Məhkəmə qərarları › İş №e-2(001)-2298/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2298/2022

10.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2298/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “zirzəminin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında (yeni qaydalarla binanın nömrəsi 109.M1) yerləşən yaşayış binasının zirzəmsinin Cavabdeh2 adına özəlləşdirilməsinə əsas olmuş sənədlərin etibarsız sayılması və zirzəminin Cavabdeh2 adına mülkiyyət hüququ üzrə dövlət reyestrindəki aparılmış qeydiyyatın ləğv edilməsi, zirzəminin təyinatına uyğun olaraq binanın mənzil mülkiyyətçilərinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, elektron məhkəmə sistemində yerləşdirilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.12.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri. Binəqədi rayonu X3 küçəsi, 3a ünvanında yeriəşən qeyri-yaşayış sahəsi (zirzəmi) Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004413 saylı, 14.04.2009-cu il tarixli şəhadətnamə əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı RX seıyalı. ******* nömrəli 31.10.2012-ci il tarixli çıxarış tərtib olunmuşdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Göründüyü kimi hazırkı halda mübahisəli zirzəminin özəlləşdirilməsi və ona dair çıxarışın verilməsinin əsasında iznibati orqan tərəfindən qəbul edilmiş inzibati akt (qərar) dayanır. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının zirzəmsinə dair Cavabdeh2 adına Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004413 saylı, 14.04.2009-cu il tarixli şəhadətnamə və RX seryalı ******* nömrəli 31.10.2012-ci il tarixli çıxarış “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında tərtib edildiyindən hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Digər tərəfdən, qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2-ci maddələrinə əsasən, iddia ərizəsində ... cavabdehin və işdə iştirak edən digər şəxslərin ... adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini, həm də Cavabdeh2 cavabdeh qismində cəlb etsə də, Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, habelə yaşayış yeri barədə məlumatı göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “zirzəminin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın və iddiaçıya müvafiq tələblə aidiyyat üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar