Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2227/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barəsində iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 976 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASCdə sığortalanmış “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomaşının sahibinə maddi ziyan dəymişdir. “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerini tərk etmişdir, onun barəsində inzibati protokol tərtib edilmişdir. Toqquşma nəticəsində sığortalı avtomobilə dəymiş ziyanla bağlı “xxxxxxxxxxxx” ASC-də baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində sığortalanmış avtomobilə 976 manat ziyan dəymişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta aktına əsasən 976 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin sığorta ödənişi həcmində, yəni 976 manat məbləğ və 30 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə sığorta məbləğinin hesablanması prosesində iştirak etməsi üçün bildiriş göndərilmişdir, lakin cavabdeh qüsur aktı tərtib edilən zaman iştirak etməmişdir. Bununla bağlı bildirişin xəbərnaməsini də təqdim edə bilərik. Bundan başqa zərərin məbləği 2 cür müəyyən edilir.Birincisi tərəflərin razılığı, ikincisi zərərçəkmişin köhnə detalın təmiri və ya yenisi ilə əvəz olunması barədə təkidi ilə. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o polis əməkdaşı olmuşdur, bu hadisədən sonra işdən xaric olmuşdur. Hadisə yerindən qaçmamışdır. Lakin protokolu mübahisələndirmədiyinə görə həmin məsələni qəbul etmiş sayılır. Eyni zamanda dəymiş zərərlə razı deyildir və qiymətlər şişirdilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Mülki iş materialları ilə, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Sığortaçı “xxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Din Maddi texniki Təminat Baş İdarəsinin Avtomobil Təsərrüfatına məxsus “Chevrolet Niva” markalı, **-AP- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü ilə 1 il müddətində sığortalanmışdır. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə edilərkən X1 idarə etdiyi “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və qəzanın baş verməsində cavabdeh təqsirli bilinmiş və bunun nəticəsində onun barəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 976 manat zərər dəydiyi müəyyən edilmiş və zərərin müəyyən edilməsi barədə qüsur aktı tərtib edilmişdir. Zərərin qiymətləndirilməsi prosesində iştirakı ilə əlaqədar cavabdehə bildiriş göndərilmiş, cavabdeh həmin prosesdə iştirak etməmişdir. Cavabdehin siğortaçısı tərəfindən zərərçəkmiş şəxsə dəymiş 976 manat zərər dəymiş ödənilmişdir. Hal-hazırda iddiaçı subroqasiya qaydasında həmin pulu zərərvuran şəxsdən, yəni cavabdehdən tələb edir, cavabdeh isə həmin məbləğlə razılaşmır. Məhkəmə əvvəla hazırki mübahisədə sığortaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi ilə bağlı subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Odur ki, cavabdehin yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunduğuna görə sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Yəni iddiaçının cavabdehə qarşı subroqasiya hüququndan irəli gələn tələb irəli sürmə barədə subyektiv hüququ vardır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı faydalanan şəxsə 976 manat sığorta ödənişi həyata keçirmişdir. Bu mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktı ilə təsdiq olunur. Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərəri mübahisələndirir. Bununla bağlı məhkəmə verilmiş vəsatətə münasibətdə ekspertiza keçirilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərardad qəbul etmişdir. Dəymiz zərərin müəyyən edilməsi barədə mübahisəyə məhkəmə aşağıdakı qanunun normaları nəzərə alınmaqla qiymət verilməsini zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Həmin qanunun 95.3-cü maddəsinə əsasən Maliyyə bazarlarına nəzarət orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir. Mülki iş materiallarından görünür ki, cavabdehə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirakı ilə əlaqədar bildiriş göndərilmiş, lakin cavabdeh həmin prosesdə iştirak etməmişdir. Hal-hazırda zərərin şişirdildiyi barədə etirazları isə formal xarakter daşıyır. Belə ki, cavabdeh zərərin məbləği ilə razılaşmamasını əsaslandırmamış, zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair hesabatda qiymətlərin şişirdilməsi ilə bağlı konkret faktlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə dəymiş zərərin məbləğini ağlabatan və ədalətli hesab etməklə, həmin hesabatda müəyyən edilən qiymətlərin şişirdilməsi ilə bağlı şübhə doğuran məqamların müəyyən edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və iddianın qismən təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən tam təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 976 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tam təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bununla bağlı bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 976 (doquz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2227/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2227/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver