Məhkəmə qərarları › İş №e-2(001)-2954/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2954/2024

16.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2954/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “alınmış malın qüsurlu olduğundan və mala görə ödənilmiş pul məbləğinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə “Smart Tech” mağazasından (Sədərək ticarət mərkəzi, 3-cü ərazi, sıra 4, korpus 2, 35 №li mağaza) aldığı televizorun (65 Toshiba UK markalı) qüsurlu olması səbəbindən (ekranının çat olması) dəyişdirilməsindən imtina etməsini nəzərə alaraq, həmin televizorun geri götürülməsi, televizora görə ödədiyi 1270 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 33 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 220 manat pulun cavabdeh fərdi sahibkar Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almışdır. Televizora görə 1270 manat pul ödəmişdir. Televizorun Qazax rayonuna göndərilməsini satıcı öz üzərinə götürmüşdür. Televizora görə ona “Kontakt Home” zəmanət talonu verilmişdir. Televizor Qazax rayonunda avtobusdan yoxlanılmadan onlara verilmiş və evdə açılan zaman televizorun qüsurlu olması, yəni ekranının çat olması müəyyən olunmuş və dərhal da mağazaya gətirilərək dəyişdirilməsini xahiş etmişdir. Lakin, mağaza televizoru dəyişməkdən, yəni yenisi ilə əvəz etməkdən imtina etmiş, öz hesabına ekranın dəyişdirilməsini təklif etmişdir. Bununla bağlı Azərbaycaan Respublikası İqtisaiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, lakin onlar da mağazanın izahatlarını əsas götürərək hər hansı bir kömək etməmişlər. Həmin təşkilat ona ünvanladığı 11 may 2023-cü il tarixli 3-21-1/2-8130/2023 nömrəli məktubunda göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.201-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında ticaət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.58-ci bəndinə uyğun olaraq malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı elspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Satıcının hesabına keçirilən ekspertiza bir tərəfli keçirilmiş, satıcıdan malın təhvil-təslimi haqqında sənəd tələb olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, “Smart Tech” mağazasının mövqeyi ilə razılaşmadığınız təqdirdə aranızda yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 25.1-cimaddəsinə əsasən, məhkəməyə müraciət edə bilərsiziniz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehin təqdim etdiyi CD diskdə olan görüntülər ümumi görünüşdü, o, hər şeyi həll etmir. Satıcı 60 manat pul alıb və televizorun Qazax rayonuna göndərilməsini öz öhdəsinə götürüb. Bundan əlavə hesab edir ki, satıcı televizoru xanıma göstərəndən sonra dəyişiblər, çünki televizor dükanda qalıb. İddiaçı televizorun dəyidirilməsini xahiş edib, lakin mağaza onu dəyişməyib, iddiaçıda pulunu tələb edir. Çünki onlar sürücünü tanımırlar, Qazax rayonunda sürücü zəng edib ki, gəlin televizoru götürün. Bir haldaki televizoru arabaçı aparıb avtobusa, deməli satıcı həm araba sürəni həm də avtobus sürücüsünü tanıyır. O, həmçinin qeyd etdi ki, video görüntüdə televizorun nə qutudan açılması nə də qutuya qoyulması görünmür. İddiaçı Bakıda yaşadığına görə iki gün sonra gedib qızını görməyə onda bilib ki, televizor zədəlidir. Qızının imkanı olmayıb televizoru Bakıya gətirməyə. Həmçinin televizor satılarkən satıcı ilə alıcı arasında təhvil-təslim aktı olmalıdır, o da yoxdur. Bundan əlavə avtobus sürücüsü televizoru təhvil verəndə kim qəbul edir ona qol çəkdirib verməliyidi televizoru. Hesab edir ki, satıcı televizoru göndərdiyindən, cavabdehliyi də, mağaza və satıcı daşıyır. Ona görədə iddianı əsaslı hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, televizora tərəfin iştirakı ilə baxış keçirilib və televizor təhvil verilib. Televizor qutusuna qoyulanda iddiaçı talonu alıb, bununla da, alqısatqı baş tutub. Malın dükanda bir gün qalması isə, o, iddiaçının xahişi ilə olub. Həmçinin bildirdi ki, Antiinhisar xidməti tərəfindən araşdırma aparılıb və qərar qəbul edilib. Həmin qərarda satıcının təqsiri müəyyən edilməyib. Tərəf 4 gün sonra malın zədəli olmasından şikayətlənib. Nə mağaza rəhbərliyi, nə də satıcı alınmış malın çatdırılmasına cavabdehlik daşımır, çünki malın çatdırılması ilə bağlı razılaşma olmayıb. Televizorda defektdə olmayıb. İddiaçının iddiası əsassızdır, çünki iddiaçı tərəf sübutları tamamlaya bilmir. Halbu ki, sübut etmə yükü onlara aiddir. Göstərdiklərini nəzərə alaraq idia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Sədərək Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasında satıcısı olub. 02 mart 2023-cü il tarixdə 2 qadın 1 kişi mağazaya yaxınlaşaraq televizor almaq istədiklərini bildirdilər. İddiaçı mağazada olan televizorlara baxıb, Toshiba televizorunu bəyəndi, qızı ilə telefonla danışıb televizorun ölçüsü dedi, o, da yeni televizoru çöldən gətirib qutusundan açıb, işlək vəziyyətini yoxlamaq üçün xanımın yanında quraşdırmış, işlədiyinə və qüsurunun olmamasına əmin olduqdan sonra televizoru öz qutusuna yerləşdirmişlər. Televizora baxış keçirilən ərəfədə də, həmin malın zəmanət talonu yazıldı və xanıma təhvil verildi. Ancaq zəmanət talonu və qaimə xanımın istəyi ilə onun kürəkəni Murad Mənsimovun adına yazılmış və televizorun seriya nömrəsi qeyd edilmişdir. Televizoru 1250 manata satmışlar. O, həmçinin bildirdi ki, xanım televizoru alandan sonra, ona bildirmişdir ki, onun imkanı yoxdur televizoru Qazax rayonuna göndərməyə ona köməklik göstərsin, o, da xanıma Qazax istiqamətinə gedən avtobus sürücüsünün nömrəsini tapıb vermişdir. Xanım həmin sürücü ilə danışdıqdan sonra, ona bildirmişdir ki, avtobus sabah səhər 10:00-da gedəcək, televizor sabaha qədər qalsın mağazada, səhər araba sürən vasitəsi ilə avtobusa göndərsin. O, isə öz növbəsində xanımla razılaşmış və bu səbəbə görə də xanım tərəfindən alınmış televizor həmin gün saat 17:00-dan, səhər 10:00-dək mağazada qalmışdır. Hətta malın araba ilə avtobusa daşınması üçün zəhmət haqqı olan 5 manatı da, xanımın pulu olmadığı üçün, ödəməyi o, öz öhdəsinə götürmüşdür. Bundan sonra səhər deyilən vaxtda əvvəlcədən tanımadığı, dükanının qarşısından keçən araba sürənə 5 manat pul ödəyərək xanım tərəfindən alınmış televizoru və kranşteyni xanımın dediyi avtobusa çatdırmasını təmin etmişdir. Lakin xanım tərəfindən avtobusa nə qədər pul ödənilməsi barədə onda məlumat yoxdur. Çünki o, alınmış malın Qazax rayonuna çatdırılması ilə bağlı sürücüyə verilməsi üçün xanımdan pul almamışdır. Sürücü ilə xanım özü danışıb razılaşmışdır. O, ümumiyyətlə sürücünü tanımır və onunla heç bir danışığı olmamışdır. Təxminən üç gün sonra xanım ona zəng edərək, bildirdi ki, o, televizoru açmış və televizor sınıq çıxıb. Xanım onu telefonla görüntülü yığmış, lakin görüntülü baxaraq sınığı müəyyən etmək mümkün olmadığından, xanım ona televizorun şəklini atmışdır. Sonra o, xanıma televizoru yerində baxmaq üçün dükana gətirməyi təklif etmişdir. O, həmçinin bildirdi ki, qutuda olan televizorun sınması mümkün deyil. Belə ki, televizorun sınması üçün onun karobkası deşilməli, ondan sonra penaplas açılmalı, sonra isə televizor sınmalıdır. Ona görə də, o, qutuda bağlı şəkildə televizoru arabaçıya təhvil vermiş, arabaçı da, onu bağlı şəkildə avtobusa çatdırmışdır. Daha sonra bildirdi ki, onlar televizor satarkən təhvil-təslim aktı tərtib etməmişlər, yalnız zəmanət talonu və qaimə yazılmışdır. Mülki iş materiallarında olan: “Kontakt Home” möhürü ilə təsdiq edilmiş, Murad Mansurov tərəfindən imzalanmış zəmanət talonundan görünür ki, xx.xx.2023-cü il tarixdə alınmış modeli 65C350KE olan televizora zəmanət müdəti 24 ay verilmişdir. xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, 65 TOSHİBA 4K televizor üçün 1240 manat və kronşteyn üçün 30 manat, ümumilikdə 1270 manat məbləğində pul ödənilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş İddiaçı (***-***-**- **, ***-***-**-**) xx.xx.2023-cü il tarixli müraciətinə (daxilolma qeydiyyatı: № 3-21/3-5- 11071/2023, xx.xx.2023-cü il) iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətdə İddiaçı xx.xx.2023-cü il tarixdə “Smart Tech” mağazasından Murad Mansurovun adına televizor aldığını, xx.xx.2023-cü il tarixdə malın mənzilinə çatdırıldığını, lakin televizora baxış keçirilən zaman qüsurlu olduğunun aşkar etdiyini, bu səbəbdən qaytarılması barədə mağazaya müraciət etsə də, mağaza tərəfindən tələbinin təmin olunmasından imtina edildiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradar, qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.57-ci bəndinə əsasən satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. Qeyd olunanlarla əlaqədar, istehlakçının şikayətinin, əsaslarını nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın, həmçinin malın müayinə edilməsinə dair sənədin (akt, texniki rəy və s.) surətinin beş iş günündən gec olmayaraq iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsini xahiş edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş “SmartTech” mağazasının rəhbəri Sabir Kərimov xx.xx.2023-cü il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizəsində göstərmişdir ki, müştəri İddiaçı xx.xx.2023-cü il tarixdə mağazaya gələrək Murad Mansurovun adına “Toshiba” maraklı televizor almışdır. Televizorun satışı zamanı müçtərinin iştirakı ilə tam yoxlanılmış heç bir qüsuru olmadığına tam əmin olduqdan sonra ödəniş edərək qəbul etmişdir. Həmin televizoru istəyinə uyğun olaraq qablaşdırılmış və istəyinə uyğun olaraq Qazax rayonuna göndərilmişdir. Təxminən 3-4 gün sonra mağaza ilə əlaqə saxlayaraq televizorun qüsurlu olduğunu bildirmişdir. Televizor mağazanın və mütəxəssisin yoxlanılmış və yaranmış problemin televizoru istifadə nəticəsində televizorun yuxarı hissəsində zərbə nəticəsində yararsız vəziyyətə düşmüşdür. Həmçinin qeyd etmişdir ki, televizorun diaqnostikası müştərinin özünün iştirakı ilə keçirilmişdir. Bir daha qeyd etmişdir ki, satdıqları televizorda əmələ gələn qüsur fiziki zərbə nəticəsində yaranıb. Vətəndaşa ödənişli təmir edilməsi təklif edilib, lakin razılaşmayıb. Nəzərə alınmasını xahiş etmişdir. Həmçinin tərəflərindən akt tərtib edilmiş “Toshiba” markalı televizora baxış keçirilib və nəticədə müştərinin iddiası “ekranda qüsur var” nəticə “baxış zamanı ekranın yuxarı hissəsi zərbə nəticəsində sınıq əmələ gəlib. Qüsur istehlakçı tərəfindən yaranıb” qeyd edilmişdir. İddiaçı müraciətinə baxılmasının nəticəsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “SmartTech” mağazası ilə aranızda yaranan mübahisə haqqında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş müraciətinizə (daxilolma qeydiyyatı: 3-21/3-5-11071/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətlə bağlı aparılan araşdırma zamanı “Smart Tech” mağazasının Dövlət Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə televizor almaq üçün mağazaya müraciət etdiyi, malın ətraflı yoxlanıldığı və qüsursuz vəziyyətdə olduğuna əmin olduqdan sonra razı halda ödəniş etdiyi, iştirakı ilə malın qablaşdırıldığı və Qazax rayonuna göndərilməsi üçün razılaşdığı, malın alışından təxminən 3-4 gün sonra qüsurlu olduğunu iddia edərək qaytarılmasını tələb etdiyi, servis xidmətinin mütəxəssisi tərəfindən televizorun diaqnostika edildiyi və qüsurun fiziki zərbə nəticəsində yarandığının müəyyən edildiyi, ödənişli xidmət göstərilməsi təklif edilsə də, bununla razılaşmadığı bildirilmiş, həmçinin malın müayinə edilməsinə dair aktın surəti və qüsuru əks etdirən fotoşəkillər Dövlət Xidmətinə təqdim edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə məişət və digər növ xidmət Qaydaları”nın 5.58-ci bəndinə uyğun olaraq malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir, istehlakçı ekspertizanın nəticələrin məhkəmə qaydasında mübahisələndirə bilər. Əlavə olaraq bildirilmişdir ki, “Smart Tech” mağazasının mövqeyi ilə razılaşmadığı təqdirdə aralarında yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Eyni zamanda bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə iclasında tərəflərin iştirakları ilə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD formatlı diskə baxış keçirilərək aşağıdakılar müəyyən edilir; CD diskin 147743 KB olan görüntüsündə televizor iki xanımın iştirakı ilə mağazanın əməkdaşı tərəfindən quraşdırılaraq ekranı işə salınır, ekran açılır. CD diskin 59858 KB olan görüntüsündə televizor bağlı qutuda dükanın girişinə (çöl hissəsinə) qoyulur. CD diskin 125816 KB olan görüntüsündə televizor və kronşteyn (televizor asan) arabaya yerləşdirilir. CD diskin 148863 KB olan görüntüsündə televizorun üst hissəsində olan zədə görünür. Həmçinin həmin zədəli televizora özünün penoplastı (qoruyucu) taxılır və penoplastın (televizorda olan zədə hissəsi) həmin hissəsində heç bir zədə aşkar edilmir. Bundan əlavə görüntüdə televizorun qutusu da göstərilir və həmin qutuda da, heç bir zədə aşkar edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Maddə 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Maddə 617.3. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğısatqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 617.4. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Maddə 621.1. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya çatdırılması şərti ilə bağlandıqda satıcı müqavilədə müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağa, alıcı malın çatdırılma yerini göstərmədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin olduğu yerə çatdırmağa borcludur. Maddə 621.2. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya, alıcı olmadıqda isə müqavilənin bağlandığını və ya malın çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi təqdim etmiş istənilən şəxsə təhvil verildiyi andan icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: “İstehlakçı Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 5.2-ci maddəsinə əsasən istehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. 7-ci maddəsinə əsasən 1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 14-cü maddəsinə əsasən 4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almış və həmin televizora görə 1270 manat pul ödəmişdir. İddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor alarkən, televizorun Qazax rayonuna göndərilməsini satıcı öz üzərinə götürmüş və bunun müqabilində iddiaçıdan 60 manat məbləğində pul almışdır. Cavabdeh iddianı qəbul etmir. İddia ərizəsində tələbin maddi hüquqi əsası kimi delikt göstərilsədə, məhkəmə hesab edir ki, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 570-ci, 571-ci və 588-ci maddələri nəzərdən keçirilə bilər. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, satın alınmış televizorun qüsurlu olmasının və onun çatdirılmasına dair satıcının öhdəliyinin mövcudluğunun sübut etmə vəzifəsini iddiaçı daşıyır. İddiaçı televizorun Qazax rayonuna göndərilməsini satıcının öz üzərinə götürdüyünə və buna görə ona 60 manat məbləğində pul ödədiyinə əsaslansa da, bu faktlara dair heç bir mötəbər sübut təqdim etməmiş, belə halın mövcudluğu işin məhkəmə araşdırılması zamanı nə şahid ifadəsi ilə, nə də təqdim iş materiallarında olan video görüntülərlə müəyyən edilməmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixli qaimədə iddiaçının 65 TOSHİBA 4K televizor üçün 1240 manat və kronşteyn üçün 30 manat, ümumilikdə 1270 manat məbləğində pul ödənildiyi əks olunmuş, orada malın çatdırılması ilə bağlı hər hansı əlavə ödənişin olması qeyd olunmamışdır. Göründüyü kimi tərəflər arasında malın çatdırılması ilə bağlı hər hansı şifahi və ya yazılı razılaşmanın olması təsdiq edilmir. Məhkəmə hesab edir ki, hazırkı halda qanunvericiliyin tələblərinə görə, müqavilədə satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi nəzərdə tutulmadığından satıcı tərəfindən əşyanı alıcıya təhvil verdiyi məqamda onun əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinin tələbləri baxımından əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski həmin andan artıq iddiaçıya keçmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almış, həmin gün televizor mağazada iddiaçının iştirakı ilə qutusundan çıxarılaraq quraşdırmış, işlədiyinə və qüsurunun olmamasına əmin olduqdan sonra televizoru öz qutusuna yerləşdirmişlər. Həmin vaxt alınmış televizorun zəmanət talonu və qaimə yazılmış, lakin zəmanət talonu və qaimə alıcının istəyi ilə onun kürəkəni Murad Mənsimovun adına yazılmışdır. Sonradan isə televizorda qüsurun mövcudluğunu Qazax şəhərində yaşayan iddiaçının qızı bildirmişdir. Göründüyü kimi iddiaçı televizorun ona verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməməklə yanaşı, işin məhkəmə araşdırılması ilə qüsurların əşya alıcıya verilənədək əmələ gəldiyi və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi də müəyyən edilmir. Əksinə iş üzrə müəyyən edilir ki, cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi yerinə yetirərək iddiaçıya satılması nəzərdə tutulan televizoru iddiaçının iştirakı ilə qutusundan açıb, həm işlək vəziyyətdə olmasını yoxlamış, həm də zavod defekti və ya sonradan yaranmış qüsurun olmadığına əmin olduqdan sonra istehlakçıya təhvil vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı olan görüntülərlə, həm də dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalananlar əsasında bu nəticəyə gəlir ki, iddiaçı sübut etmək vəzifəsini daşıdığı mübahisəli halları sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 65 TOSHİBA 4K televizorun keyfiyyətinə aid tələblərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, habelə əşaynın alıcıya çatdırılması ilə bağlı cavabdehin öhdəliyinin mövcudluğu iş üzrə sübuta yetirilmədiyindən iddia əsaslı sayıla bilməz. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.2023-cü il tarixdə “Smart Tech” mağazasından (Sədərək ticarət mərkəzi, 3-cü ərazi, sıra 4, korpus 2, 35 №li mağaza) aldığı televizorun (65 Toshiba UK markalı) qüsurlu olması səbəbindən (ekranının çat olması) dəyişdirilməsindən imtina etməsini nəzərə alaraq, həmin televizorun geri götürülməsi, televizora görə ödədiyi 1270 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 33 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 220 manat pulun cavabdeh fərdi sahibkar Cavabdeh2 alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar