Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2397/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının oğlu Maraqlı şəxs keçmiş həyat yoldaşı olub, digər cavabdehlər isə onların övladlarıdır. Belə ki, iddiaçının oğlu ilə Cavabdeh3 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2004-cü il təvəllüdü Cavabdeh1 adlı övladları dünyaya gəlmişdir. İddiaçının oğlu ilə Cavabdeh3 faktiki ailə qurduqdan sonra xeyli müddət müxtəlif yerlərdə kirayədə qalmışlar. Daha sonra uşaqlara xatir onların bələdiyyə sənədi əsasında ilk öncə rəhmətlik yoldaşına, hazırda isə yoldaşının vəfatı ilə əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, ünvan 1 ünvanında bir müddətlik qalmalarına razı oldular ki, qısa müddət qalsınlar sonra isə özlərinə başqa ev tapıb, gedərlər. Lakin buna baxmayaraq cavabdeh yenə də Ucar rayonunun Qazyan kəndində yaşayan ailəsigilə getmiş, demək olar ki, orada qalmışdır. Yəni artıq iddiaçının oğlu ilə onun ailə münasibətləri demək olar ki, həmin vaxtdan fomal xarakter daşımağa başlamışdır. İddiaçının oğlu ailəsinin dağılmaması üçün dəfələrlə barışıq əldə etməyə çalışsa da, cavabdeh övladları ilə birgə atası evinə gedərək uzun müddət orada qalmışdır. Yəni, cavabdeh iddiaçıya məxsus evdə yaşamamış, daha çox atasıgildə yaşamış, əlavə olaraq isə öz istəyi ilə iddiaçının oğlu ilə kirayədə qalmışdır. Ailə münasibətlərini qoruyub saxlamaq mümkün olmadığından məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və hər iki övladları anasının yanında saxlanılmışdır. Cavabdeh3 heç kim ona maneə yaratmasa da özü əsassız iddia ərizələri ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə köçürülməsini tələb etmişdir. Hətta Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardadından da görünür ki, onun tələbi tam təmin edilərək icra məmurları tərəfindən evə köçürülmüşdür. Cavabdehin iddiaçıya məxsus evin yalnız 9 kv.m. olan bir otağına köçürülməsi təmin edilmiş, yəni onun başqa sahələrə heç bir aidiyyəti olmamışdır. Cavabdehin də çox yaxşı bildiyi kimi həmin qətnamə icra edilsə də, cavabdeh o gündən sonra bir gün də belə həmin evdə yaşamamış, iddiaçının nəvələrini də yaşamağa qoymamışdır. O, iddiaçının nəvələri ilə birlikdə Ucar rayonunun Qazyan kəndində yaşayan atasıgilin evinə getmiş, iddiaçının nəvələrinin orada məktəbə getməsini təmin etmiş və bir daha da geri qayıtmamışdır. Yəni 2008-ci ildə rəsmi ailə qurmuş, 2012-ci ildə məhkəmə qaydasında nikahı pozulmuş, 2013cü ildə evə köçürülməsi təmin edilmiş, lakin buna baxmayaraq cavabdehlər iddiaçıya məxsus evdə yaşamamış, bu da onların istifadə hüquqlarının formal olduğunu göstərir. Cavabdeh3 daha sonralar da, əmlak tələbi ilə, hətta mənzilin bölgüsü ilə bağlı da iddia ərizəsi versə da onun tələbi sübuta yetirilmədiyindən, yəni mənzilə mülkiyyət hüququnun olmaması, ümumiyyətlə əmlaka subyektiv hüququnun olmaması ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə hər üç intansiya məhkəməsi məhkəmə aktı qəbul etmiş və məhkəmə aktları qüvvəsini almışdır. Mənzilə hər hansı hüququ olduğunu deyən insan artıq 10 ildir ki həmin mənzildə yaşamır, oradan istifadə etmir. Bu keçən müddətdə onun gəlib iddiaçıya məxsus evdə yaşamasına kimsə problem yaratmamışdır. Əgər hər hansı problemin, maneənin olması ehtimalı olsaydı cavabdeh çoxdan bu barədə aidiyyəti qurumlara müraciət edərdi. Belə bir müraciətin də olmaması bir daha təsdiq edir ki, cavabdeh övladları ilə könüllü şəkildə iddiaçıya məxsus mənzildə yaşamaqdan imtina etmiş, bu da onun istifadə hüququndan da imtina etməsi, istifadə hüququna xitam verilməsi kimi başa düşülməlidir. Hal-hazırda cavabdeh iddiaçının ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması, istifadə hüququnun qalması formal xarakter daşıyır. Cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının əmlakı ilə bağlı müstəqil sərəncam vermək, ondan istifadə hüququmu pozur. Belə ki, cavabdehin daimi yaşamaq üçün ünvanı var, artıq 10 ildir ki, cavabdehlər evi tərk edərək Ucar rayonunda yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli daşınmaz əmlak özbaşına tikili olduğundan hər hansı şəxsin əmlakdan istifadə hüququnun tanınması/itirilməsi barədə iddiaların irəli sürülməsinin mümkünlüyü sual doğurur, lakin iş materiallarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli, 2-185/2006 saylı, xx.xx.2006-cı il tarixli, 2-1278/2006 saylı və xx.xx.2013-cü il tarixli, 2(001)-1123/2013 saylı qətnamələri mövcuddur və həmin qətnamələrin hazırkı vəziyyətdə nəzərə alınmalı olması qanunvericiliyin tələbərindən irəli gəlir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli, 2-185/2006 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər X13, İddiaçı, Maraqlı şəxs və Binəqədi RPİ Qeydiyyat və şəxsiyyət vəsiqəsi Şöbəsinə qarşı evə köçürmə, evdən istifadə qaydasının müəyyən edilməsi, evə yaşayış sahəsi üzrə qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə iddia ərizəsi qismən təmin edilərək, X4 Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 2 ünvanda yerləşən evə köçürülməsi və uşaqları ilə birlikdə həmin evə pasport qeydiyyatına alınması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “ ... Məhkəmə prosesində müəyyən edildi ki, cavabdeh X3 rayonunda olan evini satıb 1997-ci ildə Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 2-də özbaşına iki otaqlı yaşayış evi tikib ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamış, hazırda da orada yaşayır. 2000-ci ilin yanvar ayından onun oğlu iş üzrə cavabdeh Maraqlı şəxs iddiaçı X8 ilə faktiki evlənmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Toy mərasimindən sonra cavabdehlərin razılığı ilə mübahisəli köçmüş, cehiz əşyalarını hamin evə gətirmiş və uşaqları həmin evdə anadan olmuşdar. 2005-ci ilin yay aylarından tərəflər arasında mübahisə yaranmış və iddiaçı atasının Ucar rayonunun Qəriyon kəndində olan evinə getmişdir, orada uşaqlarım müalicəsi ilə məşğul olmuş, geri qayıtmaq istədikdə isə əri və qayınatası onu mübahisəli evə buraxmamışlar”. İş materiallarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1278/2006 saylı qətnaməsindən görünür ki, iddiaçı X13 (*hazırkı iş üzrə iddiaçının mərhum əri) “yaşamaq hüququnun tanınması və qeydiyyata götürülməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə X9 ailə üvləri ilə birlikdə (*qətnamədən ailə üzvlərinin kim olması aydın deyil) ünvan 4 saylı evə yaşamaq hüquqları tanınmış və onların həmin ünvana qeydiyyata götürülmələri Binəqədi RPİ Q və ŞVŞ-nə tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-1123/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh Maraqlı şəxs qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh3 uşaqları Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ünvan 4 saylı evə köçürülmələri qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “ ... iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-185/2006 saylı, 13 yanvar 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçının uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzilə qeydiyyata alınması və köçürülməsi qət edilmiş, yəni, iddiaçı və uşaqlarının həmin evə istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq tanınmışdır”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 8(001)-1156/2013 saylı qərardadında göstərilmişdir ki, tələbkar Cavabdeh3 uşaqları Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ünvan 4 saylı evə köçürülmüş və icra vərəqəsində göstərilən tələb tam təmin edilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (Əliyeva) Xanım Behbud qızı ilə 1966-cı ildə rəsmi nikahda daxil olmuşdur. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən və "xxxx" ASC-nin hesab fakturasından görünür ki, mübahisəli evə edair kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr ərinin ölümündən sonra iddiaçı ilə bağlanmışdır. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh3 uşaqları Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ünvan 4 saylı evdə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçının qonşuları X5, X2, X14 və X10 təsdiq etmişlər ki, İddiaçı keçmiş gəlini Cavabdeh3 və nəvələri Cavabdeh1 və Cavabdeh2 2012-ci ildən ünvan 4 ünvanında yaşamamışlar. X5, X2 və X14 eyni məzmunlu ərizəni Abşeron rayon 2 saylı notariat ofisində də vermişlər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. ... Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. ... Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. ... Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. ... Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır”. İş materiallarında olan qanuni qüvvəyə minmiş qətnamələrin məzmunundan göründüyü kimi, cavabdehlərin mübahisəli daşınmaz əmlaka istifadə hüququ 2006-cı ildə tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 1123/2013 saylı qətnaməsində iddiaçı Cavabdeh3 Cəlal qızının özünün sözləri olaraq qeyd olunmuşdur ki, o, 2003-cü ildən 2012-ci ilədək mübahisəli evdə yaşamış, 2012-ci ildə uşaqların yay tətili zamanı Ucar rayonunun Qazyan kəndində yaşamış, ondan sonra artıq mübahisəli evə buraxılmamışdır. 2013-cü ildə Cavabdeh3 uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə dair qətnamə icra edilmiş, cavabdehlər mübahisəli evə köçürülmüş və həmin vaxtdan sonra, faktiki olaraq mübahisəli evdə yaşamasalar da, tərəflərindən evə buraxılmamalarına dair hər hansı ərizə məhkəməyə daxil olmamışdır. Cavabdehlərin 10 ilə yaxın müddətdə başqa yaşayış sahəsində yaşamaları və bunun onların iradəsinə zidd olması iş materiallarından görünmədiyi nəzərə alınaraq, məhkəmə tərəfindən cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması qənaətinə gəlimir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2397/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2397/2023
04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver