Məhkəmə qərarları › İş №e-2(001)-2300/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2300/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2300/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1n, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ-3087 nömrə ilə qeydiyyata alınmış İddiaçı2 ərizəsinin, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ-3222 nömrə ilə qeydiyyata alınmış İddiaçı1 ərizəsinin və Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ-3499 nömrə ilə qeydiyyata alınmış İddiaçı3 ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatını mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 8.2-ci bəndinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki-prosessual qanunvericiliyin mənasına görə iddia bir neçə iddiaçı tərəfindən qaldırıla bilər. Belə olan halda iddiaçıların hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İş materiallarından göründüyü kimi iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçılardan İddiaçı1 və İddiaçı2 məcburi köçkün vəsiqələrinin olması onların dövlət rüsumunu ödəməkdən azad olduqlarını müəyyən etmək üçün kifayət edir. Lakin müstəqil iddiaçı qismində çıxış edən digər İddiaçı3 dövlət rüsumunu ödəməkdən azad edilməsi halı iş materialları ilə müəyyən edilmir. Belə ki, İddiaçı3 onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu səbəbdən aldığı müalicələr onun dövlət rüsumunun ödənilməsindən azad olması üçün əsas deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yalnız Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar