Məhkəmə qərarları › İş №e-2(001)-2291/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2291/2024

02.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2291/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.500 manat məbləğində pulun, 121 manat dövlət rüsumunun və 300 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı, qiyməti 11.500 manat olan, avtonəqliyyat vasitəsinin hissə-hissə alqı-satqısı məqsədilə Şifahi və sadə yazılı Əqd bağlamışdır. İndiyədək həmin avtonəqliyyat vasitəsinə görə ümumilikdə 10.500 manat Cavabdeh ödəmişdir. Lakin, aralarında bəzi mübahisələrdən sonra, Cavabdeh əsassız olaraq, ona verilmiş idarə etmə hüququ barədə etibarnaməsini ləğv etmişdir. Hazırda həmin avtonəqliyyat vasitəsi Nərimanov DYPİ-nin əməkdaşları tərəfindən duracağa qoyulmuşdur və həmin əmlaka dair qeydiyyat şəhadətnamənin Cavabdeh adına olduğundan həmin əmlakı duracaqdan cavabdeh götürə bilər. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumun Qərarına istinadən, mübahisə predmeti olan “whatsapp” yazılar Məhkəmədə sübut növü kimi istifadə edilə bilər. Hal-hazırda pulsuz və əmlaksız vəziyyətə düşmüşdür. Maddi durumu çox pisdir. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı irəli sürdüyü iddiasını qəbul etmirlər, tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçı ilə cavabdeh arasında qeyd olunan avtomobilin ona satılmasına dair hər hansı razılaşma olmamış, cavabdeh tərəfindən ondan hər hansı məbləğdə pul alınmamış və ya hər hansı şifahi və ya yazılı əqd imzalanmışdır. İddia tələbində qeyd olunanlar tamamilə absurddur. İddiaçı cavabdehə qarşı olan qərəzli münasibətindən irəli gəlir. İddiaçı tərəf öz iddiasını, yəni “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin guya ona satılmasını təsdiq edən hər hansı bir sübut və ya materialı iddia ərizəsinə əlavə etməmişdir. Yeganə olaraq avtomobil cavabdeh tərəfindən idarə olunması üçün iddiaçıya verilmiş, bununla bağlı da etibarnamə iş materiallarına əlavə edilmişdir. Bu isə həmin avtomobilin alqı-satqısı anlamına gəlmir. Bir daha qeyd edir ki, tərəflər iddiaçı tərəfindən avtomobilin ona satılmasına dair hər hansı məbləğdə pul ödəməmiş, belə bir razılaşma olmamışdır. Ümumiyyətlə, iddia tələbi qeyri-müəyyəndir. Hesab edir ki, tələb dəqiqləşdirilməlidir. Yəni iddiaçı ya avtomobilin onun mülkiyyətinə keçirilməsi və ya pulun ödənilməsini konkret göstərsəydi, daha məqsədəuyğun olardı. Bu bir daha onu göstərir ki, iddiaçı hazırki tələblə özgəsinin mülkiyyətini əsassız olaraq qanuni yolla sahibliyinə keçirib varlanmaq istəyir. İddiaçının tələbi cavabdehə olan şəxsi ədavəti və qərəzli münasibətindən irəli gələn yalan və böhtandan ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək iddiaya etirazı müdafiə etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin ekspertizada iştirak etməsi barədə cavabdehi məlumatlandırsa da, cavabdeh bildirmişdir ki, səs yazıları ona aid olmadığından ekspertizada iştirak etməyəcəkdir. Həmçinin, tərəflər arasında alqı-satqı münasibətləri və ya hansısa borc münasibətləri olmamışdır. Qiymətləndirmə ekspertizasının təyin edilməsini də onlar deyil, qarşı tərəf istəmişdir. Ona görə də, tədqiqatın dəyəri cavabdehdən tutulmalı deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AC 476927 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 220 minik” markalı, **-RE-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi İddiaçıdur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus “Mercedes Benz 220 minik” markalı, **-RE-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 8700 manata X1. BA 211779 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdehdur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixə qədər verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi X3 etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci il tarixə qədər verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2033-cü il tarixə qədər verilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +994 70 247 34 26 əlaqə nömrəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus +994 70 247 34 26 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, tərəflərin avtomobillərin alqı-satqısı, onların təmiri və sair barədə söhbətləri olmuşdur. Həmçinin yazışmalarından müəyyən olunur ki, cavabdeh iddiaçıya səsli mesaj göndərmiş və yazmışdır ki, “pul verəndə haqq-hesab edək, mənim fikrimlə 1200 qalıb”, yenə səsli mesaj göndərilmişdir. İddiaçı “səhv hesablamısan, problem yoxdur, hesablayarıq təzdən”. İddiaçı “bilirəm krişkaları ver heç olmasa, söz verdiyin şeyləri ver”. Cavabdeh “gələn il maşını adına keçirəndə verərəm”, “olar məndə gəl apar salonda krişka”. Fləş kartda olan səs yazılarından aydın olur ki, səs yazılarda 2 kişi cinsi maşınla əlaqədar söhbət edir. Maşında olan problemlər müzakirə edilir. Onlardan biri digərinin ona maşınla əlaqədar 1000 manat yay aylarında parkda, 1000 manat maşını yeni alan zaman, bir dəfə 1000 və bir dəfə də 500 manat ödədiyini, 7000 də bir dəfəyə ödədiyini, ümumilikdə 10500 manat ödədiyini bildirir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində buraxılış ili 2008-ci il, qara metalik rəngli, **-CV-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı, xetçbek tipli nəqliyyat vasitəsilə eyni texniki parametrlərə uyğun avtomobilin xx.xx.2022-ci il üçün orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri təxminən 12.000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 300 manat iddiaçı tərəfindən ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2291/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “İş materiallarına əlavə edilmiş “Fləş kart”da olan səs yazılarındakı danışıqlar İddiaçı və Cavabdeh aiddirmi?” Həmçinin həmin qərardadda tərəflərə izah edilmişdir ki, onlar ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan və məlumatından görünür ki, mərkəz məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Səbəb olaraq onu göstərmişdir ki, cavabdehin adından eyniləşdirici tədqiqat aparılması üçün eksperimental səs və nitq nümunəsinin və tədqiqatı tələb olunan mübahisəli fonoqramların dinləmə protokolunun təqdim edilməsi barədə ekspertin vəsatəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 121,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə iddiaçı, cavabdeh ilə nəqliyyat vasitəsinin 11.500 manata alqı-satqısına dair şifahi razılıq əldə etdiklərini, həmin razılaşma üzrə cavabdehə 10.500 manat pul verdiyini, bununla belə cavabdehin onun adına olan etibarnaməni ləğv etdiyini, hazırda həm pulundan və həm də avtomobildən məhrum olduğunu iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iddiasının sübutu kimi Cavabdeh adına qeydiyyata alınmış +994 70 247 34 26 mobil nömrəsi ilə aparılan “whatsapp” yazışmalarından çıxarış və səs yazıları təqdim etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) hər nə qədər tərəflər arasında avtomobil alqısatqısına dair hər hansısa razılaşmanın olmadığını, təqdim edilən “whatsapp” yazışmalarının onunla aparılmadığını və səs yazılarının ona aid olmadığı bildirsə də, məhkəmə araşdırması zamanı +994 70 247 34 26 mobil nömrəsinin cavabdehin adına olduğu müəyyən edilmiş, təyin olunan ekspertizada isə iştirak etməkdən yayınmışdır. Cavabdehin məhkəmə iclasların iştirak edən nümayəndəsi (vəkili) qeyd edilənlərin, o cümlədən nəqliyyat vasitəsinə dair iddiaçının və onun arvadının adına hansı səbəbdən etibarnamələrin verilməsinin ağlabatan izahını verə bilməmiş, təmsil etdiyi şəxsin səs yazılarının ona aid olmaması səbəbindən ekspertizada iştirak etmədiyini bildirməklə kifayətləndirmişdir. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının iddiasının dəlillərini əsaslı hesab edir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, tərəflər tanışdırlar və onlar arasında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, cavabdeh özünə məxsus “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11.500 manata iddiaçıya satmışdır. İddiaçı cavabdehə 10.500 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizadan müəyyən edilmişdir ki, 2008-ci il buraxılışlı “Kia Pride” markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixi üçün orta bazar qiyməti 12.500 manat təşkil edir. Eyni zamanda da məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası da tərəflərin razılaşdığı məbləğin avtomobilin faktiki dəyərinə uyğun olduğunu təsdiqləyir. Belə olan halda da, məhkəmənin qənaətinə görə cavabdeh avtomobili geri alıb, ödənilən məbləği, yəni 10.500 manat vəsaiti iddiaçıya geri qaytarmamaqla əsassız varlanmışdır. Ona görə də, iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 10.500 manat məbləğində vəsait, 121 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat ekspertiza tədqiqatının dəyəri iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində vəsait, 121 (bir yüz iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 (üç yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar