Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-309/2025 09.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “qeyriyaşayış sahəsində çıxarılma və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsində çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun qeyri-yaşayış sahəsindən çıxarılması, ona məxsus olan ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, sahəsi 21,64 kv.m sahəsi olan (6,42 m.*3,37 m.), 01 nömrəli qeyri-yaşayış sahəsindən (qarajdan) cavabdeh (cavabdehin nümayəndələri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, həmin qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə yaradılan bütün maneələrin aradan qaldırılması, cavabdehin həmin sahəyə dair sənədlərinin etibarsız hesab edilməsi, həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4000 manat, mənəvi ziyanın əvəzi olaraq 4000 manat məbləğin tutularaq ona ödənilməsi, habelə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 21,64 kv.m sahəsi olan (6,42 m.*3,37 m.), 01 nömrəli qeyri-yaşayış sahəsini (qarajı) alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alqı-satqı müqaviləsi imzalanan zaman "xxxx" MMCni, həmin cəmiyyətin nizamnaməsinə əsasən fəaliyyət göstərən MMC-nin direktoru X2 təmsil edirdi. Həmin alqı-satqı müqaviləsinə əsasən MMC-yə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsi (qaraj) alıcıya satmağı, alıcı isə həmin sahəni almağı və qabaqcadan müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürür. Pulu tam ödədikdən sonra əmlakın tamamilə onun öhdəsinə keçməsi barədə qeyd alqı-satsı müqaviləsində 7-ci bənd üzrə açıq aydın qeyd edilmişdir. Tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 15.000 manat məbləğ ödənilmişdir. Həmin tarixdə də ona məbləğin tam ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru tərəfindən imzalanaraq möhürlü halda ona təqdim edilmişdir. Lakin sonradan Cavabdeh İsmayil oğlu binanın zirzəmi hissəsinin ona məxsus olmasını, guya sonuncu ilə həmin qeyri-yaşayış sahələrinin (qarajların) mənzil əvəzi barter olaraq dəyişdirildiyini iddia etmişdir. Lakin təqdim etdiyi sənəd sadəcə X3 X7 vermiş olduğu etibarnamə və onun əsasında verilmiş X10 tərəfindən imzalanmış sənəddir. Halbuki MMC-yə məxsus əmlak etibarnamə əsasında özgəninkiləşdirilə bilməz. Əsasını etibarnamə təşkil edən sənədləşdirilməyə istinad edən Cavabdeh iddia etdiyi qarajların sırasında onun qarajı da vardır. Cavabdeh onun və digər qonşuların pul ödəyərək aldığı zirzəmi qatını tamamilə özbaşına tutaraq istifadə edir. Cavabdeh əlavə tikililər inşa etmək niyyətindədir. Həmçinin, sahəsindən istifadəyə maneələr yaradır. Cavabdehdən sahədən çıxmasını tələb etsələr də, cavabdeh bundan imtina edir. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun gözlənilən mülkiyyət hüquqlarına qəsd edir və mülkiyyətindən sərbəst istifadə etməsinə maneələr yaradır. Bütün cəhdlərə baxmayaraq cavabdehin törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Yuxarıda qeyd olunan qeyriyaşayış sahəsi (qaraj) mülkiyyət hüququ ilə adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, sahənin ona məxsus olmasını bina sakinləri və ona təqdim edilmiş binanın rəsmi sənədləri təsdiq edir. Ən azından onun istifadə və sahiblik hüququ vardır və bu da qanunla qorunmalı olan hüququdur. "xxxx" MMC ilə onun arasında alqısatqı müqaviləsi bağlanmış, müvafiq maliyyə arayışı ona təqdim edilmişdir. Bununla da, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 21,64 kv.m sahəsi olan (6,42 m.*3,37 m.), 01 nömrəli nömrəli qeyri-yaşayış sahəsi (qaraj) ona məxsus hesab edilməlidir. Lakin cavabdeh tərəfindən edilən müdaxilələr nəticəsində o, özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Belə ki, hər dəfə o, zirzəmi qatında yerləşən sahəyə istər baxış keçirən, istərsə də istifadə etmək istəyən zaman cavabdeh səs-küy salaraq, gah polis çağırır, gah da mübahisəni elə həddə çatdırır ki, kimsə cavabdehə kobud cavab verməli olsun və cavabdeh də bundan istifadə edərək şikayət etsin. Bu cür nəticələrlə qarşılaşmamaq üçün faktiki olaraq hazırkı vəziyyətdə əmlakından istifadə edə bilmir. Hazırda cavabdeh qaraj olan sahəyə bir neçə yük maşını qum və s. tikinti materialı boşaltmaqla həmin ərazidə özü bildiyi tərzdə və öz əmlakı kimi davranmaqla təmir işləri aparmaq istəyiir. Cavabdehin bu niyyəti həyata keçərsə qarajlara yeganə giriş qapısı da yaxın zamanda hər hansı maneə (darvaza, jaluji və s.) ilə cavabdeh tərəfindən bağlanacaqdır. Sadalanan hallar azmış kimi o, binanın zirzəmi hissəsinə hər dəfə enən zaman cavabdehin ustaları və ya birbaşa özü tərəfindən edilən müxtəlif maneələr ilə rastlaşır. Ustalar tərəfindən divarlarda söküntü işləri aparılır. Aqlay qatları çıxarılır. Divarlara mayaklar atılır. Şkatur işləri aparmaq istəyir. Müxtəlif hissələrə pəncərələr qoyulur. Qaraj hissəyə aid olmayan tikinti söküntü işləri aparılır. Hər dəfə belə hərəkətlərlə rastlaşdıqda bu cür maneələri dəf etmək məcburiyyətində qalır, həm qarajından təyinatı üzrə istifadə edə bilmir, maddi, həm də mənəvi sıxıntı da keçirir. Bütün bu hallar onun səhhətinə də mənfi təsirsiz ötüşmür. Maddi sərvət gücünə əldə etdiyi qeyriyaşayış sahəsinin sanki ona məxsus olmaması vəziyyətini yaşayır. Əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirir. Cavabdehin təqsirli hərəkətləri ilə o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş və hazırda da çəkməyə davam edir. Bundan başqa qarajdan istifadə edə bilmədiyi üçün ona maddi zərər də dəymişdir. Belə ki, onun mülkiyyətində olan avtomobili qaraj şəraitində uzun müddət saxlaya bilməmişdir. Bunun nəticəsində maşını hava şəraitindən asılı olaraq müxtəlif təbii hava təsirlərinə məruz qalmaqla (günəş, yağış, qar və s.) daha tez öz zavod rəng qatının və avtomobilin digər hissələrinin daha təsirli aşınmasına məruz qalmışdır. Bundan başqa qaraj sahəsini bütün bu müddət ərzində seçiminə uyğun icarəyə də verə bilərdi. Bütün bu hallar cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsinin təqzibolunmaz göstəricisidir. Həmin zərərlərin hər birinin 4000 manat göstərməyi isə cavabdehə qarşı özüməməxsus humanist yanaşmasından irəli gəlir. Cavadehin etdiyi qanunsuzluqların qarşılığında haqqlı olaraq bu məbləğin 10 qatını da tələb etmək hüququ vardır. Məhkəmə təcrübələrindəki yanaşmalardan bəllidir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərərçəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərçəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərərçəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərərçəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir. Qeyd etdiklərinə əsasən cavabdehin sənədlərinin (əgər mövcuddursa) etibarsız sayılması zərurəti də vardır. Belə ki, cavabdehin sənədlərinin əsası etibarnamədir. Etibarnamə özü isə etibar edilən şəxsə MMC-nin əmlakının satılmasına səlahiyyət vermir. MMC-də səlahiyyətli şəxs onun direktorudur. Direktorun imzası və MMC-nin möhürü ilə alqı-satqını rəsmiləşdirmək mümkündür. (Əgər cavabdeh daha çox saxtakarlıq etməyə cəhd göstərməklə, belə bir sənəd də ortaya çıxararsa ona qarşı cinayət işinin qaldırılması ilə bağlı kütləvi müraciətlər ediləcəkdir.) Bu günki gündə ona məlum olan cavabdehin sənədi etibarnamə əsasında etibar edilən şəxslə cavabdeh arasında bağlanmış müqavilədir. Həmin müqavilə də səlahiyyətli şəxs tərəfindən verilmədiyindən (yəni təsisçi MMC əmlakını satmaqla bağlı etibarnamə verə bilməz) etibarsız hesab edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, hazırki iddia tələbi ilə ona qarşı "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış binasının zirzəmi hissəsində qeyri-yaşayış sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi, həmin qeyriyaşayış sahəsinə edilən maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Tərəfindən "xxxx" MMC-yə məxsus yaşayış binasında 7 və 21 saylı mənzillər alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Qeyd edilən yaşayış binasının sahibi Xanlar Cəfərov 2018-ci ildə mübahisəli binada mənzillərin bir neçə şəxslərə satılması faktı ilə əlaqədar barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt Xanlar Cəfərov onunla yaxın dost olduğu üçün ondan xahiş etmişdir ki, ona satılmış mənzilləri şikayətçi şəxslərə vurulmuş ziyanın əvəzi olaraq onlara verməsini, əvəzində həmin binanın zirzəmi hissəsində yerləşən qarajları ona verməsini xahiş etmişdir. Bu məqsədlə tərəfindən Bakı şəhər 32 saylı notariat kontorunda ona satılmış 2 ədəd mənzildən imtina edərək Xanlar Cəfərova qaytarmış və əvəzində həmin binanın arxa hissəsində yerləşən binanın zirzəmi hissəsində 630 kv.m olan qarajlara dair alqı-satqı müqaviləsi bağlanılmışdır. O, həmin mənzillərə dair imtina ərizəsi verdikdən sonra həmin mənzillər Elşad (7 saylı mənzil) və Nəriman (21 saylı mənzil) adlı zərərçəkmiş şəxslərə verilmişdir. Bundan sonra Xanlar Cəfərov imtina edilmiş mənzillərin müqabilində qeyd edilən qeyri-yaşayış sahələrini (qarajları) müqavilə əsasında onun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışı verilmişdir. Lakin sonradan Xanlar Cəfərov tərəfindən bilmədiyi səbəblərdən iddiaçının adına həmin qeyri-yaşayış sahələrinə dair müxtəlif şəxslərlə müqavilələr bağlanılmışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı və həmin qeyri-yaşayış sahələrini (qarajların) satıldığı daha 2 şəxs Xanlar Cəfərovla aralarında olan razılaşmaya əsasən, həmin sahələrə dair yazılmış müqavilələr əsasında Xanlar Cəfərova hər hansı bir məbləğdə pul ödəməmiş, əvəzində həmin yaşayış binasına su çəkilməsi və binada baseyni inşa edilməsi ilə bağlı xərcləri öz üzərlərinə götürmüş, lakin vədlərinə əməl etməmiş və hər hansı bir xidmət göstərməmişdir. Bu barədə DİN-də aparılan araşdırma zamanı iddiaçı və qeyri-yaşayış sahələrinin (qarajların) satıldığı şəxslərin ifadələri alınmış, Xanlar Cəfərovla üzləşmə aparılmış, onlara verilmiş müqavilələr üzrə hər hansı bir xidmət göstərmələri təsdiqini tapmadığı üçün onların zərərçəkmiş şəxs kimi tanınmasından imtina edilmişdir. Yuxarıda qeyd etdikləri xx.xx.2023-cü il tarixli ittiham aktında da bir daha öz təsdiqini tapmışdır. Hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bundan əlavə həmin imtina etdiyi 7 və 21 saylı mənzillərlə əlaqədar KQMBİ-si tərəfindən Xanlar Cəfərov barəsində aparılan cinayət işi üzrə də izahatı alınmış və orada da öz təsdiqini tapmışdır. Hətta iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair şikayət ərizəsi olmuş, Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən araşdırma aparılmış, araşdırma zamanı həmin qeyri-yaşayış sahələrinin ona məxsus olması təsdiqini tapmış və bu səbəbdən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıvə onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdilər. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında iştirak etmiş ekspert X4 izahatında bildirmişdir ki, tikinti ilə bağlı icra hakimiyyəti tərəfindən təsdiq edilmiş iki layihə mövcuddur. Birinci layihə çoxmərtəbəli binanın layihəsidir, ikinci layihə isə çoxmərtəbəli binanın həyət hissəsində olan qarajın layihəsidir. Yəni, binanın layihəsi iki hissədən ibarətdir. Biri yaşayış binasının öz binası, digəri isə yaşayış binasında inşa olunan qarajın layihəsidir. Baxış keçirilən zaman həm binaya, həm də cavabdehin faktiki istifadəsində olan əraziyə baxış keçirilmişdir. Layihənin birinci hissəsinə əsasən bina iki yeraltı zirzəmi mərtəbəsindən, yəni, 0 nöqtəsindən aşağı iki zirzəmi mərtəbə, 0 nöqtəsindən yuxarı bir mərtəbə qeyriyaşayış sahəsi və davam edən, təkrarlanan yaşayış mərtəbəli, sonda mansardan ibarətdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında İddiaçı mülki iş üzrə Cavabdeh qarşı “Avro-Qrand" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 21 kv.m. qeyri-yaşayış sahəsinin zirzəmi hissəsinin müdaxilələrin dayandırılaraq qadağan edilməsi, dəymiş maddi zərərən ödənilməsi və s. iddia tələblərinə dair mülki iş vardır. Tərəflər arasında mübahisələndilən həmin qeyri-yaşayış qarajla bağlı hər iki tərəfə münasibətdə müqavilələrin ləğvi barədə bildirişlər göndərilmiş və müqavilələr ləğv edilmişdir. Tərəflərin məhkəməyə təqdim etdikləri alqı-satqı müqavilələrinin (hər iki tərəfin) hüquqi əsası yoxdur. Maliyyə arayışları, möhür saxtadır. Ona görə ki, "xxxx" MMC-yə heç bir vəsait ödənilməmiş, mülki işdə kassa mədaxil orderi və ya yaxud pul vəsaitinin ödənilməsini təsdiq edən heç bır sübut yoxdur. Odur ki, İddiaçı və Cavabdeh “Avro-Qrand" MMC-yə məxsus ünvan 4 ünvanında zirzəmidə yerləşən 21.64 kv.m sahəsi olan qarajın alqı-satqısına dair müqavilələrinin (hər iki tərəfə münasibətdə) etibarsız hesab edilməsi və mübahisələndirilən daşınmaz əmlakın "xxxx" MMC-nin sərəncamına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Eləcə də, məhkəməyə saxta sənədlər təqdim etmiş tərəflər barəsində xüsusi qərardad qəbul edib Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağanmış xx.xx.2017-ci il tarixli razılaşma müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında tikinti planına uyğun olaraq ümumi sahəsi 630 kv.m. olan ikimərtəbəli qeyri-yaşayış obyektinin müştərək qaydada tikintisinə razılaşmışlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kooperativ binada qeyri-yaşayış alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən binanın zirzəmi hissəsində 1 saylı 1 ədəd qaraj sahəsi 15000 manata sonuncuya satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvanında binanın zirzəmi hissəsində 1 saylı 1 ədəd qaraj sahəsinin ümumi dəyəri 15000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə baölanmış razılaşma müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında tikinti planına uyğun olaraq ümumi sahəsi 630 kv.m. olan ikimərtəbəli qeyri-yaşayış obyektinin müştərək qaydada tikintisinə razılaşmışlar. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunmuş və "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının qaraj sahəsindən 1 saylı 1 ədəd qaraj sahəsinə dair MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsini MMC-nin iradəsini ifadə etməklə bağlanmış müqavilə həesab etdiklərinə görə müqavilə üzrə aldığı 1 ədəd qaraj ona aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinəndən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara, təsdiq olunmuş eksiz layihəsinə və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyinə əsasən qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus yaşayış binasında iki səviyyəli (-6,6 və -3,3 mter) zirzəmi mövcuddur. İş materiallarında olan sifarişçi "xxxx" MMC-yə aid (Bakı şəhər icra hakimiyyəti tərəfindən təsdiq edilmiş) eskiz layihədə binanın zirzəmi hissəsi ilə birinci mərtəbə hissəsi üst-üstə düşmür. Belə ki, layihəyə əsasən, 0 səviyyəsindən yuxarıda olan ilk mərtəbə binanın 1-ci mərtəbəsi, 0 nöqtəsindən aşağı (-3,3 və -6,6 metr) 2 mərtəbə isə zirzəmi mərtəbəsidir. Faktiki olaraq binanın ən aşağı qatı qeyri-yaşayış sahələri olaraq istifadə olunur. Lakin, binanın ən aşağı qatının maşın dayanacağı üçün uyğun olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Binanın faktiki tikinti sahəsi daxilində 2 səviyyəli zirzəmili, 18+ mansard mərtəbə nəzərdə tutulsa da, maşın duracağı (qaraj) üçün ayrıca sahə nəzərdə tutulmamışdır. İş materiallarına əlavə ediən X1 adına rəsmiləşdirilən (alqı-satqı müqaviləsi, maliyyə arayışı) sənəddə qeyd edilən 1-сi mərtəbədə yerləşən 630 kv.m sahə ilə binanın zirzəmi hissəsində yerləşdiyi qeyd edilən İddiaçı ayrılan sahə üst-üstə düşmür. Belə ki, layihəyə əsasən, 0 səviyyəsindən yuxarıda olan ilk mərtəbə binanın 1-ci mərtəbəsi, 0 nöqtəsindən aşağı (-3,3 və -6,6 metr) 2 mərtəbə isə zirzəmi mərtəbəsidir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyinə əsasən, inşa edilən bina 1 girişli, 2 səviyyəli zirzəmili, 18+mansard mərtəbəlidir. Baxış zamanı rəydə qeyd edilənlərlə binanın faktiki mərtəbələrinin sayı arasında fərq mövcud olmadığı müəyyən olundu. Baxış zamanı binanın 0 səviyyəsində aşağıda yerləşən 2 səviyyəli zirzəmi qatının qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu (market, fitnes salonu, kafe və s. bəziləri istifadəsizdir) və həmin hissələrə 7 hissədən giriş-çıxış qapıları mövcuddur. Cavabdeh faktiki istifadə etdiyi qeyri-yaşayış sahəsinin İddiaçı ayrılan sahə ilə üst-üstə düşmədiyi müəyyən olundu. Belə ki, İddiaçı "xxxx" MMC-ə məxsus yaşayış binasında, binanın zirzəmi hissəsində sahə ayrılmış, Cavabdeh faktiki istifadə etdiyi qeyri-yaşayış sahəsi isə Avro- Qrand" MMC tərəfinden inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında (həyət hissəsində) yerləşir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin ona məxsus olması barədə onunla üçüncü şəxs arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə istinad etsə də, həmin müqavilədə iddiaçının ümumiyyətlə imzası yoxdur. Həmçinin, keçirilmiş ekspertiza tədqiqatından sonra məhkəməyə ünvanlanmış ekspert rəyin ilə Cavabdeh faktiki istifadə etdiyi qeyri-yaşayış sahəsinin İddiaçı ayrılan sahə ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə də, iddiaçı öz tələblərini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlnmış ərizəyə münasibətdə hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, hazırkı mülki iş üzrə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçının Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-309/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-309/2025
09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver