Məhkəmə qərarları › İş №e-2(001)-2654/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2654/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2654/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Açar sözlər : (mənzilə köçürmə, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun və ailə üzvləri, anası 05 oktyabr 1967-cü il təvəllüdlü X1 və 29 avqust 2005-ci il təvəllüdlü X10 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ana X5 və həyat yoldaşı X10 ilə ünvan 1 ünvanında birgə yaşayırdıq. Sözügedən mənzil onlara məhrum atamdan qalmışdır. Atası ilə olan mübahisəyə görə o, ana və yoldaşı ilə müvəqqəti kirayədə qalmağa məcbur olduq. Atasının rəhmətə gedəndən sonra onun dəfn mərasimini keçirtdi. Sonra ana və həyat yoldaşı ilə evinə qayıtmaq istədilər, lakin bacısı Cavabdeh Yahya qızı bizə maneçilik törətdi. O,evdə təmir işləri keçirmək bəhanəsi ilə bizievə daxil olmağa qoymur. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikaylov küçəsi, döngə 1, 5 saylı ev özbaşına tikili olmaqla, hüquq müəyyən eden sənədlər Binəqədi rayon məhkəməsinin 2-538/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən həmin yaşayış evinə qeydiyyata salinmışlar. Beləliklə mübahisəli evə dair evdə yaşayış hüquqları tanınmış və yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Nəticə etibarı ilə həmin evdə hamısının yaşamaq hüququ vardır. Hazırkı şəraitdə cavabdeh mübaisəli evdə normal şərtlər daxilində yaşadığından, onların həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun, anası və həyat yoldaşının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilini cavabdehlə və bütün ailə üzvləri yaşayış hüquqları tanınmışdır. Həmin tikili də bütün ailə üzvləri ilə birlikdə yaşadığından və onlarla birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev onun, ana və həyat yoldaşının yeganə yaşayış yeri olduğundan onlarla birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair iddia təmin edilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, tikili özbaşına tikili olub. İddiaçı ata və anası arasında nikah pozulan zaman yetkinlik yaşına çatmadığından öz iradəsindən kənar mübahisəli evdən çıxmışdır. Həmin vaxt ailəli olmamışdır. Hazırda iddiaçı ailə üzvləri və anası ilə birlikdə atasının onlara aldığı özbaşına tikilidə yaşayıblar. Bundan başqa iddiaçı atasının sağlığında mütəmadi olaraq mübahisəli evə gedib-gəlmiş, həmin evdə atası tək yaşamış, cavabdeh ailə həyatı qurduğundan Goradil qəsəbəsində yaşamışdır. Cavabdeh ataları vəfat etdikdən sonra mübahisəli evə köçərək iddiaçını həmin evə buraxmır. Cavabdeh məhkəmə iclasında izahatında bildirir ki, iddiaçının hazırda yaşadığı evi atası ona alıb. Bununla da dolayı olaraq təsdiq edir ki, iddiaçının evi yoxdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia qanunsuz və əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, əvvəl Goradil qəsəbəsində qaynatasına məxsus evdə yaşasa da, hazırda həmin evdə uşaqları ilə birlikdə yaşayır. Atası sağ olan zaman iddiaçıya ev almış, özünün mülkiyyətində olan maşını iddiaçıya bağışlamışdır. Hazırda iddiaçının yaşadığı evi atası ona lasa da, yaşamaq üçün qardaşına icazə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahatında və məhkəməyə ünvanlandığı yazılı etirazında məhkəməyə bildirdi ki, iddia qanunsuz və əsassızdır. İddiaçı cavabdehin ögey qardaşıdır. X4 xx.xx.1995-ci ildə vəfat edəndən 1 il 2 ay sonra, yəni xx.xx.1996-cı ildə atam X14 iddiaçının anası Mahmudova (Hüseynova) Aygün Feyzulla qızı ilə rəsmi nikaha girməklə evlənmişdir və bu nikahdan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. Mahmudova (Hüseynova) Aygün Feyzulla qızı 2015-ci ildə atam X14 nikahının pozulması barədə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir və bildirmişdir ki, “artıq bir neçə ildir ki, cavabdehlə aramızda baş verən münaqişələrə görə birlikdə yaşamırlar, nikahları formal xarakter daşıyır, birgə nikahdan olan oğlu onunla yaşayır”. Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-1402/2015-ci il tarixli qətnaməsi ilə X14 ilə X6 arasında bağlanmış xx.xx.1996-cı il tarixli nikahın pozilması; xx.xx.1998-ci il təvəllüdlü İddiaçı anasının himayəsində qalması və İddiaçı 18 yaşına çatanadək saxlanması üçün X8 hər ay 108 manat sabit pul məbləğində alimentin alınıb X2 ödənilməsi qət edilmişdir. Qeyd etməyi vacib bilirəm ki, mərhum atam X14 2014-cü ilin əvvələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən 23 saylı fərdi yaşayış evini satın almış və keçmiş arvadı X3 və azyaşlı övladı, hazırki iş üzrə İddiaçı həmin evə köçürmüşdür. 2014-cü ildən bu günə kimi iddiaçı və anası Mahmudova (Hüseynova) Aygün Feyzulla qızı həmin evdə yaşayırlar. Evin Elektrik abonent kodu (**********06013) və Su abonent kodu (**********001) mənim adımadır. Qaz abonent kodu isə (**********940004) hazırda İddiaçı adınadır. İddiaçının iddia ərizəsində qeyd eilənlər tamamilə yalan və absurddur, çünki, 2014-cü ildə Nadirin 16 yaşı var idi, o necə evlənə bilərdi. O, və anası 2014-cü ildən kirayədə deyil, qeyd etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən 23 saylı fərdi yaşayış evində yaşayırlar və onların bütün əşyaları, arvadının cehiz əşyaları da həmin evdədir. İddiaçı və anası ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsalar da, 2014-cü ildən onlara aid bu evdə heç nə yoxdur və onların qeydiyyatı formal xarakter daşıyır. Yəni onlar öz zəruri ehtiyaclarını mübahisəli evdə deyil, atasının onlar üçün aldığı və köçürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən 23 saylı fərdi yaşayış evində qarşılayırlar. Bundan başqa atası X14 xx.xx.2024-cü il tarixində vəfat etmişdir və vəfat etməzdən 17 gün öncə mülkiyyətində olan HYUNDAİ ACCENT MİNİK markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı bağışlamışdır. Atası İddiaçı evə və avtomobil verməsinə baxmayaraq, bir də cavabdehin yaşadığı evə göz dikmiş və bu evi də mənimsəmək istəyir. İddia - dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ünvanda olan **********40004 nömrəli istehlakçı hesabı xx.xx.2010-cu il tarixdə X9 adına qeydiyyatdan keçmiş, xx.xx.2014-cü il tarixdə Cavabdeh adına keçirilmişdir. -xx.xx.2025-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə qaz paylayıcısı arasında ünvan 4 ünvanına görə müqavilə bağlanmışdır. -Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin 01/93 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivi 1-ci küçə ev 23 ünvanında yaşayan Hüseynov X11 bələdiyyəsində torpaq vergi ödəyicisi kimi qeydiyyatdadır, lakin sənədlər bələdiyyənin arxivindən qanunamüvafiq şəkildə Milli Arxiv İdarəsinə təhvil verildiyi üçün bələdiyyə tərəfindən ona torpaq sahəsinin ayrılması barədə məlumat verilməsi mümkün deyil. -Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04/73 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Hüseynov X11 qəsəbəsi Yeni Yaşayış massivi 1-ci küçə ev 23 ünvanda qeydiyyatsız olaraq yaşayır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən aşağıdakı maddələr üzrə hərəkət-hərəkətsizlik cinayət məsuliyyətini yaradır: -188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma; – 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma; - 222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda; - 314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə; - 314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması. Deməli, bilvasitə olaraq belə yuxarıda qeyd edilən dispozitiv şərtlərə münasib (cinayət təhdidi altında olan) qanunsuz əməllərə mülki müstəvidə qiymət verilməsi sui-istifadəyə və qadağan edilmiş özbaşınalığa şərait yarada (rəvac verə) bilən həssas məsələdir. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İddia ərizəsində İddiaçı tərəfindən irəli sürülsə də, tələbdə Aygün Mahmudova və iddiaçının yoldaşı Ləman Hüseynovanın da iddiaçı ilə birlikdə mübahisəli mənzilə köşçürülməsi tələbi irəli sürüldüyündən məhkəmə hər üç şəxsə münasibətdə mübahisəni qiymətləndirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, mübahisəli ev özbaşına tikili olmaqla, İddiaçı valideynləri arasında nikah münasibətləri pozulanadək mübahisəli evdə yaşamış, nikah pozulduqda yetkinlik yaşına çatmadığından anası Aygün Mahmudovanın himayəsində saxlanılmaqla mübahisəli evdən 2015-ci il tarixdən köçmüş, Yəhya Hüseynov tərəfindən alınmış fərdi yaşayış evində yaşamaqla mənzilə olan ehtiyaclarını ödəmişlər. Mənzilə köçmək istəyən Ləman Hüseynova isə ümumiyyətlə mübahisəli evdə yaşamamış, fərdi yaşayış evinin tikintisində, yaxlışadırılmasında iştirak etməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi işin mübahisəsiz halıdır. Ev iddiaçıların yaşadığı yer olmadığından, mənzilə dair ehtiyaclarını mübahisəli ev vasitəsi ilə qarşılamadığından hazırki mübahisədə yuxarıda sadalanan üç hal öz təsdiqini tapmır. Tərəflər arasında mübahisələndirilən hal həmin evə iddiaçıların köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçılar qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən 10 ildən sonra istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Belə ki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməyib. Əksinə, iddianın məzmunundan, tərəflərin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, iddiaçılar 2015-ci il tarixdən evi tərk edib və Yəhya Hüseynov tərəfindən İddiaçı və Aygun Mahmudovaya alınmış fərdi yaşayış evində yaşadıqdan sonra hazırkı iddanı əslində məlum olmayan niyyətlə irəli sürmüşdür. İddiaçı Aygun Mahmudova və İddiaçı 2015-ci il tarixədək mübahisəli evdə yaşaması, İddiaçı 16 yaşında anasının himayəsində olduğundan yaşayış sahəsindən köçməsi işin mübahisəsiz halı olsa da, bu o demək deyil ki, onların hazırkı iddiası yaşayış sahəsinə olan ehtiyacdan irəli gəlib. Çünki tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür, ancaq o, bu halları sübut edə bilmir. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin alınmasında yaxud inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçılar cavabdehlə ailə üzvləri olsalar da, köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacları da olmamışdır. Demək ki, iddiaçıların başqa yaşayış yeri mövcuddur. Ona görə də iddiaçılar bu davranış ilə köçmək istədikləri tikilidə həqiqətən yaşamaq üçün marağ və ehtiyaclarının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır. Özbaşına tikililərə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə yuxarıda sadalanan normaları, işin faktiki hallarını, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən yaşamaq üçün ehtiyacları olmadığından fərdi yaşayış evinə köçürülmə barəsində iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı ailə üzvləri, anası 05 oktyabr 1967-cü il təvəllüdlü X1 və 29 avqust 2005ci il təvəllüdlü X10 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ailə üzvləri, anası 05 oktyabr 1967-cü il təvəllüdlü X1 və 29 avqust 2005-ci il təvəllüdlü X10 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar