər istehsalçıdan sifariş verilməsi, habelə çatdırılmada gecikmələr səbəbindən ümumilikdə 31323 ABŞ dolları ödənilməmiş qalmışdır. Qeyd edilən pul vəsaitinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli Qərarı ilə iddiaçıdan tutulması qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509-cu maddəsi təşkil edir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarına istinad edilərək əsaslandırılmışdır. Həmin iş üzrə aparılmış aşardırmalar zamanı, həmçinin “KC Dekor” şirkətini nümayəndəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, eləcə də məhkəməyə təqdim etdiyi sənədlərdə "xxxx"a verilmiş mebel avadnalıqlarının vaxtında verilməməsinə və bəzi avadanlıqlarda yaranmış nöqsanlara görə ümumilikdə 30000 ABŞ dolları məbləğində pulun güzəşt olunduğunu, Cavabdeh münasibətdə iddia tələbinin təmin edilməməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində də məhkəmə kollegiyası qeyd etmişdir ki, “iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtəfərli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər.” Cavabdeh polis orqanlarına verdiyi izahatında da mebellərdə problemlərin olması və gecikdirimə ilə gəlməsini əsas gətirərək, tərəflər arasında razılaşdırılmış qaydada 30000 ABŞ dolları azaltmasına dair faktlar öz əksini tapmış və həmin izahatda Cavabdeh göstərmişdir ki, “ "xxxx"la əlaqədar deyə bilərəm ki, “KC Dekor” şirkəti tərəfindən banka gətirilən və quraşdırılan mebellərin pulunu mən İddiaçı vermişəm. Lakin nöqsanlar aradan qaldırılmasına görə mən Ender Ergelenlə razılaşmışam ki, keyfiyyətsiz kresloların dəyişdirilməsinə digər istehsalçıdan sifariş vermək üçün 22500 ABŞ dolları onlara ödəyəcəyim puldan tutulmuşdur. Eyni zamanda onu da qeyd edim ki, gecikmə nəticəsində sifarişçi tərəfindən cəriməni yarıya bölməyə razılaşmışdıq, yəni 15000 manat mən, 15000 manat isə Ender ödəməli idi.” Ödənilməmiş qalmış 22500 ABŞ dolları və 15000 manat məbləğlərlə bağlı artıq C.X7 arasında razılaşma əldə edilmiş və banka gətirilən mebel avadanlıqları ilə bağlı “KC Dekor” şirkəti tərəfindən 30000 ABŞ dolları endirim edilmişdir. 2(103)-97/2021 saylı mülki işin materiallarında “KC Dekor” şirkətinin sahibi (təsisçisi) Kerim Coşkun tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış izahatında da endirimlə bağlı göstərilənlər öz əksini tapmışdır. İddiaçı izahatında göstərdiyi “KC Dekor” şirkətinə "xxxx"la bağlı borc məbləği birbaşa İddiaçı borcu olduğundan, yəni Cavabdeh tərəfindən mebellərə görə verilən vəsaitlər İddiaçı tərəfindən “KC Dekor” şirkətinə tam ödənilmədiyindən, həmin vəsait də məhz İddiaçı “KC Dekor” şirkətinin xeyrinə tutulmuşdur. O da göstərilməlidir ki, Cavabdeh bankla bağlı İddiaçı ödənilməmiş borcu olsaydı, İddiaçı hazırki iddianı 2022-ci ildə deyil, 2015-ci ilin sonları və ya 2016-cı ilin əvvələrində qaldırardı. Etirazda həmçinin mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməli olduğu göstərilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı vasitəsilə “KC Dekor” şirkəti tərəfindən "xxxx"a gətirilən və quraşdırılan bir sıra mebelin pulunun bir hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, güyə cavabdeh “KC Dekor” şirkətinin nümayəndəsi ilə ödənilməmiş məbləğin güzəşti barədə razılığa gəliblər, lakin həmin izahatın həqiqiliyi və mötəbərliyi iş üzrə sənədlərlə tamamilə təkzib edilir. Cavabdeh polisə verdiyi izahatda göstərmişdir ki, “KC Dekor” şirkətində olan borcdan 22500 ABŞ dollarını məhsulların keyfiyyətsiz olduğu əsası ilə çıxmış, yeni istehsalçıdan məhsul sifariş etmişdir. Halbuki, yeni istehsalçıdan məhsul sirafişi ilə bağlı, habelə, 30000 manat cərimənin ödənilməsi ilə bağlı heç bir sübut mövcud deyil. Bu məbləği cavabdeh tam olaraq özündə saxlamışdır. Belə ki, qeyd edilən məbləğ cavabdehə güzəşt edilsəydi, “KC Dekor” şirkəti cavabdeh barəsində 2016-cı ilin dekabr ayında polisə, 2017-ci ildə isə məhkəməyə müraciət etməzdi. Güzəşt adı ilə şirkətə ödənilməmiş pul vəsaitinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçıdan tutulması qərara alınmışdır. Məhz həmin məhkəmə araşdırması zamanı iddiaçı “KC Dekor” şirkətinin məhkəməyə təqdim etdiyi iddia tələbi 78501 ABŞ dolları məbləğini ehtiva etmiş və həmin pul məbləğini müəyyən edən sənəd kimi iddiaçının elektron poçt ünvanına göndərilmiş və şirkətin direktoru tərəfindən imzalanmaqla təsdiq edilmiş cədvəl əsasında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin cədvəldə aşkar müəyyən edilir ki, “KC Dekor” şirkətinə ödənilməyən 78501 ABŞ dolları məbləğində pulun 35691 ABŞ dolları məhz "xxxx"ın, yəni Cavabdeh ödəmədiyi pul məbləğidir. Bu fakt Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuşdur. “KC Dekor” şirkəti tərəfindən bütün mebellər İddiaçı şirkətinə gəldiyinə görə, şirkət pulun ödənilməsini məhz Mehdidən tələb edir. Buna görə də 31323 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda Vəkil məhkəmdən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda göstərilənləri təsdiq edib, iddianı qəbul etmədiklərini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin iddiaçıya borcu yoxdur. Əks halda məhkəmə qətnamələri ilə həmin borc cavabdehdən tutulardı. Eyni zamanda, 2016-cı ilin aprel ayında iddiaçının cavabdehə və Araz Axundova göndərdiyi elektron məktub var, həmin məktubda yaranmış borcla və ödənilən məbləğlər göstərilmişdir. İddiaçının nümayəndəsi izahatında “KC Dekor” şirkətinə ödənilməyən 78501 ABŞ dolları pulun 35691 ABŞ dolları hissəsinin məhz Cavabdeh tərəfindən ödənilməyən hissə olduğunu bildirsə də, həmin puldan 22500 ABŞ dolları keyfiyyətsiz məhsula görə, 15000 manat da bank tərəfindən cərimə kimi tətbiq olunan 30000 manatın yarısı kimi ümumiləşdirilərək 30000 ABŞ dolları kimi şirkətlə əvəzləşdirilmişdir. “KC Dekor” şirkətinin nümayəndəsi əvvəlki mülki işlə bağlı apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, şirkət tərəfindən göndərilmiş mebellər Cavabdeh mağazasına göndərildiyindən, onlar Cavidi də cavabdeh kimi göstərmişlər və iddialarının Cavidə münasibətdə təmin edilməməsinə etiraz etmirlər. Cavabdehin iddiaçıya 10691 ABŞ dolları olmuş, həmin məbləğ də 2016-cı ilin aprel ayından sonra 1 ay müddətində hissə-hissə cavabdeh tərəfindən elə onun ofisində iddiaçıya, bəzən də iddiaçının qardaşına nağd şəkildə ödənilmişdir. Əks halda iddiaçı 2022-ci ildə deyil, daha öncə cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərdi. 2020-2021-ci ildə iddiaçı ilə cavabdeh arasında yenidən iş münasibətləri olmuş, iddiaçı cavabdehdən məhsul sifariş etmiş, pulunu da ödəmişdir. Əgər cavabdehin iddiaçıya ödənilməmiş borcu olsaydı, onda iddiaçı yeni sifarişlərin pulundan o borcu çıxmış olardı. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, həm Mehdi, Araz Qəhrəmanovları, həm də Cavabdeh tanıyır, Cavidlə iş ortaqlığı münasibəti vardır. Bütün bu işlərdə o da iştirak etmiş, işlərdən xəbərdardır. Cavabdeh öz işlərini davamlı olaraq Mehdigilə gördürmüşdür. Mehdi heç vaxt Caviddən hər-hansı borcu qaytarmasını tələb etməmişdir. Eyni zamanda, onun elektron poçtla göndərilmiş məktublardan da məlumatı vardır. Orada qeyd edilən 10691 ABŞ dolları pul 2016-cı ilin yay aylarında Cavid tərəfindən Mehdiyə ödənilmişdir. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı qətnaməsindən görünür ki:

1. “KC Dekor” şirkəti İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğluna, Cavabdeh, "xxxx" ASC-də və "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 108501 ABŞ dolları məbləğində borcun, 23550 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 132051 ABŞ dolları məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı əvvəlcə Coşkun Kerim olsa da, sonradan əsl iddiaçı “KC Dekor” ilə əvəz edilmişdir.

2. İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu və Cavabdeh “KC Dekor” şikrətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək cavabdeh “KC Dekor” şirkətindən keyfiyyətsiz mebellərə və işlərə görə əlavə ödənilmiş 63254 ABŞ dolları və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi 200000 manat pulun onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)- 198/2018 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Qətnamədən “KC Dekor” şirkəti və İddiaçı apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(103)-11845/18 saylı qətnaməsi ilə “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq “KC Dekor” şirkətinə ödənilməsi qərara alınmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(102)-1884/2019 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı “KC Dekor” şirkətinin və ilk iddia tələbi üzrə cavabdehlər Qəhrəmanov Araz Qəhrəman oğlunun, İddiaçı kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

4. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq X5 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlərdən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu izahatlarında Coşkun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına İddiaçı "xxxx"la bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin edinə görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Araz Qəhrəmanov isə iddiaçı şirkətə 17000-18000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu bildirmişdir.

5. İş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin, sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı qətnaməsinə əsasən, “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 saylı qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, ilk iddianın qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq “KC Dekor” şirkətinə ödənilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(102)-5833/2021 saylı qərarına əsasən, şikayət təmin edilməmişdir. Həmidov X4 Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verdiyi izahatda göstərmişdir ki, fiziki şəxs olaraq adına “Nimeks” adı altında fəaliyyət göstərən tikinti əşyaları satılan obyekt vardır. Araz Qəhrəmanovu və qardaşı İddiaçı tanıyır, onlarla ailəvi münasibətləri vardır. Coşkun Kerimi ilə işlə əlaqədar münasibəti olmuşdur. 2014-cü ilin may ayında İddiaçıla aralarında şifahi razılıq əsasında Türkiyə Respublikasında fəaliyyət göstərən “KC Dekor” şirkətindən "xxxx"a mebellər sifariş olunacaqdı. Həmin mebellərin pulunu o Mehdiyə verməli, Mehdi də öz növbəsində “KC Dekor” şirkətinin nümayəndəsi Ender bəyə ödəməli idi. 1 ildən sonra bütün mebellər şirkət tərəfindən "xxxx"a göndərilmiş və quraşdırılmışdır. Razılıq əsasında iş 2014-cü ilin sentyabr ayında bitməli olduğu halda 2015-ci ilin aprel ayında bitmişdir. Onlar sifarişlərin vaxtında çatdırılması ilə bağlı dəfələrlə “KC Dekor” şirkətinə müraciət etsələr də, nəticə əldə edilməmiş, nəticədə onlar sirafişçi tərəfindən 35000 manat cərimə olunmuşlar. Həmçinin, “KC Dekor” şirkətinin göndərdiyi mebellər keyfiyyətsiz olduğundan onlar məcbur olub digər istehsalçılardan yeni mebellər sifariş vermiş, buna görə əlavə 32300 manat ziyana düşmüşlər. Onun şəxsən Coşkun Kerimlə yox, “KC Dekor” şirkətinin sahibi Ender Ergelenlə danışıqları olmuşdur. Bildiyinə görə Ender Ergelen pulun bir qismini öz məqsədlərinə xərclədiyinə görə istehsalın gecikməsinə səbəb olmuşdur. “KC Dekor” şirkəti tərəfindən "xxxx"a gətirilən və quraşdırılan mebellərin pulunu o İddiaçı vermişdir. Lakin, nöqsanların aradan qaldırılmasına görə o, Ender Ergelenlə razılaşmışdır ki, keyfiyyətsiz kresloların dəyişdirilməsinə digər istehsalçıdan sifariş vermək üçün 22500 ABŞ dollları onlara ödəyəcəyi puldan tutulmuşdur. Eyni zamanda, gecikmə nəticəsində sifarişçi tərəfindən olunan cərimənin yarıya bölünməsi ilə bağlı razılaşmışlar, yəni 15000 manatı o, 15000 manatı isə Ender Ergelen ödəməli idi. X9 Rayon Polis İdarəsinə müraciəti üzrə araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “KC Dekor” şirkətinin görməli olduğu işlər uzunmüddətli gecikmələrlə, yarımçıq icra edilmişdir. "xxxx"la bağlı şirkətə qalıq borc 35691 ABŞ dolları təşkil edir ki, bu pulun hesabatını Ender bəy, o və Cavid bəy sonuncunun ofisində görüşdükləri zaman aparmışlar, iş əsnasında yaranan qüsurlar və gecikmə müddətinə görə həmin məbləğ əvəzləşdirilmişdir. Bu prosesdə Ender Ergelen şəxsdən özü Cavid bəylə danışıq aparmışdır. “KC Dekor” şirkətinin sahibi (təsisçisi) Kerim Coşkun tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırılmış izahatda göstərilmişdir ki, “...bizim onlara satdığımız mebelin dəyəri cəmi 382501 ABŞ dolları olmuşdur. Onların bizə ödədiyi vəsait isə 274000 ABŞ dolları olmuş, 108501 ABŞ dolları onlarda pulumuz qalmışdır. Qəhrəmanov qardaşları 108501 ABŞ dolları borclarını qısa zamanda ödəyəcəklərinə söz verdilər, biz də gözlədir. Bir müddət sonra biz pulu istəyəndə dedilər ki, "xxxx"a satdığınız mebellərdə müəyyən problemlər var. Biz təkrarən Bakı şəhərinə gəldik, problemləri aradan qaldırdıq. Bizə bildirdilər ki, bəzi kreslolarınızda problem var və həmçinin 15 gün danışdığımızdan gec göndərdiyiniz üçün Sizin 30000 ABŞ dollarınız borcdan silinəcək, 78501 ABŞ dolları sizə ödəniləcək. Mən onlara bildirdim ki, bizə ziyan olacaq, bunu etməyin. Onlar da razılaşmadılar. Bu zaman pulumun qalanını almaq üçün onların təklifini qəbul etdim. Onlar da şəxsi e-mailləri ilə ödədikləri pulun və borclarını bizim e-mailimə göndərdilər və qeyd etdilər ki, 78501 ABŞ dollarını ödəyəcəyik. Sonra borclarını ödəmədilər...” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə: 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə: 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə: 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə: 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə: 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olub olmaması aydınlaşmalıdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi 2016-cı ildə cavabdehin polis orqanına verdiyi izahata və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509-cu maddəsinə əsaslanaraq cavabdehdən 31323 ABŞ dolları məbləğində pul tələb edir. Sübutetmə yükü baxımından cavabdehin iddiaçının qarşısında üzərinə düşən öhdəliyin yerinə yetirməməsi və iddiaçı tərəfindən çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509.1-ci və 509.2-ci maddələrinin dispozisiya şərtlərində birgə öhdəliyi icra etmiş borclu qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Məhkəmənin qənaətinə görə iddiaçının cavabdehə qarşı reqres qaydasında tələbi yaranmır. İddiaçının cavabdehdən reqres qaydasında tələbinin yaranması üçün ilk növbədə kreditor qarşısında öhdəliyi lazımi qaydada icra etməsi şərtdir. Lakin işin araşdırılması ilə müəyyən olunur ki, hazırkı tələbin yaranması əsasları aşağıda qeyd olunan müki mübahisədən irəli gəlir və həmin iş üzrə iddiaçının öz öhdəliklərini yerinə yetirməmisi təsdiq olunur. Digər tərəfdən cavabdehin məhz iddiaçının qarşısında borclu olması nə hazırkı tələb üzrə nədə ki, əvvəlki məhkəmə araşdırılmaları sübut olunur. Belə ki, "KC Dekor” şirkətinin İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğluna, Cavabdeh, “AG Bank" ASC-yə və "xxxx" MMC-yə qarşı "borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair" ilk, habelə İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu və Cavabdeh "KC Dekor" şirkətinə qarşı "pul tələbinə dair" qarşılıqlı iddiaları Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli Qətnaməsi ilə rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı Qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ‘‘KC Dekor" şirkətinin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 nömrəli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq iddiaçı “KC Dekor” şirkətinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 300 manat pulun cavabdehlər İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu, Cavabdeh, "xxxx" ASC və “Lux Elements" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin Qətnamədə belə qənaətə gəlinmişdir ki, “...işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi, sair müqavilə, təhvil-təslim aktı olmasa da, həqiqətən də ilk iddiaçı ilə, ilk iddia üzrə qeyd olunan cavabdehlər arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, davam etmiş, yəni 2013-cü ildən başlayaraq üç il ərzində iddiaçı tərəfindən cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsilə mebelllər göndərilmiş, cavabdehlər tərəfindən bu mebellərə görə iddiaçıya 275000 ABŞ dolları (iddiaçı 274000 ABŞ dolları ödənildiyini deyir) ödənilmişdir. Tərəflərin heç biri bu halları mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, ilk iddiaçı ilk iddia üzrə cavabdehlərə 382501 ABŞ dolları dəyərində mebel satdığını, cavabdehlərin isə ona 108501 ABŞ dolları borcu qaldığını iddia edir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı isə ilk iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığını, əksinə ilk iddiaçının öhdəliyini tam icra etmədiyini, yeni mebellərin qüsurlu, natamam və gecikmə ilə gəldiyini bəyan edərək, ilk iddiaçıdan əlavə ödənilən 63254 ABŞ dolları və işgüzar nüfuza vurulan zərərə görə 200000 manat tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq X6 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlordən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu izahatlarında Coşqun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına İddiaçı "AG" Bankla bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evində görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Araz Qəhrəmanov isə iddiaçı şirkətə 17000- 18000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu bildirmişdir. İş materialları ile təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını, cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər.”. Həmçinin, həmin apellyasiya baxışı zamanı təsdiq olunmuşdur ki, “KC Dekor” şirkəti tərəfindən tələb olunan 108501 ABŞ dollarını cavabdehlər (Mehdi və Araz Qəhrəmanovlar) mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. “KC Dekor” şirkətinin təsisçisi Coşkun Kerim də Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırığı izahatında “Qəhrəmanov qardaşları” tərəfindən borcdan 30000 ABŞ dolları çıxıldığını, 78501 ABŞ dollarını verəcəklərinə dair vəd verildiyini göstərmişdir. Habelə, İddiaçı Yasamal RPİ-də verdiyi izahatında Cavid X7 arasında 35691 ABŞ dollarının gecikmə və iş keyfiyyətinə görə borcdan çıxılması ilə bağlı aparılmış danışıqda iştirak etdiyini göstərmişdir. Yəni, borcdan çıxılmanın “KC Dekor” şirkətinin nümayəndəsinin iştirakı ilə razılaşdırılmış qaydada aparıldığı müəyyən edilmişdir. Coşkun Kerim isə “Qəhrəmanov qardaşları”nın ona olan qalan borcu batmasın deyə, çıxılmanı qəbul etdiyini göstərmişdir, bütün şikayətlərində borcunu Mehdi və Araz Qəhrəmanovlardan tələb etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı tutulmalı olan 50811 ABŞ dolları pulun 31323 ABŞ dolları hissəsinin Cavabdeh iddiaçının xeyrinə tutulması üçün heç bir əsas yoxdur. Belə ki, işin araşdırılaraq müəyyən edilmiş faktiki halları ilə sübuta yetirilmişdir ki, İddiaçı, Cavabdeh və “KC Dekor” şirkəti arasındakı iş münasibəti zamanı yaranmış borcdan 30000 ABŞ dolları çıxıldıqdan sonra qalan borcun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhz İddiaçı tutulması qərara alınmışdır. Buna görə də, əvəzləşdirilmiş (çıxılmış) borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə heç bir əsas yoxdur. Digər tərəfdən iddiaçının cavabdehin polisə verdiyi izahatının borcun etirafı kimi qiymətləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin izahatda cavabdeh “KC Dekor” şirkətindən "xxxx"a mebellər sifariş olunmasını, həmin mebellərin pulunu İddiaçı verilməli olmasını, sonuncu öz növbəsində “KC Dekor” şirkətinin nümayəndəsi Ender bəyə ödəməli olmasını bildirmiş, lakin sifarişlərin vaxtında çatdırılmadığından onların sirafişçi tərəfindən 35000 manat cərimə, “KC Dekor” şirkətinin göndərdiyi mebellər keyfiyyətsiz olduğundan əlavə 32300 manat zərərin olmasını, keyfiyyətsiz kresloların dəyişdirilməsinə digər istehsalçıdan sifariş vermək üçün 22500 ABŞ dollları onlara ödəyəcəyi puldan tutulmasını və gecikmə nəticəsində sifarişçi tərəfindən olunan cərimənin yarıya bölünməsi ilə bağlı yəni 15000 manatı o, 15000 manatı isə Ender Ergelen ödənilməli olması ilə bağlı razılaşdıqlarını bildirmişdir. Göründüy kimi cavabdehin izahatında öhdəliyin iddiaçıya münasibətdə yaranmasını etiraf etməsi müəyyən olunmur. İş üzrə şahid qismində dindirilmiş X3 izhatına münasibətdə məhkəmə qeyd edir ki, həmin izahatda işin faktiki hallarına təsir edəcək hər hansı halın aşkar olunması müəyyən edilməmklə yanaşı, izhat ümumi ifadələrlə heç bir tutarlı fakta əsaslanmadan verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbinin əsaslı olması sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə Cavabdehin nümayəndəsinin iddiaya etirazda iddia müddətinin tətbiqinə dair qeyd olunanlara münasibətdə qeyd edir ki, Azrbaycan Respublikası Mülki Məcəlləsinin: - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 377.1-ci . İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə İddiaçı “KC Dekor” şirkətinin xeyrinə pulun tutulması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qərara alınmış, bu qətnamə 26 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, iddiaçı isə iddia ərizəsi ilə 13 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddia müddətinin tətbiqi barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh 31323 ABŞ dolları məbləğində pulun tutulması barədə iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar