Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2583/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Azcargo Logistics and Management Services MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Azcargo Logistics and Management Services MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 27.04.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Texno-Atinak MMC-nin mülkiyyətində olan, sonuncunun 01.01.2019-cu il tarixli etibarnaməsi əsasında 31.12.2019-cu il tarixədək idarə edilməsi üçün Azcargo Logistics and Management Services MMC-yə etibar edilmiş **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T markalı avtonəqliyyat vasitəsi 24.08.2018-ci il tarixdə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 25.03.2019-cu il tarixdə cavabdeh Azcargo Logistics and Management Services MMC-nin işçisi Cavabdeh1 idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində **-EL-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 CD1 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydmlaşdınlarkən müəyyən olunmuşdur ki, sürücü Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP 283948 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Cadillac MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** EL *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C 200 CDİ markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1283 manat məbləğində müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin 03.10.2019-cu il tarixli sığorta aktına əsasən, avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1283 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ona görə də cavabdehlər Azcargo Logistics and Management Services MMC-dən və onun işçisi Cavabdeh1 1283 manat məbləğində sığorta ödənişinin əvəzinin, 30,40 manat dövlət rüsümunun iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş eymiş, məhkəmə işə iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Azcargo Logistics and Management Services MMC-də sürücü vəzifəsində işləmiş, işəgötürənin etibarnaməsi əsasında **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T yük markalı nəqliyyat vasitəsini idarə etmişdir. O, Azcargo Logistics and Management Services MMC-nin etibarnaməsi əsasında idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T yük markalı avtonəqliyyat vasitəsi ilə 24.03.2019-cu il tarixdə saat 18-50 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində **-EL-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 CDİ markalı avtonəqliyyat vasitəsi ilə toqquşaraq sonuncuya ziyan vurmuş və hadisə yerindən getmişdir. Törətdiyi yol nəqliyyat hadisəsinə görə təqsirli bilinərək 100 manat cərimə olunduğundan hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ onun tərəfindən ödənilməli deyildir. Bundan başqa Azcargo Logistics and Management Services MMC onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş, işdən çıxarkən ona iki aylıq əmək haqqını ödənilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 Cavabdeh1 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, qardaşı R.R. Paşayev şəkər xəstəsidir, son zamanlar qohumlarının maddi köməkliyi ilə ürək əməliyyatı keçirmişdir. Heç bir yerdə işləmədiyindən iddiaçının tələb etdiyi məbləği ödəyə bilməz. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azcargo Logistics and Management Services MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Azcargo Logistics and Management Services MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Azcargo Logistics and Management Services MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) AC № 839091 saylı 18.03.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2011-ci il buraxılışlı Ford Cargo 3532T yük markalı **-JS-*** qeydiyyat nişanlı avtomobil Texno-Atinak MMC-nin mülkiyyətindədir. Texno-Atinak MMC-nin 01.01.2019-cu il tarixli E-01\002 saylı etibarnaməsinin surətindən müəyyən olunur ki, Texno-Atinak MMC mülkiyyətində olan **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T yük markalı nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı səlahiyyətlərin verilməsini 31.12.2019-cu il tarixədək Azcargo Logistics and Management Services MMC-yə etibar etmişdir. Azcargo Logistics and Management Services MMC-nin 01.03.2019-cu il tarixli etibarnaməsinin surətindən müəyyən olunur ki, Azcargo Logistics and Management Services MMC sahibliyində olan **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T yük markalı nəqliyyat vasitəsini Cavabdeh1 31.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının ərazisində idarə etməyi etibar etmişdir. Nizami RPİ-nin DYPŞ-nin 29.03.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən müəyyən olunur ki, Cavabdeh1 Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq etibarnamə əsasında idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T markalı avtonəqliyyat vasitəsi ilə 24.03.2019-cu il tarixdə Q.Qarayev prospektindən sağa, Ə.Vəliyev küçəsinə dönərkən sol tərəfdə olan Mercedes Benz E 220 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra hadisə yerini tərk etmişdir. Nizami RPİ-nin DYPŞ-nin 29.03.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi **-JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T markalı avtonəqliyyat vasitəsi ilə 24.03.2019-cu il tarixdə Q.Qarayev prospektindən Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, Mercedes Benz E 220 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi cəmi 1283 manat təşkil edir. CCL-5247\2019 saylı 03.10.2019-cu il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 24.08.2018-ci il tarixdən 23.08.2019-cu il tarixə qədər sığortalanmış **- JS-*** dövlət qeydiyyat nişanlı Ford Cargo 3532T markalı avtomobillə Mercedes Benz E 200 CDİ markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında 25.03.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərəçəkən şəxs X3 dəyən ziyanın məbləği 1283 manat, sığorta ödənişi 1283 manat müəyyən edilmiş, 1283 manat sığorta ödənişinin avtomobilin təmiri üçün fiziki şəxs X1 adına açılmış hesaba köçürülməsi qərara alınmışdır. 20.09.2019-cu il tarixli 48 saylı hesab fakturadan müəyyən olunur ki, ehtiyat hissələrinə görə 598 manat, servis xidmətinə görə 685 manat olmaqla cəmi 1283 manat Paşa Sığorta ASC tərəfindən fiziki şəxs X2 ödənilmişdir. 03.10.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Mercedes Benz E 200 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Paşa Sığorta ASC-nin ödədiyi 1283 manat zərər məbləği müqabilində X4 tərəfindən təmir olunaraq zərərçəkən şəxsə təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2021-ci il tarixli 9\3891 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Paşa Sığorta ASCnin 03.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı Mercedes Benz E 200 CDİ markalı ** EL *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 1283 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 Paşa Sığorta ASC-də icbari sığorta növündə sığortalanmış nəqliyyat vasitəsini işəgötürəni olan Azcargo Logistics and Management Services MMC-nin etibarnaməsi əsasında idarə edərkən 24.03.2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozduqdan sonra hadisə yerini tərk etmiş, Cavabdeh1 təqsirli bilindiyi hərəkət nəticədə iddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı 1283 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunvericiliyin tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində cavabdeh Azcargo Logistics and Management Services MMC-nin işçisinin təqsiri sübuta yetirildiyindən iddia tələbi Azcargo Logistics and Management Services MMC-yə qarşı hissədə əsaslıdır. Ona görə də iddia ərizəsi qismən təmin edilərək Azcargo Logistics and Management Services MMC-dən sığorta ödənişinə görə 1283 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdeh Azcargo Logistics and Management Services MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Azcargo Logistics and Management Services MMC-dən sığorta ödənişinə görə 1283 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1313,40 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. Azcargo Logistics and Management Services MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2583/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2583/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver