Məhkəmə qərarları › İş №e-2(001)-2201/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2201/2022

02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2201/2022 02.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Anar-60 Firmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədovun 16.02.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin qərar əsasında keçirilən hərəkətlərin qanunsuz hesab edilməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Anar-60 Firması cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədovun 16.02.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin qərar əsasında keçirilən hərəkətlərin qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafıq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. İcra haqqında Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədi üzrə tərəflərin şikayət vermək hüquqlarını müəyyən etdiyindən hesab edirəm ki, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasın istisna etmişdir. Burada inzibati və ya mülki iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə iddia icraatı qaydasında deyil, məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsi qəbul edilməkdən imtina edilməklə ona iddia icraatı qaydasında deyil, məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Anar-60 Firmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı Binəqədi rayon İcra şöbəsinin icra məmuru Asəm Əhmədovun 16.02.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin qərar əsasında keçirilən hərəkətlərin qanunsuz hesab edilməsinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra məmurunun hərəkətlərindən məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında şikayət vermək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar