Məhkəmə qərarları › İş №e-2(001)-225/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-225/2024

18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-225/2024 18.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Videokonfrans əlaqə sistemi vasitəsilə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 95.568,75 manat məbləğində, həmçinin iddianın verilməsinə görə ödənilmiş 377 manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 120 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Sözügedən cinayət işi üzrə çıxarılmış itiham aktında göstərilmişdir ki,Cavabdeh ona ümumilikdə 127.173,75 (yüz iyirmi yeddi min yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində ziyan vurmuşdur. Cavabdeh həmin puldan ümumilikdə 31605 (otuz bir min altı yüz beş) manat məbləğində pulu ona ödəmişdir. Hal-hazırda Cavabdeh ona ümumilikdə 95.568,75 (doxsan beş min beş yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində pul verməlidir. Eyni zamanda bildirir ki, sözügedən cinayət işi üzrə 10 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Cavabdeh və iş üzrə dindirilmiş şahidlərin ifadələri Cavabdeh təqsirini sübuta yetirmişdir. Bundan başqa o, hazırki iddia ərizəsini məhkəməyə təqdim etmək üçün çəkdiyi əlavə xərcləri də cavabdehdən tələb edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən ona vurulmuş ümumilikdə 95.568,75 (doxsan beş min beş yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində pul məbləği, məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 377 (üç yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində müqavilə pulu Cavabdeh məhkəmə qaydasında tutularaq ona qaytarılmalıdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, həqiqətən də onunla iddiaçı arasında qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur. İddiaçı ona cəmi 1 kq 500 qram qızıl zinət əşyası vermiş, hazırda iddiaçıya 827,79 qram 585 əyar qızıl, 42.6 qram isə 750 əyar qızıla görə borcu qalmışdır. Eyni zamanda qeyd edir ki, 585 əyar qızılın qramını 105 manatdan, 750 əyar qızılın qramını isə 120 manatdan almışdır. Belə olan halda, onun iddiaçıya 585 əyar qızıllara görə 86.917,95 manat, 750 əyar qızıla görə isə 5.112 manat olmaqla cəmi 92.029,95 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə cəmi 1 kq 500 qram qızıl zinət əşyasını nisyə olaraq satmışdır, hazırda cavabdehin ona 827,79 qram 585 əyar qızıl, 42.6 qram isə 750 əyar qızıla görə 95.568,75 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Videokonfrans əlaqə sistemi vasitəsilə məhkəmə iclasında iştirak edən cavabdeh verdiyi ərizəni özü yazdığını, yazdıqlarını təsdiq və müdafiə etdiyini bildirərək, iddianın qismən təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Goranboy Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünası Babək Əliyev tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4 və 312.2-ci maddələrinə tövsif edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, Cavabdeh İddiaçı qızıl-zinət, cehizlik və digər əşyalar götürməsi və sonuncunun adına kreditlə telefonlar alması ilə bağlı xüsusatlar mülki xarakterli olmaqla mülki mühakimə icraatını həyata keçirən məhkəmələrin səlahiyyətlərinə aid olduğundan həmin xüsusatlarla bağlı cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda müəyyən edilmişdir ki, istintaq zamanı Cavabdeh İddiaçı 827.79 qram 585 əyar və 42.6 qram 750 əyar qızıl-zinət əşyalarına görə pul borcludur. Goranboy Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünası Babək Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ittiham aktında qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh üzləşdirilərkən İddiaçı ifadəsində göstərdiklərindən qismən fərqli olaraq ümumilikdə Cavabdeh 1 kq 500 qram qızıl zinət əşyaları verdiyini, Zeynəbin isə ümumilikdə ona 700 qram qızıl zinət əşyalarının pulunu qaytardığını, Zeynəbin ona 827.79 qram 585 əyar, 42.6 qramda 750 əyar qızıl zinət əşyalarına görə borcunun qaldığını bildirmişdir. Cavabdeh da bunlarla razılaşmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-41/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, həmçinin İddiaçı 12.300 manat və 127 manat məbləğində mülki iddiası əsaslı olduğundan təmin edilməsi, həmin məbləğin mülki Cavabdeh tutularaq mülki İddiaçı verilməsi hökm edilmişdir. İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi mülki iddiasını onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış bütün sübutları qiymətləndirilməsi nəticəsində məlum olmuşdur ki, cinayət işinin başlanmasına əsas və səbəb Cavabdeh onun etibarından sui-istifadə edərək Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən doğum evinə işə düzəldəcəyinə yalan vəd verib, aldatmaqla müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 5800 manat almasını, bundan sonra onun etibarından sui-istifadə edərək tanışı X1 11 saylı orta məktəbdə müəllim kim işə düzəldəcəyinə yalan vəd verib aldatmaqla ümumilikdə 3500 manat alması, bundan əlavə onun etibarından sui-istifadə edərək xalası Mətanətin qızını 276 saylı uşaq bağçasına işdə düzəldəcəyinə yalandan vəd verib aldatmaqla ümumilikdə 3000 manat alması faktı və həmin fakt əsasında toplanmış material olmuşdur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslə onun arasında qızıl, cehizlik və digər məişət əşyaları, həmçinin mobil telefonlarla əlaqədar pul mübahisəsi vardır. Lakin həmin xüsusatlar mülki xarakterli olmaqla mülki mühakimə icraatını həyata keçirən məhkəmələrin səlahiyyətlərinə aid olduğundan həmin xüsusatlarla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış bütün sübutların qiymətləndirilməsi nəticəsindən aydın olur ki, təqsirləndirilən şəxs Cavabdeh ona etibarından su-istifadə və aldatma yolu ilə ümumilikdə 12.300 manat məbləğində maddi zərər vurmuşdur. Ona görə də, Cavabdeh 12.300 manat maddi ziyanın və 127 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin Binəqədi Rayon Məhkəməsinə ünvanlanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh və X2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-41/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdən qüvvəsini almış və həmin tarixdə icra edilməsi üçün icra mərhələsinə yönəldilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 377 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında qızılların nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı qızılları cavabdehə satmağı, cavabdeh isə onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini tam qaydada yerinə yetirməmişdir. İddiaçıda bu səbəbdən məhkəməyə müraciət edərək cavabdehdən 95.568,75 manat pulun tutulmasını xahiş edir. Cavabdeh isə iddianı qismən qəbul edir və bildirir ki, onun iddiaçıya 585 əyar qızıllara görə 86.917,95 manat, 750 əyar qızıla görə isə 5.112 manat olmaqla cəmi 92.029,95 manat borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin etirafı sübut kimi qiymətləndirilməli və cavabdehdən qızıl-zinət əşyalarına görə 92.029,95 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hüquqi yardım üçün tələb edilən 120 manatla əlaqədar isə qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 363 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 92.029,95 (doxsan iki min iyirmi doqquz manat, doxsan beş qəpik) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 363 (üç yüz altmış üç) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar