Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2441/2022 12.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, nümayəndəsi X12, nümayəndəsi və vəkili Vəkil2, X1 və X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sağlamlığına vurulmuş ağır zərər nəticəsində ona dəymiş 15.000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin avqust ayının ortalarından Binəqədi rayonu Sulutəpə qəsəbəsində X12 həyətində taxta işi ilə məşğul olmağa başlamış, İbişov Ehtibarın oğlu olan cavabdeh isə taxtaların daşınaraq ünvanlara çatdırılmasında atasına kömək edirdi. 03 sentyabr 2021-ci il tarixdə, saat 18 radələlərində iş bitdikdən sonra cavabdehin idarə etdiyi “Mitsubishi” markalı avtomobilin ön oturacaqlarında iki nəfər xatırlamadığı şəxsin oturduğu üçün yer olmadığına görə, cavabdehin sözü ilə İbrahım adlı işçi ilə birlikdə avtomobilin yük yerində oturmuşdur. Bu zaman avtomobilin arxa sağ qapısı açıq vəziyyətdə iplə yan tərəfə bağlanmışdır. Onun arxada oturduğundan cavabdehin və avtomobilin ön oturacaqlarında oturan şəxslərin məlumatı var idi. Avtomobilin yük yerinin içərisi tozlu olduğu üçün yük yerinin qapısının ağzında ayaqlarını sallayaraq oturmuşdur. Bir müddət avtomobil hərəkət etdikdən sonra qəfil yük yerinin iplə bağlanmış qapısı ipdən qoparaq sol ayağının diz nahiyəsinə dəyərək xəsarət almağına səbəb olmuşdur. Hadisə baş verdikdən sonra cavabdeh və avtomobildə öndə oturan şəxslərlə birlikdə cavabdehin yaşadığı evin həyətinə gəlmiş, daha sonra təcili tibbi yardım avtomobili ilə Topçubaşov adına xəstəxanaya aparılmışdır. Həmin xəstəxanada 18 gün müddətində yatmış, sol ayağından əməliyyat olmuşdur. Xəstəxanadan çıxdıqdan sonra yaşadığı Zərdab rayonuna getmiş, təxminən bir ay evdə yatılı qalmışdır. Gəzməyə başladıqda isə sol ayağımın topuq ilə daban hissəsi yer dəyişmiş, Topçubaşov xəstəxanasında onu əməliyyat edən həkimə müraciət etdiyimdə, həkim onun ayağına tok veriləcəyi təqdirdə bunun sağalacağını bildirmişdir. Bundan sonra ayağı daha çox ağırlaşmağa başlamış, Sumqayıt şəhərində yerləşən “Liman” klinikasında işləyən Ruslan adlı həkimə müraciət etdikdə o, ayağını 1.200 manata əməliyyat edəcəyini bildirmişdir. Bununla əlaqədar cavabdehin atasına müraciət edərək pul verməsini istədikdə o, pul verməyəcəyini söyləmişdir. Həmin müddətdə onun evində 10 gün qaldıqdan sonra “Liman” klinikasında əməliyyat olmuşdur. Topuq-pəncə nahiyəsində olan xəsarət 03 sentyabr 2021-ci il tarixdə cavabdehin idarə etdiyi yük avtomobilinin qapısının sol ayağıma dəyməsi nəticəsində əmələ gəlmişdir. Aldığı xəsarət nəticəsində sağlamlığına ciddi zərər dəymiş, cavabdeh tərəfindən müalicə xərcləri ödənməmişdir. Hadisə ilə əlaqədar 06 yanvar 2022-ci il tarixində ərizə ilə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət etmiş, cavabdehin və atasının cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş məlumat qeydiyyata alınmış və icrası həmin bölmənin baş təhqiqatçısı Ruslan Əsgərova həvalə edilmişdir. 07 yanvar 2022-ci il tarixdə araşdırmanın davam etdirilməsi üçün material Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinə göndərilmiş və həmin tarixdə araşdırmanın davam etdirilməsi Binəqədi RPİ-nin TŞ-yə ezam olunmuş 5-ci Polis Bölməsinin baş təhqiqatçısı Elçin Rzazadəyə həvalə edilmişdir. Cavabdeh Binəqədi RPİ-nə və Binəqədi rayon prokurorluğuna ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsində özünün təqsirli olmasını etiraf edib barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “8 noyabr - Zəfər Günü münasibətilə amnistya aktının qərar layihəsinin” cinayət məsuliyyətindən azad olunması ilə bağlı müddəalarınnın tətbiq olunmasını xahiş etmişdir. “8 Noyabr - Zəfər Günü” münasibətilə Milli Məclis tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul olunmuş amnistya aktının müvafiq müddəalarına əsasən cavabdehin əvvəllər hər hansı bir cinayət törətməməsini, cinayət məsuliyyətinə cəlb olunmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşağın olmasını, Cəbrayıl rayonundan məcburi köçkün olmasını nəzərə alaraq, onun sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarəti alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı ilə bağlı cavabdeh amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmuş, toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 07 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2022-ci il tarixində verdiyi rəyə görə, ayağındakı xəsarət bərk küt əşyanın təsirindən, “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi” PHŞ-nə tibbi yardım üçün müraciət etdiyi 03 sentyabr 2021-ci il saat 20:30-dan bir qədər əvvəl əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 03 sentyabr 2021-ci il tarixdə sərnişini olduğu yük avtomaşınının qapısının onun sol diz oynağı nahiyəsinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Həmçinin, bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Müalicə aldığı dövrlərdə həkim üçün dəfələrlə yaşadığı Zərdab rayonundan Bakı şəhərinə gəlməli olmuşdur. Hər dəfə bunun üçün tək gedişə taksiyə 70 manat pul ödəmişdir. Yol üçün təqribən 1.500 manata yaxın məbləğdə xərc çəkmişdir. Eyni zamanda, maddi imkansızlığı və cavabdehin müalicə üçün xərclərini cüzi qarşıladığına görə, müalicə xərcləri üçün atası X3 rayonunda yerləşən 3 ha əkin sahəsini yaşadıqları kənddən olan şəxsə 5.000 manat müqabilində müvəqqəti istifadə üçün verməyə məcbur qalmış və 50 baş kənd təsərrüfatı heyvanını biri 85 manat olmaqla satmaq məcburiyyətində qalmışdır. Etibarnamənin tarixindən görünür ki, əkin sahəsi 19 yanvar 2022-ci il tarixdə, yəni, müalicənin davam etdiyi dövrdə verilmişdir. Bədbəxt hadisə baş verdiyi gündən bu günədək aldığı dərmanlar, müalicə üçün xəstəxanaya gedib-gəlməyə çəkdiyi yol xərcləri, eyni zamanda, lazım olan məbləğin tamamlanması üçün əkin sahələrini müvəqqəti istifadəyə verməklə itirdikləri qazanc və kənd təsərrüfatı heyvanlarını satmaqları nəticəsində ümumilikdə təxmini hesablamaları nəticəsində cavabdeh tərəfindən ona 10.650 manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin, müalicə xərclərinin yalnız cüzi bir hissəsisini əks etdirən qəbzlər əlində qalmışdır. Hesab etmişdir ki, ziyan vuran şəxs ziyanı tamamilə qarşılayacaq, ona görə qəbzləri saxlamağa ehtiyac görməmişdir. Müalicə üçün “Liman” klinikasına cavabdeh tərəfindən sadəcə 1.700 manat pul vəsaiti ödənilmişdir. Bu isə müalicəsi üçün çəkdiyi xərclərin çox az bir qismini təşkil edir. Bundan əlavə müalicəsi üçün əlavə heç bir ödəniş etməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini iddiaçı onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları ərəfəsində müalicə üçün lazım olan maddi vəsaitin miqdarı ilə bağlı dəfələrlə müxtəlif həkimlərdə müayinədə olmuş, şifahi qaydada ona bildirilmişdir ki, 14-15.000 manat pul vəsaiti lazımdır. Bundan sonra 4 əməliyyat keçirilməlidir. Lakin, onun buna maddi imkanının çatması mümkün deyil. Heç bir xəstəxana da rəsmi arayış verməmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, hadisə baş verən zaman o, dərhal təcili tibbi yardım maşını çağırmış, iddiaçını əvvəlcə 3 saylı Sabunçu rayonunda yerləşəm klinikaya aparmış, lakin klinika onları qəbul etməmiş və “'Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi"nə yönləndirmişlər. Orada iddiaçı dərhal damar cərahiyyəsi şöbəsinə götürülmüş və İlqar adında cərrah lazımı əməliyyat aparmışdır. O, bütün xəstəxana xərclərini qarşılamışdır. 18 gün orada müalicə alan iddiaçı tam sağalaraq evə yazılımışdır. İddiaçının səhhətində nə baş vermişdirsə bundan sonra baş vermişdir. Hesab edir ki, əgər iddiaçıya düzgün tibbi yardım göstərilməmişdirsə və ya kifayət qədər lazımi səviyyədə peşəkar yardım göstərilməmişdirsə, artıq bu onun günahı deyil. Respublikada 1 nömrəli damar cərrahiyyəsi kimi tanınan bir müalicə ocağında damar köçürən zaman səhvə yol verilmişdirsə, qan dövriyyəsi pozulması nəticəsində iddiaçının ayağında baş verənlərə artıq həmin müalicə ocağı və əməliyatı həyata keçirən həkim məsuliyyət daşıyır. O və ailəsi yenə də humanistlik göstərərək iddiaçıya 6.000 manatdan çox yardım etmişlər. Onlarda olan məlumata görə iddiaçının ayağı sobaya yapışaraq yanmışdır. Yəni onun ayağının bu vəziyyətə düşməsi tamam başqa səbəbdən əmələ gəlmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ekspertlər tərəfindən ona verilmiş suallara cavab olaraq bildirdi ki, “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndən evə buraxıldıqdan sonra evdə bir müddət sonra ayağını yerə qoyub evdə və həyətdə asta-asta gəzirdi. Təxminən 10 gün ərzində pəncəsi yavaş-yavaş sallanmağa başladı. Onun ayağında olan vintlər “Liman” klinikasında qoyulmuşdur. Belə ki, sinir zədəli olduğuna görə onun pəncəsi əyilmiş, bunun nəticəsində sümükləri aralanmış və aralarına ət girmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilən suala cavab olaraq bildirdi ki, o, xəstəxanadan evə buraxıldıqdan sonra həqiqətən cavabdehə telefon vasitəsilə müalicəni yekunlaşdıraraq buraxıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının müalicəsi üçün tələb olunan məbləğlə bağlı sənədlər yalnız müalicə yekunlaşandan sonra məhkəməyə təqdim oluna bilər. Belə ki, tibb müəssisələri belə sənədləri öncədən təqdim etmirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı “Akademik Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzi”ndən evə buraxıldıqdan sonra ona telefon vasitəsilə demişdir ki, artıq müalicəsi yekunlaşıb və evə gedir. İddiaçının noyabr ayının sonunda ayağı sağlam idi, dekabr ayının sonlarında onlara gəldi və ayağı qan içində əski ilə bağlanmışdır. İddiaçının bibisi və ya xalası oğulları ona bildirdilər ki, iddiaçı ayağını yandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçının müalicəsi ilə bağlı o, “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə 300 manat, ayrıca həkimin özünə 600 manat, 1.000 manat məbləğində vəsaiti isə iddiaçıya qanın alınıb köçürülməsinə xərcləmişdir. Bundan sonra o, “Liman” klinikasında iddiaçının müalicəsi üçün 1.700 manat məbləğində vəsait xərcləmişdir. İddiaçı onun həyətinə işləməyə gələndə onun ayağı artıq zədəli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi və bildirdi ki, iddiaçının ayağındakı problemlər həkimlərin müalicəni düzgün aparılmaması nəticəsində əmələ gəlmişdir və burada cavabdehin heç bir təqsiri yoxdur. Təqsiri olduğu təqdirdə belə iddia əsassızdır, çünki iddiaçı müalicə üçün tələb olunan vəsaitlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, rentgen şəkillərindən görünür ki, “Liman” klinikasında iddiaçının pəncəsinə metal vintlər bağlanmış və bu əməliyyatın sinirin zədələnməsi ilə əlaqəsi ola bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını və ekspertlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasına dəvət edilmiş ekspert X13 ona verilmiş suallara cavab olaraq bildirdi ki, işdə olan tibbi sənədlərə əsasən “Akademik Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzi”ndə iddiaçının üzərində əməliyyat tibbi qaydalara uyğun həyata keçirilmiş və xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Nə “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə tərtib edilmiş tibbi sənədlərdə, nə də ki, “Liman” Klinikasında tərtib edilmiş sənədlərdə iddiaçının ayağında sinirin zədələndiyi qeyd edilməyib. Hər iki tibb müəssisəsində sinirin zədələndiyi görünməli idi, çünki sinir zədələnəndə pəncə sallaq vəziyyətdə olur və bunu görməmək mümkün deyil. Həmçinin, sinir damar boyunca şahələnir və “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə damar əməliyyatı həyata keçirən həkimin bunu görməməsi mümkün deyil. İddiaçının sinirinin zədələnməsi sonradan travma nəticəsində yaranmışdır. bilər. İddiaçının ayağı yanmamışdır. Məhkəmə iclasına dəvət edilmiş ekspert X17 ona verilmiş suallara cavab olaraq bildirdi ki, nə “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə tərtib edilmiş tibbi sənədlərdə, nə də ki, “Liman” Klinikasında tərtib edilmiş sənədlərdə iddiaçının ayağında sinirin zədələndiyi qeyd edilməyib. “Liman” Klinikasında iddiaçının barmağının amputasiya səbəbi də göstərilməyib. Bunun üçün müxtəlif səbəblər ola bilər. İddiaçının ayağının siniri zədələnsə idi, hər iki tibb müəssisəsində bunu görərdilər. Çünki sinir zədələnəndə pəncə sallaq vəziyyətdə olur və belə vəziyyətdə iddiaçı ayağını yerə qoyub hərəkət edə bilməzdi. “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə sinirin zədələndiyi müəyyən edilməyib, iddiaçı bununla bağlı 5 ay keçdikdən sonra “Liman” Klinikasına müraciət etmişdir. Onun ayağının siniri sonradan zədələnmişdir. “Liman” Klinikasında ayağın sümüklərinə vintlərin bağlanmasının sinir müalicəsi ilə əlaqəsi yoxdur. Belə vintlər sümüklər zədələndiyi hallarda bağlanır. İş materiallarında olan: Cinayəyət işinin başlanmasının rədd edilməsi haqqında 04 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, 03 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Elçin Əzizov küçəsində Cavabdeh idarə etdiyi “X19” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtomobilin arxa sağ qapısını açıq vəziyyətdə saxlamaqla avtomobilin yan tərəfinə bərkidərək nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq avtomobili hərəkət etdirmiş, həmin zaman güclü külək nəticəsində avtomobilin açıq vəziyyətdə olan arxa sağ qapısı bərkidildiyi yerdən qoparaq avtomobilin yük yerində ayağını sallamaqla əyləşmiş İddiaçı sol ayağına dəymiş, sonuncunun “Sol budun aşağı 1/3-nin və diz oynağının küt travması, budun arxa səthinin deşilmiş-didilmiş yarası. Bud arteriyası və venasının bağ aparatının zədələnməsi (tam qopması). İİİ A dərəcə kəskin işemiya. Hematoma. Diz oynağının bağ aparatının zədələnməsi” kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. “8 Noyabr - Zəfər Günü” münasibətilə Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktının müvafiq müddəalarına əsasən Cavabdeh cinayət məsuliyyətindən azad olunmuş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Liman” Klinikası tərəfindən verilmiş qəbzlərindən görünür ki, həmin klinikaya ümumilikdə 1.300 manat məbləğində vəsait ödənilmişdir. Əczaçılıq mallarının satışı ilə bağlı qəbzlərindən görünür ki, əczaçıllıq mallarının alışı ilə bağlı 92,89 manat məbləğində vəsait ödənilmişdir. 19 yanvar 2022-ci il tarixli, AR İİ № 568421 nömrəli etibarnamənin surətindən görünür ki, X5 və X2 rayonu, Ağababı kəndində yerləşən 3 ha torpaq sahəsini istifadə etməyi, idarə etməyi və sair səlahiyyətlərin həyata keçirilməsi üçün 15 noyabr 2026-cı il tarixinədək X16 etibar etmişlər. “Məhkəmə-Tibbi Ekspertiza və X15” X23 tərəfindən verilmiş 325/KEŞ nömrəli rəydən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı yol-nəqliyyat qəzası nəticəsində onda “Sol budun aşağı 1/3-nin və diz oynağının küt travması, budun arxa səthinin deşilmiş-didilmiş yarası. Bud arteriyası və venasının bağ aparatının zədələnməsi (tam qopması). İİİ A dərəcə kəskin işemiya. Hematoma. Diz oynağının bağ aparatının zədələnməsi” müəyyən edilmişdir. Bununla əlaqədar o, “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi” PHŞ-də və “Liman” Klinikasına müalicələr almış və cərrahiyyə əməliyyatına məruz qalmışdır. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “sol incik və qamış sinirlərin travmatik hissəvi zədələnməsi”nin olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji vəziyyət travmatik mənşəli olsa da, tibbi sənədlərdə sinir zədələnməsi qeyd edilməmişdir. İddiaçı aparılmış müalicələrə və icra edilmiş operativ müdaxilələrə baxmayaraq onda sağalma prosesinin ləngiməsi müşahidə olunur, bu da müxtəlif səbəblərdən, yəni orqanizmin bərpa funksiyalarının pozulması, iltihabı, damar daxili xroniki proseslərin kəskinləşməsi və ya ambulator müalicələrin yetərsizliyi fonunda yarana bilərdi. İddiaçı hazırki vəziyyəti ilə əlaqədar onun adekvat müalicəyə ehtiyacı vardır. Müalicələrin effektliyi və nəticəsi haqqında əvvəlcədən proqnozun verilməsi mümkün deyildir. Müalicə məsrafların təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin 03 sentyabr 2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin istismar qaydalarını pozması nəticəsində iddiaçının sol ayağı zədələnmiş, bununla bağlı iddiaçının ayağında “Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi”ndə cərrahi əməliyyat həyata keçirilmiş və müalicədən sonra iddiaçı evə buraxılmışdır. Daha sonra iddiaçı “Liman” Klinikasına müraciət etmiş, həmin Klinikada onun pəncəsində əməliyyat aparılaraq sümüklərinə metal vintlər bağlanmış, həmçinin bir barmağı amputasiya edilmişdir. Həmin Klinikada müalicə üçün cavabdeh tərəfindən 1.700 manat məbləğində vəsait xərclənmişdir. Hazırda iddiaçının sol ayağında sinir zədələndiyi üçün o, pəncəsini hərəkət elətdirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin hüquqa zidd əməli nəticəsində onun sağlamlığına vurulmuş ağır zərər nəticəsində ona 15.000 manat məbləğində maddi ziyanın dəydiyi iddia edilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda sol ayağının sinirinin zədələnməsi iddiaçı tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən ekspertlər tərəfindən bildirilmişdir ki, iddiaçıya aid olan tibbi sənədlərdə onun sinirinin zədələndiyi qeyd edilməmişdir. Bundan başqa, onun ayaq siniri zədələnsə idi, pəncəsi sallaq vəziyyətqə qalmalı idi və bunu həkimlər görərdilər. Bundan əlavə, o, pəncəsini yerə qoyaraq yeriyə bilməzdi. Halbuki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, o, bir neçə gün ayağını yerı qoyaraq evdə və həyətdə hərəkət etmiş, sonradan onun pəncəsi sallaq vəziyyətə gəlmişdir. Ekspertlər həmçinin bildirmişlər ki, iddiaçının ayağında sinirinin zədələnməsi sonradan aldığı travma nəticəsində əmələ gəlmişdir. Bundan başqa, iddiaçı hazırda müalicəsi üçün 15.000 manatın tələb edildiyini iddia etsə də, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim edə bilməmiş, yalnız “Liman” Klinikasına 1.300 manat məbləğində vəsait ödənildiyini və əczaçıllıq mallarının alışı ilə bağlı 92,89 manat məbləğində vəsaitin ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçının özünün iddia ərizəsində bildirdiyinə görə, onun müalicəsi üçün cavabdeh tərəfindən “Liman” Klinikasına 1.700 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-2441/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2441/2022
12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver