Məhkəmə qərarları › İş №e-2(001)-3287/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3287/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3287/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 3.523,74 manat siğorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bilrimişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun təmiri yalnız "xxxx" MMC-də mümkündür. Aparılmış hesablama zamanı həmin nəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılması üçün ümumulikdə 7.223,51 manat məbləğində vəsaitin tələb edildiyi müəyyən edilmiş və bu barədə qüsur aktı tərtib edilmişdir. Həmin məbləğin 4.681,26 manat hissəsi zədələnmiş ehtiyyat hissələrinin dəyişdirilməsinə, 2.542,25 manat hissəsi isə bununla bağlı xidmətin göstərilməsinə tələb olunur. Eyni zamanda, həmin məbləğdən əlavə dəyər vergisi qismində 1.300,23 manat məbləğində pul tutulmuşdur. Lakin məhkəmə eksperti tərəfindən bu məbləğ nəzərə alınmamış, habelə göstərilən xidmətlərin dəyəri əsassız olaraq azaldımışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatın dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 27 dekabr 2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olmaqla Cavabdeh2 tərəfində idarə edilən “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və X2 tərəfindən idarə edilən “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə “İveco Crealis” markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Faktla bağlı tərtib edilmiş 27.12.2018-ci il tarixli inzibati xəta haqqında protokola və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMCnin qüsur aktına əsasən “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 8.523,74 manat məbləğində müəyyən edilmiş və bu məbləğ iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdeh2 idarə etdiyi “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış sığortaçı "xxxx" siğorta şirkəti ASC tərəfindən 5.000 manat məbləği "xxxx" ASC-yə ödənilmişdir. Lakin qalan 3.523,74 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin bu bir nəticə verməmişdir. Hazırda iddiaçı bu məbləğin cavabdehlərdən tutulmasını tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 16 iyul 2021-ci il tarixli, 9/3633 nömrəli ekspert rəyinə əsasən “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 5.975 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddiaçı tərəf ekspertiza tədqiqatının nəticələrinə dair tərtib olunmuş ekspert rəyini qəbul etmir. Məhkəmə eksperti tərəfindən əsassız olaraq xidmət haqqının azaldıldığını və ödənilmiş əlavə dəyər vergisinin nəzərə alınmadığını bildirir və iddianın tam təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, 27 dekabr 2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMCnin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və X2 tərəfindən idarə edilən “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində məhz Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində məhz Cavabdeh2 təqsirli olması Bakı şəhəri Nizami rayon X5 şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla təsdiq olunur. Bu səbəbdən, həmin nəqliyyat vasitəsinin vurduğu zərərlə bağlı sığorta ödənişi vermiş sığortaçı "xxxx"ASC-nin hadisəni törətmiş Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Volkswagen Passat” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27.03.2014-cü il tarixli etibarnaməyə əsasən onun mülkiyyətçisi Cavabdeh1 tərəfindən 25.05.2019-cu il tarixədək Cavabdeh2 istifadə və sahibliyinə verilmişdir. Cavabdeh2 da qeyd edilən nəqliyyat vasitəsini məhz həmin etibarnamə əsasında idarə etmişdir. Bu barədə inzibati xəta haqqında qərarda da qeyd edilmişdir. Başqa sözlə, hadisə baş verən günü bu şəxs qeyd edilən nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edir və onu idarə edirdi. Belə ki, Mülki Məcəllənin 1.108.1-ci maddəsində qanunverici yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etməsinin müxtəlif hüquqi əsaslarını müəyyən etmiş və yüksək təhlükə mənbəyinə icarə hüququ, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında sahiblik etməsinin mümkünlüyünü təsbit etmişdir. Bu da öz növbəsində pulun Cavabdeh1 tutulmasını istisna edir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyünü, hansı məlumatlara əsasən müəyyən edildiyinin, habelə real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar olmadığını qeyd edir. Bununla belə, məhkəmə, iş üzrə keçirilmiş ekspert tədqiqatı nəticəsində hazırlanmış 16 iyul 2021-ci il tarixli, 9/3633 nömrəli ekspert rəyini mötəbər sübutu kimi qiymətləndirib hesab edir ki, avtomobilə dəymiş zərər məbləği müəyyən edilərkən dəyişilməli hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla müəyyən edilmiş 5.975 manat məbləği əsas götürülməli, həmçinin “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı əlavə xərclərə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 1.300,23 manat məbləğində pul vəsaiti (əlavə dəyər vergisi) də nəzərə alınmalıdır. Belə ki, məhkəmə eksperti tərəfindən bu məbləğ nəzərə alına bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, "xxxx" siğorta şirkəti ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənildiyindən bu məbləğ məhkəmə tərəfindən zərər məbləği qismində müəyyən edilmiş (5.975 + 1.300,23 = 7.275,23) 7.275,23 manat məbləğindən çıxılmalı, qalan (7.275,23 – 5.000 = 2.275,23) 2.275,23 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulmalı olan zərər məbləği qismində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində Cavabdeh2 2.275,23 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində Bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində Cavabdeh2 2.275,23 (iki min iki yüz yetmiş beş manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar