Məhkəmə qərarları › İş №e-2(001)-2218/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2218/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2218/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, yəni İddiaçı ilə cavabdeh “Borc alan” Cavabdeh arasında Bakı şəhəri 26 saylı notariat ofisində borc müqaviləsi bağlanmışdır və təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin 1-ci bəndinə əsasən o, Cavabdeh 34000 manat məbləğində borc pul vermişdir. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddət ərzində borcu qaytarmamışdır. O, xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərmiş, lakin pretenziya məktubu cavabsız qalmışdır. Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə əsasən hesablamaların nəticələri belədir: 1. xx.xx.2023 - xx.xx.2023 tarixləri (6 ay) üçün faiz borcu: 1275 manat təşkil edir; 2. xx.xx.2023 - xx.xx.2024 tarixləri (470 gün) üçün faiz borcu: 3286.56 manat təşkil edir. 3. Ümumi faiz borcu (xx.xx.2024-cü il tarixədək) 4558.56 manat təşkil edir. O, yəni İddiaçı əvvəllər dəfələrlə Cavabdeh ilə əlaqə saxlayaraq, borcunun qaytarılması ilə bağlı müraciət etmiş və zəng etmişdir. Lakin zənglərinə cavab verilməmiş və müraciətlərinə heç bir reaksiya göstərilməmişdir. Bu vəziyyət onun üçün ciddi narahatlıq yaratmaqdadır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 449 və 742-ci maddələri ilə əsaslandıraraq, iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri 26 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 34000 manat məbləğində əsas borcun və Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə əsasən xx.xx.2024cü il tarixinədək hesablanmış 4558.56 manat əldən çıxmış faydanın, 5000 manat məbləğində dəymiş mənəvi zərərin və 220 manat dövlət rüsumunun, 200 manat vəkilə ödənilmiş rüsumun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ona, yəni Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. O, hesab edir ki, ilkin iddia təmin edilməməli və mötəbər sübutlarla təsdiq olunan qarşılıqlı iddia tələbi təmin edilməlidir. O, yəni Rəhim realda Samirdən nəinki qeyd olunan borcu, ümumilikdə heç bir məbləğdə borc almamışdır. Çünki heç bir yerdə rəsmi işləməyən onun maddi tələbatı həmişə atası, yəni nümayəndəsi X4 tərəfindən ödənilmişdir. Eyni zamanda Samir də qeyd olunan borcu kiməsə vermək imkanında deyil və mövcud borc münasibəti isə formaldır. O, bu suni olaraq borc münasibətini yaradanda onun nümayəndəsi, yəni atası X2 məxsus Yeganə şadlıq sarayında ofisiant işləmişdir. O, yaranmış fürsətdən və ən əsası atasının səhhəti ilə bağlı uzun müddət xaricdə olmasından sui-istifadə edərək onu narkotik vasitənin təsiri altına salaraq borclandırmağa nail olmuşdur. Onun borc müqaviləsini bağlamaqda məqsədi güya verdiyi borc həcmində atasına məxsus əmlaklara sahiblənmək olmuşdur. Bundan əlavə, Samir onu narkotik vasitələrin təsiri altına salaraq atası xaricdə olduğu vaxt atasının ofisinə icazəsiz daxil olmuş, onun qızıl-zinət əşyalarını və ** SD *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL 550” minik markalı avtomobilini ələ keçirtmişdir. Samirin qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Cavabdeh göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 26 saylı notariat ofisində bağlanmış 3M-378 reyestr nömrəli 02 mart 2023-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi, eyni zamanda qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-378 reyestr nömrəli 02 mart 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Hacıyev X1 Rəhim Akif oğluna 6 ay müddətinə faizsiz 34000 manat məbləğində pul vəsaitini borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” borcu 02 sentyabr 2023-cü il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlığa (pretenziya) əsasən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh 10 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən “Expresspay” ödəniş sistemi vasitəsilə 201 manat məbləğində pul vəsaiti Fides vəkil bürosunun vəkili Vəkil1 ödənilmişdir. İlk növbədə məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında olan hüquqi mövqeyinə əsaslanaraq tərəflər arasında bağlanmış iddia tələbinin hüquqi əsasını təşkil edən 02 mart 2023-cü il tarixli borc müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsi müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Odur ki, əqdin tərəfi yalnız bu hallara istinad edərək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə məhkəmədə iddia qaldırdıqda əqdi mübahisələndirmiş sayılır. Göstərilənlərə əsasən, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Beləliklə, Mülki Məcəllənin 354-cü maddəsinə ümumi şəkildə və formal mülahizələrlə istinad etməməli, əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilibedilmədiyinə qiymət verməli, etibarsızlığın digər növləri üzrə 354.2-ci maddəni ümumiyyətlə müzakirə və tətbiq etməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan borc müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəf həmin borc müqaviləsinin narkotik vasitələrin təsiri altında bağlanmasını iddia etsə də, göstərilən hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir, həmin fakt öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(maddə 386.1) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi olduğu üçün hazırki iddianın həlli üçün mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq mülki qanunvericiliyin borcla bağlı normaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 34000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslı olduğu üçün qismən təmin edilməli, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində İddiaçı dəyən mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmin məbləğin İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə əsasən xx.xx.2024-cü il tarixinədək hesablanmış 4558.56 manat zərərin ödənilməsi” hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, mübahisənin predmeti olan borc müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, cavabdeh tərəf həmin borc müqaviləsinin narkotik vasitələrin təsiri altında bağlanmasını iddia etsə də, göstərilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən və həmin fakt öz təsdiqini tapmadığından qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitdən və ödənilmiş dövlət rüsumlarından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) manat və mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qismən təmin edildiyi üçün ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 220 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat vəsaitinin 78%-i, yəni 328 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 22%-i, yəni 94 manatı ilkin iddia tələbi üzrə iddiaçıya aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdehə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar