Məhkəmə qərarları › İş №e-2(001)-3207/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3207/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3207/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayında Bakı şəhərində Caspian Plazada yerləşən və fəaliyyət göstərən Berlin Academy şirkətinin rəhbəri Cavabdeh ilə əlaqə saxlayaraq həyat yoldaşı Əliyeva Vəsilə ilə birlikdə Almaniya getmək üçün viza almaq və orada işləmək niyyəti ilə müraciət etmişdir. Bu məqsədlə onlar 2021-ci ilin dekabr ayında cavabdehə 3000 manat pul ödəmiş və müqavilə bağlamışlar. Razılaşmaya əsasən 1500 manat pul müqavilə imzalandıqdan sonra, qalıq 1500 manat isə Almaniyaya getmək işi tam hazır olduqdan sonra ödənilməli idi. Bu səbəbdən o, 1500 manat məbləğində pulu cavabdehə vermişdir. 2020-ci ilin təxminən may-iyul aylarında alman dili kursunun müddəti bitdikdən sonra Cavabdeh ona Almaniyanın Passau şəhərində alman şirkətində menecer işini, həyat yoldaşına isə pizza kafesinde aşpaz işini təklif etmişdir. Buna görə də o, qalıq 1500 manat pulu cavabdehin hesabına köçürmüşdür. Daha sonra cavabdehdən işin nə yerdə olduğunu soruşduqda cavabdeh müxtəlif bəhanələrlə vizanın alınması üçün ondan səbr etməsini xahiş etmişdir. Lakin bu vaxta qədər cavabdeh verdiyi vədi yerinə yetirməmiş, aldığı pulu qaytarmaqdan imtina etmişdir. Bundan əlavə həyat yoldaşı Əliyeva Vəsiləni səfirliyə apararkən 1500 manat dövlət rüsumu və Günay Sığortaya isə 77 manat ödəniş etmişdir. Ona bank hesabında pul göstərməli olduğunu bildirdikdən sonra Fintiba Banka 1827 avro qoymuş və əlavə 427 avro komissiya ödəmişdir. Əlavə olaraq təkrarən səfirliyə müraciət etdiyi üçün 150 manat öz adına, 150 manat isə həyat yoldaşının adına, 73 manat isə qızının adına dövlət rüsumu ödəmişdir. Bundan əlavə Bakıda 6 aylıq kirayə ev tutmuş və hər ayına 150 manat ödəniş etmişdir. Kursun pulu isə cavabdeh tərəfindən hər ay 80 manat olmaqla ödənilmişdir. Bu məsələ ilə bağlı o, Ağcabədi rayon Polis İdarəsinə müraciət etmiş, nəticədə Ağcabədi rayon Polis İdarəsinin təhqiqat bölməsinin müstəntiqi polis kapitanı X8 HK/1-2164 saylı materialı nəzərdən keçirib xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də Cavabdeh maddi zərərə görə 12208 manatın, mənəvi zərərə görə 10000 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı və onun həyat yoldaşı ilə 2021-ci ilin dekabrında deyil, xx.xx.2019-cu ildə müqavilə bağlamış, müqavilədə bütün şərtlər nəzərə alınmış, tərəflərə müqavilənin şərtləri barədə aydın və mükəmməl izahat verilmiş və müqavilənin surəti onlara təqdim edilmişdir. Bağlanmış müqavilələrin şərtlərinə görə kurs peşə məktəbi xidmətlərinin göstərilməsini və müqavilənin predmetinə əsasən kurs peşə məktəbi tərəfindən tələbənin xx.xx.2019-cu il tarixdən etibarən Almaniyada peşə məktəbindən dəvətnamə alınması və viza dəstəyinin göstərilməsini öhdəsinə götürmüşdür. Ödəniş iki hissəli - 50% ilkin ödəniş həcmində, dəvətnamə alındıqdan sonra xidmət haqqının qalan hissəsini 100% ödəniş olunmaqla xidmət haqqı 1500 manat təşkil etmişdir. İddiaçı və onun həyat yoldaşı hər biri ayrı-ayrılıqda ona 1500 manat olmaqla cəmi 3000 manat ödəniş etmişlər. İddiaçı 6 ay alman dili kurslarına getmiş, buna görə ona ödənilən 1500 manatdan o, 480 manatı həmin kursa ödəmişdir. Ödənişin bir hissəsi onun kartına yüklənmişdir. Müqavilənin tərəflərin öhdəlikləri adlı 3-cü bölməsində kursun vəzifələrində xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə təmin etmək qeyd olunmuşdur. Müqaviləyə görə tələbə ödəniş etdikdən sonra kurs tələbəyə ən azı B1 sertifikatı varsa 3 aya, sertifikatı yoxdursa 6 ay müddətinə dəvətnamə ala bilməzsə ödənmiş xidmət haqqı müəyyən istifadə olunmuş məbləğ çıxarıldıqdan sonra geri qaytarılır. Müqavilənin tələbənin vəzifələri qeyd olunan 3.2-ci bəndində təhsil mərkəzində davamiyyətli alman dili öyrənməli olduğu, 2 ixtisasa uyğun peşənin seçilməsi göstərilmişdir. Almaniyada peşə məktəbi oxumaq üçün tələbənin seçdiyi peşə 750 eurodan yuxarı olmalıdır, əks halda maaş 750 eurodan aşağıdırsa o zaman bankda pul göstərməlidir. İddiaçının öz hesabına qoyduğu pul vəsaitini yalnız özü hesabından çıxara bilər. Tələbə kursa müraciət etdikdən sonra getmək fikrindən daşınarsa və ya başqa kursa getmək istəyərsə o zaman ödəniş geri qaytarılmır. Ödənişlər iddiaçı tərəfindən müqavilədə qeyd edildiyi kimi qaydada yerinə yetirilmişdir. İddiaçının həyat yoldaşı 2020-ci ildə ona səfirlikdə olarkən 1500 manat məbləğində rüsum ödəməmişdir və müqavilədə də belə bir ödəniş nəzərdə tutulmamışdır. Səfirliyə gedərkən Günay Sığortaya 77 manat ödəniş etməsi, bank hesabında pul göstərməli olduğunu bildikdən sonra Fintiba Banka 1827 euro pul və əlavə 427 euro komissiya ödəməsinin və hər birinin səfirliyə müraciət etdiyi üçün 150 manat və 73 manat isə qızının adına rüsum ödəməsinin ona aidiyyəti yoxdur. O, iddiaçının əvəzindən səfirliyə gedib hər hansı bir əməliyyatı apara bilməz. İddiaçının həyat yoldaşı həmin vaxt viza almış, iddiaçı isə yanıq xəsarətləri alması ilə əlaqədar viza ala bilməmişdir. İddiaçı rayonda tonqala yıxıldığından üzündən, qollarından, boynundan və çənəsindən yanıq xəsarətləri almışdır. Ona görə də iddiaçı ondan Almaniyaya göndərilməsini xahiş etmişdir. İddiaçının xahişi ilə o, Almaniyada iddiaçının təklif aldığı şirkətə zəng edərək vəziyyəti olduğu kimi izah etmişdir. Şirkət isə iddiaçını bu vəziyyətdə qəbul edə bilməyəcəyini, bəlkə də iddiaçının hansısa səbəbdən özünü yandırdığı ehtimalını bildirmiş və heç bir məlumatları olmadan qərar qəbul edə bilməyəcəklərini qeyd etmişdir. İddiaçının vizası olmadığına görə həyat yoldaşı da Almaniyaya tək getməkdən imtina etmişdir. Ona görə də vizanın alınması növbəti ilə qalmışdır. Bundan əlavə bütün bu xərclərin yaranmasının səbəbi iddiaçının müqavilədə göstərilən məbləğin lazım olan vaxtda banka ödəyə bilməməsindən yaranmışdır. İddiaçıya kursu başa vuran dövrdən sonra Almaniyadan təklif gəlmişdir. Eləcə də iddiaçının 6 ay hər ayına 150 manat verməklə ev kirayəsi verməsinin ona heç bir aidiyyəti yoxdur. Müqavilədə belə bir müddəa yoxdur ki, o İddiaçıı və ailəsini təhsil aldığı müddətdə kirayə mənzillə təmin etməlidir. Bunun onların kursda alman dili öyrənməsinə heç bir bağlılığı yoxdur. Ancaq iddiaçının həyat yoldaşı X2 təklif gəlmiş, ona görə də ödəmələri etməli olmuşdur. Ümumiyyətlə, iddiaçı və həyat yoldaşına Almaniyadan iki dəfə təklif gəlmiş və onlar səfirliyə də birlikdə getmişlər. Lakin birinci dəfə iddiaçıya yanıq xəsarətləri aldığından viza verilməmişdir. İkinci dəfə isə zəruri olan məbləği vaxtında ödəyə bilmədiyinə görə iddiaçı Almaniyaya gedə bilməmişdir. Tələbənin Almaniyadakı şirkətlə danışması, ünsiyyət yaratması barədə qərarı yalnız həmin şirkətin rəhbəri verir. O iddiaçıya nə maddi ziyan vurmuş, nə də onun mənəvi iztirab keçirməsinə səbəb olacaq hərəkətlər etməmişdir. İddiaçı razılaşdığı halda o, əlavə vəsait almadan, artıq ona ödənilən vəsait hesabına növbəti il üçün onların Almaniyada təhsil ala bilmələrini təmin edə bilər. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdehnın nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Fərdi sahibkar Cavabdeh ilə tələbə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli qeydiyyat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı peşə məktəbi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilənin predmetini peşə məktəbi tərəfdən tələbənin xx.xx.2019-cu il tarixdən etibarən kurs Almaniyada peşə məktəbindən dəvətnamə alınması və tələbəyə viza dəstəyinin göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, 1500 manat təşkil edən xidmət haqqının 50%-i ilkin ödəniş həcmində, dəvətnamə alındıqdan sonra xidmət haqqının qalan hissəsinin 100%-i həcmində ödəniş olunmalıdır. Müqavilənin 3.1.1-ci bəndinə əsasən xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vəsaitlərlə təmin etmək kursun vəzifəsidir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən motivasiya məktubunu və ev kurs tərəfindən hazırlanır. Müqavilnin 3.1.3-cü bəndinə əsasən tələbə A2 səviyyəsini öyrəndikdən sonra proses başlanır, B1 səviyyəsini bitirəndə yaxud ən az B1 sertifikatı varsa dəvətnamə alır. Müqavilənin 3.1.4-cü bəndinə əsasən tələbə ödəniş etdikdən sonra kurs tələbəyə ən az B1 sertifikatı varsa 3 ay, sertifikatı yoxdursa 6 ay müddətində dəvətnamə ala bilməzsə ödəniş xidmət haqqı müəyyən istifadə olunmuş məbləğ çıxıldıqdan sonra geri qaytarılır. Müqavilənin 3.2.1-ci bəndindən müəyyən olunur ki, tələbə təhsil mərkəzində davamiyyətli alman dili öyrənməlidir. Müqavilənin 3.2.3-cü bəndindən müəyyən olunur ki, Almaniyada peşə məktəbi oxumaq üçün tələbənin seçdiyi peşə 750 eurodan yuxarı olmalıdır. Əks halda maaş 750 eurodan aşağıdırsa o zaman bankda pul göstərməlidir. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, tələbə kursa müraciət etdikdən sonra getmək fikrindən daşınarsa və ya başqa kursa getmək istəyirsə o zaman ödəniş geri qaytarılmır. Müqavilənin 5.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilədə nəzərdə tutulan peşə məktəbi xidməti 2-6 ay müddətində həyata keçirilməlidir. (Dil səviyyəsindən asılı olaraq müddət dəyişir, müqavilənin 3.1.3) Müqavilənin 6.1-ci bəndindən müəyyən olunur ki, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Fərdi sahibkar Cavabdeh ilə tələbə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli qeydiyyat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh X1 peşə məktəbi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli mədaxil xəzinə orderindən müəyyən olunur ki, İddiaçı tərəfindən peşə məktəbi üçün Cavabdeh 750 manat ödənmişdir. Günay Sığorta ASC-nin xx.xx.2020-ci il tarixli səfər sığortası şəhadətnaməsindən müəyyən olunur ki, Vəsilə Əliyeva xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Günay Sığorta ASC-də sığortalanmış, sığorta haqqı 38,49 manat təşkil edir. Ağcabədi rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı M.Ç.Hacıyevin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh barəsində əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş, İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Cavabdeh ilə tanış olmuş, Almaniyada təhsil almaq və işləmək üçün müqavilə bağlamış, tələb olunan sənədləri özü toplamış, viza aldıqdan sonra Almaniyaya getmiş, lakin müəssisə onu işə qəbul etmədiyindən geri qayıtmışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə internet vasitəsi ilə tanış olmuş, Almaniyada təhsil alıb işləməsi üçün müqavilə bağlamış, müqavilə üzrə 1500 manat ödəmiş, lakin viza alınmadığı üçün o, Almaniyaya gedə bilməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2020-ci ildə tanış olmuş, Almaniyada təhsil alıb işləməsi üçün müqavilə bağlamış, müqavilə üzrə 1500 manat ödəmiş, dəvətnaməni, vizanı alaraq Almaniyaya getmiş, lakin şirkətin müdiri bir həftə əvvəl onunla bağlı müraciətə imtina cavabı göndərdiyini ona bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh imtinanı alsa da ona məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli qeydiyyat müqaviləsinə əsasən, fərdi sahibkar Cavabdeh İddiaçı Almaniyada yerləşən peşə məktəbindən dəvətnamə alınması və viza dəstəyinin göstərməsini öhdəsinə götürmüş, bu məqsədlə cavabdeh iddiaçıdan 1500 manat almış, həmin məbləğin 480 manatı iddiaçının alman dilini öyrənməsinə sərf edilmişdir. Cavabdeh iddiaçının kursa müraciət etdikdən sonra getmək fikrindən daşındığını bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla isə müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini yerinə yetirmiş, müqavilə üzrə müəyyən olunan ödənişi cavabdehə ödəmiş, viza alınması üçün tələb olunan rüsumları ödəmiş, bank hesabına vəsait yerləşdirmiş, alman dilini mənimsəmək üçün kursa getmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən cavabdeh 6 ay müddətində dəvətnamə ala bilmədiyi halda ödənilmiş məbləğdən istifadə olunmuş məbləği çıxaraq qalan məbləği geri qaytarmağı öhdəsinə götürdüyündən, tərəflərin izahatı ilə iddiaçı tərəfindən ödənilən 1500 manatın 480 manatının iddiaçının alman dilini öyrənməsinə sərf edilməsi müəyyən olunduğundan, qalan məbləğin hara sərf edilməsi barədə sübutlarını cavabdeh məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi qismən təmin edilərək cavabdehdən vurulmuş maddi ziyana görə 1020 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının maddi ziyan kimi qiymətləndirdiyi digər tələbləri ilə bağlı qeyd edir ki, xarici ölkədə təhsil alıb işləmək barədə qərar verən iddiaçının dil öyrənməsi, bu məqsədlə kirayədə yaşaması ilə bağlı çəkdiyi xərcləri, viza alınması üçün ödədiyi rüsumları və səfərlə bağlı digər xərcləri, öz bank hesabına yerləşdirdiyi pul vəsatini cavabdehdən tələb etməsi əsassızdır, ona görə də bu tələblər təmin edilmir. Belə ki, bu xərclərin özünün çəkilməli olmasını iddiaçı bilirdi, özünə məxsus bank hesabında olan vəsaiti isə iddiaçı istədiyi vaxt özü geri götürmək hüququna malikdir. Məhkəmə iddiaçının həyat yoldaşının bağladığı müqavilə ilə bağlı aparılan ödənişlərin onun xeyrinə tutulması ilə bağlı qeyd edir ki, iddiaçıya bu tələblə bağlı V.Əliyeva tərəfindən hər hansı bir səlahiyyət verilmədiyindən iddia ərizəsi bu hissədə də tələb edilmir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən və iddiaçı tərəfindən 10000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 30,2 manat tutulmalı, ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1020 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30,2 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar