Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2941/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr qərb hissəsində yerləşən torpağın və tikilmiş evin payı olan ½ hissəsinin naturada ayrılmasını, naturada ayrılması mümkün olmadıqda isə əmlakların açıq hərrac vasitəsi ilə satılaraq əldə olunmuş pulun paylara mütənasib olaraq ½ hissəsinin iddiaçının xeyrinə tutulmasını və İddiaçı torpağın üzərində tikilmiş evə köçürülməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2013-cü il tarixdən daimi olaraq Türkiyə Respublikası və Rusiya Federasiyasında yaşamışdır. Onun xəbəri və iştirakı olmadan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və 552 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçının adına olan Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə İddiaçı payları müəyyən edilmişdir. Həmin mübahisəli torpaq sahəsinin üzərində yerləşən 3 mərtəbəli tikili sonuncunun atasının (Hacıquliyev Baba) hesabına tikilmişdir. Qətnamənin icrası ilə əlaqədar Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 41 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsi birgə nikah dövründə əldə edilən əmlak hesab edilərək cavabdehin adına, tikili olmayan boş torpaq sahəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı daimi yaşamaq üçün Bakıya gəlmiş, lakin göstərilən problemlərlə qarşılaşmışdır. Bu səbəbdən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçı Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr qərb hissəsində yerləşən, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülməsinin təmin edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “nikah dövründə əldə edilmiş əmlakın bolunməsi” barədə iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı payları müəyyən edilməsi və həmin paylara uyğun Cavabdeh və İddiaçı adlarına bələdiyyə qərarının verilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 nömrəli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı payları müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin 125 metr hissəsi vətəndan Cavabdeh adına rəsmləşdirilməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 460 saylı. xx.xx.2007-ci il tarixli və 552 saylı, xx.xx.2007-ci il tarixli qərarları ləğv edilməsi, ayrılmış torpaq sahəsinin sanitar-texniki və digər normativ tələblərə uyğun saxlanılması vətəndaş Cavabdeh tapşırılması, torpağın naturada hər payın ½ hissəsi (125 kv.m) olmaqla bölünüb, verilməsi Mülkiyyətin idarə edilməsi şöbəsinə həvalə edilməsi və qanunvericiliyə uyğun olaraq, müvafiq uçot sənədlərində qeydlərin aparılması “Ümumi şöbə”yə tapşırılması qərarı alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, maraqlı şəxs Cavabdeh müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrayonun Qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneə törədilməsi cavabdehə və üçünçü şəxslərə qadağan edilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı, xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 41 saylı Qərarı ilə ½ hissəsinə Cavabdeh, ½ hissəsinə cavabdeh İddiaçı payları müəyyən edilərək adlarına rəsmləşdirilmiş 6-cı mikrayonun qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsi hazırda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, şəhid İbrahim Sadıqlı (Sad Park 94) küçəsində yerləşir. - Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 41 saylı qərarının 2-ci bəndinə “250 kv.metr torpaq sahəsinin qalan ½ hissəsinə yəni 125 kv.metrini cavabdeh İddiaçı adına rəsmləşdirilməsi” sözləri əlavə edilərək həmin qərarda buraxılmış səhv düzəldilmiş və xx.xx.2015-ci il tarixli, 41 saylı qərarının 5-ci bəndi ləğv edilmişdir. - kommunal bildirişlərdən və abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sad Park, 94 saylı fərdi yaşayış evi üzrə kommunal ödənişlər İddiaçı adınadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdeh hesab edirsə ki, ev onun vəsaiti hesabına inşa olunub və ona məxsusdur, belə halda həmin şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı işdə evin “cavabdehə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Ancaq nəzərə alınmalıdır ki, ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınacağı təqdirdə, iddiaçı da cavabdehlə bərabər “mülkiyyətçi-payçı” statusu əldə edəcəkdir (bax Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11516/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamə). Cavabdeh qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıqaşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və evin alınmasında iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birgə yaşayıb, istifadə etmələri işin faktiki halları ilə, eləcə də iddiaçı tərəfin öz izahatları ilə təsdiq olunur. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.maddə 32.2.1)və ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar,əmanətlər,kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir(maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənatə gəlir ki, iddiaçı cavabdehlə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə”malik hüququ var. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikilmiş olsa da, lakin həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi məhkəmə aktı əsasında tərəflrin paylı mülkiyyətində olduğundan, mübahisəli ev birgə nikah dövründə tikildiyindən və gələcəkdə istinad edilən qanunvericiliyə uyğun sənədləşdirilməsi istisna edilmədiyindən, əksinə qanunverici bu halı mümkün hesab etdiyindən iddiaçının da cavabdehlə bərabər həmin əmlaka daha öncə qeyd olunan gözlənti hüququ vardır. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan suiistifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh özbaşına tikili olsa belə iddiaçının da əməyi və əmlakı hesabına əldə edilmiş mübahisəli evə dair hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzu olunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan 250 kv.m torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin hansı qanunsuz hərəkətlərinə son qoyulması iddiaçı tərəfindən konkret olaraq həmin hərəkətlərin nədən ibarət olması və hansı formada olması qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park 94) ünvanında olan 250 kv.m torpaq sahəsi üzərində tikilmiş 3 (üç) mərtəbəli evə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-2941/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2941/2023
28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver