Məhkəmə qərarları › İş №e-2(001)-2251/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2251/2024

14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2251/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC 24 may 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evi alaraq tam mülkiyyətinə əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən). Hal-hazırda cavabehlərin İddiaçı ASC-yə məxsus mənzildə qeydiyyatda qalmaları bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən onlar, hesab edirlər ki, cavabdehlərin bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalıdırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehlərin İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları üçün onların həmin mənzilə olan hüquqlarının itirilməsi zəruridir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq tələblərinin təmin olunması barədə qətnamə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı evdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışların surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra küçəsi, 24 saylı evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilmiş Y-51 nömrəli, xx.xx.2015-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evinin satılması barədə hərrac keçirilmişdir. Əmlakın ilkin satış qiyməti 50000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə əsas Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş 17/68№14529-9 saylı, xx.xx.2014-cü il tarixli sifariş olmuşdur. İpotekasaxlayan İddiaçı ASC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən əmlakı 31875 manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 17/68№14529-9 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubu əsasında ipoteka predmeti olan, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi alıcı İddiaçı ASC-yə 31875 manata satılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsi müəyyən edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. İş materiallarında olan mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3016/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər X4, X2 və X5 qarşı kredit borcunun ödənilməsi və sair tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 əsas kredit üzrə 46150 manat, faiz üzrə 23206 manat, dəbbə pulu 6857 manat olmaqla, cəmi 77213 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,01221 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin X4 qaytarılması qət edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı evə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, 5-ci sıra, 24 saylı evə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar