Məhkəmə qərarları › İş №e-2(001)-3095/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3095/2024

23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3095/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMMC-nin cavabdehlər X6, X4, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: (kommunal xidmətlərə görə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 qızının nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər X6, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı MMMC cavabdehlər X6, X5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 3177 manat, X1 3769 manat, Cavabdeh4 4842 manat, Cavabdeh3 4552 manat və Cavabdeh2 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC xx.xx.2022-cil il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən binanın sakini və Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvləridirlər. Cavabdehlərin xx.xx.2024-cü il tarixinə kommunal xidmətlərə, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə Cəmiyyətə ödənilməyən borcları qalmışdır. Kommunal və digər xidmətlərə görə xərclər Cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir. Sözügedən iclas protokollarından cəmiyyətin iclasda iştirak edə bilməyən bütün üzvlərinin xəbəri və məlumatı vardır. Belə ki, iclasların nəticələri barədə məlumat Cəmiyyətin mesajlaşma mübadilə sistemi olan “WhatsApp” qrupu vasitəsi ilə paylaşılmışdır. Buna baxmayaraq kommunal ödənişləri ödəməyən cavabdehlərin hər birinə öz öhdəliklərinin icra olunması ilə bağlı, yəni borcların ödənilməsi ilə bağlı müvafiq xəbərdarlıq (pretenziya) göndərilmiş və binanın ofisindən şəxsən qəbul edərək götürmüşlər. Lakin buna baxmayaraq cavabdehlər öz öhdəliklərini icra etməmişlər. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehlərdən X5 mənzildən və mənzilə dair müqavilədən imtina etdiyindən onun cavabdehlər sırasından çıxarılmasını, cavabdeh X3 3177 manat, Cavabdeh4 4842 manat, Cavabdeh3 4552 manat və Cavabdeh2 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz: xx.xx.2024-cü il tarixdə cavabdeh X6 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC-nin təsis sənədlərindən və işin hallarından tam aydındır ki, tələb qanunsuzdur. Belə ki, MMC hüquqi şəxs kimi xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınaraq fəaiyyətə başlamışdır. İddia tələbində göstərilən 2021-ci ilin avqust ayından - 2022-ci ilin dekabr ayınadək olan borc, binanın betonlanması, zibil qutularının alınması və s. MMMC qeydiyyata alınmamışdan öncəki dövr, yəni mövcud olmadığı dövrə aiddir. Belə olan halda heç bir tələb irəli sürülə bilməz, bunun üçün subyektiv hüququ yoxdur. Kommunal borclar və su nasosunun təmiri ilə bağlı iddianı sübüt edən heç bir sənəd yoxdur. Ümumiyyətlə o mülkiyyətçi kimi hər hansı ümumi yığancağa dəvət edilməmiş, bununla bağlı bildiriş verilməmiş və ya həmin yığıncaqların qərarları təqdim edilməmişdir. Belə olan halda hesab edir ki, onun barəsində məsuliyyət yarana bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də cavabdehlər tərəfindən göstərilən xidmətlərin qarşılığında hər hansı ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Leyla Əliyevanın nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mövcud qanunvericiliyə əsasən hazırda iddia ərizəsində qeyd edilən, yəni görülmüş işlər bina təhvil verilərkən MTK tərəfindən görülməli idi. Sonradan MMMC yaradılması və görülmüş işlərə görə pul tələb edilməsi qanunsuzdur, həmçinin görülmüş işlərə görə hazırda heç bir smeta təqdim edilməyib. Sadəcə olaraq görülmüş işlərə görə pul tələb edilir. İddia edilən borcla bağlı cavabdehin öhdəliyini yaradan hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın əsassız və qanunsuz olduğunu nəzərə alaraq təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər X6 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki işin materialları: - xx.xx.2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 44 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh4 tərəfindən alınmışdır. - xx.xx.2016-cı il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh1 tərəfindən alınmışdır. - xx.xx.2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m olan mənzil X8 tərəfindən alınmışdır. - xx.xx.2021-ci il tarixli ilkin müqaviləyə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır. - xx.xx.2017-ci il tarixli mənzil tikintisinə dair müqavilələrinə əsasən "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 61 saylı, 2 otaqdan ibarət, sahəsi 72.3 kv.m olan mənzil və Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 64 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır. - nizamnamədən görünür ki, İddiaçı MMMC xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfındən 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. - İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli iclasının 1 nömrəli protokolunun çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdən 1 otaqlı 42.7 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 13 manat, 2 otaqlı 72.3 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 22 manat, 2 otaqlı 76.5 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 23 manat və 3 otaqlı 112.2 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 34 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, 1 nömrəli İddiaçı MMMC-nin binada görülən işlər üzrə tariflərin müəyyən olunmasına dair keçirilən iclasın protokolundan görünür ki, binaya suyun çəkilişi üçün 150 manat, binaya işıq çəkilişi üçün 350 manat, binaya qazın çəkilişi üçün 750 manat, liftlərin alınıb quraşdırılması üçün 2000 manat, binanın müayinə aktı üçün 150 manat, binaya mühafizə kameraları və domofon quraşdırılması üçün 110 manat, binaya giriş qapısının və mühafizə köçkünün alınıb quraşdırılması üçün 40 manat, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması və binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi və asfaltlanması üçün 400 manat müəyyən edilmişdir. - İddiaçı MMMC tərəfindən tərtib edilmiş Xəbərdarlıq məktublarından görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehlər X6, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 yaranmış borcun ödənilməsinə dair müraciətlər edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6174/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X7 və İddiaçı MMMC-yə qarşı “elektrik enerjisinin verilməsi, sayğacdan istifadəyə məhdudiyyətin qadağan edilməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) iddiaçı Cavabdeh1 sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdeh İddiaçı MMMC-yə qadağan edilməsi qət edilmişdir. - Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3095/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMMC-nin cavabdehlər X6, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1. Ffiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. - 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. - 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. - 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. - 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. - 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yarsanmış hesab edilur. - 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. - 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. - 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. - 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. - 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. - 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər X6, Cavabdeh4 və Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə cavabdehlərin borcu (iddiaçı MMC-nin özünün də bildirdiyinə görə) 2021-ci ilin avqust ayından xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmışdır. İddiaçı MMMC-nin nizamnaməsindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda İddiaçı MMMC yalnız xx.xx.2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun xidmət haqqına görə ödəniş tələb etmək hüququnu təsdiq edən heç bir sübut mövcud deyil. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 ilə 8 saylı, Cavabdeh4 ilə 44 saylı, eləcə də Cavabdeh2 ilə 57, 61, 64 saylı mənzillərə dair müqavilələr təqdim etsə də sonuncu ilə 63 saylı mənzilə dair müqavilə təqdim edə bilməmişdir ki, iddia tələbi də həmin mənzilə münasibətdə təmin edilə bilməz. Bundan başqa iddia ərizəsindən məlum olur ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ yalnız kommunal xərc deyil, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə Cəmiyyətə ödənilməyən vəsaitdən ibarətdir ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən hazırda iddia ərizəsində qeyd edilən, yəni görülmüş işlər bina təhvil verilərkən MTK tərəfindən görülməli idi. Sonradan MMMC yaradılması və görülmüş işlərə görə pul tələb edilməsi qanunsuzdur, belə ki, MMMC "xxxx" MTK-nın hüquqi varisi deyildir. Eləcə də görülmüş işlərə görə hazırda heç bir smeta təqdim edilməyib. İddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissəədə də təmin edilməməlidir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə cavabdehin etirazındakı dəlilləri əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən binanın saxlanılması və s. xərclərin ödənilməsi zəruridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMMC-nin cavabdehlər X6, Cavabdeh4 və Cavabdeh2 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 471,24 manat (112.2 kv.m x 0.30 qəpik= 33,66 manat x 14 ay, yəni xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək), Cavabdeh4 471,24 manat (112.2 kv.m x 0.30 qəpik= 33,66 manat x 14 ay, yəni xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək), Cavabdeh2 954,24 manat (57 saylı mənzil üçün – 42.7 kv.m x 0.30 qəpik= 12,81 manat x 14 ay, yəni xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək=179,34 manat; 61 saylı mənzil üçün – 72.3 kv.m x 0.30 qəpik= 21,69 manat x 14 ay, yəni xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək=303,66 manat; 64 saylı mənzil üçün - 112.2 kv.m x 0.30 qəpik= 33,66 manat x 14 ay, yəni xx.xx.2022-ci il tarixdən – xx.xx.2024cü il tarixədək=471,24 manat) məbləğində kommunal xidmətə görə pul tutularaq İddiaçı MMMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X3 471,24 (dörd yüz yetmiş bir manat iyirmi dörd qəpik) manat, Cavabdeh4 471,24 (dörd yüz yetmiş bir manat iyirmi dörd qəpik) manat və Cavabdeh2 954,24 (doqquz yüz əlli dörd manat iyirmi dörd qəpik) manat məbləğində kommunal xidmətə görə pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar