Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-299/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sabahattin Kandala qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən indiyədək ona təqdim olunmamış əməliyyatın icrası üçün ödəməni təsdiq edən qəbzin və epikrizin məhkəməyə təqdim olunması, xəstəxanaya ödənilmiş 3200 manat məbləğində pulun və 5000 manat məbləğində dəymiş mənəvi ziyanın, ümumilikdə 8200 manat məbləğində pulun, eləcə də 102 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 18 dekabr 2021-ci il tarixdə İstanbul NS Klinikasında, həmin klinikanın həkimi Sabahattin Kandal tərəfindən icra olunmaqla rinoplastika əməliyyatı olmuşdur. Həmin əməliyyatın icrası üçün həkimin köməkçisi Samirə adlı şəxsə 3200 manat məbləğində pul ödənişi etmişdir. Əməliyyat olunmağına səbəb burnunun xarici görünüşünü bəyənməməyi olmuşdur. Əməliyyatdan əvvəl X5 tərəfindən burnunun əməliyyatdan sonra necə görünməsi barədə şəkil-maket hazırlanmış və həkim tərəfindən burnunun hər iki profildən, eləcə də ön hissədən düzgün görsənəcəyi və bu əməliyyatın burnundan nəfəs almasında heç bir çətinlik yaratmayacağı ona bildirilmişdir və o, bu qeyd olunanlarla razılaşıb əməliyyata razılıq vermişdir. Əməliyyat olunduqdan dərhal sonra burnunun sol hissəsində ağrılar hiss etməyə başlamış və həmin hissədən nəfəs ala bilməmişdir. Bunun səbəbini həkimdən soruşduqda, həkim ona burnunun gipsdə olması ilə əlaqəli olduğunu bildirmişdir. Əməliyyatdan 10 gün sonra burnunda olan gips açıldıqda burnundan nəfəs almaqda çətinlik çəkmiş, burnunun sol hissəsində iynə batırmış kimi ağrının davam etdiyini və əlavə olaraq burnunun sağ-sol nahiyyələri, deşikləri arasında fərq olduğunu müşahidə etmişdir. Gips açılan zaman həkim ölkə xaricində olduğu üçün o, öz narahatlığını həkimin köməkçisi Samirə adlı şəxsə demiş və Samirə adlı şəxs ona burnunu 3 ay masaj etməli olduğunu, həkimin 3 ay sonra gələcəyini və həmin vaxt müayinəyə gələ biləcəyini demişdir. O, 3 ay müddətində ona göstərilən masajları etmiş lakin, qeyd etdiyi problemlər aradan qalxmamışdır. 2022-ci ilin mart ayında yenidən həkimin müayinəsində olmuşdur. Həkim qeyd olunan problemlərin 1 il sonra, burnundakı şişkinlik aradan qalxdıqdan sonra düzələcəyini bildirmişdir. Bir illik müddət ərzində isə burnundakı problemlər daha da artmağa başlamışdır. Əvvəllər burnunda şişkinlik olduğu üçün burnunun sağ və sol nahiyyələrində olan fərqin nə olduğunu qavraya bilməmişdir. Bir illik müddətin sonlarına yaxın burnundakı şişkinlik azaldıqca əməliyyatdan sonra nəfəs almasında yaranmış problemin aradan qalxmadığını, burnunun orta hissəsinin sola, uc hissəsinin sağa əyildiyini, yuxarı hissədə isə şişkinlik yarandığını müşahidə etmişdir. Digər bir lor həkiminin müayinəsində olmuş və burun çəpərinin sol hissəsinin deşildiyini öyrənmişdir. Baş verənlər onda çox böyük psixoloji sarsıntı yaratmış və çox pis psixoloji vəziyyətdə bu ilin mart ayında, yəni həkimin dediyi kimi 1 il sonra müayinədə olmuşdur. Həkim qeydolunan problemlərlə razılaşaraq yenidən əməliyyat edilməli olduğunu və bunun üçün xidmət haqqı almayacağını lakin, xəstəxana xərclərini ödəməli olduğunu bildirmişdir. Həmin vaxt otaqda anası X1 və həkimin köməkçisi Samirə adlı şəxs də olmuşdur. O, həkim öz səhvini qəbul etdiyi halda həkimin səhvinə görə ikinci dəfə sağlamlığını təhlükə altında qoyaraq narkoz qəbul edəcəyini və bunun qarşılığında xəstəxana xərclərini ödəməməli olduğunu bildirmiş, lakin həkim razılaşmamışdır. X2rşı inamı olmadığından yenidən onun tərəfindən əməliyyat olmağı rədd etmişdir. Həmin vaxt həkim öz ödəniş cədvəlinə baxaraq ödəmiş olduğu 3200 manat məbləğində puldan həkimə çatmış 1240 manat pul məbləğini ona qaytara biləcəyini, qalan hissəsini isə məhkəmə yolu ilə ala biləcəyini bildirmişdir. Həmin vaxt həkimin köməkçisi Samirə adlı şəxs ona xəstəxananın hüquqşünası ilə görüşə biləcəyini demişdir. O isə bununla razılaşmış, 1 gün sonra həmin xəstəxananın hüquqşünası Nümayəndə1 ilə görüşmüşdür. Görüş zamanı orada X5 və həkimin köməkçisi Samirə adlı şəxs də olmuşdur. Nümayəndə1 həkimin burnunda yaratdığı nöqsanları qəbul etdiyini və ödənişi qaytara biləcəyini demişdir. Həmin vaxt Nümayəndə1 həkimə qarşı səsini qaldıraraq xəbəri olmadan pasiyent qarşısında ödənişi qaytara biləcəyini dediyinə görə irad bildirmişdir. Həkim isə “halallıq” olsun deyə pulu qaytarmaq istədiyini demişdir. Lakin hüquqşünas tərəfindən ona ödənişinin qaytarılmasına icazə verilməmişdir. Həmin vaxt Nümayəndə1 məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq ödənişi təsdiq edən qəbzi və əməliyyatdan sonra dəfələrlə istəməyinə baxmayaraq ona təqdim olunmamış epikrizi istəmişdir. Lakin həmin şəxs sənədləri verməyəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, burnunu əməliyyat etdirmək üçün aylarla həmin məbləği toplamış və böyük ümidlərlə əməliyyat olmuşdur. Təəssüflər olsun ki, burnu istədiyi formada alınmamış, bundan əlavə, əvvəllər burnunda olmayan qüsurlar meydana gəlmiş, nəfəs almasında çətinlik yaranmış, burnunun orta hissəsi sola, uc hissəsi sağa əyilmiş yuxarı hissəsində şişkinlik yaranmış, burun çəpəri deşilmişdir. Bu hal həm maddi həm də mənəvi baxımdan ona ziyan vurmuşdur. Burun əməliyyatından sonra burnunda yaranmış problemlərə görə psixoloji sarsıntılar keçirmişdir. Həkimin səhvinə görə burnunda yaranmış problemlərlə yanaşı xəstəxana tərəfindən ona qarşı olan hərəkətsizlik də bunu daha da artırmışdır. İddiaçı məhkəməyə müraciət etmək üçün qəbz və epikrizi əldə etməklə bağlı klinikaya, eləcə də Səhiyyə Nazirliyinə yazılı müraciət etsə də, həmin sənədlər ona təqdim olunmamaqla məhkəməyə müraciət etməyi bu vaxta qədər gecikdirilmişdir. Burnunda yaranmış qüsurların aradan qaldırması üçün təkrar əməliyyat olunmalıdır və konsultasiyasında olduğu həkimlər təkrar rinoplastika əməliyyatı olduğu üçün 6000 manatdan yuxarı məbləğlər təklif etmişlər. Bundan əlavə, yenidən əməliyyat olunmaqla, sağlamlığını təkrarən təhlükə altında qoyaraq narkoz qəbul etməli və burnunda yaranmış qüsurun aradan qaldırılması üçün qabırğasından qığırdaq götürülməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş 3200 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın, ümumilikdə 8200 manat məblləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini və cavabdehlərin hərəkətləri nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün çəkiləcək xərclərin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 Məhkəməyə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim etmiş və qeyd etmişdir ki, İddiaçı iddianın əsası kimi "xxxx"nın həkimi plastik cərrah Sabahattin Kandal tərəfindən burnu üzərində rinoplastika cərrahi əməliyyatı keçirildiyini bildirmişdir. İddiaçı bununun xarici görüntüsünü bəyənmədiyinin və bu səbəbdən burnunda cərrahi əməliyyat keçirildiyini bildirmişdir. İddiaçının burnunda aparılmış cərrahi əmliyyatdan sonra fəsadlar yarandığını, nəfəs almaqda çətinliyin olduğunu burnunun görüntüsündə qüsurlar olduğunu bildirərək tərəfindən ödənilmiş vəsaiti və mənəvi zərəri iş üzrə cavabdeh "xxxx" MMC-dən tələb edir. İşin faktiki halları qeyd etdiyi kimidir: İddiaçı 2021-ci ilin dekabr ayında klinikaya müraciət edərək, burnunun xarici görünüşündə əyrilik, yüksək burun beli, burnun ucunda sallanma, nəfəs darlığı şikayəti olduğunu bildirmişdir. Həkim plastik cərrah Sabahattin Kandal İddiaçı müayinə edərək, burnu ilə bağlı olaraq bildirmiş olduğu qüsurları nəzərdən keçirərək cərrahi əməliyyat vasitəsi ilə qüsurların aradan qaldırılmasının mümkünlüyünü bildirmişdir. İddiaçı burnundakı qüsurlarla bağlı cərrahi əməliyyat olunmasını X5dan xahiş etmişdir. Sözügedən cərrahi əməliyyat xx.xx.2121-ci il tarixə təyin edilmişdir. İddiaçı burnunda septorinoplastika cərrahi əməliyyatı aparılmış və uğurla nəticələnmişdir. Xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə evə göndərilmişdir. İddiaçı 2022-ci ilin yanvar ayının sonuna doğru müayinə üçün klinikaya gəlməsi bildirilmişdir. Ləman Bakı şəhərində olmadığı üçün gələ bilməyəcəyini demişdir. İddiaçı 2022-ci il mart ayında İstanbul NS Klinikasına gəlmiş və müayinə zamanı sağ nostril çəkintisi-burun, sol üst tərəfində şişkinlik xaricində burun içində qabıqlanma mövcud olduğunu və bu hallarda əyri burunların sağalmasında qığırdaq yaddaşı meyilli ola biləcəyi xəstə və xəstə yaxınına ətraflı izah edilmişdir. Bununla yanaşı İddiaçı burun ucunun və burun belinin şiddətli və istiqamətli masaj edilməsi video vasitəsi ilə təsvir edilmişdir. Burun cərrahi əməliyyatları başa çatdıqdan sonra onun səthinin hamar, düz və istənilən şəkildə olması üçün gips vasitəsi ilə sabitlənir. Belə ki, burunda çəpər əyriliyi əməliyyatları zamanı qığırdaqlar kiçik parçalar şəklinə gətirilib əyri olan hissənin düz olması baxımından burun içindən onun daxili səthinə uyğun selikon borular, bayır səthinə isə gips yerləşdirilir. Sözügedən burun nayihəsi hər hansı bilərəkdən, ehtiyyatsızlıqdan və ya yuxuda olan zaman xəstənin özündən asılı olmayaraq hərəkəti zamanı gipsin konstruktiv olaraq yerdəyişməsi olur ki, bunun nəticəsində burunda əyilmələr baş verir. X5 xəstənin istəyinə uyğun müalicə və masaj protokolunu ətraflı izah etmiş və 2 ay sonraya müayinəyə gəlməsini bildirmişdir. Növbəti müayinədə xəstənin burnundakı şişkinliyin azaldığı və düzəldiyi müşahidə edilmişdir.İddiaçı burun nahiyəsində aparılan cərrahi əməliyyat onun öncəki vəziyyəti ilə müqayisədə kifayət qədər uğurlu olmuşdur. Məhz bu səbəbdən iddiaçının iddiasının əsası olmadığı qənaətindədir. Qeyd olunanlara əsasən, İddiaçı iddiası əsassız olduğu üçün “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı əməliyyat olunan vaxt ilkin olaraq müayinələrədən keçmiş və müayinələr zamanı həkim özü və onun köməkçisi Samirə adlı xanım iddiaçını qəbul etmişdir. İddia ərizəsində də həmin xanımın adı qeyd olunmuşdur. Samirə xanımla iddiaçı arasında olan “whatsapp” tətbiqi vasitəsi ilə aparılmış mesaj və səsli danışıqlar, həm elektron daşıyıcıda həm də kağız formatda qeyd olunmuşdur. Belə ki, səsli mesajlarda Samirə adlı xanım açıq aydın etiraf edir ki, əməliyyatdan öncə iddiaçı ona həqiqətən də 3200 manat əməliyyat pulu ödənilmiş və onların qaydalarına görə həmin pulun hamısını hesaba yerləşdirəndə onlardan vergi tutulduğu üçün ödəniş qəbzini iddiaçıya təqdim etməyiblər. Eyni zamanda iddiaçı bildirir ki, həkimin özü ilə sonuncu dəfə görüş zamanı səs yazısı var ki, həkim hər şeyi əvvələdən axıra qədər etiraf edir və bildirir ki, pulu ödəməyə hazırdır. Sadəcə olaraq klinikanın rəhbərliyi və hüquqşünas buna imkan vermirlər. Qarşı tərəf bildirir ki, iddiaçıda əməliyyat zamanı hər hansı bir fəsad yaranmamışdır. Lakin iddiaçını əmliyyat edən Sabahattin Kandal “whatsapp” nömrəsi vasitəsi ilə iddiaçı ilə danışan zaman o fəsadların olduğunu etiraf etmiş və əməliyyat üçün 3200 manat pul ödənildiyini, həmin məbləğdən ona 1250 manat pulun ona çatdığını, digər məbləğin isə klinikanın məsrəfləri üçün ödənildiyini bildirmişdir. Onlar həmin səs yazısını elektron daşıyıcıya köçürmüşük və məhkəməyə təqdim etmi.dir. Hesab edir ki, həmin səs yazısı qanunvericiliyin tələblərinə uyğun əldə edilmişdir və ona görə də, mülki iş materiallarına sübut kimi əlavə olunmalı və sübut kimi tanınmalıdır. Həkim özü isə səs yazısında etiraf edir ki, ödənilmiş 3200 manat pul vəsaitindən 1200 manat ona çatmışdır və həmin pulu iddiaçıya ödəməyə hazırdır, digər məbləği isə klinikadan almağ bildirir. Ondan sonra cavabdehin məhkəmədə iştirak edən nümayəndəsi bu məsələləri biləndən sonra həkimin pulu ödəməsinə imkan verməmişdir və nəticədə bizə 3200 manat maddi ziyan vurulmuşdur. İddiaçı əvvəlki məhkəmə iclasında izahatında göstərmişdir ki, burnunda kəmər var imiş. O, burnunun görüntüsünü bəyənmirmiş və ona görə əməliyyat olmuşdur. Əməliyyatdan sonra burnunda problem yaranmışdır. Burnunun sol tərəfindən nəfəs ala bilmir. Burnunda şişkinlik yaranıb, nəfəs alanda da burnundan fit səsi gəlir. O, burnunda problem yarananda ağlaya-ağlaya həkimə zəng vurmuşdur. Həmin vaxt həkim Bakıda olmadığına görə həkimin köməkçisi ona demişdir ki, masaj etsin düzələcəkdir. O, həkimin qəbulunda dəfələrlə olmuşdur. Həkim ona deyib ki, 1 il ərzində düzələcək. Ona görə bu vaxta qədər gözləmişdir. Sadəcə olaraq sübutlarla bağlı Klinikaya və Səhiyyə Nazirliyinə müraciət etmişdir ki, ona epikriz təqdim olunsun onu da verməyiblər. Həkimin özü ilə danışmış, həkim baş verənləri qəbul etmişdir. Təklif etmişdir ki, yenidən əməliyyat etsin. O, qəbul etməmişdir. Ondan təkrar əməliyyat xərcini istəyirlər öz səhvlərini düzəltmək üçün, o, artıq güvənmir. Həkim ona demişdir ki, 3200 manatdan 1200 manatını qaytarır. Həkimin köməkçisi isə ona demişdir ki, “sən get klinikanın hüquqşünasının yanına bəlkə sənə pulun hamısını qaytardılar”. Hüquqşünas həkimə demişdir ki, “sən niyə özünü qorxaq kim göstərirsən. Bundan sonra həkim pulu qaytarmamışdır. O, başqa həkimlərin qəbulunda olmuşdur. Ondan 6000 manat vəsait tələb olunur. Belə ki, normal vəziyyətə gəlmək üçün ona 10000 manat tələb olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib, etirazın mahiyyətinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddianı tamamilə qəbul etmirlər. Etiraz mülahizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf bildirir ki, burnunda problem var. Amma tam belə deyil. X5 iki həftədən artıq qala bilmir. Həkim Türkiyə vətəndaşıdır. Ən çox 18 gün qalır Türkiyədə. İddiaçı Gəncədə olduğu üçün gələ bilməyib. Xəstə əməliyyata girməmişdən qabaq və sonra şəkillər çəkilir. Həmin şəkilləri məhkəməyə təqdim etmişdir. Əməliyyatdan sonra toxumalar zədələnir. Burunda ximirçək doğranılır düzgün yığılır. Gips qoyulur, gecə yatanda ola bilər harasa dəyib əyilə bilər. İddiaçıda burun çəpəri əməliyyatı olub. İddiaçı növbəti dəfə gələndə anası ilə gəlib, həkimə təzyiq olub. İddiaçı qeyd edir ki, ona 6000 manat pul verilməlidir. Bir burun üzərində cərrahiyə əməliyyatı aparılırsa o burunda kifayət qədər çökəklik yaranırsa, bu təqdirdə 600 manatı geri ödəmək halı yaranır. İddiaçıda da bu hal baş verməyib. İddiaçının klinikaya nə qədər ödəniş etməsi barədə məlumatı yoxdur. Ödənişlə bağlı qəbz vermişik iddiaçıya, çıxıb gedib, onlarda nüsxəsi yoxdur, saxlamamışlar, mühasibatlıqda da yoxdur, lakin məbləğ 3200 manat deyil. İş materiallarına əlavə edilmiş epikrizdən görünür ki, İddiaçı klinikaya xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Xəstəyə burunun estetik deformasiyası klinik diaqnozu təyin edilmişdir. Xəstə klinikaya tənəffüsün çətinləşməsi, burunun estetik deformasiyası şikayətləri ilə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Rinoplastika” əməliyyatı icra olunmuşdur. Əməliyyat vaxtı və sonrakı dövr fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmış, lazımi məsləhətlər verilmişdir. xx.xx.2021-ci il tarixdə xəstə klinikadan ayrılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, KEŞ- 663 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. “İstanbul NS” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarxdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra onu “Burnun estetik deformasiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən həmin tarixdə xəstənin üzərində “rinoplastika” cərrahi əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2021-ci ik tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. 2-6. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Perforasiya travmatik, infeksion mənşəli və cərrahiyə əməliyyatının texniki icrası zamanı yarama bilər. Bununla əlaqədar təkrar cərrahiyə əməliyyatı edilə bilər.
7. Cərrahiyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarıın təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli, KEŞ- 109 nömrəliekspert rəyininin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patalogiya müxtəlif səbəblərdən, o cümlədən travma, infeksion mənşəli və cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı yarana bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli, KEŞ- 635 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patalogiya müxtəlif səbəblərdən (travma, infeksion mənşəli və cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı və s.) inkişaf edə bilər. Lakin, hazırki işdə septumda perforasiyanın məhz hansı səbəbdən baş verməsi barədə konkret fikir söylənilməsi mümkün olmadı. Bununla əlaqədar təkrar cərrahiyyə əməliyyatının aparılmasına mütləq tibbi göstəriş yoxdur. Lakin, İddiaçı istəyi ilə belə bir əməliyyat aparıla bilər.
3. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6 xx.xx.2024-cü il tarixli, 248 saylı məktubundan görünür ki, 1999-cu il təvəllüdlü İddiaçı instituta travma ilə bağlı müraciət etməmişdir. İş materiallarında olan “whatsapp” mobil tətbiqi vasitəsi ilə iddiaçıya göndərilən audio yazıdan görünür ki, İddiaçı tərəfindən rinoplastika əməliyyatı üçün ona 3200 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə X5 arasında olan danışıqların qeydə alınmasına dair audio yazıdan görünür ki, o, İddiaçı tərəfindən əməliyyat üçün klinikaya ödənilmiş 3200 manat məbləğində pulun 1240 manatının ona çatdığını, qalan hissəsinin isə xəstəxana xərcləri üçün istifadə olunduğunu və özünə çatan 1240 manat məbləği İddiaçı qaytara biləcəyini bildirir. Məhkəmə proses iştirakçılarının izahatlarını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). İşdən göründüyü kimi, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı cavabdeh tibb müəssisəsində əməliyyatın düzgün icra olunmaması əsası ilə ona maddi və mənəvi zərər dəyməsinə istinad etmişdir. Hazırkı iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyləri ilə iddiaçının burun nahiyəsində septumda perforasiyanın olduğu müəyyən edilmişdir. Həmçinin həmin rəylərdə göstərilmişdir ki, perforasiya travmatik, infeksion mənşəli və cərrahiyə əməliyyatının texniki icrası zamanı yarana bilər. İş materiallarında olan epikrizdən görünür ki, xəstə əməliyyata qəbul edilmədən öncə ona burunun estetik deformasiyası klinik diaqnozu təyin edilmişdir. Yəni, cərrahiyyə əməliyyatı icra edilənədək iddiaçının burun nahiyəsində septumda perforasiya olmamışdır. Bu halların mövcudluğunda cavabdeh "xxxx" MMC iddiaçının burun nahiyəsində icra edilən cərrahiyyə əməliyyatının texniki icrasının qüsursuz həyata keçirilməsini və iddiaçının hazırda burun nahiyəsində olan septumda perforasiyanın keçirilmiş cərrahiyyə əməliyatının texniki icrası nəticəsində yaranmamasını sübuta yetirmə öhdəliyini daşısa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş iddiaçı ilə X5 arasında olan danışıqların qeydə alınmasına dair audio yazıdan görünür ki, o, İddiaçı tərəfindən əməliyyat üçün klinikaya ödənilmiş 3200 manat məbləğində pulun 1240 manatının ona çatdığını, qalan hissəsinin isə xəstəxana xərcləri üçün istifadə olunduğunu və özünə çatan 1240 manat məbləği İddiaçı qaytara biləcəyini bildirir. Bu halın mövcudluğu, yəni həkim tərəfindən əməliyyata görə ödənilmiş vəsaitin ona çatan hissəsini geri qaytarmasını iddiaçıya təklif etməsi də tibb müəssisəsi tərəfindən əməliyyatın icrasının qüsurlu həyata keçirildiyi qənaətinə gəlməyə əsas verir. Çünki, uğurla həyata keçirilən əməliyyata görə ödənilən vəsaitin geri qaytarılmasını məhkəmə ağlabatan hesab etmir. Qeyd olunanlara əsasən, məhkəmə cavabdeh tərəfindən ona zərər vurulması barədə iddiaçının dəlillərini əsaslı sayır. Məhkəmə hesab edir ki, 3200 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutulması barədə tələb də əsaslıdır. Belə ki, iddiaçı tərəfindən burun nahiyəsində cərrahiyyə əməliyyatı üçün klinikaya 3200 manat ödənilməsi cavabdeh "xxxx" MMC tərəfindən inkar edilsə də, bu, iş materillarında olan "xxxx" MMC-nin qəbul bölməsinin əməkdaşının “whatsapp” mobil tətbiqi vasitəsi ilə iddiaçıya göndərdiyi audio yazı və X5 ilə iddiaçı arasındakı danışıqların qeydə alınmasına dair audio yazı ilə təsdiq olunur. Həmçinin, məhkəmə qeyd edir ki, dəfələrlə məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsindən bu cərrahiyyə əməliyyatı ilə bağlı mühasibatlıq sənədlərinin məhkəməyə təqdim edilməsini tələb etsə də, cavabdeh iddiaçı tərəfin bildirdiyi məlumatların, habelə audio yazılardakı məlumatların həqiqiliyini təkzib edən sübut təqdim etməyib. Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mühasibatlıq sənədinin saxlanılmadığını qeyd etsə də, məhkəmə qanunvericiliyə əsasın mühasibat uçotu sənədlərinin ən azı 5 il müddətinə saxlanılması barədə qanunvericiliyin tələbini, eləcə də cavabdeh "xxxx" MMCnin mülki dövriyyənin mütəşəkkil subyekti olmaqla icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə xüsusi diqqət yetirən hüquqşünasa, vergi-mühasibatlıq sahəsinə məsul mühasiblərə malik olmasını nəzərə alaraq cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi məlumatı inandırıcı hesab etmir. Cavabdehin mühasibatlıq sənədini məhkəməyə təqdim etməməsi onu təsdiq edir ki, o, həmin sənədi verməkdən (sübut təqdim etməkdən) imtina edir. Ona görə də həm iddiaçı tərəfin bildirdiyi məlumatlara, həm də audio yazıdakı məlumatlara əsasən iddiaçının cərrahiyyə əməliyyatı üçün "xxxx" MMC-yə 3200 manat ödəməsi müəyyən olunmuş sayılmalıdır. Vergi Məcəlləsini 71.4-cü maddəsinə əsasən, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Qeyd olunanlarla əsasən, məhkəmə hesab edir ki, 3200 manat maddi ziyan cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə sağlamlığına dəymiş zərərlə bağlı iddiaçının sarsıntı və məyusluq hissi keçirməsini və onun faktiki sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və ona görə mənəvi ziyana görə 1000 manat cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 102 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi dövlət rüsumu ilə bağlı hissədə qismən təmin edilməli, təmin edilmiş tələbə mütənasib olan 50 manat dövlət rüsumu "xxxx" MMCdən tutulmalı və qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərin hərəkətləri nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün çəkiləcək xərclərin cavabdehlərin üzərinə qoyulması barədə” hissəsi qeyri-müəyyən olduğundan və bununla bağlı sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Həmçinin, məhkəmə maddi və mənəvi ziyanın digər cavabdeh Sabahattin Kandalın üzərinə qoyulması barədə tələb də təmin edilə bilməz. Belə ki, işin müəyyən olunan hallarından görünür ki, burun cərrahiyyə əməliyyatını icra edən X5 "xxxx" MMC-nin işçisidir və cərrahiyyə əməliyyatı ilə bağlı razılaşma məhz Klinika ilə olmuş və ödəniş də Klinikaya edilmişdir. Başqa sözlə, mübahisəli hüquq münasibətinin tərəfləri iddiaçı ilə "xxxx" MMCdir. Ona görə məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab etmir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, maddi ziyana görə 3200 manat, mənəvi ziyana görə 1000 manat və 50 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Maddi ziyana görə 3200 ( üç min iki yüz) manat və mənəvi ziyana görə 1000 (min) manat və 50 (əlli) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4250 (dörd min iki yüz əlli) manat pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Qoşqarlı