Məhkəmə qərarları › İş №e-2(001)-2850/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2850/2023

18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2850/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildə məskunlaşan və faktiki yaşayan Cavabdeh1, Cavabdeh2 Gülsəfa qızı, Cavabdeh3, ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə X2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X6 məxsus, ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzilinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-2086/2009 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2023-cü il tarixli məktubundan göründüyü kimi, 1992-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 məskunlaşmışdır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, iddia ərizəsində cavabdeh qismində göstərilən şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 məskunlaşmışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-2086/2009 saylı qətnaməsinə əsasən "xxxx" X5 ilə cavabdeh X3 arasında 16 dekabr 2008-cı il tarixdə RBB1842(g) saylı kredit müqaviləsinin ləğv olunması, X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 39b saylı evin 3 saylı mənzilində yaşayan şəxslərin məcburi qaydada mənzildən çıxarılması və mənzil cavabdehlərdən alınaraq hərracda satılması, mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına 42240 manat əsas borcu, 4671 manat faiz borcu, 3613 manat dəbbə pulu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla "xxxx" X1 hesabına ödənilməsi qət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektorunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3 və X8 ilə birlikdə 042529 №-li qeydiyyat kartasmda göstərilənə əsasən xx.xx.1995-ci il tarixdən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 39B , mənzil 3-də məcburi köçkün kimi qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hazırda mübahisəli mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir. Lakin buna baxmayaraq, həmin ev cavabdehlər tərəfindən boşaldılmır. Məhkəmənin gəldiyi qənaətə görə, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən çıxarılmalı, həmin mənzil boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar