Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3172/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı 381 manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı 381 manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 27 avqust 2020-ci il tarixdə idarə etdiyi "Cherry A15" markalı ** GU *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, "Kia Rio" markalı ** EU *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon DYPŞ-də tərtib olunmuş 08.09.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin qərarda Cavabdeh hadisə yerindən yayındığı da qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilə 381 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, 20 oktyabr 2020-ci il tarixli İAS 201036 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 381 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 03.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında 08.09.2020-ci il tarixli AP № ******* nömrəli protokoldan və İnzibati tənbeh vermə haqqında 08.09.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. İş materiallarında olan 20.10.2020-ci il tarixli, sığorta ödənişi aktından görünür ki, Cavabdeh tərəfindən törədilmiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq X3 381 manat sığorta ödənişinin verilməli olması müəyyən edilmişdir. İş materiallarında olan 21.10.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 381 manat məbləğində pul X3 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının "İcbari Sığortalar haqqında" Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 381 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 381 (üç yüz səksən bir) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3172/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3172/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver