Məhkəmə qərarları › İş №e-2(001)-2224/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-2224/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2224/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat borc pulun və 39 manat dövlət rüsumunun, cəmi 9039 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianın məbləğinin ərizədə səhfən 9039 manat göstərilmişdir. Əslində həmin pulun məbləği 1039 manat təşkil edir. Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşuluğunda yaşayan Cavabdeh xx.xx.2023-cü ildə ona bir qonşu kimi müraciət edərək oğlunun işinin məhkəmədə olduğunu, onu qurtarmaq üçün pul lazım olduğunu bildirərək ondan borc adı ilə 10.000 manat pul istəmiş, onun da yazığı gəldiyi üçün həmin gün cavabdehə 7000 manat borc pul vermişdir. 2024-cü ilin yanvar ayında isə o, gəlib ondan daha 3000 manat pul almış ki, məhkəməyə lazımdır. O, pulu ona verərkən şəklini də çəkdirmiş və videoya da yazdırmışdır. Pulun verilməsində gəlini X2 və oğlu X4 da iştirak etmişlər. Cavabdeh 3 ay müddətinə pulunu qaytaracağına söz vermişdir. Cavabdeh məhkəmədə pulu verib oğlunun işini bağlatdırdıqdan sonra onun pulunu qaytarmadı və ona dəfələrlə müraciət etməyinə baxmayaraq bundan imtina etmişdir. O, da məcbur olub Binəqədi rayonu Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət etmişdir. Lakin təhqiqatçı Nahid Məmmədov heç bir araşdırma aparmadan və Cavabdeh heç izahatını da almadan material üzrə xx.xx.2024-cü ildə cinayət işinin başlanmasının rədd edilməsui haqqında qərar qəbul etmişdir. O, evində ruhi xəstə olan övlad-X1. Cavabdeh verdiyi pul övladının müalicəsi üçün yığmış pul idi. Onun ən kiçik pul məbləğinə də ehtiyacı vardır. Odur ki, Cavabdeh ondan aldığı 10000 manat pulun cavabdehdən alınıb ona verilməsi üçün qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçıdan 7000 manat və sonradan 3000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində borca pul almışdır. Cavabdeh həmin məbləği 3 aya qaytaracağını bildirsə də, qaytarmamış və cavabdeh hazırda məhkəmə iclaslarına da, gəlmir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək, cavabdehin məhkəmə iclaslarına gəlmədiyini nəzərə alaraq, iddia tələbi üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etdiyindən, işə qiyabi icraat qaydasında baxılmalıdır. İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin, 43-cü Polis Bölməsinin cinayət ilşinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı DİN-in 102 xidmətinə müraciət edərək, 1 il qabaq əvvəllər tanıdığı Cavabdeh iş düzəltmək üçün 10000 manat pul verib aldanıldığını bildirmişdir. Həmin şikayət üzrə araşdırma zamanı hadisəni törətmiş şəxsi təhqiqat orqanına təmin etmək mümkün olmadığından, onun əməlinə hüquqi qiymət verilməsi vermək, niyyətini müəyyən etmək qeyri mümkün olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 01 ədəd CD diskdə olan (2 ədəd) video görüntülərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc olaraq alınmış pulun hansı məqsədlər üçün alındığı və pulun nə vaxt qaytarılacağı ilə bağlı video görüntülər mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh borc olaraq İddiaçı aldığı 10000 manat məbləğində pul vəsaitini qaytarmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə xx.xx.2023-cü il tarixdə 7000 manat, 2024-cü ilin yanvar ayında isə 3000 manat məbləğində İddiaçı borc almışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı DİN-in 102 xidmətinə müraciət edərək, 1 il qabaq əvvəllər tanıdığı Cavabdeh iş düzəltmək üçün 10000 manat pul verib aldanıldığını bildirmiş, Həmin şikayət üzrə araşdırma zamanı hadisəni törətmiş şəxsi təhqiqat orqanında iştirakını təmin etmək mümkün olmadığından, onun əməlinə hüquqi qiymət vermək və niyyətini müəyyən etmək qeyri mümkün olduğundan, Bakı şəhəri Binəqədi RPİ-nin, 43-cü Polis Bölməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan video görüntülərə baxış keçirilmiş və həmin görüntülərə əsasən İddiaçı ilə Cavabdeh arasında borc olaraq alınmış pulun hansı məqsədlər üçün alındığı və pulun nə vaxt qaytarılacağı əks edilmişdir. Göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 7000 manat, 2024-cü ilin yanvar ayında isə 3000 manat məbləğində İddiaçı borc alması və həmin borcu 3 ay müddətində qaytarmağı öhdəsinə götürməsi öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh iddiaçıdan borc olaraq pul almış və həmin borcun 3 ay müddətində qaytarılması ilə bağlı iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi icra etməmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 10000 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar