Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3078/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun qaytarılması və s.” tələbi barədə iddia ərizəsinə dair mülki işə 10 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4905 manat əsas, 245,25 manat faiz, 1471,5 manat cərimə borcu olmaqla, cəmi 6621,75 manat borcun və 88 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdehlə aralarında bağlanmış 16 dekabr 2021-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, iddiaçının mülkiyyətindəki “Lada Vesta” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(001)- 3078/2023 saylı qərardadına əsasən, iddia ərizəsinin “avtomobilin qaytarılması” hissəsi baxılmamış saxlanmışdır. Tələbin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2021-ci il 16 dekabr tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCdən “Lada Vesta” markalı **-PC-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 35 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin yanvar ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 545 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2022-ci ilin avqust ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2023-cü il mayın 01-i vəziyyətinə Cavabdeh 4905 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən:“Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” 2023-cü il mayın 01-i vəziyyətinə borcun - 4905 manatın illik 5 faizi həcmində hesablanmış 245,25 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 5,45x270gün=1471,5 manat cərimə ödəməlidir. Lizinq müqaviləsinin 8.4-cü bəndinə əsasən lizinq alan borc öhdəliyini vaxtında və layiqincə icra etmədikdə, lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Məhkəmədə icraat: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki iş materiallarında olan: - 16 dekabr 2021-ci il tarixli, 1 saylı “Uzun müddətli icarə (daxili lizinq) müqaviləsi” əsasən, 2019-cu il buraxılışlı, “Lada Vesta” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XTAGFL330KY348404 ban, ******* mühərrik nömrəli, qara-metallik rəngli avtomobil Cavabdeh Birbəşir oğlunun müqəvəqqəti sahibliyinə verilmiş, M.B.Dünyamalıyev 35 ay müddətinə hər ay 545 manat, ümumilikdə isə 19075 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadan ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizin predmetinin qalıq məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir. - 16 dekabr 2021-ci il tarixli qəbul aktından görünür ki, lizinq predmeti olan avtomobil Cavabdeh təqdim edilmişdir. - hesabdan çıxarışdan görünür ki, Cavabdeh Mirbəşid oğlu 16 dekabr 2021-ci il tarixli lizinq müqaviləsi üzrə 2021-ci ildə cəmi 3270 manat, 2022-ci ildə isə xx.xx.2022-ci il tarixdə 545 manat, xx.xx.2022-ci il tarixdə 545 manat olmaqla, cəmi 1090 manat, beləliklə, ümumilikdə 4360 manat ödəniş etmişdir. - 16 mart 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi haqqında bildiriş göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748.3-cü maddəsinə əsasən, lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. - 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmənin mövqeyi: Qüvvədə olan qanunvericilikdə həm qanunla, həm də müqavilə ilə öhdəliyin təmin olunmasının digər üsulları da nəzərdə tutula bilər. Digər üsullar sırasında bəzi nəğdsiz ödəmə vasitələrini – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Bir sıra müqavilə növləri, məsələn, sığorta, kredit, lizinq müqavilələri də müəyyən təminat xüsusiyyətlərinə malikdir. “Konstitusiya Məhkəməsi Plenumunun lizinqlə bağlı qəbul olunmuş əvvəlki qərarlarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar). Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi ilə mülki qanunvericilikdə müəyyən mülki-hüquqi müqavilələrin subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir xüsusi tələb müəyyən olunmayıb. Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında buna dair ətraflı açıqlama verilərək göstərilmişdir ki, lizinq münasibətləri Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-1-ci maddəsində lizinq müqaviləsinin subyektləri müəyyən olunmuşdur. Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki Məcəllənin 747-1.3-cü maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Məcəllənin 747-1.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər. Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrindən göründüyü kimi, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin göstərilən maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb mövcud deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq, lizinq müqaviləsinə əsasən lizinq alan istənilən fiziki və ya hüquqi şəxs ola bilər və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması tələb olunmur.” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı) İşin faktiki hallarından görünür ki, Cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə lazımınca əməl etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur, buna görə də, iddiaçı müqavilənin vaxtından əvvəl ləğvi tələbində haqlı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edildiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin məbləğlər iddia tələbində göstərilənlərə uyğun müəyyən edilməlidir. Belə ki, 01 may 2023-cü il tarixə əsas borc 4905 manat təşkil edir. Həmin məbləğin 5 faizi 245,25 manatdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bir aylıq ödənişin bir faizi 5,45 manat təşkil edir. Borcun gecikdirildiyi gün sayı 270dir, belə olan halda cərimənin miqdarı 1471,5 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borc 4905 manat, faiz borcu 245,25 manat, cərimə borcu kimi 1471,5 manat olmaqla ümumilikdə 6621,75 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi vəsaitin əvəzi kimi 88 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun qaytarılması və s.” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli, 1 saylı “Uzun müddətli icarə (daxili lizinq) müqaviləsi” ləğv edilsin. X1 4905 manat məbləğində əsas, 245,25 manat faiz, 1471,5 manat cərimə borcu olmaqla, ümumilikdə 6621,75 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 88 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3078/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3078/2023
10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver