Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3339/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 108,70 kv m olan qeyri-yaşayış sahəsinin Cavabdeh vəsaiti hesabına boşaldılması və Cavabdeh 10 550 manat icarə haqqı borcu, 2000 manat maddi zərər və 128 (yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 12 678 (on iki min altı yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İş üzrə Cavabdeh 2022-ci ilin may ayında mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 108,70 kv m olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 1000 manat olmaqla icarəyə götürüb. Razılaşmaya uyğun olaraq cavabdeh ona 1450 manat beh ödəyib. Lakin, 2022-ci ilin may ayından etibarən cavabdeh qeyri-yaşayış sahəsini istifadəsiz vəziyyətdə saxlayıb və icarə haqqını ödəməyib. Həmin tarixdən dəfələrlə cavabdehlə əlaqə saxlanılaraq qeyri-yaşayış sahəsinin boşaldılması tələb edilsə də, Cavabdeh bu günədək qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edib. Sonuncu dəfə ona hüquqi xidmət göstərən "xxxx" MMC cavabehə pretenziya məktubu göndərərsə də, heç bir müsbət nəticə olmayıb. Sözügedən qeyri-yaşayış sahəsində cavabdehə məxsus olan avadanlıqlar olduğu üçün həmin qeyriyaşayış sahəsini başqa bir şəxsə icarəyə verməsi mümkün olmamışdır. Beləliklə, 12 ay ərzində icarə haqqı ödənilmədiyi və yenidən icarəyə verilməsi mümkün olmadığı üçün ona 12000 manat (12 ay x 1000 azn =12000 azn) maddi ziyan dəymişdir. Bundan başqa, cavabdeh ilkin şifahi razılaşmadan dərhal sonra mülkiyyətində olan qeyri-yaşayış sahəsində öz fəaliyyətinə uyğun konstruksiya dəyişikliyi aparıb və bu məqsədlə divar boyu bütün lombrinləri sökmüş, həmçinin döşəmədə çirkab sularının axıdılması məqsədilə kafelləri aparat vasitəsilə deşməklə suaxar yaradıb. Cavabdehin apardığı konstruksiya dəyişikliklərinin bərpa edilərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün təxmini hesablamalara görə 2000 manat pul lazımdır. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənə 12000 manat icarə haqqı, 2000 manat isə maddi zərər olmaqla, ümumilikdə 14.000 manat maddi zərər dəyib. Qeyd edir ki, cavabdeh icarə haqqından 1450 manat ödədiyi üçün cavabdehin hazırkı tarixə ona 10.550 manat icraə haqqı borcu var. Göstərilənlərə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 108,70 kv m olan qeyri-yaşayış sahəsinin Cavabdeh vəsaiti hesabına boşaldılması və Cavabdeh 10 550 manat icarə haqqı borcu, 2000 manat maddi zərər və 128 (yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 12 678 (on iki min altı yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2006-cu il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “torpaqların istismara və kirayəyə verilməsi” olmaqla fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2008-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “süd və süd məhsullarının istehsalı” olmaqla fərdi sahibkardır. Eyni zamanda iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, hal-hazırda tərəflər arasında cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icarəyə götürməsindən irəli gələn mübahisə yaranmışdır. Göründüyü kimi, halhazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 04 may 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 128 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 04 may 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3339/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3339/2023
10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver