Məhkəmə qərarları › İş №e-2(001)-3236/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3236/2024

24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3236/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilən 238 000,00 (iki yüz otuz səkkiz min) AZN əsas borc məbləği, 36 536.26 AZN (otuz altı min beş yüz otuz altı manat iyirmi altı qəpik) faydalanma faizi, ödənilmiş 564,54 AZN məbləğində dövlət rüsumu, ümumilikdə isə 275100,8 AZN məbləğindəki pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyim İddiaçı (məhrum olan) Cavabdeh (varlanmış şəxs) "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə bağlamış olduğu kredit müqaviləsi üzrə 238 000,00 (iki yüz otuz səkkiz min) AZN məbləğində kredit və faiz ödənişini (Təyinat: KREDİT VƏ FAİZ ÖDƏNİŞİ – Cavabdeh: AZ42BBTB**********7494000C0a1v4a)cavabdehin həmin bankda olan AZ66BBTB******************** nömrəli hesab nömrəsinə xx/xx/2022-ci il tarixində ödəmişdir (əlavə 1: xəzinə mədaxil orderi). Nəzərinizə çatdıraq ki, İddiaçı və Cavabdeh arasında müqavilə və ya hüquqi əsaslardan heç biri mövcud olmamışdır. Belə ki, Cavabdehin həmin tarixə olan kredit və faiz ödənişi üzrə yaranmış borcunu ödəyə bilməməsi səbəbilə pul məbləği bank hesabına İddiaçının pul vəsaiti hesabına ödənilmişdir. Diqqətinizə çatdıraq ki, tərəflər arasında borc münasibəti mövcud olmamışdır. Sadəcə Cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icrasında çətinlik yaşadığı üçün İddiaçı tərəfindən həmin öhdəliyin vaxtında icrasına görə şəxsi vəsait hesabına pul vəsaiti ödənilmişdir. Təqdim edilən xəzinə mədaxil orderinə nəzər yetirsəniz həmin ödənişin “təhvil verdi” hissəsində İddiaçı tərəfindən ödənildiyisübuta yetirilmiş olur. MM. m. 1091. -ə əsasən əsassız varlanan o şəxs hesab edilir ki,hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. Həmçinin, əsassız varlanma halı yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur. Əsassız varlanmaya dair tələblərin qaldırılması üçün bir sıra şərtlərin olması həmin hüququn yaranmasına əsas verir. Belə ki, a) varlanmış şəxs əmlak əldə edir; b) həmin əmlak məhrum olan şəxsin əmlakı hesabına əldə edilir; c) bu əldə etmə üçün heç bir hüquqi və müqavilə əsasımövcud olmur. Tərəflər arasında müqavilə və ya hüquqiəsas mövcud olmaması, Cavabdehin heç bir hüquqiəsas olmadan zənginləşməsi, bu cür zənginləşmə halı İddiaçının əmlakı hesabına yaranması halı baş verdiyindən İddiaçının əsassız varlanma müddəalarına istinad edərək tələb hüququ yaranmış olur. MM. m.1092.-də isə varlanmış şəxsin əldə etdikləriniməhrum olanıntələbi ilə ona qaytarmalı olduğu vəzifə kimi müəyyən edilmişdir. MM. m.135.1.- ə əsasən, pullar və qiymətli kağızlar əşya hesab edilir. İddiaçı tərəfindən qeyd edilən müddəalara istinadən tələb hüququndan istifadə edilmiş lakin, Cavabdeh tərəfindən əsassız varlanma obyektini təşkiledən pul vəsaiti tələb edilməsinə baxmayaraq, hələ də İddiaçıya ödənilməmişdir. Varlanmış şəxs məhrum olanın əmlakının əsassız olaraq məqsədyönlü surətdə də artırmış ola bilər. Əgər hüquqi əsas müəyyən edilməyibsə, varlanmış şəxs artan hissəsini qaytarmalıdır. Varlanma hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Əsassız varlanmanın məqsədi“varlanmış” boclunun hüquqiəsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Təqdim edilən “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan danışıqlara istinadən bildirək ki, Cavabdeh tərəfə pul vəsaitinin qaytarılması tələb edilsə də, müxtəlif bəhanələrlə (özünə məxsus əmlakların satışını həyata keçirmiş, oradan gələcək pulu İddiaçıya ödəyəcəyini bildirmiş; pul vəsaitinin əvəzinə daşınmaz əmlakın verilməsini təklif etmiş, lakin deyilən vaxt və müddətlərdə bu hərəkətlərin heç birini yerinə yetirməmiş və digər səbəblər) pul vəsaitini qaytarmaqdan imtina edir və bunu aparılan yazışma və səs yazıları ilə sübuta yetirmiş olur (əlavə 2:ekran görüntüləri və səs yazıları). Həmçinin, MM. m.1092.1. əsasən, məhrum olan şəxs varlanmış şəxsdən əldə etdiklərini tələb edə bilər. Cavabdeh əldə etdikləri ilə yanaşı, əldə etdiklərindən götürdüyü gəliri də qaytarmalıdır. Vicdansız sahib əmlaka sahibliyin qanunsuz olduğunu əvvəlcədən bilən və ya bilməli olan şəxsdir. Əmlakın onda olduğu bütün vaxt üçün onda götürdüyü və götürməli olduğu bütün gəlirləri qaytarmalı və ya əvəzini ödəməlidir. Belə ki, Cavabdeh tərəfindən xx/xx/2022-ci il tarixində kredit və faiz ödənişi ödənilmədiyi halda, kredit müqaviləsi üzrə müvafiq faiz dərəcələri borcluya tətbiq ediləcəkdi, həmin kredit və faiz ödənişinin ödənilməsi nəticəsində Cavabdeh fayda əldə etmiş, yəni borcluya faiz və cərimələr tətbiq edilməməsi nəticəsində varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında MM-nin 449.1. maddəsinin mətnində qeyd edilən “faydalanma” ifadəsinin hərfi mənasının pul vəsaitindən şəxsin öz tələbatı üçün istifadə olduğu qeyd edilmiş və istifadədən əldə edilən faydanın gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola biləcəyi qeyd edilsə də, əldə edilən faydanın hansı qaydada sübut ediləcəyinə və ümumiyyətlə, sübutetmənin mümkünlüyü məsələsinə toxunulmamışdır. Lakin İddiaçının Cavabdehə məxsus olan pul vəsaitini özündə saxlamaqla həmin vəsaitdən hansısa formada faydalandığı kifayət qədər aşkar olmaqla əlavə olaraq sübut edilməsinə də gərək yoxdur. Həmin pul vəsaitinin sadəcə adi mülki dövriyyə şəraitində istifadəsi belə müəyyən müddət ərzində faydanın əldə edilməsi ilə nəticələnir. Məntiqli olaraq da həmin vəsaitdən ehtimal edilən faydalanmanın məbləği hesab edilən bank uçot dərəcəsi ilə faizin ödənilməsi müəyyən edilmişdir. Bildiyimiz kimi, uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Hesablanan faizin uçot dərəcəsi əsasında müəyyən edilməsi həm pul vəsaitini özündə saxlayan borclunun qanunsuz hərəkətindən faydalanmasının qarşısını almaq məqsədini, həm də saxlanan pul vəsaitinin keçən zaman ərzində dəyər itirməsi nəticəsində kreditorun məruz qaldığı zərəri qarşılamaq məqsədi daşıyır. Həmçinin, İddiaçı həmin pul vəsaitindən faydalanaraq əlavə gəlir əldə etmə hüququndan da məhrum olmuşdur. “Xəzinə mədaxil orderinin aid olduğu kredit müqaviləsinin surətini və ya həmin müqavilə üzrə faiz və cərimə məbləğləri barədə müvafiq məlumatların” təqdim edilməsinə dair banka vəkilsorğusu ünvanlanmışdır (Əlavə 3: Vəkilsorğusu). Diqqətinizə çatdıraq ki, İddiaçı ilə xidmət müqaviləsi xx/xx/2024-cü il tarixində bağlandığı üçün müvafiq sorğu da xx/xx/2024-cü il tarixində təqdim edilmişdir. Bu səbəblə, ünvanlanmış sorğuya cavab verilmədiyini nəzərə alaraq, sorğuya cavab məhkəmə prosesizamanı təqdim ediləcəkdir. Hal-hazırda isə aşağıdaki qaydada varlanmış şəxsin əldə etdiyi faydalanmanı Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmışdır.İddiaçı xx/xx/2022-ci il tarixindən etibarən, ona geri qaytarılmalı olan 238 000,00 (iki yüz otuz səkkiz min) AZN faydalanma məbləğinə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malikdir(Qeyd edək ki, hazırda uçot dərəcəsi 7.75 faizdir). Bu isə o deməkdir ki, Cavabdehin İddiaçıya xx/xx/2022-xx/xx/2024-cü illər aralığında faydalanmaya görə 36 536.26 AZN (otuz altı min beş yüz otuz altı manat iyirmialtı qəpik) məbləğində faiz borcu yaranmış olur. Hesablanma qaydası: (238 000.00 x 7.75%) / 365 gün=50.53 – 1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcu – 50.53 x 723 gün=36 536.26 AZN təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri, biznes ortaqlığı olmamışdır, ümumiyyətlə iddiaçı və cavabdeh bir-birini şəxsən tanımamışdır. Bu səbəbdən də tələblərini qanundan irəli gələn, yəni əsassız varlanma qaydalarına uyğun əsaslandırırlar. Borcun mövcudluğunu, məbləğini iddiaçıya cavabdeh bildirməmiş və iddiaçıdan onun yerinə hər hansı məbləğ ödəməsi barədə tapşırıq verməmişdir. Borcun məbləğini iddiaçı təsadüfən ortaq tanışları olan və iddiaçı ilə yeznə-qayın olan Əmrah adlı şəxsdən eşitmişdir. Belə ki, iddiaçı ilə Əmrah bəyin bir yerdə olan zaman iddiaçı cavabdehin banka borcu olduğundan məlumatlı olmuşdur və ona Əmrah bəy də hər hansı tapşırıq verməmişdir ki, cavabdehin borcunu ödəsin. Lakin iddiaçı xeyirxah insan olduğundan ehtimal etmişdir ki, əgər belə bir jest eləsə, onun tələbi ilə ödədiyi məbləğ də geri qaytarılacaqdır. Çünki iddiaçı bir neçə şirkətin daxil olduğu böyük şirkətdə yüksək vəzifədə çalışır və onun ailə üzvləri də, o cümlədən Əmrah bəy də həmin şirkətlərdən birini idarə edir. Necə ki, tərəflər arasında olan telefon yazışmalarından da görünür ki, cavabdeh borcun ödənilməsi üçün əmlaklarını iddiaçıya təklif etmiş, iddiaçı isə əmlakları cavabdehin özünün satıb borcun qaytarılmasını tələb etmişdir. Cavabdehin banka olan borcunun iddiaçı tərəfindən ödənildiyindən cavabdehin xəbəri olmuşdur, bununla bağlı sübut ona görə təqdim edə bilmirlər ki, onlar arasında bu barədə yalnız telefon danışığı olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxsdən öyrənmişdir ki, nə Əmrah bəy, nə də cavabdeh ona borcun ödənilməsini xahiş etmişdir, o, yalnız Əmrahın cavabdehlə uzun müddət işgüzar münasibətlərinin olmasından xəbərdar olduğuna görə, ortaq tanışlarının borcunu ödəməli olduğu barədə özünə nəticə çıxartmışdır. Bundan əlavə cavabdehin nümayəndəsi Əmrahla Sahibin biznes əlaqələrinin olduğunu bildirsə də, bununla bağlı sübut təqdim etmir və dolayısı ilə ödənilən pulun məhz cavabdehin Əmrahda olan depozitindən(ona çatası paydan) verildiyini sübut edə bilmir. Əsas borca münasibətdə hesablanan faizlə bağlı isə bildirir ki, Türkiyə-İsveçrə qanunvericiliyinə əsasən, əsassız varlanma ilə bağlı tələb hüququ şəxsin zənginləşdiyi andan yaranır və MM 449.1-ci maddəsinə əsasən həmin vaxtdan bank uçot faizinə uyğun olaraq pul tələb edirlər.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddiaya etirazın dəlillərinə uyğun izahat vermişdir. Bununla yanaşı bildirmişdir ki, cavabdehlə iddiaçı arasında hər hansı münasibət olmamış, onlar həyatda bir dəfə də olsun görüşməmişlər. Lakin cavabdehin Əmrah bəylə illərlə formalaşan biznes əlaqələri olmuş, bu gün də həmin münasibətlər davam edir. O, iddiaçıya hər hansı hesab nömrəsi verməklə tapşırıq verməmiş, bank borcu haqqında ona məlumat verməmişdir. Ehtimal edir ki, iddiaçı cavabdehin Əmrahda olan vəsaitindən Əmrahın tapşırığı əsasında ödəniş etmişdir. Belə ki, tərəflərin Əmrah adlı ortaq tanışları var və cavabdehin həmin şəxslə biznes əlaqəsi vardır. Cavabdehin Əmrahda pul vəsaiti olmuşdur. Cavabdehin Xaçmaz rayonunda fermer təsərrüfatı olmuş və bankda girovda idi. Cavabdeh fermanı satmaq istəyirdi və bu səbəbdən cavabdeh Əmrahdan borcun bağlanmasını istəmişdir. Ehtimal edir ki, iddiaçının Əmrahla arasında borc münasibətləri var və mübahisə də bundan qaynaqlanır.

5. Etirazını isə belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında heç bir zaman bir-birlərini görməmiş, əlaqədə olmamışlar. Cavabdehin həmin vaxt Əmrah adlı şəxsdə pulu olmuş və Əmraha özünə məxsus pulla krediti ödəməyi söyləmişdir. Əmrah isə ödəyəcəyini və narahat olmamasını bildirmişdir. Əmrah ilə İddiaçı arasında olan münasibət həmin vaxt iddiaçıya məlum olmamışdır. Onlar arasında biznes əlaqələri 2022ci ilin aprel ayından sonra yaranmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıdan pul ödəməyi tələb etməmiş və ondan heç bir məbləğ almamışdır. Onu tanımır və tanımadığı adama 238000 manat vermir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazışmalar başqa işgüzar münasibətləri əhatə edir. Cavabdehə məxsus satışda olan ferma və evlər mövcuddur və həmin danışıqlar satışda olan əmlaklarla bağlıdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İddiaçı ilə cavabdeh bir-birini şəxsən tanımırlar, iddiaçının yaxın qohumu olan Əmrah adlı şəxs ilə cavabdeh arasında uzunmüddətli dostluq və işgüzar münasibətlər vardır. İddiaçının bildirdiyinə görə nə cavabdeh, nə də ortaq tanışları ondan cavabdehin banka olan borcunu ödəməyi xahiş etmişdir, lakin iddiaçı xeyrixah insan olduğuna görə öz-özünə cavabdehin banka olan borcunu ödəməklə bağlı nəticə çıxartmışdır. xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Bank BTB-də müştəri Cavabdeh kredit və faiz ödənişi təyinatlı 238000 manat pul öənilmişdir, vəsaiti təhvil verən isə İddiaçı olmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

11. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

12. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

13. 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

14. 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

15. 1088.2. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir.

16. 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

17. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

18. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.

19. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi:

22. İşin hallarından müəyyən edilir ki, cavabdehin bank qarşısında kredit öhdəliyi olmuşdur, iddiaçı isə ona hər hansı tapşırıq verilmədən cavabdehin bank qarşısında olan öhdəliyini icra etdiyini bildirir. Odur ki, iddiaçı ödədiyi məbləği əsassız varlanma qaydalarına uyğun tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi faktiki hallara uyğun olaraq tərəflər arasında yaranan münasibət özgə işlərini tapşırıqsız aparma ilə bağlıdır.

23. Odur ki, iddiaçının ödədiyi vəsaiti tələb etmə hüququ Mülki Məcəllənin 1090cu maddəsinin tələbindən irəli gəlir. İcraçının xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb etmək hüququ isə o halda yaranır ki, işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlsin, əgər işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Bunlardan istisna olaraq işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.

24. Məhkəmə iddiaçının tələbini ona görə əsassız hesab edir ki, özgə işini tapşırıqsız icra edən icraçının işləri aparması sahibkarın ehtimal olunan istəyinə uyğun gəlmir. Belə ki, iddiaçı tərəf özü etiraf edir ki, o cavabdehi tanımır və heç bir şəxsi tanışlığı da olmamışdır. Bu məsələ işin mübahisəsiz halı olsa da, iddiaçının bank borcunun məbləğini bilməsi, ödənilməli olan hesab nömrəsini hardan və kimdən əldə etməsi cavablandırılmayan suallardır. Halbuki, iddiaçı tərəfə məhkəmə iclaslarında bu barədə suallar verilsə də, iddiaçı həmin məsələlərə aydınlıq gətirməmiş və hətta üçüncü şəxsin də bu barədə ona tapşırıq vermədiyini qətiyyətlə müdafiə etmişdir(bu səbəbdən də məhkəmə öz təşəbbüsü ilə həmin şəxsi müstəqil tələb irəli sürən üçüncü şəxs kimi icraata cəlb etməmişdir). Hansı ki, iddiaçı tərəf özü qəbul edir ki, o, cavabdehin borcunun olduğunu Əmrah adlı şəxsdən eşitmiş və cavabdehlə həmin şəxs arasında uzun illərə söykənən münasibətlərin olduğundan xəbərdar olmuşdur. Cavabdeh isə iddiaya etirazında bildirmişdir ki, onun Əmrah adlı şəxsdə pulu olmuş və Əmrahdan onun banka olan borcunu ondakı olan vəsaiti hesabına ödəməyi xahiş etmişdir. Odur ki, iddiaçı heç kimdən bu barədə tapşırıq almadığını bildirir, cavabdeh iddiaçıya belə bir tapşırıq vermədiyini bildirir və işlərin aparılmasını onun üçüncü şəxsə verdiyi tapşırığın icrası ilə bağlı olduğuna görə istəyinə uyğun hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır.

25. İddiaçı tərəfindən təqdim edilən yazışmalara münasibətdə isə məhkəmə qeyd edir ki, həmin yazışmaların məzmunundan məhz işlərin tapşırıqsız aparılmasının sonradan sahibkar tərəfindən bəyənilməsi nəticəsi yaranmır. Belə ki, həmin yazışmaların bir hissəsində tapşırığın məzmunu cavabdehə məxsus olan əmlakların satılması müştərilərin axtarılması və iddiaçının da bundan komisyon qazanması ilə bağlı olmuşdur. Digər hissəsində isə 100000 usd məbləğindən bəhs edilir və ümumiyyətlə banka olan 238000 manat məbləğlə bağlı hər hansı yazışma yoxdur. Bundan əlavə həmin yazışmalarda “pulu alacağınız zaman verəcəyinizi dediniz” kimi ifadələr işlədilmiş və həmin yazışmalar işin hallarına uyğun gəlmir. Hansı ki, iddiaçı cavabdehə hər hansı məbləğ vermədiyini, cavabdehin isə ondan hər hansı vəsait istəmədiyini bildirir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

29. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

32. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

33. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər;

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar