Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3131/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “faktiki icarə müqaviləsinin tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: ünvan 1 ünvanıda yerləşən 21.60 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar sözügedən qeyri-yaşayış sahəsinin 2017-ci il tarixdən İddiaçı1 Rəfael oğlunun istifadəsində olmasına, bir ildən artıq həmin icarə obyektində İddiaçı1 ilə İddiaçı2 birgə fəaliyyət göstərmələrinə, icarə haqqının cavabdeh və onun ailə üzvləri tərəfindən hər ay nağd şəkildə ödənilməsinə, icarə obyektində mütamadi olaraq təmir yeniləmə işləri aparılmsına əsaslanaraq Cavabdeh ilə İddiaçı1 Rəfael oğlu və İddiaçı2 arasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə faktiki icarə müqaviləsinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (dükkan) faktiki icrarə əsasında 2017-ci il tarixdən İddiaçı1 Rəfael oğlunun istifadədədir. Təqribən bir ildən artıqdır ki, həmin icarə obyektində İddiaçı1 ilə İddiaçı2 birgə fəaliyyət göstərir. İcarə haqqı cavabdeh və onun ailə üzvləri tərəfindən hər ay nağd şəkildə alınıb. İcarə müqaviləsinin rəsmi bağlanılmamasının səbəbi həmin dövrdə cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair sənədlərinin (çıxarışının) olmaması ilə əlaqədar olmuşdur. Sonradan Cavabdeh adına qeyd edilən qeyri-yaşayış sahəsinə dair **********95-**********2 nömrəli reystrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarış alınmışdır. Hazırda cavabdehin iddiaçılara icarəyə verdiyi qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin rəsmiləşdirilməsi, bununla bağlı vergilərin ödənilməsindən yayınır və əsas kimi icarə haqqını razılaşma şərtlərinə zidd artıracağını bildirir. Məhkəmənin diqqətinə çatdırırıq ki, qeyd edilən icarə obyekti uzun illərdir iddiaçıların olduğundan həmin icarə obyektində mütamadi olaraq təmir yeniləmə işləri aparılmış və icarə obyektinin sahəsinin artırılması ilə nəticələnən tikinti işlərinin xərcləri İddiaçı1 tərəfindən ödənilmişdir. Aparılmış təmir və tikinti işləri obyektdə kanalizasiya sisteminin dəyişdirilməsi, obyektin yerinə kafel-metlax döşənilməsi, elektrik xətlərinin dəyişdirilməsi olub, bu işləri görülməsi üçün 1300 manat, icarə obyektinin sahəsinin qarşıya tərəf artırılması ilə nəticələnən tikinti işlərinin dəyəri kimi o zaman 8000 ABŞ dolları pul ödənilmişdir. Bu şahid ifadələri ilə məhkəmədə təsdiq ediləcək. Bundan əlavə icarə obyektinə dəyəri 1250 manat olan kondisioner qoyulmuşdur. İcarə obyektinə bu kimi xərclərin qoyulmasına səbəb həmin obyektin cavabdehlə razılaşmaya əsasən, 10 il müddətinə icarə haqqının artırılmaması şərti ilə icarə obyektində fəaliyyət göstərilməsi olmuşdur. 5 ildən artıqdır ki, tərəflər öz aralarında icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrdən istifadə etmiş, öhdəliklərini icra etmişdirlər. Bir neçə gün əvvəl cavabdeh heç bir səbəb bildirmədən və icarə obyektinə qoyulmuş xərclərin nəzərə alınmadan icarə obyektinin aylıq icarə haqqını artırılacağını bildirərək, yenə də icarə müqaviləsinin rəsmiləşdirilməsindən yayınır. İddiaçılar icarə hüquq münasibətlərinin nizama salınması və mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Cavabdehin mövqeyi bir daha dəqiqləşdirilməklə icarə obyektinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi izah edilməklə tərəflər arasındakı faktiki icarə müqaviləsi məhkəmə qaydasında tanınmalıdır. Məhkəmənin elektron sistenimdən yoxlanılacağı halda **********95-**********2 nömrəli reystrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarışın mübahisəli ünvan 2 ünvan olub Cavabdeh adına qeydiyyatdan keçdiyi məlumdur. Ərizəyə əlavə edilmiş icarə haqqı ödənişi qəbzi və şəkillərlə müəyyən edilir ki, həmin ünvan satış dükkanıdır və iddiaçılar mübahisəli ünvanda hazırda da faktiki icarə əsasında fəaliyyət göstərirlər. Hətta bu məqsədlə növbəti ay üçün icarə haqqı kimi 500 manat pul da Cavabdeh adına göndərilmişdir. Beləliklə müəyyən olunur ki, icarə obyekti olan daşınmaz əmlaka mülkiyyət hüququ əmələ gələnədək ona dair istifadə hüququ Cavabdeh tərəfindən İddiaçı1 Rəfael oğluna təklif edilmiş və bu təklif qəbul edilməklə, 5 il ərzində onun icarə haqqı ödənilmişdir. Tərəflər arasında yaranmış münasibətlərin faktiki tərkibi onların öz hərəkətləri ilə təsdiq edilmişdir. Bu səbəbdən artıq Cavabdeh tərəfindən obyekdə Mülkiyyət hüququ Dövlət Reyestrində qeydə alındığından icarə müqaviləsinin Notariat qaydada təsdiq edilməsi qanunun tələbi olmagla cavabdehə öhdəlik yaradır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddiaya yazılı etiraz təqdim edərək, göstərmişdir ki, “aşağıda qeyd edilənlərlə iddia tələbinin tamamilə əsassız olması sübut edilir, bu səbəbdən iddia rədd edilməlidir. Qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və s. tələbə dair digər məhkəmə mübahisəsi ilə bağlı: Məhkəmənin nəzərinə çatdırırıq ki, qeyri-yaşayış sahəsi hazırda iddiaçıların qanunsuz sahibliyindədir. İddiaçılarla cavabdeh arasında hər hansı icarə münasibətinin olmasından söhbət gedə bilməz. ünvan 1 ünvanda yerləşən 21.60 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (“DƏDRX") tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Cavabdeh məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsi ona məlum olmayan şəxslər tərəfindən zəbt edilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsində tanımadığı şəxslərin olduğu ona məlum olmuşdur. Qeyri-yaşayış sahəsini tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni zəbt edən şəxslər bundan imtina ediblər. Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və həmin qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslərin müəyyən edilərək, onların qanunsuz hərəkələrinə son qoyulmasına dair müvafiq tədbir görülməsi xahiş edilmişdi. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmiş və həmin Qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər X19 və X14r. Cavabdeh tərəfindən cavabdehlər X15 və X16 qarşı “qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması, maddi zərərin ödənilməsi tələbinə dair” iddia qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2(006)-596/2022 saylı Qətnaməsi ilə qət edildi ki, - İlkin iddia qismən təmin edilsin. - X19 və X3 Ayla Soltan qızına məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsini Cavabdeh təhvil versinlər. 2021 -ci ilin oktyabr ayından başlayaraq Cavabdeh məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər X19 və X20 tərəfindən hər ay 2.000 manat olmaqla Cavabdeh vurulmuş zərər müştərək qaydada ödənilsin. - İlkin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 manatın 28 manatı məbləğində pul X19 və X10 müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. - İlkin iddia digər hissədə rədd edilsin. - İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh və qarşılıqlı iddia üzrə cavabdeh X11 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Həmin Qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. (iş N° 2(103)- 502/2023). Həmçinin Cavabdeh MTT ərizəsi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(103)-119/2022 saylı Qərardadı ilə qərara alındı ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsinin istifadəsi cavabdehlər X15, X16 və başqa şəxslərə qadağan edilsin. Həmin MTT Qərardadı tam olaraq icra edilməmişdir, belə ki, qeyri-yaşayış sahəsinin bir hissəsi hələ də iddiaçılar tərəfindən boşaldılmamış qalmış və istifadəsi onlara qadağan edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində olan iş üzrə hazırkı iş üzrə iddiaçılar iş üzrə maraqlı şəxs kimi qoşulmaq üçün ərizə də vermişlər, hətta MTT Qərardadının ləğv edilməsini də məhkəmədən xahiş etsələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 16(103)-119/2022 saylı Qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçılara qeyri-yaşayış sahəsini tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni tərk etməkdən imtina edirlər. İddiaçılar iddia ərizəsində bildirir ki, hazırda qanunsuz sahibliklərində olan sahədə təmir işləri aparmışlar və xərc çəkmişlər. Halbuki, bütün bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki: hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənəfaktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməzi" Həmin qərarın 1-ci bəndinə əsasən “1. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir...” Hətta fərz etsək ki, tərəflər arasında icarə münasibətləri yaranmışdı və sahə iddiaçıların qanuni sahibliyində idi, bu halda sahədə hər-hansı təmir-tikinti işlərinin aparılması ilə bağlı cavabdehin, yəni mülkiyyətçinin razılığı tələb olunur. Hazırkı halda isə iddiaçıların sahədə hər-hansı təmir-tikinti işlərinin aparılmasına dair razılığından söhbət gedə bilməz, belə ki, cavabdeh iddiaçıları heç tanımır. Ərizəçilər İddiaçı1 və İddiaçı2 məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh və başqa şəxslərə ünvan 5 ünvanda yerləşən icarə obyektinin faktiki icarəçiləri olan İddiaçı1 Rəfael oğlu və İddiaçı2 fəaliyyətinə mane olan hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə MTT ərizəsi təmin edilməmişdir. İddiaçıların iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur: Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, "...Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur....” Hazırkı işdə iddiaçıların iddia tələbi irəli sürməsinə subyektiv hüquqları olmadığına görə iddia tələbinə münasibətdə hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış hesab edilməlidir və iddiaçılar tərəfindən irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən araşdırılmasına ehtiyac qalmamışdır. Qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmaqla, e-2(001)-3131/2023 saylı iş üzrə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirik.”. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri təsdiq edib, iddianı qəbul etmədiklərini bildirərək, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(006)- 596/2022 saylı qətnaməsindən görünür ki: “Cavabdeh X15 və X16 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,6 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X4 Ayla Soltan qızına və X11 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilim X2 qeyri-yaşayış sahəsində 7 ilə yaxındır ki satıcı işlədiyini, onu Aydın Nağıyevin işə götürdüyünü bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi X12 və X1 və istifadəsindədir. Belə ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində cavabdehlərin verdiyi izahatlarına əsasən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 10 il əvvəl onlar tərəfindən icarəyə götürüldüyü, hər ay buna görə 2000 manat məbləğində icarə haqqının Cavabdeh anası Təranə Abuzərovaya ödənildiyi, lakin aralarında etibarlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Yekun nəticə olaraq, həmin qətnaməyə əsasən, ilk iddia qismən təmin edilmiş, X19 və X13 həmin qeyriyaşayış sahəsindən çıxarılmaqla, sahənin Cavabdeh təhvil verilməsi və s. qərara alınmışdır. Qarşılıqlı iddia təmin edilməmişdir.”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçıların hazırkı tələblə çıxış etmələri üçün subyektiv hüquqları mövcudluğu müəyyən deyil. Belə ki, mülki hüquq münasibətlərinin məzmununu onun iştirakçılarının subyektiv hüquq və vəzifələri təşkil edir. Subyektiv mülki hüquq mülki hüquq münasibətləri subyektinin icazə verilən davranışının ölçüsüdür. Subyektiv mülki hüquqların məzmununun üç səlahiyyətin müxtəlif birləşmələrinin nəticəsidir: 1) subyektin faktiki və hüquqi əhəmiyyət kəsb edən hərəkətləri müstəqil həyata keçirmə imkanı olan hərəkətlərə sahib olmaq səlahiyyəti; 2) öhdəlik subyektindən ona həvalə edilmiş vəzifələrin icrasını tələb etmək qabiliyyəti olan iddia səlahiyyəti; 3) müxtəlif müdafiə tədbirlərindən istifadə etmək imkanı və ya subyektiv hüququn pozulması hallarında dövlət məcburiyyəti tədbirlərinin tətbiqi tələbi kimi çıxış edən müdafiə hüququ. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X7 mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqları yoxdur. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onların həmin sahədən hər hansı qanuni əsasla istifadə etmələri iş üzrə müəyyən olunmur. Buna görə də iddia təmin edilə bilməz. Digər tərəfdən məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, hətta iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqları olsa idi belə iddia aşağıdakı əsaslara görə yenə rədd olunmalıdır. Qeyd olunmalıdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddia ərizəsindən göründüyü kimi iddiaçılar “faktiki icarə müqaviləsinin tanınması” tələbi ilə çıxış edir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında icarə münasibətlərinin yaranmasını qanunverici əmlak kirayəsi müqaviləsinin bağlanması ilə şərtləndirmişdir. Yəni bu münasibətlər üzrə qarşılıqlı hüquq və vəzifələri yaradan etibarlı əqd mövcud olmalıdır. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin hazırkı halda tərəflər arasında belə bir əqdin mövcudluğu iş üzrə müəyyən edilmir. İddiaçılar 5 ildən artıq tərəflər öz aralarında icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrdən istifadə etdiklərini və öhdəliklərini icra etdiklərini bildirsələrdə buna dair hər hansı mötəbər sübut təqdim edilməyib. Nəzərə alınmalıdır ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. İddiaçıların tələb etdiyi faktiki icarə müqaviləsinin tanınması üçün bu növ münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsində belə müqavilə münasibətlərində iştirak edən şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin hazırkı halda iddiaçılar iddia tələblərinin dəlilləri ilə bağlı halları sübuta yetiriə bilməmişlər. Bununla yanaşı iddiaçıların cavabdehlə “faktiki icarə münasibətlərində” olmalarıa dair dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2(006)- 596/2022 saylı Qətnaməsi ilə də təkzib olunur. Belə ki, iddiaçılar cavabdehlə “10 il müddətinə icarə haqqının artırılmaması şərti ilə icarə obyektində fəaliyyət göstərilməsi” barədə razılığın olduğunu bildirsələr də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2(006)-596/2022 saylı Qətnaməsində qeyd olunmuşdur ki, “...İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X19 və X1 və istifadəsindədir. Belə ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində cavabdehlərin verdiyi izahatlarına əsasən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin on il əvvəl onlar tərəflindən icarəyə götürüldüyü, hər ay buna görə 2.000 manat məbləğində icarə haqqının Cavabdeh anası Təranə Abuzərovaya ödənildiyi, lakin aralarında etibarlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir”. Göründüyü kimi cavabdehin sözügedən "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi" tələbinə dair artıq 2022-ci ildə digər şəxslərlə məhkəmə mübahisəsi olmuş. Belə olan halda iddiaçıların icarəsində olan eyni qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən digər şəxslərə icarəyə verilməsi sağlam mühakimə ilə məntiqli görünmür. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "cavabdehlə aralarında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair faktiki icarə müqaviləsinin tanınması" tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3131/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3131/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver