Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2264/2025 27.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X15 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X8 və nümayəndəsi vəkili Vəkil Cavabdeh Müstəqil tələb irəli sürməyən İİİ şəxs Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarma tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 12-ci döngədə yerləşən 150 kv.metr torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılmasına, cavabdehin və ailə üzvlərinin torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən torpaq sahəsində aparılmış tikintilərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə vətəndaş X4 adına fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 300,0 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir. X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək onun adına sənədləşdirilmiş 300,0 kv.metr torpaq sahəsinin 150 kv.metr torpaq sahəsinin notarial qaydada razılaşmaya görə iddiaçının adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə vətəndaş X4 adına fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş 300,0 kv.metr torpaq sahəsinin 150 kv.metri öz adına qalmaqla 150,0 kv.metr notarial qaydada razılaşmaya görə iddiaçının adına keçirilməsi qərara alınmışdır. Torpaq sahəsini aldıqdan bir müddət sonra Cavabdeh həmin həyətyanı torpaq sahəsində əvvəldən mövcud olan yarımtikilidə qanunsuz olaraq məskunlaşdığından xəbər tutmuşlar. Bunun qarşısını almaq istədikdə cavabdeh onlara yalvar-yaxar edərək ev tikmək istədikləri vaxt torpaq sahəsindən çıxacağını, evsiz-eşiksiz olduğu üçün ona bir müddət orada yaşamağa imkan vermələrini xahiş etmişdi. Həmin dövrlərdə yaşayış evi tikmək üçün imkanı olmadığına görə cavabdehə rəhm edib, orada qalmasına icazə verib. Lakin sonradan cavabdeh torpaq sahəsindən çıxmayaraq mübahisə yaratmağa başlayıb. Dəfələrlə hüquqmühafizə orqanlarına, müxtəlif dövlət strukturlarına müraciət etsə də nəticəsi olmamışdır. Dəfələrlə iddiaçı və yaxınları cavabdehlə söhbət edərək belə mübahisələrin əsassız olduğunu, iddiaçıya məxsus olan torpaq sahəsindən maneəsiz istifadə hüququnun olduğunu və cavabdehin buna maneə yaratmasının qanunazidd əməl olduğunu bildirsə də bütün bu danışıqların heç bir xeyri olmamışdır. Odur ki, hesab edir ki, bu mübahisənin məhkəmə qaydasında həll edilməsi zəruridir. İddiaçının nümayəndəsi X10 torpağı bələdiyyədən aldıqlarını, bələdiyyə orqanının nümayəndəsi vasitəsilə alan zaman yerin onlara göstərildiyini, lakin sonradan ailədə baş vermiş hadisələrə, o cümlədən də müharibədə iştirak etdiyinə görə başları qarışmış, sonradan torpağa baxmağa gələndə cavabdehin orada ev tikərək kirayə verdiyi məlum oldu. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etdi, hazırda iddiaçının rəsmi bələdiyyə sənədlərinə malik olması, əllərində sxem və qərarın olması iddialarının əsaslı olmasını bildirir, cavabdehin isə heç bir sənəd və hüquqi əsas olmadan həmin ərazini zəbt etdiyi məlumdur. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq isə, 20 ilə yaxındır həmin yarımtikilidə yaşadığını, iddiaçının həmin əraziyə gələrək torpaq tələb edən birinci adam olmadığını bildirdi. Hər dəfə başqa adamlar gəlib ondan torpağı boşaltmağı tələb edir, bələdiyyənin onlara torpaq satdığını bildirirlər. Cavabdeh özü də bələdiyyədən icazə ilə həmin yerdə ev tikib yaşayıb. İddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçını tanımır, onlara torpağın satılmasından məlumatı yoxdur. Həmin qərarın həqiqi olub olmamasını hazırda bilmir. O zaman bələdiyyə tərəfindən verilən qərar və sxemə görə hazırki bələdiyyə cavabdehlik daşımır. Həmin sxemlə əmlak komitəsi torpağın yerini müəyyənləşdirə bilmir. Vətəndaşa bələdiyyə ərazisində torpağın ayrılması üçün həmin vətəndaş bələdiyyə ərazisində yaşamalıdır. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə kifayət qədər məlumatlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətionin Biləcəri qəsəbə nümayəndəliyinin xx.xx.2009-cu il tarixli 2478 saylı və xx.xx.2011-ci il tarixli 4575 saylı arayışlarından görünür ki, Məhərrəmova X14 rayonundan məcburi köçkün kimi Ağcəbədi rayonunda qeydiyyatdadır və qediyyatsız 2009-cu ildən Binəqədi yolu 13 döv özbaşına tikili evdə yaşayır. Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 113 saylı Qərarına əsasən X5 adına fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş 300 kv m torpaq sahəsindən 150 kv m hissəsini İddiaçı adına keçirilmişdir. Abonentin Saldosu aktlarının surətindən görünür ki, X6 ilə “Azərişıq”, “Azərsu” və "xxxx" ASC-lər arasında komunal ödənişlərin həyata keçirilməsi ilə bağlı müqavilələr mövcuddur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətionin Biləcəri qəsəbə nümayəndəliyinin 30 may 2025-ci il tarixli 01192 saylı sorğuya cavab məktubundan görünür ki, Biləcəri bələdiyyəsinin Sənədlərlə və vətandaşların müraciətləri ilə iş şöbəsinin verdiyi məlumata əsasən Cavabdeh Cəlal qızının bələdiyyə ərazisində məskunlaşması üçün torpaq sahəsinin verilməsinə dair müraciəti aşkar edilməmişdir. 21 noyabr 2025-ci il tarixli, 10/4449 saylı Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 113 saylı Qərarına əlavə olunmuş sxemdə torpaq sahəsinin perimetrik ölçüləri, tərpənməz dayaq nöqtəsindən məsafələr və koordinatlar qeyd olunmadığından, həmin qərara əsasən İddiaçı ayrılmış 150 m² torpaq sahəsinin naturada dəqiqliklə yerini müəyyən etmək, həmin torpaq sahəsində hər hansıtikilinin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin baxış zamanı təqdim olunmuş, X3 faktiki istifadəsində olan 221 m² torpaq sahəsinin koordinatları göstərilmişdir. Mübahisə ilə bağlı tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu mənada bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin icarəyə verilməsi, yəni həmin torpaq sahəsinə dair sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı qeyd olunmalıdır ki, mülkiyyət hüququna malik olmadan sərəncam hüququnun həyata keçirilməsi mülki qanunvericiliyin qeyd olunan norması ilə ziddiyyət təşkil edir. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən bələdiyyə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxarkən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilənlərə, eləcə də ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə müvafiq bələdiyyə orqanının qərarı ilə torpaq ayrılmış, torpağın yerləşməsinə dair müvafiq sxem əlavə edilmişdir. Hazırda iddiaçı ona ayrılmış torpağın məhz cavabdeh tərəfindən zəbt edildiyini bildirir və boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Halbuki, cavabdeh tərəfindən fərdi ev tikdiyi və hazırda sonuncunun faktiki istifadəsində olan torpağın məhz iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq olmasına dair iddiaçı tərəf heç bir əsaslı sübut təqdim edə bilmir, keçirilmiş ekspertiza tədqiqatı isə iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə orqanı tərəfindən verilmiş qərar və sxem əsasında sözügedən torpaq sahəsinin koordinatlarını, yəni konkret yerini müəyyən edə bilmir, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edilmir. Həmçinin bələdiyyə orqanının nümayəndəsi sözügedən torpaq sahəsinin ayrılmasına dair qərarı və onun əsasında verilmiş sxemin hansı mənbəyə əsaslanması, həqiqətən də torpağın mövcud olub olmamasını, məhz iddiaçıya ayrılmasını dəqiq deyə bilmədiyini, həmin qərara görə hazırki bələdiyyə orqanınının cavabdehlik daşımamasını, təqdim edilmiş sxem əsasında torpağın yerinin müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Beləliklə, mülki qanunvericiliklə sahiblik qorunur və sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ vardır. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş işin faktiki halları isə göstərir ki, bir sahib kimi iddiaçının cavabdeh tərəfindən sahiblikdən məhrumetmə və ya sahibliyin bu və digər kobud qaydada pozulması halları öz təsdiqini tapmamışdır. Qeyd olunanlar isə tələbin sübuta yetirilməməsi əsası ilə rəddini məqsədəmüvafiq edir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddiaçı Cavabdeh Cəlal qızına qarşı maneənin aradan qaldırılması, cavabdehin və ailə üzvlərinin torpaq sahəsindən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-2264/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2264/2025
27.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver