Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3348/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxxx 2016-cı ildə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış, Cavabdeh1 adına qeydiyyata alınmış, lakin nikah dövründə əldə edilmiş birgə əmlak olan Yasamal rayonu, Ə.Əhmədov küçəsi 5 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notarial müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Prosessual normanın tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş və Yasamal rayonunun ərazisində yerləşən daşınmaz əmlakın alqısatqısına dair müqaviləni ona görə mübahisələndirir ki, həmin müqavilə onun mülkiyyətçi kimi hüquqlarını pozur, başqa sözlə, iddia daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır. Belə olan halda hesab edirəm ki, iddia həmin daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə rayon məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3348/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3348/2021
19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver