Məhkəmə qərarları › İş №e-2(001)-2303/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2303/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2303/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçilər İddiaçı2, İddiaçı1, onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın bütün paylar üzrə qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı şəxs qismində 2 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, mirasın bütün paylar üzrə qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi ərizəçilərin xüsusi mülkiyyətindədir. Həmin evdə 100 ildən artıq müddətdir ki, onların ailəsi yaşamışdır. Lakin evin çıxarışına nəzər yetirdikdə 1950-ci illərdə ölmüş şəxslərin adlarının olduğunun şahidi oldular (X17, Baba Nəriman oğlu, X26, X22). Halbuki, o evi ərizəçilərin anasından ərizəçilər miras olaraq qəbul etmiş və evin bütün xərcləri onlar tərəfindən qarşılanır, evə faktiki sahibliyi onlar həyata keçirirlər. Ev adlarına qeydiyyatdan keçməmişdən əvvəl də faktiki olaraq onlar tərəfindən qəbul edilmişdir. Çıxarışda adları olan digər şəxslər ərizəçilərin uzaq qohumlarıdır. Həmin şəxslərin ərizəçilərin qohumları olduğunu sübut etmək üçün tərəflərindən müxtəlif orqanlara sorğular ünvanlanmışdır. Lakin həmin şəxslər (çıxarışda adları olan) 20-ci əsrin əvvəllərində vəfat etdiyi üçün, onlarla bağlı heç bir sənəd saxlanılmamışdır. DƏDRX-in 1 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X17, Baba Nəriman oğlu, X26, X14 mülkiyyətinə hansı əsaslarla keçməsi ilə bağlı sənədlər idarədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3, X11, X26 və X14 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. Mübahisəli evin bütün kommunal xərcləri ərizəçilərin anasının sağlığında onun tərəfindən, daha sonra isə ərizəçilər tərəfindən ödənilmişdir. Evin bütün təmir və saxlama xərclərini ərizəçilər çəkir. Həmin evdə ərizəçilərin ailəsi - yəni mərhum qardaşları və mərhum valideynləri ilə birlikdə ərizəçilər yaşamışlar. Həmin evdə doğulub, böyümüşlər. Bütün bu hadisələr olarkən evdə çıxarışda olan şəxslər çoxdan vəfat etmişlər. 60 il ərzində evə dair heç kəsin iddiası və pretenziyası olmamışdır. Hətta evin 100 ildən çox tarixi olan ev kitabçası da ərizəçilərdə saxlanılır. Bütün bu hallar bir daha təsdiq edir ki, 100 ildən çoxdur ki, evə ərizəçilərin ailəsi və ərizəçilər faktiki sahiblik etmişlər. Mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etsələr də, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçilər İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ərizəçilərdən başqa çıxarışda qeyd olunmuş dörd şəxs ərizəçilərin uzun illər əvvəl vəfat etmiş qohumlarıdır. Həmin şəxslərə dair dövlət arxivlərində hər hansı məlumat yoxdur. Ərizəçilərin valideynləri, indi isə ərizəçilər özləri illərdir ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə heç bir mübahisə olmadan faktiki olaraq sahiblik edirlər. Hal-hazırda çıxarışda mərhum X17, Baba Nəriman oğlu, X26 və X14 adlarının formal olaraq qeyd olunması ərizəçilərin mülkiyyət hüquqlarını məhdudlaşdırır və bu ziddiyyət yalnız məhkəmə yolu ilə aradan qaldırıla bilər. İş materiallarında olan Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamə İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X1 mülkiyyətində olan 1/5 hissəsinə dair verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədə X18, 1/5 hissədə Baba Nəriman oğlu, 1/5 hissədə X26, 1/5 hissədə X22, 1/10 hissədə İddiaçı1, 1/10 hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “ ... Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3, X11, X26 və X14 doğum tarixlərinə dair heç bır məlumat aşkar olunmayıb”. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 129 saylı fərdi yaşayış evinə dair X9, Baba Nəriman oğlunun, X20 və X4 əsasları arxiv qovluğunda aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... X2 yaxın qohumları barədə məlumatların istənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Adıçəkilən şəxsin ölümü haqqında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1961-cı ildə tərtib edilmiş akt qeydi nəzərdən keçirilərkən onun 65 yaşında vəfat etdiyi müəyyən edilmişdir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Akt kitablarının saxlanılması qaydası və müddətlərinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. ... vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1946-cı ildən saxlanılır. Göstərilənlərə əsasən M.Qasımovun yaxın qohumları barədə sənədlərin əldə olunması üçün Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur”. İş materiallarında olan Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “ ... İddiaçı1 və İddiaçı2n 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində vəfat etmiş Baba Nəriman oğlundan, X8, X19, X12 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizələri qəbul edilmişdir. Lakin onlar ölən şəxslərin ölüm haqqında şəhadətnaməsini, qohumluğu bildirən sənədləri təqdim edə bilmədikləri üçün onlara 27 fevral 2022-ci il tarixli 416 №-li məktub ilə imtina verilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X9, X5, X20 və X14 adına hər hansı miras əmlaka dair vərəsilik işinin açıldığı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, ərizəçilərin qonşusudur, ünvan 3 ünvanda 1964-cü ildən yaşayır. Əbilov küçəsi, ev 129 ünvanda ərizəçilər və onların ailə üzvlərindən başqa heç vaxt heç kimi görməmişdir. Həmin evdə əvvəl ərizəçinin anası, anası öləndən sonra isə ərizəçilər yaşamış, evin normal vəziyyətdə saxlanılmasına, kommunal xidmətlərinin ödənilməsinə də indi ərizəçilər nəzarət edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, ərizəçilərin qonşusudur, ünvan 5 ünvanda doğulandan yaşayır. Əbilov küçəsi, ev 129 ünvanda ərizəçilər və onların ailə üzvlərindən başqa heç vaxt heç kimi görməmişdir. Çıxarışda adları olan digər dörd nəfəri tanımır, adlarını heç vaxt eşidməyib. Həmin evə dair heç vaxt hər hansı mübahisə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçilərin qonşusudur, ünvan 7 ünvanda 1956-cı ildən yaşayır. Əbilov küçəsi, ev 129 ünvanda ərizəçilər və onların ailə üzvlərindən başqa heç vaxt heç kimi görməyib. Çıxarışda qeyd olunan digər dörd nəfərin adını eşidib, deyilənə görə ərizəçilərin qohumları olublar, lakin çoxdan ölüblər. Ərizəçilərin valideynlərini də tanıyırdı. Çox yaxşı insan və qonşu olublar. Heç vaxt heç kimlə mübahisələri olmayıb. Həmin evə anaları öləndən sonra ərizəçilər nəzarət edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. ... Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. ... Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir”. Hazırkı işin materiallarından görünür ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın bütün paylar üzrə qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsələr də, iş materiallarında nə digər dörd nəfərin ölmüş olması, nə də ki, ərizəçilərin həmin şəxslərin vərəsələri olması/ola bilməsinə dair hər hansı sənəd mövcud deyil. Belə olan halda hüquq haqqında mübahisənin olması aşkardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın bütün paylar üzrə qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılamış saxlanılmalı və ərizəçilərə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinəmüvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın bütün paylar üzrə qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılamış saxlanılsın. Ərizəçilərin ümumi əsaslarla iddia vermək hüququ var. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi İddiaçı1, 50 (əlli) manat hissəsi isə İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar