Məhkəmə qərarları › İş №e-2(001)-2863/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2863/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2863/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 152,37 manat vəsaitin,o cümlədən iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 30,4 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5 % olmaqla 23 ay üçün 14,60 manat həcmində hesablanmış faiz, cavabdeh Nağıyev Aytəndən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin(bundan sonra müvafiq olaraq «Sedent») proqram təminatından baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışlar. İş materiallarında olan "xxxx" MMC "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 2 nömrəli «tələbin güzəşti haqqında (sessiya)» müqavilənin 1.1-ci maddəsinə əsasən, borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə sedent tərəfindən sessionara güzəşt edilmişdir. Qeyd edilir ki, borclular həmin müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan «X1 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış» dan göründüyü üzrə **********248235 nömrəli bank kartının sahibi əsassız varlanaraq 152,37 manat məbləğində pul vəsaiti əldə etmişdir. «Granat» pul köçürmələri sistemindən ("xxxx"MMC) əldə olunan məlumatlara əsasən **********248235 nömrəli kartın sahibi Cavabdehdir. İş materiallarında olan «KİVİ Bank» SC tərəfindən "xxxx" MMC-yə göndərilən 11-2023-314754/1PB nömrəli xx.xx.2023-cü il tarixli «İnformasiya məktubu»nda qeyd edilmişdir ki, «KİVİ BANK» SC xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək «Granat» pul köçürmələri xidmətinin işində problemlər olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq QİWİ cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış mütərilər tərəfindən əməliyyatların ləğv edilməsini təsdiq edən və buna görə də «Granat» pul köçürmələri xidməti tərəfindən «300» kodunun və əməliyyat səhvi haqqında «texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik» məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri Əlavə 1 təqdim edirik». İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh Nağıyevə Aytənə göndərilmiş xx.xx.2025-ci il tarixli 6-2-41/2-81337/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 152,37 manat məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarılması borcludan xahiş edilmişdir. Cavabdeh Nağıyev Aytən əsassız varlanma nəticəsində əldə etdiklərini müvafiq müddət ərzində "xxxx" ASC-yə geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan: 03 fevral 2025-ci il tarixli Tələbin ötürülməsi (sessiya) müqaviləsindən görünür ki, «Bank "xxxx" MMC tərəfindən onun pul vəsaitlərinin qanunla müəyyən edilmiş əsaslar olmadan borcluların bank kartlarına köçürülmüş 55.696,23 Azərbaycan manatı, 1739,41 ABŞ dolları və 1204,39 avro məbləğində pul vəsaitlərinin borclulardan mülkiyyətinə alınması tələbini "xxxx" ASC-yə ötürülmüşdür. X1 xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus **********248235 nömrəli bank hesabına xx.xx.2023-cü il tarixdə 152,37 manat məbləğində pul vəsaiti köçürülmüşdür. «KİVİ Bank» SC tərəfindən "xxxx" MMC-yə göndərilən 11-2023-314754/1PB nömrəli xx.xx.2023-cü il tarixli İnformasiya məktubundan görünürki, «KİVİ BANK» SC xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək «Qranat» pul köçürmələri xidmətinin işində problemlər olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq müştərilərin KİVİ cüzdanında olan pul vəsaitlərinin Azərbaycana köçürülməsi tapşırıqlarına dair müvafiq reyestr (Əlavə1) göndərilmişdir. (Həmin tapşırıqlara əsasən «Qranat» pul köçürmələri Servisindən «300» kodu və «texniki səbəblərlə əlaqədar olaraq bu əməliyyat yerinə yetirilə bilməz. Ödəniş etmək üçün onlara xidmət edən banka müraciət edin» mətni ilə məlumat daxil olmuşdur). xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh əsassız olaraq əldə edilmiş vəsaitin geri qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. -194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3-ci maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh istifadəsində olan plastik kart hesabına müqavilə əsası olmadan texniki yanlışlıq nəticəsində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 152,37 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin məbləğ geri qaytarılmamışdır. Cavabdeh tərəfindən 152,37 manat məbləğində pul vəsaitinin istifadə olunması əsasız varlanma kimi qiymətləndirilməli və həmin məbləğin qaytarılması əsassız varlanmanın yaratmış olduğu hüquqi əsaslara və nəticələr uyğun olaraq qiymətləndirilməlidir. Eyni zamanda tələb hüququ "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə güzəşt edildiyindən, iddia tələbi əsassız varlanma nəticəsində əldə edilmiş 152,37 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Eyni zamanda hesab edirəm ki, iddia tələbi 14,60 manat məbləğində faiz borcunun tutuılması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxlaması və onu qaytarmaqdan boyun qaçırmasına dair sübutlar təqdim edilməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, həmin məbləğin cavabdehin bank hesabına köçürülməsində onun təqsiri olmamışdır. Beləlikdə yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, iddia qismən Cavabdeh 152,37 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Hesab edirəm ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı, eləcə də 0,40 manat məbləğində bank xidmət haqqının 0,20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 152,37 (bir yüz əlli iki manat 37 qəpik) manat məbləğində pul vəsaiti, 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,20 (iyirmi qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 181,57 (bir yüz səksən bir manat 57 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar