Məhkəmə qərarları › İş №e-2(001)-221/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-221/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-221/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “fərdi yaşayış evinin istifadəsinə, sökülməsinə, tikilməsinə, hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “fərdi yaşayış evinin istifadəsinə, sökülməsinə, tikilməsinə, hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Tanımadığı şəxslər Cavabdeh1 və Cavabdeh2 o, evdə olmadığı zaman həyət qapısının qıfılını sındırmış, əşyalarını dağıtmışdır. Sözügedən mənzil üzrə dəfələrlə məhkəmə prosesləri olmuş, hər birində iddia tələbi təmin edilmiş və evə köçürülmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri onun mənzilinə ciddi ziyan vurmuşlar. Cavabdehin və digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Beləliklə, o, hesab edir ki, cavabdehlər mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməsinə mane olaraq onun mülkiyyət hüququnu pozur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələri ilə əsaslandıraraq, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, Korpus 40, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin istifadəsinə, sökülməsinə, tikilməsinə hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması, qanunsuz hərəkətlərin qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı nümayəndə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəyə münasibətdə işin mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yaranmış zərurətlə əlaqədar iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında digər Cavabdeh2 məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və eyni zamanda vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1622/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X7, Orucova Hicran Həbib qızına, X1 və X9 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı və iki azyaşlı övladı – X10 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17B saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5594/2019 saylı, 02 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X12, X4 və Orucova Hicran Həbib qızının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə tərəflər arasında olan mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən HK-1/464 nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh1 ona qarşı irəli sürülmüş İddiaçı iddia tələbini tamamilə qanunsuz və əsassız hesab etdiyindən qəbul etmir. Ona görə də İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 40, 17A ünvanında fərdi yaşayış evi ona məxsusdur. İddiaçı isə onun və digər şəxslərin istifadəsinə, sökülməsinə, tikilməsinə hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərinin qarşısının alınması tələbi barədə iddia ərizəsində göstərdiyi fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Beləliklə, onun yaşadığı evin ünvanı Binəqədi rayonu, 1-ci Mədən, korpus 40, 17A-dır. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçisı, polis mayoru Aqil Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı iddia etdiyi ünvan 1 ünvanında yerləşən evə tərəfindən hər hansı bir formada müdaxilə edilməsi müəyyən olunmamışdır. Bu səbəbdən də o, cavabdeh deyildir və cavabdehlərin siyahısından çıxarılmalıdır. Bundan başqa İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun və digər şəxslərin girişçıxışına, istifadəsinə qadağa qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi əsassız və qanunsuz olduğundan xx.xx.2024-cü il tarixli, e-16(001)-127/2024 saylı qərardadla təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 127/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı nümayəndəsi Vəkil1 müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 4, 17B saylı evdə təmir-tikinti və söküntü işlərinin aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 tərəfindən verilmiş 2673 nömrəli, 28 dekabr 2006-cı il tarixli qərarın surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 180 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqısatqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4206/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Orucova Hicran Həbib qızı, X12 və X2rşı evin bütün otaqlarından maneəsiz istifadə etmə, otaqların qapılarından qıfılların və video kameraların sökülərək çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5188/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Orucova Hicran Həbib qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ilkin iddia üzrə iddiaçı Orucova Hicran Həbib qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə mübahisəli fərdi yaşayış evində tərəflərin iştirakları ilə yerində müayinə keçirilmiş, yerinə müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının müvafiq məhkəmə qətnaməsi ilə köçürüldüyü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17B saylı ev özbaşına tikili olmaqla yanaşı, təcrid olunmadan tərəflərin istifadəsindədir və fərdi yaşayış evində olan otaqların bir hissəsi hazırki iş üzrə İddiaçı Əhliyyə qızı tərəfindən, digər otaqlar isə X8 tərəfindən qıfıl vurulmaqla hər birinin istifadəsindədir və otaqlarda onlara aid əşyalar mövcuddur. Eyni zamanda müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evinin hüdudları daxilində (eyni hasar daxilində lakin ayrıca qapı vasitəsilə) Cavabdeh1 tərəfindən alınmış və 5 otaqdan və sanitar qovşağından ibarət yaşayış sahəsi mövcuddur və cavabdeh tərəfin iddia etməsinə görə ünvanlar fərqlidir və onun əldə etdiyi fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 A ünvanında yerləşir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla yanaşı, hal-hazıradək həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1622/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və iki azyaşlı övladı – X10 və X6 həmin ünvana köçürülmüşlər. Hazırda İddiaçı həmin fərdi yaşayış evinin onun mülkiyyətində olmasına əsaslanaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılmış “fərdi yaşayış evinin istifadəsinə, sökülməsinə, tikilməsinə, hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbini irəli sürsə də, daşınmaz əmlakın mülkiyyətçisi olduğuna, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxs olduğuna, həmçinin fərdi yaşayış evinin istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradıldığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, “hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbini qeyri-müəyyən qeyd etmiş, həmin hərəkətlərin nədən ibarət olmasını dəqiqləşdirməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, İddiaçı sözügedən mübahisəli “fərdi yaşayış evinin sökülməsinə, tikilməsinə qadağa qoyulmasına” dair iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, həmçinin fərdi yaşayış evinin istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılmasını sübut edə bilmədiyindən, “hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbi qeyri-müəyyən olduğundan onun iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin istifadəsinə, sökülməsinə, tikilməsinə, hər hansı bir hərəkətlərin aparılmasına qadağa qoyulması və qanunsuz hərəkətlərin qarşısının alınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar