Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2965/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən 1800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-dən 2019-cu ilin noyabr ayında Baku-Bangkok-Baku üçün 1800 manat nəğd ödəniş edib tur paket almışdır. Lakin bütün dünyanı bürüyən Koronavirusa yoluxma təhlükəsinə görə 1 ay əvvəldən uçuşu təxirə salmağını və ya bileti qaytarmaq istədiyini bildirmişdir. Şirkət tərəfindən ona bunun mümkün olmadığı bildirilmişdir. Uçuşa bir neçə gün qalmış Bangkokdakı “X5”in əməkdaşları və uçuşu təşkil edən “Gulf AİR” avia şirkəti ilə əlaqə saxlamışdır. Ona bildirmişlər ki, Koronavirus təhlükəsinə görə bütün dünyanın turizm şirkətləri müştərilərinə güzəştə gedir və ödənişləri geri qaytarır. Bundan sonra o, bilet və otel ödənişinin geri qaytarılması üçün “X6” və “Pegas” Turizm şirkəti ilə əlaqə saxlamışdır. Lakin “X6” və “Pegas” Turizm şirkəti onun ödənişinin geri qaytarılmamasında israr edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2019-cu ilin noyabr ayında 28 fevral-8 mart tarixlərində Tibilisi-Bəhreyn-Bankok istiqamətində uçuş üçün bilet almışdır. Sonra dünyada yaranan pandemiya vəziyyətinə görə yanvar ayında öz uçuş tarixinin dəyişdirilməsi üçün şirkətə müraciət etmişdir. O, şirkətdən ödəniş etdiyi pulun ona geri qaytarılmasını yox, bilet tarixinin dəyişdirilməsini xahiş etmişdir. Bir müddət sonra karantin rejimi ilə əlaqədar olaraq Bankoqa uçuşla bağlı qadağa qoyulmuşdur. O bilet üçün ümumilikdə 1803 manat ödəniş etmişdir. Fevral ayında dəfələrlə bilet tarixinin dəyişdirilməsi üçün şirkətə müraciət etsə də, bu mümkün olmamışdır. Xarici ölkədə qalacağı oteli şirkət özü təşkil etmişdi. Həmin otellə əlaqə saxlayan zaman məlum olmuşdur ki, otelə heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı 2019-cu ilin noyabr ayında müraciət edərək Baku-Bangkok-Baku uçuşu üzrə 1800 manat dəyərində uçuş paketi almışdır. Vətəndaş daha sonra zəng vuraraq yaranan pandemiya şəraitinə görə həmin tarixdə uçuş edə bilməyəcəyini və tarixin dəyişdirilməsini xahiş etmişdir. Əvvəlcə ona bunun mümkün olmadığını və pulu qaytara bilməyəcəyini bildirmişlər. Lakin sonra iddiaçının səfərdən imtinasını öz komitentinə bildirmişdir.Onlar da eyni zamanda öz xarici tur operatoruna bu halı bildirdilər. Onlar Həmin tarixdə müvafiq uşuşlar hələ də həyata keçirilirdi. Daha sonra o ödədiyi məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Bu halı təmin etmək mümkün olmamışdır. Belə ki, onlar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə aralarında bağlanan xx xxxxx 2019cu il tarixli komissiya müqaviləsinə əsasən komisyonçu qismində fəaliyyət göstərirlər. Komitent olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC komisyonçunun yəni “X6” MMC-nin sifarişlərinə əsasən komisyonçunun müştəriləri yəni turistlər üçün xarici turoperatorda turizm məhsulunu bronlaşdırılmasını həyata keçirir. MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə əlaqə saxlanılmış və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təyin olunan otel üçün ödənilən 537 manat onlara geri qaytarılmışdır. Həmçinin bildirir ki, iddiaçı tərəfindən onlara ödənilən 1800 manat həcmində vəsaitin hansı istiqamətlərdə xərclənməsi onlara məlum deyil. MMC olaraq pulu müştəridən aldıqdan sonra komissiya haqqı tutulur və sonra ödəniş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülür. Əgər pandemiya şəraitini əsas gətirmədən vətəndaş uçuşdan imtina etsə idi ona cəmi 60-90 avro məbləğində pul qaytarılacaydı. Hal-hazırda vətəndaşa yalnız 537 manatın qaytarılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı tərəfindən “X7” MMC-yə ünvanlanan xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, o bütün dünyada təhlükə mənbəyinə çevrilən Koronavius epidemiya təhlükəsi ilə əlaqədar həyat təhlükəsizliyini risk atmamaq üçün uçuşdan imtina etmişdir. Bildirmişdir ki, Bəhreyn hava yollarının saytında yerləşdirilən məlumata əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək Bangkoka uçan və ya ordan gələn insanlar karantinə alınacaq və ləngimələr olacaq. Onun uçuş səyahətinin Bəhreyn hava limanı ilə olacağını nəzərə alınaraq səyahətin ləğv edilməsini xahiş etmişdir. Sığortaçı “xxxxxxx” Sığorta Şirkəti ASC ilə sığortalı “X3” arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli sığorta müqaviləsinə əsasən, sığorta olunan İddiaçı 15000 USD məbləğində səfər sığortası ilə sığortalanmış və bu barədə ona xx xxxxxx 2019-cu il tarixli səfər sığortası şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsindən görünür ki, səyahətin ləğv edilməsi halında hər bir sığorta olunan üçün sığorta məbləğinin 5%- i məbləğində sığorta riski müəyyən edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “X6” MMC arasında bağlanan xx xxxxx 2019-cu il tarixli komissiya müqaviləsinə əsasən komitent olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC komisyonçunun yəni “X6” MMC-nin sifarişlərinə əsasən komisyonçunun müştəriləri yəni turistlər üçün xarici turoperatorda turizm məhsulunu bronlaşdırılmasını həyata keçirir. Həmin müqavilənin 2.1.10-cu bəndinə əsasən yalnız turməhsulunun tam ödənilməsi və komisyonçu və turist tərəfindən hazırki müqavilənin tələblərinin yerinə yetirilməsi şərtlərində komitent öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə komisyonçu və turist qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2.3-cü bəndindən görünür ki, turistin (və ya) digər sifarişçinin günahı və ya təşəbbüsü ilə bronlama üzrə komissionerin sorusu ilə bron olunmuş turizm məhsulu / turizm xidməti ləğv olunduğu təqdirdə , həmçinin komitentdən asılı olmayan istənilən səbəbdən, o cümlədən turizm xidmətinin ödənişinin olunmaması ilə əlaqədar olaraq həmin turist səfərə gedə bilmədiyi və ya digər xidmətdən istifadə edə bilmədiyi təqdirdə komitentin komisionerdən öz faktiki çəkdiyi xərcləri tutmaq hüququ vardır. Tuizm məhsuluna/turizim xidmətinə görə ödənilən pul vəsaitləri faktiki çəkilən xərcləri çıxmaqla rəsmi tələb alındığı tarixdən sonra otuz gün ərzində komitent tərəfindən geri qaytarılır. Həmin müqavilənin 8.1-ci bəninə əsasə tərəflər öz öhəliklərini icra etməmələrinə və ya lazımi qaydada icra etməmələrinə görə məsuliyyətdən o zaman azad olurlar ki, belə icra etməmələr hazırki Müqavilə bağlandıqdan sonra meydana çıxan dəf edilə bilməyən qüvvələrin təsiri ilə hadisə baş vermiş olsun. 8.2-ci bəndinə əsasən dəf edilə bilməyən qüvvələrin təsiri ilə baş verən hadisələrə, əsasən, aşağıdakılar daxildir: yanğın, təbii fəlakətlər, isənilən xarakterli hərbi əməliyyatlar, epidemiyalar, qanunverici orqanların və icra hakimiyyətləinin aktları, gömrük və sərhəd qaydalarında öhdəliklərin icrasına mane olan dəyişikliklə, mühacirət siyasətində dəyişikliklər , terror aktları, tərəflərin nəzarətindən kənar baş verən digər hadisələr. Öhdəlikləin icra müddəti belə vəziyyətləin davam etdiyi müddətə uyğun uzadılır. Əgər bu hadiələr 14 gündən çox davam edərsə, ona tərəflərdən hər biri hazırki Müqvilə üzrə öz öhdəliklərinin icrasından imtina etmək hüququna malik olur və bu halda tərəflərdən heç biri dəyən zərərin ödənilməsini digər tərəfdən tələb etmək hüququna malik olmur. Mülki iş materialları və işin faktiki halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı 2019-cu ilin noyabr ayında 29 fevral- xx xxxx 2020-ci il tarixlərdə Baku-Bangkok- Baku istiqamətində səyahət etmək üçün 1800 manat məbləğində “X6” MMC-yə nəğd ödəniş etməklə tur paketi almışdır. Lakin Koronavirusa yoluxma təhlükəsinə görə 1 ay əvvəldən uçuşu təxirə salmağını və ya bileti qaytarmaq istədiyini bildirmişdir. Şirkət tərəfindən ona bunun mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı müqavilədən imtina etməklə səyahət etmək istəmədiyi barədə cavabdehə bildirmişdir. Tərəflər müqaviləyə xitam verilməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdeh öz komitentinə bu məsələ barədə məlumat vermişdir. Lakin cavabdeh iddiaçıya pulun qaytarılması məsələsinin ondan asılı olmadığını bildirmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, komitent “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC otellerin bronlaşdırılmasını özü həyata keçirsə də, uçuşlarla bağlı sifarişi “Gulf AİR” həyata keçirir. Bu məsələ ilə bağlı komitentə müraciət etsə də hal hazırda komitentdən də asılı olmayan səbəblərə görə biletləri təşkil edən hava şirkəti yaranmış problemlərlə bağlı məsələni həll etməmişdir. Belə ki, hal-hazırda pandemiya davam etdiyindən uçuşların bərpa olunduğu təqdirdə avia şirkətin hansı formada kompensasiya təklif edəcəyi məlum deyildir. Lakin komitent otelin rezervasiya xərclərini ona qaytarmışdır və iddiaçıya təqdim etməyə hazırdır. Yəni Komitent olan şirkət tərəfindən iddiaçının ödəmiş olduğu 1800 manat pul vəsaitindən turizim xidmətinə görə ödənilən pul vəsaitlərini və faktiki çəkilən xərcləri çıxmaqla 537 manat pul vəsaitini komisyonçu “X6” MMC-yə geri qaytarmışdır. Bununla bağlı Mülki Məcəllənin: 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindəniqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqivə digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. İşin hallarından da göründüyü kimi cavabdehin iddiaya etirazı kimi bildirdiyi həmin vaxt uçuşların mümkün olduğu dövrdə başqa turistlərin uçuşlarını təhlükəsiz həyata keçirməsinə baxmayaraq, iddiaçının səfərdən imtinası faktı iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, iddiaçının hazırki halda səfərdən imtinası nə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı müqavilənin ləğvi, nə də cavabdehin göstərdiyi müqavilədən əsassız imtina kimi qiymətləndirilə bilməz. Əvvəla ona görə ki, həmin dövrdə artıq virus yayılması halları, nəticədə ölüm faktları kifayət qədəriydi və bu öhdəliyin ağır şərtlərlə icrasını şərtləndirən hal kimi deyil, öhdəliyin icrasını qeyri-mümkun edən hal hesab edilməlidir. Eyni zamanda dünyadakı epidomolji vəziyyət nəzərə alındıqda iddiaçının müqavilədən imtina etməsi borclunun və ya kreditorun öhdəliyi icra etməməsinə görə müqavilədən imtinası və ya borclunun icra mümkünsüzlüyü nəticəsində kreditor qarşısında məsuliyyət daşıması kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllənin 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. 556.2-ci maddəsinə əsasən borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Bu normalardan göründüyü kimi kreditor icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə borcludan öhdəliyin icrasını tələb edə bilməz, lakin müqavilənin ləğvi ilə bağlı icra edilməmiş öhdəliyə görə alınanları qaytarmaq hüququ istisna edilmir. Göstərilən hal Mülki Məcəllənin 1091.2-ci maddəsindən də irəli gəlir. Həmin normaya əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə eyni zamanda borclunun da bu məsələ ilə bağlı hüquqi müdafiə imkanlarını nəzərdən qaçıra bilməz. Belə ki, Mülki Məcəllənin: 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. 863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna edən və ya azaldan qüsurları olmasın. 863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur. 845.1. Daşıma başlayanadək istənilən vaxt sərnişin müqavilənin ləğv olunduğunu bəyan edə bilər. 845.2. Müqavilənin ləğvi ilə daşıyıcı şərtləşdirilmiş haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompensasiya tələb edə bilər. Kompensasiyanın miqdarı daşıyıcının qənaət etdiyi xərclərin və gediş hüququnu başqa şəxsə satmaqdan əldə edə biləcəyi gəlirin dəyəri çıxılmaqla gedişin dəyəri ilə müəyyənləşdirilir. 845.3. Adətən qənaət edilən xərclər və gedişin başqa şəxslərə satılması nəticəsində adətən əldə olunan mümkün gəlir nəzərə alınmaqla, müqavilədə hər nəqliyyat növü üçün kompensasiya kimi daşımanın dəyərindən faiz dərəcəsi müəyyənləşdirilə bilər. 846.3. Əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş nəqliyyat xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq hüququnu da itirir. 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. 847.1. Əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər. 847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir. 849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər. 849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, hazırki halda iddia cavabdehin etiraf etdiyi həddə təmin edilməlidir. Digər hissə ilə bağlı iddiaçının gələcəkdə təklif edilmiş kompensasiya və ya kompensasiya verilməsindən imtina edildiyi təqdirdə yaranmış mübahisə ilə bağlı iddia vermək hüququ saxlanılır. Eyni zamanda iddiaçının sığorta şirkətinə də qarşı dəymiş zərərlə bağlı iddia vermək hüququ istisna edilmir. Məhkəmənin bu mövqeyi aşağıda qeyd olunan maddi hüquq normalarından irəli gəlir. Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli “Sığorta fəaliyyəti haqqında Qanun”unun 1.1.18-ci bəndinə əsasən sığorta riski və ya risk dedikdə, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik başa düşülür. Mülki Məcəllənin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Həmin Məcəllənin 813-cü maddəsinə əsasən komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır. Həmin məcəllənin 814.1-ci maddəsinə əsasən Komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 537 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 537 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə dair iddiası qismən təmin edilsin. 537 (beş yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2965/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2965/2020
31.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver