Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2897/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbi və birləşdirilmiş iş üzrə İddiaçı4 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə köçürülmələrinə, Cavabdeh ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evində iddiaçıların istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları İddiaçı1 Ümid oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir, onlar qanun üzrə vərəsələr olmaqla, buna dair müvafiq şəhadətnamələri mövcuddur, ataları İddiaçı1 Ümid oğlunun vəfat etməmişdən öncə şəxsi hesabına inşa edilmiş lakin mülkiyyət sənədi olmayan ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evi qalmışdır. Həmin evi hal-hazırda qardaşları Cavabdeh təkbaşına zəbt edərək yaşayır və həmin evdən istifadə etməyə maneələr yaradır, baxmayaraq ki, hamısı eyni dərəcəli vərəsələrdir Cavabdeh öz hərəkətləri ilə digər vərəsələrin hüquqlarını pozaraq təkbaşına həmin evdən istifadə və sahiblik edir. Bir müddət öncə mübahisəli evin kommunal xidmətlərə görə müvafiq müqavilələri öz adına rəsmləşdirərək atalarına məxsus olmasına dair izləri itirməyə çalışır. Belə ki, cavabdeh Azərişiq və Azəriqaz ASC-lər ilə olan müqavilələri öz adına rəsimləşdirmişdir. Cavabdeh qanunsuz olaraq onların istifadə və sahiblik hüquqlarını davamlı şəkildə pozur. Cavabdehin bu hərəkətlərini qanunsuz hesab edirlər.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2897/2024 saylı qərardadı ilə X7 iddiadan imtinası qəbul edilmiş, ona aid olan hissədə iş üzrə icraata xitam verilmişdir.
4. Birləşdirilmiş iş üzrə İddiaçı4 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbi ilə müraciət edərək, ünvan 1 ünavında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə köçürülməsinə, Cavabdeh ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsinə, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası İddiaçı1 Ümid oğlu xx.xx.2020ci il tarixində vəfat etmiş, onun qanun üzrə vərəsəsi olmaqla, buna dair müvafiq şəhadətnaməsi mövcuddur, atası İddiaçı1 Ümid oğlunun vəfat etməmişdən öncə şəxsi hesabına inşa edilmiş lakin mülkiyyət sənədi olmayan ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evi qalmışdır. Həmin evi hal-hazırda qardaşı Cavabdeh təkbaşına zəbt edərək yaşayır və həmin evdən istifadə etməyə maneələr yaradır, baxmayaraq ki, hamısı eyni dərəcəli vərəsələrdir Cavabdeh öz hərəkətləri ilə digər vərəsələrin hüquqlarını pozaraq təkbaşına həmin evdən istifadə və sahiblik edir. Bir müddət öncə mübahisəli evin kommunal xidmətlərə görə müvafiq müqavilələri öz adına rəmiləşdirərək atalarına məxsus olmasına dair izləri itirməyə çalışır. Belə ki, cavabdeh Azərişiq və Azəriqaz ASC-lər ilə olan müqavilələri öz adına rəsmiləşdirmişdir. Cavabdeh qanunsuz olaraq onun istifadə və sahiblik hüquqlarını davamlı şəkildə pozur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(001)- 4155/2024 saylı qərardadı ilə İddiaçı4 Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4155/2024 saylı mülki iş, iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə e-2(001)-2897/2024 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilməsi, mülki işdə e-2(001)-2897/2024 qeydiyyat nömrəsinin saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
7. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin sənədi olmadığından öhdəlik müqaviləsi adı altında formal olaraq alğı-satqı müqaviləsi bağlanmışdır. Alğısatqını edən şəxs də, tərəflərin mərhum atalarıdır. Hansı ki, bu fakt mübahisələndirilmir və şahid ifadələri ilə təsdiqini tapır. Cavabdehin sübut olaraq göstərdiyi əmək haqqı məbləği, tikintini apara biləcək maddi imkana malik olmadığını göstərir. Bundan başqa cavabdeh məhkəmə iclasında atasına torpaq sahəsinin pulunu qaytardığını, hətta bu faktı Aysel xanımın da, təsdiq etdiyini bildirsə də, Aysel xanım bunu təsdiq etməmişdir. Hətta müqaviləni imzalayan şəxsin həyat yoldaşı da, ödənilən məbləğin həcmi və ödəniş qaydası barədə məlumat verməmişdir. Mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, mənzilə köçürülməyə dair iddia qaldırılıb. Öhdəlik müqaviləsinə münasibətdə dindirilən şahiddə təsdiq edir ki, həmin müqavilə alğı-satqı müqaviləsi olub.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən Vəkil1 izahatlarında bildirmişdir ki, torpağın və tikilinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Əlavə olaraq bildirir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 Ümid oğlu tərəfindən 12000 ABŞ dollarına alınmışdır. Satıcı ilə İddiaçı1 Ümid oğlu arasında mübahisəli fərdi yaşayış evinə dair xx.xx.2006-cı il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2008-ci il tarixdə isə mərhum İddiaçı1 Ümid oğlu ilə "xxxx" ASC arasında ilkin müqavilə bağlanılmışdır. Mübahisəli fərdi yaşayış evi məhz 2008-ci ildə tam olaraq inşa edilmişdir. Cavabdehin həmin dövrdə 22-23 yaşı olmuşdur və mübahisəli fərdi yaşayış evini hansı gəlir əsasında tikdiyi məlum deyil. Cavabdeh 2021-ci ildən əmək fəliyyəti ilə məşğuldur. 4 mərtəbəli qanunsuz tikili tərəflərin mərhum atasının şəxsi vəsaiti hesabına tikilmişdir. Hesab edir ki, iddiaçılar həmin evdə yaşamalıdırlar. Tərəflərin mübahisəli fərdi yaşayış evinə dair bərabər hüquqları vardır. Ev tam hazır olmasa idi, evə qaz və işıq çəkilə bilməzdi. Cavabdehin həmin dövrdə 22-23 yaşı olmuşdur və mübahisəli fərdi yaşayış evini hansı gəlir əsasında tikdiyi məlum deyil. Cavabdeh 2021-ci ildən əmək fəliyyəti ilə məşğuldur. Lakin hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Cavabdeh VÖEN-ni 2021-ci ildə bağlanmışdır. Tərəflərin mübahisəli fərdi yaşayış evinə dair bərabər hüquqları vardır.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, ağ şəhərdə qeyd edilən mənzil mərhum qayınatasının evidir. Həmin mənzil hazırda qayınanasının adınadır. Onun mərhum atasının Gənclikdə 1 otaqlı ev var idi. Həmin evi adına keçirtmək istəmiş, bacı və qardaşları həmin evin mülkiyyətinə keçirilməsinə razılıq versələr də, cavabdeh həmin evdən özünə pay istəmiş və evin onun mülkiyyətinə verilməsinə razı olmamışdır. Mübahisəli fərdi yaşayış evini mərhum atası tikib.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, cavabdeh atasından qalan miras payından pay istədiyi təqdirdə işlədikləri yerlərə şikayət edəcəyini bildirmişdir. Cavabdeh əsassız olaraq onun və bacı-qardaşı barəsində işlədikləri yerlərə şikayətlər etmişdir. Atası mübahisəli torpaq sahəsini 12000 ABŞ dollarına almışdır. Mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evini bacısının yoldaşının Əli adlı qardaşı tikmiş, özü isə ona fəhləlik etmişdir. Lakin hazırda bacısının nikahı pozulduğundan həmin şəxsi məhkəməyə dəvət edə bilmir. Həmin evi atası anası üçün tikdirmişdir və evdə anası qalırdı. Bundan başqa bildirmək istəyir ki, atası vəfat edənə qədər heç kimə ev verməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh ondan hədə-qorxu gəldiyi üçün maşına görə 8000 manat pul almışdır. Ona görə də, iddiadan imtina etmişdi. Lakin hazırda iddiasını müdafiə edir. Əmiləri onların ağsaqqalıdır və əmi onları başına yığaraq, məhkəməyə müraciət etməmək üçün qeyri-rəsmi olaraq, cavabdehin hazırda qaldığı evi ona vermiş, maşını ona vermiş, qardaşı İntiqama isə Gənclikdə yerləşən 1 otaqlı evi vermişdir. Bacısına isə əvvəlcədən atası ev vermişdir. Hamısı bu cür bölgü ilə razılaşmışlar. Lakin səhərisi cavabdeh bu cür bölgü ilə razılaşmadığını bildirmişdir. Cavabdeh mübahisəli fərdi yaşayış evinin sənədi olmadığı üçün ondan heç kimin həmin evi ala bilməyəcəyini bildirmişdir. Atası vəfat edəndən sonra cavabdeh kommunal müqavilələri öz adına keçirtmişdir. Torpaq sahəsi balaca olduğu üçün evi 4 mərtəbə tikmişdir. Atası sahibkar olmuş və obyektləri var idi.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə İddiaçı4 izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. Hesab edir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. Digər vərəsələr kimi atasından qalan əmlakda 1/5 hissədə payını tələb edir və evə köçürülmək istəyir. Mərhum atasının anası üçün tikdiyi və aldığı 4 mərtəbəli fərdi yaşayış evində digər iddiaçılar kimi onun da pay hüququ vardır. Mübahisəli fərdi yaşayış evinə dair bütün kommunal müqavilələr mərhum atası ilə bağlanılmışdır. Həmin həyətdə cavabdeh özü də ev tikmiş və hələ də, özünə tikdirdiyi evi yekunlaşdıra bilməmişdir. Cavabdehin aylıq əmək haqqısı 345 manat təşkil etməklə yanaşı, aliment ödənişləri var. Belə olan halda həmin əmək haqqı ilə mübahisəli fərdi yaşayış evini tikmək olmaz. Özü hazırda atasından ona qalan başqa evdə yaşayır. Atası 2005-2006-cı illərdə qonşudan torpaq sahəsi almış və həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evini tikmişdir. Atasının anası ilə nikahı pozulduqdan sonra mübahisəli fərdi yaşayış evini anası üçün tikdirmişdir və anası ölən gününə qədər həmin evdə baxıcısı ilə qalmışdır.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçıların hamısının evi vardır. 20 il ərzində əziyyətlə tikdiyi evdən pay istəyirlər. O, cavan vaxtlarından 2002-ci ildən 2007-ci ilədək Dubay şəhərindən və Gürcüstan Respublikasından avtomobil gətirərək, maşın alqı-satqısı ilə məşğul olmuşdur. Bundan başqa dükkan işlətmiş, hər ay 5000-8000 manat arası pul qazanmışdı. Hətta böyük oğluna yeni tikilən binada ev alıb vermişdir. Mübahisəli torpaq sahəsini atası almış, lakin sonradan atasının pulunu qaytarmışdır. Torpaq sahəsi alınan zaman, üzərində kərpicdən tikilmiş 1 otaq olmuşdur. O, fərdi yaşayış evini özü sıfırdan tikmiş, evin tikilməsində heç kim ona kömək etməmişdir. 20 il öz ailəsi ilə sözügedən evdə yaşamışdır. Əlavə olaraq bildirir ki, İddiaçı2 ağ şəhərdə evi, İddiaçı1 Nardaran kəndində villası, bacısı İddiaçı4 isə şəhərin mərkəzində mərhum atası tərəfindən verilmiş evi vardır. Bundan başqa ailənin Nəsimi rayonunda dəyəri 5000***-******* olan villaları, Qala kəndində villaları vardır. İddiaçı2 mərhum anasının 4 otaqlı evini 50000 manat sataraq, həmin pula qayınanasının evini tikib və həmin evi kirayəyə verib. İddiaçı2 vəzifəli şəxsdir, digər qardaşı İddiaçı1 polis əməkdaşıdır. İddiaçı1 atasının 90000 manatlıq avtomobilini mənimsəyib. Birləşdirilmiş iş üzrə iddiaçının ona həmişə borcu olmuşdur. Bacısı borcunu təzəlikcə qaytarmışdır. Bacısı atasından qalan diş klinikasını da onun xəbəri olmadan öz adına keçirtmişdir. Mübahisəli fərdi yaşayış evinin onun tərəfindən tikiliməsini qonşuları təsdiq edə bilərlər. Mübahisəli fərdi yaşayış evinin fundamenti 2008-ci ildə qoyulmuşdur. Anası 2009-cu ildə gəlib onun yanında qalmışdır. Bu barədə video çəkilişi də vardır. Anası gələn zaman evin 1 mərtəbəsi tikilmişdir. Evi təmir edən zaman atasının evində qalmışdır. Anası onun yanına köçənə kimi Sumqayıt şəhərində yaşamışdır. Həmin evi ortancıl qardaşı satmışdır. Həmişə maddi durumu yaxşı olub, günə 350 manat pul qazanmış, müxtəlif maşınları olmuşdur.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili yazılı çıxışını məhkəməyə təqdim edərək, yazılı çıxışına uyğun izahat vermişdir. Çıxışında qeyd edir: İddiaçıların iddia tələbi belədir: "fərdi yaşayış evinə köçürülmə, istifadə və sahiblik hüquqlarına maneçiliyə qadağa qoyulması". İddiaçılar tərəfindən iddia tələbinin faktiki əsasları belə təqdim edilib: a) ataları müqavilə əsasında 1 sot torpaq alıb b) aldığı torpaq üzərində ev ucaldıb c) sənədsiz olsa da, torpaq və üzərindəki ev miras əmlakıdır d) iddiaçılar atalarının varisi olduğuna görə istifadə və sahiblik hüquqlarına malikdirlər e) iddiaçıların yaşayış yerinə ehtiyacı var, onların indiki yaşayış tərzinə görə qanunsuz tikiliyə köçürülməkdən başqa bu tələbat ödənilə bilmir yaxud istifadə və sahiblik hüquqlarından öz mülahizələrinə uyğun sərbəst istifadə etmək hüquqları vardır f) cavabdeh başqasına məxsus mənzili zəbt etmişdir g) cavabdeh başqasına məxsus mənzili zəbt etməklə yanaşı orada yaşayır, buna dair cavabdehlərə hər hansı ödəniş etmir, onların hüquqlarını pozaraq həm maddi, həm də mənəvi zərər vurur.İddiaçılar tərəfindən iddia tələbinin iddia tələbinin hüquqi əsası belə təqdim edilib: Mülki Məcəllənin mülkiyyət hüququna aid normaları və delikt haqqında normaları. İddiada sübutetmə predmeti: iddiaçılar istifadə və sahiblik hüquqlarına malik olub-olmamaları, iddiaçıların yaşayış yerinə ehtiyacı varmı və bu ehtiyacın başqa yolla ödənilməsi mümkünsüzdürmü. Aydınlaşdırılmalı hallar: 1) iddiaçıların istifadə və sahiblik hüquqları oradan qaynaqlanır ki, tikili qanunsuz olsa da, miras kütləsinə daxildir. 2) tikilinin miras kütləsinə daxil olması onunla sübut olunur ki, onu ataları inşa edib, aldığı 1 sot torpaq üzərində inşa edib 3) evin ataları tərəfindən inşa edilməsi ondan irəli gəlir ki, işıq 2008-ci ildə ataları Məcidin adına qeydiyyata alınıb, o zaman tikinti yerinə 2-3 dəfə ustaları və material aparmış tanışları deyir ki, daşımaları mərhum Məcidin xahişi ilə pulsuz olaraq edib, cavabdehi xatırlamır, torpağın alındığı vaxt cavabdeh 25 yaşında olub, onun gəliri ola bilməzdi, əmək fəaliyyətinə 2015-ci ildən başlayıb, çünki X4 Bakı regional Məşğulluq Filialından arayış verilib ki, onlarda aktiv əmək müqaviləsi xx.xx.2015-dən görünür, bundan başqa onun 2018 il tarixli qətnamə üzrə aliment borcu var, deməli, 18 il ondan əvvəl, yəni 2006-2008 illərdə də imkanı yox idi. İddiaya qarşı etirazın əsas dəlilləri: İddiaçıların istinad etdiyi müqavilə mərhum İddiaçı1 ilə X8 arasında bağlanmış "öhdəlik müqaviləsi"ndə yalnız 100 kv.m torpağı satmaq üçün qabaqcadan pulun alınması faktı qeyd edilib. Alqı-satqı ilə bağlı hər hansı öhdəlik yoxdur. Nə Müqavilədə xatırlanan 100 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, nə torpaq üzərində Sevinc Məmmədovanın mülkiyyət hüququ olmuşdur, nə də mərhum İddiaçı1 mülkiyyət hüququ yaranmışdır. İddiaçıların köçmək istədiyi tikili Müqavilədə xatırlanan 100 kv.m torpaq sahəsi üzərində tikilməyib. Müqavilə bağlanan zaman həmin sahədə qayalıq olub. Həmin 0,5 sota yaxın hissə sonradan cavabdehə satılıb. Bunu satıcı kimi çıxış edən Sevinc Məmmədovanın əri, ifadə vermiş şahid təsdiq edib. İddiaçıların evi ataları tərəfindən inşa edildiyini kənar bir adam olan şahid ifadəsi ilə, işığın qeydiyyat tarixi ilə əsaslandırmağa çalışırlar. Torpaq dövlət reyestrində qeydiyyata alınmayıb, üzərində inşa edilmiş tikili sənədsiz və müvaciq icazələr alınmadan inşa edilib. Tikili tam qanunsuzdur, deməli ona dair hər hansı əqd balana, ora dair hər hansı hüquq yarana bilməz. Deməli, əmlak miras kütləsinə daxil ola bilməz. Deməli, iddiaçıların iddia irəli sürmək üçün maddi mənada subyektiv hüququ yoxdur. İddiaçılar sənədsiz və qanunsuz tikiliyə qanuni hüquq əldə etmək istəyirlər. İddiaçıların istifadə və sahiblik hüquqları olmadığı, bu hüquqlar lazımi qaydada tanınmadığı və qeydə alınmadığı halda, iddiaçılar onlara maneçiliyin aradan qaldırılması tələb edə bilməz. İddiaçılar bir gün də olsun belə cavabdehə məxsus sözügedən evdə yaşamayıblar, nə oradan çıxarılmayıblar, nə torpağın alınmasında iştirak ediblər, nə torpağın alınmasına, nə də evin tikilməsinə 1 manat belə vəsait xərcləməyiblər. Torpağın alınmasından və evin tikilməsindən 18 ildən çox müddət keçdikdən sonra, gəlib ora köçürülmələrini istəyirlər. İddiaçıların iddiası onların hansısa yaşayış tələbatından irəli gəlmir. Onların hamısının komfortlu yaşayış şəraiti vardır. Bütün bu illər ərzində cavabdeh həmin evi hissə-hissə, zülm-əziyyətlə inşa etmişdir. Bunun üçün 250 min manatdan çox vəsait qoymuşdur, tikintitəmir işləri hələ də başa çatmamışdır. Cavabdeh bu evdə bir neçə dəfə ailə qurub, dörd uşağı dünyaya gəlib, yaşayıblar. Amma iddiaçılar evi miras əmlakı hesab edir və ora köçürülmələrini istəyirlər. İddiaçılardan hər biri atalarından fərdi qaydada maddi bəxşişlər əldə ediblər. Hətta iddiaçıların məntiqini davam etdirsək belə, yəni guya ki, evin bir hissəsini mərhum İddiaçı1 inşa edib, mərhumun evi uşaqları üçün deyil, yalnız Yusif üçün inşa etdiyi nəticəsi alınacaqdır. İddiaçılar mərhum İddiaçı1 nə vaxtsa evdə digər uşaqlarının da yaşamaq istədiyinə dair heç bir sübut gətirmədilər. Deməli, iddiaçıların qanunsuz iddiaları ən yaxşı halda əmlakın ata tərəfindən oğlu Məcidə hədiyyə etməsinə gətirib çıxarır. Yəni, iddia qanunsuz olması ilə yanaşı, hətta baş tutacağı təqdirdə ədalət baxımından da tutarsızdır. Bu işdə digər maddələrlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 146.3, 166.3 maddələri nəzərə alınmalıdır. Beləliklə, hər şey qanunsuzluq, qeyri-müəyyənlik və ədalətsizlik üzərində qurulub: qanunsuz torpaq qanunsuz əqd - qanunsuz tikili olmayan subyektiv hüquq - müqavilənin aid olduğu torpaq ilə tələb edilən tikilinin üst-üstə düşməməsi – yetərli və mötəbər sübutların olmaması iddianın kökündən ədalətsiz olması. İddia tələbi olmayan subyektiv hüquqa və olmayan faktlara əsaslanır. Və buna görə də iddia nə hüquqi, nə də faktiki baxımdan əsaslıdır və təmin edilməməlidir.Bundan əlavə bildirmişdir ki, cavabdehin aliment borcu şəxsi münasibətlərindən qaynaqlanır. Bunun onun maddi durumunun olub-olmaması ilə heç bir bağlılığı yoxdur. Məlum məsələdir ki, tikilinin sənədi olmadığından miras əmlak kütləsinə daxil deyil. İddiaçı tərəf isə miras hesab edilməyən əmlaka hüququn olduğunu iddia edir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, hazırda Ramana qəsəbəsində yaşayır. Mərhum Məcidlə qonşu olmuş, Məcidin uşaqlarını əvvəl tanımasa da, sonradan tanımış, Ayselin yoldaşı Vəlini 30 ildir tanıyır. 1990-1991-ci illərdə mərhum Məcid ilə qonşu olmuşdur. Özü Zərdablıdır, mübahisəli evin inşasına dair materialları təxminən 2006-2007-ci illərdə Məcidə onun yerliləri satmış, onları özü tanış etmişdir. Məcid digər tikinti materiallarını isə Nəsimi bazarının ətrafında yerləşən mağazalardan almışdır. Mübahisəli ev 3 mərtəbəli olmuş, evə mal-materialları özü aparmışdır. Mübahisəli evin həyətinin olub-olmaması yadında deyildir. Ev hazır olandan sonra getməmiş, Məcidin evi kimə tikdirdiyini, kimə verməsi barədə məlumatı olmamışdır. Mübahisəli evdə təxminən 5-6 dəfə olmuşdur. Tikinti gedən dövrdə uşaqların heç birini tanımamış, lakin təxminən Aysel yadına gəlir. Tikinti zamanı uşaqlardan heç kimi orada görməmişdir. Özü servis işlətmiş, Məcidi oradan tanıyır. Məcid maşınlarını onun servisinə gətirirdi. Mübahisəli evə dost kimi tikinti materialları aparmışdır. Tikinti materiallarını Ayselin əri Vəlinin qardaşına təhvil vermişdir. Həmin şəxs də usta idi. Nizamini ilk dəfə 4-5 il əvvəl görmüş, evin tikintisi zamanı Nizamini orada görməmişdir. İntiqam həmişə onun yanında avtomobil düzətdirmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, məhkəmə iclasında iştirak edənlərdən Nizamini tanıyır, Məcidi isə 1 dəfə görmüş, digər proses iştirakçılarını tanımır. Məcid kişini təxminən 9-10 il əvvəl iki dəfə görmüş, yas mərasimində iştirak etmişdir. Mübahisəli evdən iki ev aralı yaşayır. 1988-ci ildən orada yaşayır və 1988-ci ildə mübahisəli ev olmamışdır. 2009-2010-cu illərdə Vazehin torpaq sahəsini satdığını eşitmiş, Məcid kişinin aldığını bilmiş, Vazehin torpaq sahəsini neçiyə satmasını soruşmamış, alqı-satqıda kimin iştirak etdiyini bilmir. Mübahisəli evin tikintisinə təxminən 2010-2011-ci illərdə başlamışdır. Arxada bir yarım tikili var idi, giriş hissə qabaq tərəfdən idi. Həmin tikilinin pəncərələri yox idi. Sonradan pəncərə qoyuldu. Lakin hər dəfə bir problemi olurdu. Arxa tikilinin damı var idi. Arxa ev olan zaman Nizami gəldi ki, “mən yaşayacam burada” Artırma təxminən 5-6 il əvvəl tikilib. Arxa ev bir dəfə uçmuşdu, Nizami oranı təmir etdi, bərkitdi. Həmin ev onların evləri üçün də təhlükəli idi. Sonradan eşitmişdir ki, təmir işləri gedə-gedə arxa evdə Nizaminin anası qalır. Mübahisəli evin içinə girməmişdir. Nizami arxa ev olan vaxtı yenidən betonu bərkitdi, ümumiyyətlə evi təmir etdi. Mübahisəli evdə bütün işləri Nizami görmüşdür. Nizaminin anasını mübahisəli evdə hansı tarixdə gördüyü tam dəqiq yadımda deyildir. Təxminən öz anası vəfat edən ərəfələrdə görmüşddür. Anası isə 2012-ci ildə vəfat etmişdir. Nizami ora gələndən sonra evdə yaşayış olmuşdur. Nizami evi təmir edib, evdə yaşamış, Nizamidən başqa Məcidin başqa uşaqlarını görməmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun olmuşdur. Həmin sahəni Məcid kişiyə 12000 ABŞ dollarına satmışdır. Alqı-satqı müqaviləsini Məcidlə bağlamış və Məcid bildirmişdir ki, torpaq sahəsini oğluna alır. Məcidin uşaqlarını tanıyır,o vaxtları gəlib-gedirdilər. Satdığı yer 1 sota yaxın olmuşdur. Arxa tərəfi isə giriş olmadığı üçün məcbur olub Nizaminin özünə satmışdır. Arxa hissə isə 1.3 sot olmuşdur. Torpaq sahəsini satandan 10-15 gün sonra tikintiyə başladılar. Məcid birinci aldığı hissəni qazdırdı, sonradan Nizami tikdi. Məcid kişinin tikintinin üstündə durduğunu görməmiş, tikinti başlayandan Nizamini orda görmüşdür. Arxa tərəfdəki evi də Nizami tikmiş, hətta birinci arxa ev tikilimişdir. Ustaların üstündə əsasən Nizami durmuşdur. Arxa ev tikiləndən sonra Nizami özü ailəsi ilə yaşadı, sonra isə anası yaşadı. Anası da xəstə idi. İddiaçı olan Məcidi atasının yanında tikinti olan zaman gəlib-getdiyini görmüşdür. Kommunal müqavilələrin kiminlə bağlandığını bilmir. Nizami qabaq hissədə olan artırmanı təxminən 3-4 il əvvəl tikib. 2 ya 3-cü mərtəbəbinin monoliti aşdığı üçün Nizami yenidən təmir etmişdir. Torpaq sahəsini özü satsa da müqavilə yoldaşı ilə bağlanmışdır. Arxa tərəfi isə 2000 manata satmışdır. Nizami həmin pulu ona hissə-hissə vermişdir. Məcid kişi torpaq sahəsini Nizamiyə aldığı üçün, arxa hissəni də birbaşa Nizamiyə satmışdır.
18. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Nizami ilə qonşudur. Mübahisəli torpaq sahəsi Vazehin olmuşdur. Vazeh birinci həyətin qabaq hissəsini, sonra isə arxa hissəni satmışdır. Mübahisəli evin bütün əziyyətini Nizami çəkmişdir. Çünki tikinti zamanı ancaq Nizamini görmüşdür. Məcid kişini tanımamışdır. Nizami mübahisəli evi evdə yaşaya-yaşaya tikmiş, damını sonradan vurmuş, artırmanı təxminən 10 il əvvəl tikmişdir. Hazırki iş üzrə iddiaçı olan Məcidi mübahisəli evin tikintisi zamanı görməmişdir. Nizaminin cipi var idi, həmişə işləyən və əziyyət çəkən uşaq olub.
19. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsində 1988-ci ildən yaşayır. Arxadakı ev o, əsgərlikdə olan dövrdə təxminən 2005-2006-cı illərdə tikilmişdir. Tikintinin üstündə yalnız Nizamini görmüşdür. Artırma isə təxminən 2010-cu ildə tikilmişdir. Nizaminin anasını tanımamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
20. İddiaçı3 tərəfindən yazılan xx.xx.2024-cü il tarixli **********679 saylı ərizədən görünür ki, o, azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X7 işi ilə əlaqədar qarşı tərəflə aralarında razılıq əldə edildiyindən məhkəmənin icraatında olan e-2(001)-2897/2024 nömrəli mülki iş üzrə verdiyi iddiadan imtina edir.
21. “Azəriqaz” İB BRQSD-nin “Qazın balansı, satış şöbəsi və müştəri xidmətləri şöbəsi”nin rəisi E.Z.Şahkərimov tərəfindən verilən arayışdan görünür ki, ünvan 4 ünvanı üzrə Cavabdeh məxsus **********00381 abonent kodu xx.xx.2011-ci il tarixində İddiaçı1 Ümid oğlunun adına olmuş xx.xx.2021-ci il tarixindən sonra atanın vəfatı səbəbilə oğlu Cavabdeh adına keçirilmişdir.
22. "xxxx" ASC tərəfindən ünvan 6 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan göstərilir: ünvan 7 ünvanında (abunə kodu: **********A0000) abonent olaraq qeydiyyata alınmasına dair məlumatın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "xxxx" MMCdən aidiyyəti üzrə "xxxx" ASC-yə daxil olan xx.xx.2024-cü il tarixli, VB/1481 nömrəli müraciətinizə baxılmışdır. Bildiririk ki, Səhmdar Cəmiyyətinin elektron bazasında qeyd olunan abunə kodu üzrə 10 iyul 2008-ci il tarixində İddiaçı1 Ümid oğlunun abonent olaraq qeydiyyata alınmasına dair məlumat vardır. Həmin abunə kodu üzrə 06 yanvar 2021-ci il tarixində əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş, abunə kodu İddiaçı1 adından Cavabdeh adına dəyişdirilmişdir.
23. X8 ilə İddiaçı1 Ümid oğlu arasında bağlanan xx.xx.2006-cı il tarixli öhdəlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür: - Biz, aşağıda imza edənlər Bakı şəhəri, Rəsulzadə qəs, A.Neymətulla küçəsi, ev 38də yaşayan X8, (Bakı-Binəqədi RPİ ver. xx.xx.2005-ci il tarixli, AZE № 04183433 ser.şəx.ves) və Bakı şəhəri, Nəsimi r-nu, M.Qasımov küç.ev 18-də yaşayan İddiaçı1 Ümid oğlu (Bakı- Nəsimi RPİ ver. xx.xx.2002- cü il tarixli, AZE № ********* ser. şex.ves) müqaviləni aşağıdakı məzmunda bağladıq:
1. Mən, X8 ünvan 8 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsindən 100 kv.m torpaq sahəsini satmaq üçün İddiaçı1 Ümid oğlu ilə sövdələşib ondan qabaqcadan 12.000 (on iki min ABŞ Dollan) almışam.
2. Mən, X8 bir daha təsdiq edirəm ki, həmin torpağa görə İddiaçı1 Ümid oğlundan 12.000 (on iki min ABŞ Dolları) almışam.
3. Mən, X8 öhdəmə götürürəm ki, həmin torpaqla əlaqədar hər hansı bir mübahisə olarasa bütün məsuliyyəti öz üzərimə götürürəm.
4. Mən, X8 öhdəmə götürürəm ki, qiymətlərin dəyişəmisindən asılı olmayaraq həmin torpağa, onun dəyərinə və qarşı heç bir iddia etməyəcəyəm.
5. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər X8 tərəfindən ödənilir.
6. Həmin müqavilə iki nüsxədən ibarət tərtib və təsdiq edildi, birinci nüsxəsi Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda saxlanıldı, ikinci nüsxəsi isə İddiaçı1 Ümid oğluna verildi.
24. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 126099 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Ümid oğlu xx.xx.2020-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 1545 № ilə qeyd edilmişdir.
25. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilən V-51/2021 saylı vərəsəlik işi üzrə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş İddiaçı1 Ümid olunun vərəsələri: İddiaçı4, Cavabdeh, İddiaçı2, İddiaçı1, azyaşlı X12 hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Şəhadətnmə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı1 Ümid oğluna verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 569,8 kv.m olan fərdi yaşayış evindən ibarətdir.
26. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh 2000-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barəsində İAMAS bazasından olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, müxtəlif vaxtlarda və müxtəlif vaxt aralıqları ilə ölkədən çıxış etmişdir.
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən Vəkil2 ünvanlanan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə DİN Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların komputer çıxarışından görünür ki, Cavabdeh adında xx.xx.2006-cı il tarixində Mitsubishi Galant minik markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2006-cı il tarixində Chrysler Stratus minik markalı, **- MU-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2008-ci il tarixində BMW 528 minik markalı, **-DH- *** dövlət qeydiyyat nişanlı, xx.xx.2007-ci il tarixində Mercedes C 200 minik markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı, xx.xx.2007-ci il tarixində Opel Omega minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2007-ci il tarixində Mercedes 190 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2008-ci il tarixində Nissan Murano minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2008-ci il tarixində Mercedes ML 320 minik markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixində Chery Tiggo minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixində Mitsubishi Pajero minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı və s. avtomobillər olmuş və müxtəlif tarixlərdə alğı-satqı müavilələri əsasında adından qeydiyyatdan çıxmışdır.
28. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən verilən Cavabdeh borclu olduğu icra sənədləri barədə məlumatdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3340/2018 saylı, xx.xx.2008-ci il tarixli icra sənədi əsasında 4394 manat aliment borcu vardır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh AR İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat cərimə edilmiş, xx.xx.2022-ci il tarixində icra sənədinə AR İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.
29. 13.09.2024-cü il tarixli yerli müayinə zamanı protokoluna görə müəyyən edildi: ünvan 4 ünvanında yerləşən təxmin 2-3 sot olan həyətə giriş jalüz darvaza və dəmir qapıdandır. Binanın quruluşundan aydın olur ki, hazırda giriş olan hissə əvvəlcə açıq həyət olmuş və 3 mərtəbəli əsas tikili həyətin arxa hissəsində “Г” şəklində olmuşdur. Sonradan açıq olan həyətdə daha bir 4 mərtəbəli bina inşa edilmiş və əvvəlki binanın uzantısı kimi görünür. Onları bir-birindən hər iki bina üçün nəzərdə tutulmuş pilləkən ayırır. Sonradan inşa edilən bina natamamdır və tam təmir olunmamışdır. Cavabdeh ailəsi ilə birlikdə köhnə tikilinin bir neçə otağında yaşasa da, digər otaqlar təmirsiz və istifadəyə yararsızdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
30. Mərhum İddiaçı1 Ümid oğlu (tərəflərin atası) xx.xx.2020-ci il tarixində ölmüş, öləndən sonra İddiaçı4, Cavabdeh, İddiaçı2, İddiaçı1, azyaşlı X12 qanun üzrə vərəsə kimi tanınmışlar.
31. ünvan 11 ünvanında yerləşən sənədsiz torpaq sahəsinin 1 sotunu faktiki sahib kimi X8 adlı şəxs(şahid qismində dindirilən Məmmədov Vazehin arvadı) 12000 abş dollarına mərhum İddiaçı1 Ümid oğluna satması barədə xx.xx.2006-cı il tarixdə öhdəlik adlı müqavilə bağlanılmışdır. Şahidin bildirdiyinə görə həmin 1 sot hissə sonradan artırılan tikilinin altında yerləşən giriş hissədən ibarət olmuşdur. Daha sonra arxada olan və birinci evin tikildiyi 1.3 sota torpaq sahəsini də Cavabdeh satmışdır.
32. Yerli müayinə zamanı və təqdim edilən fotoşəkillərdən müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən torpaq sahəsi üzərində bir-birinə bitişik olmaqla, ön tərəfdə 4 mərtəbəli, arxa tərəfdə isə 3 mərtəbəli fərdi yaşayış evi tikilmişdir.
33. İddiaçı tərəf iddia edir ki, əslində həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmadığından alğı-satqı müqaviləsi əsasında yox, öhdəlik müqaviləsi əsasında satılmış və İddiaçı1 Ümid oğlu adına rəsmiləşdirilə bilməmişdir. Odur ki, həmin torpaq sahəsinin dəyəri mərhum tərəfindən ödənildiyindən və arxa tərəfdə yerləşən fərdi yaşayış evi mərhumun vəsaiti hesabına tikildiyindən iddiaçıların miras əmlak kimi həmin evdən istifadə və sahiblik hüquqları vardır. Cavabdeh isə 22-23 yaşında özünə ev tikəcək qədər qazanca və vəsaitə malik olmamışdır. Evə görə bağlanan kommunal müqavilələrin vaxtilə mərhumun adına olması da həmin evin əslində mərhum tərəfindən tikildiyini sübut edir.
34. Cavabdeh isə iddiaya etirazında bildirir ki, torpaq sahəsinin dəyəri vaxtilə atası tərəfindən ödənilsə də, dəyərini atasına qaytarmış, fərdi yaşayış evini öz vəsaiti əsasında özü tikmişdir. Bunun üçün vaxtilə maddi durumu yaxşı olmuş, maşın alğı-satqısı ilə məşğul olmuşdur. İddiaçıların heç birinin yaşamaq üçün həmin mənzilə ehtiyacları yoxdur. Belə ki, həmin ünvanda ümumiyyətlə yaşamamaqla, təmirində iştirak etməmişlər. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
38. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
40. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
41. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
42. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
43. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
44. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi:
45. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarı)
46. İddiaçıların irəli sürdüyü tələb evə köçürülmə və həmin evdən istifadəyə olan maneələrin aradan qaldırılmasından ibarətdir. İddiaçılar subyektiv hüquqlarının atalarından qalan miras əmlaka münasibətdə istifadə və sahiblik hüquqlarının müdafiəsindən irəli gəldiyini iddia edirlər. Lakin məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıların mübahisələndirilən fərdi yaşayış evinə münasibətdə hər hansı hüquqları yoxdur.
47. Birincisi, iddiaçılar tikilinin yerləşdiyi torpaq sahəsini mərhum atalarının aldığını və onun üzərində olan ilkin tikilinin ataları tərəfindən inşa edildiyini bildirsələr də, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, əvvəla istifadə və sahiblik etmək istədikləri tikili həmin torpaq sahəsinin üzərində yerləşmir. Bundan əlavə həmin tikilinin atasının vəsaiti hesabına inşa edildiyi mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, şahid qismində dindirilən X1 mərhumun sifarişi ilə bir neçə dəfə tikinti materiallarını gətirdiyini bildirsə də, bütün tikinti dövründə hadisələrin iştirakçısı olmamış və mübahisələndirilən halla bağlı ətraflı məlumatı olmamışdır. Qonşuluqda yaşayan digər şahidlər isə əksinə tikintinin cavabdeh tərəfindən aparıldığını bildirmişlər.
48. İkincisi, kommunal müqavilələrin əvvəlcə mərhumun adına olmuş olması həmin tikilinin birbaşa mənsubiyyətini müəyyən edə bilməz. Hansı ki, işin mübahisəsiz halıdır ki, mərhum orada heç vaxt yaşamamışdır. Həmin məsələ yuxarıda qeyd edilən öhdəlik müqaviləsinin mövcudluğundan da irəli gələ bilərdi. Məlumdur ki, həmin dövrlərdə özbaşına tikililərin qaz, işıq və su ilə təmin edilməsi ilə bağlı sənədləşmənin aparılması üçün torpaq sahəsinə dair hər hansı sənəd tələb edilirdi.
49. Üçüncüsü, mərhumun oğlu üçün torpaq sahəsi almış olması və tikintisinə yardım göstərməsi və ya oğlu üçün tikintini maliyyələşdirməsi mümkün olan haldır və bu da onun vərəsələrinə hər hansı hüquq vermir. Çünki əmlakın məhz müvəqqəti olaraq cavabdehin etibarnaməli idarəçiliyinə verilməsi ilə bağlı iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Üstəlik məhkəmə iclasında şahid qismində dindirilən və birbaşa torpaq sahəsini satan X11 ifadəsində mərhumun torpaq sahəsini məhz oğlu üçün aldığını dediyini bildirmişdir. Bu həmçinin cavabdehin tikinti aparmaq üçün kifayət qədər maddi imkanı olmadığı barədə iddiaçı tərəfin etirazlarına da məhkəmənin verdiyi hüquqi qiymətdir.
50. Dördüncüsü, iddiaçıların həmin evin tikilməsində, təmirində, torpaq sahəsinin alınmasında hər hansı iştirakları olmadığı kimi, həmin evdə bir gün belə yaşamamışlar.
51. Beşincisi, iddiaçıların mübahisəli yaşayış sahəsindən istifadəyə ehtiyacları yoxdur və onlara mərhumdan digər miras əmlaklar da qalmışdır.
52. Odur ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinin miras əmlak kütləsinə daxil olması ilə bağlı dəlilləri əsassız olduğundan, onların həmin evə istifadə və sahiblik hüquqları tanına bilməz. Nəticə:
53. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbi və birləşdirilmiş iş üzrə İddiaçı4 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Birləşdirilmiş iş üzrə İddiaçı4 Cavabdeh qarşı “evə köçürülmə və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş iş üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev